Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-332/2021 18.10.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, Seyfullayeva Şəbnəm Əfqan qızının katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş X3, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs – X1, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin müdafiəçiləri - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə, X1 Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X3 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN E T D İ: X1 Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X6 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılır ki, insanın şərəfi, ləyaqəti və nüfuzu hüququn ən ali bəşəri dəyərlərindən hesab olunur. X4 Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə ərizə ünvanlayaraq onun barəsində şərəf və ləyaqətini ləkələyən, nüfuzuna xələl gətirən böhtan məlumatlar yaymışdır. İşin faktiki halları budur ki, X4 06.08.2021-ci il tarixdə Bakı şəhəri, Heydər Əliyev prospekti 13 ünvanında yerləşən Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə ərizə ilə müraciət edərək onun haqqında xoşagəlməz böhtan ifadələri işlətmişdir. Ərizədə bunları qeyd etmişdir “X6 Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Metanol Zavodunda işləyir. Narkotik vasitə istifadə edən şəxsin həmin yerdə işləməsi nə dərəcədə doğrudur?”. Həmin məktub daha sonra Azərbaycan Respublikasının Dövlət Neft Şirkətindən Qaradağ rayonu, Salyan şossesi 25 km-də yerləşən, işlədiyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə göndərilmişdir. Cavabdeh bu hərəkəti ilə onu həm Azərbaycan Respublikasının Dövlət Neft Şirkətində, həmçinin işlədiyi "xxxx" MMC-də onu tanıyan insanlar, kollektiv arasında nüfuzdan salmağa, qəsdən mənfi rəy yaratmaqla, onun bir insan kimi şərəf və ləyaqətinə edilən bir cəhddir. X4 onun barəsində həqiqətə uyğun olmayan məlumatın məqsədli şəkildə ərizə formasında Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə göndərməklə onun şərəf və ləyaqətini alçaltmışdır. X4 ərizədə onun haqqında qeyd etdiyi ifadələr ona qarşı böhtan, şərəf və ləyaqətini alçaldan, nüfuzunu, təmiz adını ləkələyən məlumat kimi qiymətləndirilməlidir. X4 yuxarıda qeyd olunan təqsirli hərəkətləri ilə onun iztirablar və mənəvi sarsıntılar keçirilməsinə səbəb olmuşdur. X1 bu hərəkətləri onun psixologiyasına pis təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olmuşdur. Qeyd olunanlara əsasən məhkəmədən 11.11.1983-cü il tarixdə Beyləqan şəhərində anadan olmuş, hal-hazırda ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət məsuliyyətinə cəlb edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş X6 şikayətin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, X5 Neft Şirkətinə göndərdiyi ərizə işlədiyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə göndərilmişdir. Həmin ərizə əsasında iş yerindən onu nümayəndə ilə birlikdə müayinədən keçməsi üçün Narkoloji Mərkəzə göndərmişlər. O, müayinədən keçmiş, onda heç nə aşkar edilməmişdir. İşdə hamı onun boşandığını, guya narkotik vasitədən istifadə etdiyini bilmişlər. Bu məsələdən sonra o, ay yarım öz hesabına məzuniyyət götürmüş, utandığından işə getməmişdir. Bundan başqa Məmmədova Aytən onun yoldaşının iş yerinə gedib narkomanla ailə qurduğunu demişdir. Məhkəmədən şikayətin məhkəmənin icraatına qəbul edilməsini və baxışa təyin edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 izahat verərək bildirmişdir ki, 2005-ci ildə Məmmədov Anarla ailə həyatı qurmuşdur. Evli olduqları müddətdə Anar onu dəfələrlə döymüşdür. Anarla yaşadıqları dövrdə elə bilmişdir ki, Anar narkotik vasitədən istifadə edir. Boşanandan sonra Anar aliment ödəmək istəməmişdir. Maddi imkanı yoxdur, uşaqlarını saxlamaqda çətinlik çəkir. Anar uşaqları ilə maraqlanmır. Hal-hazırda da Anar 15000 manat təzminat verərək onu evdən çıxartmaq istəyir. O, 15000 manat pulla heç nə edə bilməyəcəkdir. Ona köməklik etmələri məqsədilə Anarın iş yerinə ərizə göndərmişdir. O, ərizədə Anarla yaşadığı müddətdə şahidi olduğu, gördüyü halları yazmışdır. O, Anara böhtan atmamış, məqsədi onun şərəf və ləyaqətini alçaltmaq olmamışdır. Məhkəmədən şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X1 müdafiəçisi Müdafiəçi2 bildirmişdir ki, xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 nömrəli qərarında qeyd edilmişdir ki, CM-nin 147-ci maddəsinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Məhkəmə iclasında müəyyən olundu ki, X4 şikayətçinin narkotik vasitə qəbul etməsi məzmununda Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə ərizə ünvanlamışdır. Həmin Plenum qərarına əsasən böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Məmmədov Anarın narkotik vasitə qəbul etməsi barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsə görə yalan məlumat deyildir. O, birlikdə yaşadıqları dövrdə bilavasitə şahidi olduğu hadisə barədə məlumat vermişdir. Burada hər hansı məlumatın yalan olduğunu bilə-bilə yayılmasından söhbət getmir. Digər tərəfdən bu məlumat kütləvi çıxışlarda yayılmamışdır. Belə olan halda CM-nin 147-ci maddəsinin tərkibi yaranmır. CPM-nin 302-ci maddəsinə əsasən məhkəmədən şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X1 müdafiəçisi Müdafiəçi1 məhkəmədən şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmənin icraatına qəbul olunmasından imtina edilməlidir. Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 nömrəli qərarında qeyd edilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Göründüyü kimi, X3 xüsusi ittiham qaydasında şikayətində göstərdiyi məlumatlar barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 tərəfindən Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə ünvanlanmış ərizədə əks olunduğundan həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə olan halda X1 hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Azərbaycan Respublikası CPM-nin 302.1.6-cı maddəsinə əsasən cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Azərbaycan Respublikası CPM-nin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarmalıdır. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin işlə tanış olduğu və məhkəmədə iştirak etdiyi müddət 10 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 60 (altmış) manat (10x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi1 dövlət büdcəsi hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.1.3, 302.2.3 və 384.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: X1 Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X3 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbulundan imtina edilsin. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 məhkəmədə 10 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi1 60 (altmış) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərardan 20 gün müddətinə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №1(007)-332/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-332/2021
18.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver