Məhkəmə qərarları › İş №1(007)-333/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-333/2021

22.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-333/2021 22.11.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Azadəli Orhan Nasir oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi- Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs – xx.xx.1961-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsində karataşcı işləyən, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs 01 yanvar 2021-ci il tarixdə saat 12:30 radələrində ünvan 2 ünvanın qarşısında qonşusu İsmayılova Tamilə Nurəddin qızı ilə sonuncunun oğlu Şahid2 özünə məxsus “Toyota” markalı, ** PE *** dövlət qeydiyyat nişanlı avtomaşını ona məxsus evin qapısının qarşısında saxlaması səbəbindən aralarında baş vermiş mübahisə zamanı qəsdən təpiklə Zərərçəkmiş şəxs Nurəddin qızının bədəninin müxtəlif nahiyələrindən vuraraq, sonuncuya sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərərvurmaya aid ənsə nahiyəsinin şişkinlik halında əzilməsi, sol saidin arxa səthinin və sol budun ön səthinin qançırları, qarnın ön səthinin sağ yarısının hematoması ilə nəticələnən xəsarətlər yetirərək qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona elan olunmuş Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş ittihamla təqsirli bilməyərək göstərmişdir ki, Zərərçəkmiş şəxs Nurəddin qızını qonşu kimi tanımış, onunla və ailəsi ilə normal münasibəti olmuşdur. Lakin son 5 ildir ki, onların münasibəti pisləşmişdir. Belə ki, Tamilənin oğlu Bəhram idarə etdiyi “Toyota” markalı xidməti avtomaşını onun yaşadığı evin qarşısında saxladığı üçün onun və ailə üzvlərinin evə giriş-çıxışına mane olmuşdur. Bu səbəbdən də o, bir neçə dəfə Bəhrama irad bildirmişdir. Bəhram onun tutduğu iradlarından nəticə çıxarmadığı üçün onun barəsində müvafiq idarələrə ərizə yazmışdır. 01 yanvar 2021-ci il tarixdə saat 12:30 radələrində yaşadığı evdən çıxan zaman yenə də Bəhramın idarə etdiyi avtomaşını onun evinin həyətinin giriş qapısının qarşısında saxladığını görmüşdür. Həmin vaxt o, öz həyətindən mobil telefonla avtomaşını və saxlanılma şəraitini lentə alan zaman Bəhram ona “qorxursan? çıx bayırdan çək də” demişdir. Bu zaman aralarında sözlə mübahisə yaranmışdır. O, həyətinin giriş darvazasını açdıqda qapı avtomaşının qabaq hissəsinə dəymişdir. Həmin vaxt Bəhramın anası Tamilə öz evinin həyətindən onu nalayiq sözlərlə söyüb təhqir etmişdir. Onu təhqir etdiklərinə görə o, ikinci dəfə öz həyətinin darvazasını Bəhramın idarə etdiyi avtomaşının qabaq hissəsinə vurmuşdur. Həmin vaxt səsə qızı çıxıb onu evə aparmışdır. O, Tamiləni təhqir etməmiş, onu vurmamışdır. 17.11.2021-ci il tarixli məhkəmə iclasında Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək özünü Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirli bildiyini bildirmiş və barəsində amnistiya aktının tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Nurəddin qızı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qonşu kimi tanıyır, əvvəllər normal münasibətləri olsa da sonradan pisləşmişdir. Son vaxtlar İmran oğlu Bəhramın avtomaşını qapılarının qarşısında saxladığını bəhanə edərək onlarla mübahisə etmişdir. Oğlu Bəhramın avtomaşını saxladığı yer onların yaşadığı mənzilin qarşısıdır. 01 yanvar 2021-ci il tarixdə yaşadığı evdə olan zaman evin qarşısında İmranın Bəhramla sözlə mübahisə etdiyini görüb onlara yaxınlaşmışdır. İmran oğlu Bəhrama avtomaşını qapılarının qarşısında dayandırdığını irad bildirərək mübahisə etmişdir. O, oğlu Bəhrama açarı götürüb avtomaşını oradan uzaqlaşdırmasını bildirmişdir. Oğlu açarı götürmək üçün evə getmişdir. Bu zaman İmran evinin darvazasını açaraq avtomobilin ön hissəsinə vurmağa çalışmışdır. O, İmrandan nə istədiyini soruşduqda İmran onu nalayiq küçə söyüşləri ilə söyüb təhqir etmişdir. Oğlu bayıra çıxaraq avtomaşınını oradan sürərək uzaqlaşmışdır. Həmin vaxt gəlini Sevinc də bayıra çıxmışdır. İmran dayanmadan onu söyüb təhqir etmiş, ona yaxınlaşaraq bir dəfə ayaq zərbəsi ilə qarnına, bir dəfə isə sol ayağının bud hissəsinə vurmuşdur. O, zərbənin təsirindən yerə yıxılmış, başı yerə dəymişdir. Gəlini Sevinc onu yerdən qaldıraraq yaşadığı evə aparmışdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 8 ildir ki, Təqsirləndirilən şəxs qonşu kimi tanıyır, əvvəllər normal münasibətləri olsa da sonradan pisləşmişdir. Son vaxtlar İmran əri Bəhramın avtomaşını qapılarının qarşısında saxladığını bəhanə edərək həyat yoldaşı və qayınanası ilə mübahisə etmişdir. 01 yanvar 2021-ci il tarixdə o və qayınanası evdə olan zaman evin qarşısında İmranın Bəhramla sözlə mübahisə etdiyini eşidib qayınanası bayıra çıxmışdır. Bir qədər sonra Bəhram evə daxil olub açarı götürüb çıxmışdır. O da həyat yoldaşının arxasınca çölə çıxmışdır. Qayınanası İmrandan nə istədiyini soruşduqda İmran nalayiq küçə söyüşləri ilə söyüb təhqir etmişdir. Həyat yoldaşı avtomaşınını sürərək oradan uzaqlaşmışdır. İmran dayanmadan qayınanası Tamiləni söyüb təhqir etmiş, təpiklə qayınanasını vurmuşdur. Zərbənin təsirindən qayınanası yerə yıxılmış, bu zaman başı yerə dəymişdir. O, qayınanasını yerdən qaldıraraq yaşadığı evə aparmışdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, uzun illərdir ki, Təqsirləndirilən şəxs qonşu kimi tanıyır, əvvəllər normal münasibəti olsa da sonradan münasibətləri pisləşmişdir. Son vaxtlar İmran onun avtomaşını qapılarının qarşısında saxladığını bəhanə edərək onunla mübahisə etmişdir. O, avtomaşını yaşadığı evin qarşısında saxlayır. 01 yanvar 2021-ci il tarixdə günorta saatlarında o, yaşadığı evdən çıxaraq dükana gedən zaman, İmran yenə avtomobili qapısının qarşısında dayandırdığını bəhanə edib onunla sözlə mübahisə etmişdir. Həmin vaxt anası bayıra çıxmış və ona açarı götürüb avtomaşını oradan uzaqlaşdırmasını bildirmişdir. O, evdən avtomobilin açarını götürüb avtomaşına əyləşərək oradan uzaqlaşmışdır. O, evə qayıdan zaman İmranın anasını vurduğunu bilmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında 08.07.2021-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 128.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 X2 02.01.2021-ci il tarixli, 02 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs Nurəddin qızının məhkəmə-tibbi müayinəsi zamanı aşkar olunmuş xəsarətlər - ənsə nahiyəsinin şişkinlik halında əzilməsi, sol saidin arxa səthinin və sol budun ön səthinin qançırları, qarnın ön səthinin sağ yarısının hematoması - bərk küt əşyanın (əşyaların) təsirindən törənməyə xarakterikdirlər, şəxsin bildirdiyi şəraitdə və müddətdə, yəni 01.01.2021-ci il tarixdə alınmaları istisna olunmur, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. - zərərçəkmiş şəxs qismində tanınma haqqında 10.07.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs Nurəddin qızı zərərçəkmiş şəxs kimi tanınmışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 X2 05.08.2021-ci il tarixli, 02/22 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs Nurəddin qızının bədən səthində olan xəsarətlər - ənsə nahiyəsinin şişkinlik halında əzilməsi, sol saidin arxa səthinin və sol budun ön səthinin qançırları, qarnın ön səthinin sağ yarısının hematoması - bərk küt əşyanın (əşyaların) təsirindən törənməyə xarakterikdirlər, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni 01.01.2021-ci il tarixdə alınmaları istisna olunmur, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 30.08.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. - qətimkan tədbirinin seçilməsi barədə 30.08.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş 18.10.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Bakı Qarnizonunun Hərbi Tribunalının 18.12.1995-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 220-ci maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinib 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 42-ci maddəsinə əsasən hökmün icrası hərbi əməliyyatlar qurtaranadək təxirə salınmışdır. Təqsirləndirilən şəxs CM-nin 120-ci maddəsinin 1-ci hissəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına 26.12.1997-ci il tarixdə Xətai rayon prokurorluğu tərəfindən Azərbaycan Respublikası CPM-nin 10-cu maddəsinin 4-cü bəndinə əsasən xitam verilmişdir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə məhkəməyə ərizə təqdim edərək özünü Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirli bildiyini bildirmiş və barəsində amnistiya aktının tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs “8 Noyabr - Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarına əsasən cinayət məsuliyyətindən azad edilməli və cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Milli Məclisinin “8 Noyabr - Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” 5 noyabr 2021-ci il tarixli Qərarının 9.1-ci bəndinə əsasən məhkəmələr - icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1-1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). Həmin Qərarın 23.5-ci bəndinə əsasən məhkəmələr tərəfindən müvafiq hallarda Amnistiya Azərbaycan Respublikasının Cinayət, Cinayət-Prosessual və Cəzaların İcrası məcəllələrinin tələblərinə uyğun olaraq bu Qərarın 2.5-ci, 2.12-ci, 2.13-cü və 3.2-ci bəndlərində, 4-cü, 5-ci, 6-cı və 9-cu hissələrində nəzərdə tutulan şəxslər barəsində tətbiq edilir. Həmin Qərarın 28-ci bəndinə əsasən birinci instansiya məhkəmələrinin icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda, cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Göründüyü kimi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası Milli Məclisinin “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Qərarının 10-cu və 11-ci bəndləri ilə müəyyən edilmiş məhdudiyyətlərin dairəsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində amnistiyanın tətbiqinə məhdudiyyət yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməlin böyük ictimai təhlükə törətməyən cinayət hesab olunduğunu, barəsində amnistiyanın tətbiqinə məhdudiyyət olmadığını, cinayət işi üzrə icraata amnistiya aktına əsasən xitam verilməsinə razılığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməli və cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Azərbaycan Respublikası CPM-nin 346.1.20-ci maddəsində nəzərdə tutulmuş məsələni həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri xitam olunmalıdır. İş üzrə mülki iddia, maddi sübut yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin ibtidai istintaqda iştirak etdiyi müddət 26 iş saatı və məhkəmədə iştirak etdiyi müddət 20 iş saatı, cəmi 46 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 276 (iki yüz yetmiş altı) manat (46x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 43.3, 321, 344-347, 356, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: “8 Noyabr - Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 9.1-ci bəndinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri xitam olunsun. Təqsirləndirilən şəxs ibtidai istintaqda 26 saat, məhkəmədə 20 saat, cəmi 46 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi 276 (iki yüz yetmiş altı) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar