Məhkəmə qərarları › İş №1(007)-331/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-331/2022

05.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-331/2022 05.09.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Səfərov Rəşad Ramazan oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs xx.xx.1992-ci ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 01 sentyabr 2021-ci il tarixdə, saat 20:30 radələrində ünvan 2 ünvanında yerləşən "xxxx" ASC-yə məxsus bankomatdan pul çıxarmaq istəyən Zərərçəkmiş şəxs arxasında dayanaraq sonuncunun özünə məxsus, "xxxx" ASC-yə aid **********083970 nömrəli əmək haqqı kartını bankomata daxil edərək karta məxsus hesab nömrəsini bankomata daxil etdikdən sonra pul çıxmamasını zənn edib kartı bankomatdan çıxarıb kənara çəkilməsini görüb dərhal bankomata yaxınlaşaraq bankomatdan çıxmış, Zərərçəkmiş şəxs məxsus 800 manat məbləğində nağd pul vəsaitini gizli olaraq talayıb Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə baxışında özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulmuş ittihamla təqsirli bilərək göstərmişdir ki, o, özünə məxsus kartdan pul çıxarmaq məqsədi ilə bankomata yaxınlaşmışdır. Ondan qabaqda bir nəfər olmuş, həmin şəxs kartını 2 dəfə bankomata daxil edib çıxartmış, lakin pul çıxmamış, həmin şəxs oradan getmişdir. O, bankomata yaxınlaşmış, bu zaman bankomatdan pul çıxmış, həmin pulu götürmüşdür. O, pulu saydıqda 800 manat olduğunu görmüşdür. Zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmişdir. Kəlbəcərin azad olunması uğrunda gedən döyüşlərdə iştirak etmiş və medalla təltif olunmuşdur. Məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri öz ifadəsi ilə yanaşı aşağıdakılarla da təsdiq olunur. İş üzrə Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, ona dəymiş zərərin tam ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını, barışdıqlarını bildirmiş, növbəti məhkəmə iclaslarını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs istintaqda verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə, saat 20:30 radələrində özünə məxsus "xxxx"a aid kartından pul çıxarmaq üçün ünvan 3 ünvanında yerləşən "xxxx"a məxsus bankomata yaxınlaşıb pul çıxarmaq istəsə də şifrənin yanlış olduğu yazılmışdır. İkinci dəfə eyni hal yenidən təkrar olunmuşdur. Üçüncü cəhd isə 800 manatın çıxması barədə pulun hazırlanması göstərildikdən sonra kartı götürmüş və buna baxmayaraq pul çıxmadığından növbəni tanımadığı şəxslərə verib kənara çəkilmişdir. Tanımadığı şəxs bankomatdan ayrıldıqdan sonra yenidən oraya yaxınlaşıb bu dəfə 800 manat çıxara bilmişdir. Bu vaxt onun telefonuna məlumat gəlmişdir ki, 2 dəfə 800 manat çıxarılmışdır. Belə olan halda "xxxx"a müraciət etdikdə onun 2 dəfə 800 manat çıxardığını və müraciətinə 15 iş günü ərzində məlumat verəcəklərini bildirmişlər. Yenidən ona məlumat verilmişdir ki, əlavə 800 manat da çıxarılmışdır və buna görə də DİN-nin 102 zəng xidmətinə məlumat vermiş və ərizə ilə Nizami RPİ-nin 24-cü PŞ-nə müraciət etmişdir. Banka müraciət etdikdən sonra onun iştirakı ilə videogörüntüyə baxdıqda həmin vaxt ondan sonra gözləyən tanımadığı şəxsin öz kartını istifadə etmədən onun 800 manatını götürüb oradan getməsinin şahidi olmuşdur. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanması və icraata qəbul olunması haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs kimi tanınmışdır. - cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. - MSY-dən azad etmə və qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs müvəqqəti tutulmadan azad edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. - sübutların qiymətləndirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs oğurluq etməsini özündə əks etdirən 1 ədəd “CD” disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. - AO seriyalı, ******* nömrəli hərbi biletin və Azərbaycan Respublikası medalının İ- 7723 nömrəli vəsiqəsinin surətindən görünür ki, Hüseynov X1 azad olunması uğrunda gedən döyüşlərdə iştirak etmiş və “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. - 01 ədəd “CD” diskə köçürülmüş videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs bankomata yaxınlaşıb oradan pulu götürüb şalvarının cibinə qoymuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında Plenum qərara almışdır ki:”…2.Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir... 7.Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir.” Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin 800 manat məbləğində pulunu gizli olaraq talayıb oğurluq etməsi toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığına görə Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-244/2017 saylı, xx.xx.2017-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib CM-nin 69.4-cü maddəsinə əsasən 1500 manat miqdarında cərimə cəzasına məhkum edilmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Bərdə rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 202797/01 nömrəli məktubdan görünür ki, Yasamal Rayon Məhkəməsinin 1(004)-244/2017 saylı, xx.xx.2017-ci il tarixli hökmü ilə 1500 manat məbləğində cərimə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixdə cəriməni dövlət nəfinə ödəmişdir. Məhkum Təqsirləndirilən şəxs Bərdə rayon İcra və Probasiya Şöbəsində cərimə cəzasına məhkum olunmuş şəxslərin qeydiyyatı kitabından xx.xx.2017-ci il tarixdə qeydiyyatdan çıxarılmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir, bu da Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinə əsasən məhkumluqla bağlı bütün hüquqi nəticələri ləğv edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 №li qərarında göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxsin heç bir şikayətinin və tələbinin olmamasını, Kəlbəcərin azad olunması uğrunda gedən döyüşlərdə iştirak etməsini və “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə baxışında Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, qəsdin obyektini mülkiyyət münasibətləri təşkil etməsini, cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün barəsində cəmiyyətdən təcrid olunmamaqla təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə bağlı olmayan islah işləri cəzasının təyin edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 2 gün həbsdə saxlanılması, həbsdə saxlamanın bir gününü islah işləri cəzasının 4 gününə hesablayaraq nəzərə alınmalıdır. Məhkəmə həmçinin təqsirləndirilən şəxsə münasibətdə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınan yuxarıda sadalanmış halların məcmusunu rəhbər tutaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq, habelə cəzanın ədalətli olmasını və şəxsin islah olunmasına təsirini təmin etmək üçün Təqsirləndirilən şəxs cəza çəkmədən islah olunmasını mümkün sayır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının CM-nin 70-ci maddəsi tətbiq olunaraq təyin olunmuş islah işləri növündə cəza şərti olaraq tətbiq edilməlidir. Bundan başqa Təqsirləndirilən şəxs sınaq müddəti müəyyən edilməli və üzərinə onun davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1.19 - 346.1.20-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli; Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən iş üzrə maddi sübut olan 01 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində hər ay qazancından dövlət nəfinə 15 % məbləğində pul tutulmaqla 1 (bir) il 6 (altı) ay müddətinə islah işləri cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 2 gün həbsdə saxlanılması nəzərə alınmaqla həbsdə saxlamanın bir gününü islah işləri cəzasının 4 gününə hesablayaraq üzərində hər ay qazancından dövlət nəfinə 15 % məbləğində pul tutulmaqla 1 (bir) il 5 (beş) ay 22 (iyirmi iki) gün müddətinə islah işləri cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş islah işləri cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti olaraq tətbiq edilməklə barəsində 6 (altı) ay sınaq müddəti müəyyən edilsin. Sınaq müddəti hökmün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri üzrə Probasiya idarəsinə məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun və üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Probasiya idarəsinə həvalə edilsin. Cinayət işi üzrə maddi sübut olan 01 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar