Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-333/2023 25.05.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X4 Əziz oğlunun sədrliyi, Seyfullayeva Şəbnəm Əfqan qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs1, müdafiəçi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, təqsirləndirilən şəxsxx xxx 1989-cu ildə Rusiya Federasiyasının Yaroslavl şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, “Kontakt Home” mağazasında kreditor işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə ittiham elan olunmuşdur ona görə ki, o, 29 avqust 2022-ci il tarixdə saat 16 radələrində özünə məxsus texniki cəhətdən saz vəziyyətdə olan “Nissan Qashqai” markalı, Az **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Nizami rayonu H.Əliyev prospektinin əsas yolunun ikinci zolağı ilə şəhərin mərkəzi istiqamətində 80-90 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olması barədə tələblərə əməl etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu tələbləri pozub idarə etdiyi avtomobili həmin vaxt onunla eyni istiqamətdə hərəkətdə olan və zolağı dəyişən Şahid2 idarə etdiyi “BMW” markalı, Az **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobildən yayındırmaq məqsədilə avtomobilin sükanını yolun sol zolağına, daha sonra yenidən sağ zolağına doğru istiqamətləndirdikdə idarəetməni itirib birinci zolaqdan dördüncü zolağa keçməklə yolun genişlənmiş hissəsində dayanmış vəziyyətdə olan Azərbaycan Respublikası DİN-in Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil təsərrüfatının balansında olan “BMW” markalı, Az **-YP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol yan hissəsi ilə toqquşduqdan sonra sonuncu avtomobilin qarşısında dayanmış Zərərçəkmiş şəxs2 idarə etdiyi “Toyota Corolla” markalı, Az **-OB-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, bundan sonra idarə etdiyi avtomobilin sol təkəri ilə həmin vaxt xidməti fəaliyyəti ilə bağlı “Toyota Corolla” markalı avtomobilin sürücü tərəfdən dayanmış vəziyyətdə Bakı şəhər BPİ-nin DYPİ-nin YPX-nin MEB-in baş inspektoru, polis kapitanı Zərərçəkmiş şəxs1 sağ ayağının üzərindən keçmiş, nəticədə ehtiyatsızlıqdan sonuncunun sağ pəncənin İİ, İİİ, İV və V daraq sümüklərinin yerdəyişmiş sınıqlarından ibarət sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid, “Toyota Corolla” markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2 baş beyin silkələnməsi ilə müşayiət olunan sol alın-təpə sərhədinin şişkinlik halında əzilməsi və sıyrığından ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid, həmin avtomobildə olan sərnişinlər Zərərçəkmiş şəxs3 baş beyin silkələnməsi ilə müşayiət olunan sol təpə nahiyəsinin şişkinlik halında əzilməsindən ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid, Zərərçəkmiş şəxs4 baş beyin silkələnməsi ilə müşayiət olunan sağ ənsə nahiyəsinin dəri altı hematomasından ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər almalarına səbəb olmuşdur. İşin halları və dəlilləri: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, 29 avqust 2022ci il tarixdə saat 16 radələrində idarə etdiyi “Nissan Qashqai” markalı, Az **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sabunçu körpüsü istiqamətindən Bakı şəhəri Nizami rayonu H.Əliyev prospekti ilə şəhərin mərkəzi istiqamətinə doğru soldan ikinci hərəkət zolağı ilə hərəkət etmişdir. H.Əliyev prospektinin “Bravo” marketin qarşısından keçən hissəsində onunla eyni istiqamətdə sağ hərəkət zolağı ilə hərəkət edən “BMW” markalı avtomobil onun hərəkətdə olduğu zolağa keçmişdir. Həmin avtomobildən yayınmaq üçün sükanı sola çəkərək sol hərəkət zolağına düzəlmiş, hərəkət axımını iki hissəyə ayıran bardyura dəyməmək üçün yenidən həmin zolaqdan sükanı sağa çəkdikdə idarəetməni itirib yolun sağ kənarında dayanmış DYPİ-nin xidməti avtomobilinin sol yan tərəfinə idarə etdiyi avtomobilin sağ yan hissəsi ilə sürtüb onun qarşısında dayanmış “Toyota Corolla” markalı avtomobilin arxa hissəsinə dəymişdir. Zərbənin təsirindən “Toyota Corolla” markalı avtomobil aşmış, onun avtomobili isə daş bardyurdan köməkçi yola keçmişdir. Hadisə baş verən zaman YPX-nin əməkdaşı “Toyota Corolla” markalı avtomobilin yanında dayanıb sürücü ilə söhbət etmişdir. İdarə etdiyi avtomobillə DYPİ-nin xidməti avtomobilinə dəydikdən sonra “Toyota Corolla” markalı avtomobilin yanında dayanan polis əməkdaşına da avtomobillə dəyib xəsarət yetirmiş, polis əməkdaşı yerə yıxılmışdır. Yol nəqliyyat hadisəsi zamanı özünün də xəsarət almağına, qolunun və ayaqlarının əzilməsinə baxmayaraq özünü itriməmiş, “103” xidmətinə zəng edib təcili tibbi yardım çağırmışdır. Təcili tibbi yardımı zərərçəkmiş Zərərçəkmiş şəxs2 və onun uşaqları üçün çağırmışdır. İlham müəllimin və onun uşaqlarının vəziyyəti yaxşı olduğundan təcili tibbi yardım xidmətinin əməkdaşları birinci ona tibbi yardım göstərmək istəmişlər, lakin o razı olmamış, birinci İlham müəllimə və onun uşaqlarına tibbi yardım göstərmələrini təklif etmişdir. Hadisə baş verən günün axşamı Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 yanına gedib onlara baş çəkmişdir. Bundan sonra 2-3 dəfə onların yanına getmişdir. Daha sonra səhhəti ilə bağlı problem yarandığından zərərçəkmiş şəxslərlə valideynləri maraqlanmışlar. DYPİnin xidməti avtomobilinə dəymiş ziyan onun tərəfindən ödənilmişdir. DİN-in Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatı tərəfindən bu barədə arayış verilmiş və həmin arayışı sığorta şirkətinə təqdim etmişdir. Bundan başqa sığorta şirkətindən ona zəng edərək Zərərçəkmiş şəxs2 ilə barışıq əldə etdiyindən sağlamlığına dəymiş ziyanın ona ödənilməli olduğunu bildirmişlər. O həmin puldan imtina edərək ona ödənilməli olan 2250 manat məbləğində pulun Zərərçəkmiş şəxs2 ödənilməsi barədə ərizə yazaraq sığorta şirkətinə təqdim etmişdir. Zərərçəkmiş şəxs1 dəymiş ziyanı tamamilə ödəmiş və onunla barışmışdır. Məhkəmədən barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsirliliyi öz ifadəsi ilə yanaşı aşağıdakı sübutlarla da təsdiq olunur. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, 29 avqust 2022-ci il tarixdə saat 16 radələrində idarə etdiyi “Toyota-Corolla” markalı, Az **-OB-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Koroğlu” körpüsü istiqamətindən H.Əliyev prospekti ilə şəhərin mərkəzi istiqamətinə doğru köməkçi yolla hərəkət etmişdir. “Alov” parkının qarşısından keçib əsas yola çıxarkən arxasında hərəkət edən YPX-nin avtopatrulu ona işarə edib saxlamağını bildirmişdir. Avtomobili H.Əliyev prospektində “Bravo” marketinin qarşısında genişlənmiş sahədə, yəni yolun dördüncü zolağında, sağ kənarında saxlamışdır. Həmin YPX avtomobili ondan arxada dayanmış və inspektor düşüb ona yaxınlaşmışdır. Avtomobildən düşməmiş, inspektora sənədlərini təqdim etmişdir. Elə bu zaman Sabunçu körpüsü istiqamətindən Bakı şəhəri Nizami rayonu H.Əliyev prospekti ilə şəhərin mərkəzi istiqamətində hərəkət edən “Nissan Qashqai” markalı avtomaşın idarəetməni itirib birinci zolaqdan onlara tərəf gəlib arxasında dayanmış avtopatrula vurub onun avtomobilinin arxa sol hissəsinə çırpılmış, zərbədən avtomobili aşmış, hadisəni törədən “Nissan Qashqai” markalı avtomobil isə inspektora dəyib daş bardyuru aşıb köməkçi yola düşmüşdür. Hadisə nəticəsində özü, avtomobilində sərnişin qismində olan iki azyaşlı övladı xəsarət aldıqları üçün xəstəxanaya gedib müayinədən keçmişlər. Yol nəqliyyat hadisəsi zamanı o və azyaşlı övladları yüngül bədən xəsarəti almışlar. Onlara maddi və mənəvi ziyan dəymişdir. Baş vermiş yol nəqliyyat hadisəsi oğluna xüsusilə pis təsir etmiş, oğlu hal-hazırda da psixoloji diskomfort yaşayır. Avtomobilinin təxminən 18000 manat qiyməti olmuş, avtomobilini 5000 manata satmışdır. Təqsirləndirilən şəxslə də ona dəymiş ziyana görə 5000 manatın ödənilməsi barədə razılığa gəlmişlər, ona 4000 manat pul ödənilmiş, 1000 manat ödənilməmiş qalmışdır. İbtidai istintaq zamanı işin uzanmaması və Təqsirləndirilən şəxslə 1000 manatın da ödənilməsi barədə razılığa gəldikləri üçün ziyanın tam ödənilməsi barədə ərizə yazmışdır. Bu günə kimi Təqsirləndirilən şəxs ona dəymiş ziyandan qalan 1000 manatı ödəməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, istintaqda verdiyi ifadəsini təsdiq edir. 29 avqust 2022-ci il tarixdə saat 16 radələrində Bakı şəhər BPİ-nin DYPİ-nin YPX-nin MEB-in baş inspektoru Şahid1lə birlikdə “BMW” markalı, Az **-YP-*** dövlət qeydiyyat nişanlı avtomobildə xidmət aparmışlar. Bakı şəhəri Nizami rayonu H.Əliyev prospketində xidmət apararkən "Toyota- Corolla” markalı avtomobil “Koroğlu” körpüsünün altında nişanlanma xəttinin tələblərini pozduğu üçün tərəflərindən saxlama işarəsi verilmişdir. Həmin avtomobilin sürücüsü avtomobili H.Əliyev prospektində “Bravo” marketinin qarşısında genişlənmiş sahədə, yəni yolun dördüncü zolağında, sağ kənarında saxlamışdır. Xəqani mayakı yandırıb idarə etdiyi xidməti avtomobili “Toyota-Corolla” markalı avtomobilin arxasında saxlamışdır. Avtomobildən düşüb sürücüyə yaxınlaşdıqda Xəqani və həmin avtomobilin sürücüsü sükan arxasında oturmuşlar. Elə bu vaxt “Sabunçu” körpüsü istiqamətindən Bakı şəhəri Nizami rayonu H.Əliyev prospekti ilə şəhərin mərkəzi istiqamətində hərəkət edən “Nissan Qashqai” markalı avtomaşın idarəetməni itirib birinci zolaqdan ona tərəf gəlmiş, avtopatrulun qabaq sol qanadından sürtüb yanında dayandığı “Toyota-Corolla” markalı avtomobilin arxa sol hissəsinə dəymiş, zərbədən “Toyota-Corolla” markalı avtomobil aşmışdır. “Nissan Qashqai” markalı avtomobil onun ayağının üstündən keçib daş bardyuru aşıb köməkçi yola düşmüşdür. Zərbədən yerə yıxılmışdır. Xəqani dərhal avtomobildən düşüb ona yaxınlaşaraq avtopatrula əyləşdirmiş, digər avtomobillərin sürücülərinə və sərnişinlərinə yaxınlaşmış, onları kənar şəxslərin köməyi ilə avtomobildən çıxarmışdır. Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona dəymiş maddi ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədən cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, 29 avqust 2022-ci il tarixdə saat 16 radələrində Bakı şəhər BPİ-nin DYPİ-nin YPX-nin MEB-in baş inspektoru Zərərçəkmiş şəxs1 ilə “BMW” markalı, Az **-YP-*** dövlət qeydiyat nişanlı avtomobildə xidmət aparmışlar. Bakı şəhəri Nizami rayonu H.Əliyev prospektində xidmət apararkən “Toyota-Corolla” markalı avtomobil “Koroğlu” körpüsünün altında nişanlanma xəttinin tələblərini pozduğu üçün tərəflərindən saxlama işərəsi verilmişdir. Həmin avtomobilin sürücüsü avtomobili H.Əliyev prospektində “Bravo” marketinin qarşısında genişlənmiş sahədə, yəni yolun dördüncü zolağında, sağ kənarında saxlamışdır. İdarə etdiyi xidməti avtomobili onun arxasında mayakı yandırıb saxlamışdır. Baş inspektor Rahib avtomobildən düşüb sürücüyə yaxınlaşdıqda o və həmin avtomobilin sürücüsü sükan arxasında oturmuşlar. Bu zaman “Sabunçu” körpüsü istiqamətindən Bakı şəhəri Nizami rayonu H.Əliyev prospekti ilə şəhərin mərkəzi istiqamətində hərəkət edən “Nissan Qashqai” markalı avtomaşın idarəetməni itirib birinci zolaqdan onlara tərəf gəlmiş, sükan arxasında olduğu avtomobilin qabaq sol qanadından sürtüb qarşısında dayanan “Toyota- Corolla” markalı avtomobilin arxa sol hissəsinə dəymiş, zərbədən həmin avtomobil aşıb yanında dayanan Rahibə dəymiş, “Nissan Qashqai” markalı avtomobil isə daş bardyuru aşıb köməkçi yola düşmüşdür. Dərhal avtomobildən düşüb inspektora yaxınlaşmış və onun xəsarət aldığını bilib patrul avtomobilinə otuzdurub digər avtomobillərin sürücülərinə və sərnişinlərinə yaxınlaşmışdır. Onları kənar şəxslərin köməyi ilə avtomobildən çıxarmışlar. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X3 Şəxsi tərəfindən verilmiş Sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair 29 avqust 2022-ci il tarixli, 2/28696 saylı aktdan görünür ki, 29 avqust 2022-ci il tarixdə saat 18:17-də müayinə olunan Təqsirləndirilən şəxs ayıq olduğu müəyyən olunmuşdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 tərəfindən verilmiş canlı şəxsin ekspertizasına dair 09 sentyabr 2022-ci il tarixli 847 nömrəli rəydən görünür ki, Zərərçəkmiş şəxs4 baş beyin silkələnməsi ilə müşayiət olunan sağ ənsə nahiyəsinin dərialtı hematoması olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, 29 avqust 2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı alınmaları mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 tərəfindən verilmiş canlı şəxsin ekspertizasına dair 09 sentyabr 2022-ci il tarixli 848 nömrəli rəydən görünür ki, Zərərçəkmiş şəxs3 baş beyin silkələnməsi ilə müşayiət olunan sol təpə nahiyəsinin şişkinlik halında əzilməsi olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, 29 avqust 2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı alınmaları mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 tərəfindən verilmiş canlı şəxsin ekspertizasına dair 09 sentyabr 2022-ci il tarixli 849 nömrəli rəydən görünür ki, Zərərçəkmiş şəxs2 baş beyin silkələnməsi ilə müşayiət olunan sol alın-təpə sərhədinin şişkinlik halında əzilməsi və sıyrığı olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, 29 avqust 2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı alınmaları mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 tərəfindən verilmiş canlı şəxsin ekspertizasına dair 16 sentyabr 2022-ci il tarixli 866 nömrəli rəydən görünür ki, Zərərçəkmiş şəxs1 aşkar olunmuş – sağ pəncənin İİ-İİİ-İV və V daraq sümüklərinin yerdəyişmiş sınıqları - bərk küt əşyanın (əşyaların) təsirindən törənə bilərdilər, 29 avqust 2022-ci il tarixdə hərəkətdə olan avtomobilin qabarıq hissələrinin təsiri nəticəsində piyada qismində baş vermiş yol nəqliyyat hadisəsi zamanı alınmaları istisna olunmur, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının 27 sentyabr 2022-ci il tarixli 8/2384 nömrəli rəyindən görünür ki, rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən “BMW X-5” markalı Az **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə olan uyğunsuzluq olmuş, lakin hadisə zamanı “BMW X-5” markalı avtomobil ilə “Nissan Qashqai” markalı avtomobil arasında toqquşma baş vermədiyindən “BMW X-5” markalı avtomobilin sürücüsünün hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqənin müəyyən olunması üçün xüsusi texniki bilik tələb olunmur və yol nəqliyyat hadisələri ekspertinin səlahiyyətlərinə aid deyil. Hüquqi məna kəsb etdiyindən həmin hal təhqiqat orqanları və məhkəmə tərəfindən qiymətləndirilə bilər. Təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Nissan Qashqai” markalı Az **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 128 manatdır. - Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən verilmiş 01 sentyabr 2022-ci il tarixli, 016-111787-1222 nömrəli məktubdan görünür ki, DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinin kompyuter uçot bazasının məlumatlarına əsasən xx xxx 1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs 16 sentyabr 2013cü il tarixdə (16 sentyabr 2023-cü il tarixədək etibarlı olan) AD 022083 nömrəli “B” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. - texniki vasitələrlə qeydə alınmış məlumatlara baxış keçirilməsi haqqında 08 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, DİN-in X1 Xidmətinin təqdim etdiyi N-046 və N-047 nömrəli kameraları ilə 29 avqust 2022-ci il tarixdə saat 16:28-dən 16:40-dək olan müddətdə qeydə alınmış videogörüntülərin əks olunduğu 01 ədəd “DVD” diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, 29 avqust 2022-ci il tarixdə saat 16:28 dəqiqədə Bakı şəhəri Nizami rayonu H.Əliyev prospektinin “Bravo” marketin qarşısından keçən hissəsində Təqsirləndirilən şəxs idarə etdiyi “Nissan-Qaşqai” markalı, Az **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Sabunçu körpüsü istiqamətindən üç zolaqlı əsas yolun ikinci zolağı ilə şəhərin mərkəzi istiqamətinə doğru hərəkətdə olarkən yolun köməkçi hissəsindən dönmə siqnalını yandırıb qanunla müəyyən edilmiş yerdən əsas yola keçid edən “BMW” markalı, Az **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxasında sola manevr edərək birinci zolağa keçir, bu zaman düzgün manevr etməmə səbəbindən idarəetməni itirib yolun birinci zolağındakı bardyura dəyməmək üçün birinci zolaqdan yolun sağındakı dördüncü zolağa, yəni yolun genişlənmə hissəsinə keçməklə həmin dördüncü zolaqda dayanmış “BMW” markalı, Az **-YP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol qabaq hissəsinə sürtünərək həmin avtomobilin qarşısında dayanmış “Toyota Corolla” markalı, Az **-OB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol arxa hissəsinə zərblə dəyir, zərbənin təsirindən “Toyota Corolla” markalı avtomobil aşır, hadisəni törətmiş “Nissan-Qaşqai” markalı avtomobil idarəetməni itirib dördüncü zolağa keçən zaman sol tərəfi ilə “Toyota Corolla” markalı avtomobilin sol tərəfində dayanmış xidməti vəzifəsini yerinə yetirən Yol Patrul Xidməti əməkdaşına dəyməsi nəticəsində sonuncu yerə yıxılır, sonradan özü ayağa qalxır. Hadisə yerinə toplaşan digər avomobillərin sürücüləri, həmçinin digər YPX-nin əməkdaşları hadisə nəticəsində xəsarət alan polis əməkdaşına, o cümlədən aşmış vəziyyətdə olan “Toyota Corolla” markalı avtomobildə olan sərnişinlərə də yardım edirlər. - texniki vasitələrlə qeydə alınmış məlumatlara baxış keçirilməsi haqqında 10 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, DİN-in X1 Xidmətinin təqdim etdiyi TŞ 4-179 nömrəli videomüşahidə qurğusunun 2-ci və 3-cü kameraları ilə 29 avqust 2022-ci il tarixdə saat 16:28-dən 16:35-dək olan müddətdə qeydə alınmış videogörüntülərin əks olunduğu 01 ədəd “DVD” diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Nissan-Qaşqai” markalı, Az **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Sabunçu körpüsü istiqamətindən üç zolaqlı əsas yolun ikinci zolağı ilə şəhərin mərkəzi istiqamətinə doğru hərəkətdə olarkən yolun köməkçi hissəsindən dönmə siqnalını yandırıb qanunla müəyyən edilmiş yerdən əsas yola keçid edən “BMW” markalı, Az **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxasında sola manevr edərək birinci zolağa keçir, bu zaman düzgün manevr etməmə səbəbindən idarəetməni itirir. Videogörüntülərdə “Nissan- Qaşqai” markalı avtomobilin zərblə “Toyota Corolla” markalı avtomobilə dəyməsi, zərbənin təsirindən “Toyota Corolla” markalı avtomobilin aşması və hadisəni törətmiş “Nissan- Qaşqai” markalı avtomobilin bardyuru aşaraq sağ tərəfdə köməkçi yola düşməsi, baş vermiş hadisədən sonra ərazidə xidmət aparan digər Yol Patrul Xidməti əməkdaşlarının, həmçinin mülki şəxslərin avtomobildən düşərək köməklik göstərməsi müəyyən edilir. - ibtidai istintaq zamanı zərərçəkmiş şəxs və eyni zamanda qanuni nümayəndə qismində tanınmış Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş, notarial qaydada təsdiq edilmiş 19 noyabr 2022-ci il tarixli ərizədən görünür ki, yol nəqliyyat hadisəsi nəticəsində Təqsirləndirilən şəxs tərəfindən ona dəyən maddi ziyan tamamilə ödənilmişdir. O, Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona görə də onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və maddi tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. - sübutların qiymətləndirilməsi haqqında 27 dekabr 2022-ci il tarixli qərardan görünür ki, DİN-in X1 Xidmətinin təqdim etdiyi N-046 və N-047 nömrəli kameraları ilə 29 avqust 2022-ci il tarixdə saat 16:28-dən 16:40-dək olan müddətdə qeydə alınmış videogörüntülərin əks olunduğu 01 ədəd “DVD” disk və DİN-in X1 Xidmətinin təqdim etdiyi TŞ 4-179 nömrəli videomüşahidə qurğusunun 2-ci və 3-cü kameraları ilə 29 avqust 2022ci il tarixdə saat 16:28-dən 16:35-dək olan müddətdə qeydə alınmış videogörüntülərin əks olunduğu 01 ədəd “DVD” disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatı tərəfindən verilmiş 14 mart 2023-cü il tarixli 3-13-28-1/2-300/2023 nömrəli məktubdan görünür ki, DİN-in MTTBİ-nə bilavasitə tabe olan Avtomobil Təsərrüfatının balansında olan Bakı şəhər DYPİ-nin xidməti istifadəsinə verilmiş “BMW-328” markalı, Az **-YP-*** dövlət qeydiyyat nişanlı xidməti avtomobilə 29 avqust 2022-ci il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində dəymiş maddi ziyan aradan qaldırılmışdır. Ona görə də heç bir iddia və tələbləri yoxdur. - Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş və notarial qaydada təsdiq olunmuş 15 dekabr 2022-ci il tarixli ərizədən görünür ki, yol nəqliyyat hadisəsi nəticəsində Təqsirləndirilən şəxs tərəfindən ona dəyən maddi ziyan tamamilə ödənilmişdir. O, Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona görə də onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, maddi tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 08 sentyabr 2022-ci il tarixli tələbnamədən görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Zərərçəkmiş şəxs1 ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan tam ödənildiyi üçün təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbinin olmadığını, onunla barışdığını bildirmiş və cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ilə barışdığını, ona vurulmuş ziyanı tam ödədiyini bildirmiş və barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə görə bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Məhkəmə, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışmasını, ona dəymiş ziyanı tamamilə ödəməsini nəzərə alaraq, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini və cinayət işi üzrə icraata xitam verilməsini məqsədəmüvafiq hesab edir. Bununla yanaşı məhkəmə qeyd edir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması nəticəsində zərərçəkmiş şəxsin sağlamlığa yüngül zərər vurulmaya aid xəsarət yetirilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibini deyil, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Bu səbəbdən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 münasibətdə cinayət təqibinə xitam verilməli, o, cinayət məsuliyyətindən azad edilməli, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 sağlamlıqlarına yüngül zərərvurmaya dair epizod ittihamdan xaric olunmalı, Təqsirləndirilən şəxs əməlində Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 sağlamlığına yüngül zərərvurmaya aid hissədə inzibati xəta tərkibinin əlamətləri olduğundan, qərarın surəti müvafiq materiallarla birlikdə Bakı şəhəri Nizami rayon Polis İdarəsinin Dövlət X5 göndərilməlidir. Belə ki, “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 saylı Qərarının 13-cü bəndində göstərilmişdir ki, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması yalnız o zaman cinayət məsuliyyətinə səbəb olur ki, bu, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümü və ya onun sağlamlığına ağır, yaxud da az ağır zərər vurulması ilə nəticələnmiş olsun. Eyni əməllər, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına yüngül zərər vurulmaqla nəticələndikdə və ya ona miqdarından asılı olmayaraq maddi ziyanın vurulmasına səbəb olduqda, habelə sair hallarda qeyd edilən qaydaları pozan şəxs cinayət məsuliyyəti deyil, mülki-hüquqi, yaxud inzibati məsuliyyət daşıyır. Həmin Qərarın 17-ci bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, konkret bir hadisədə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması CM-nin 263.1, 263.1-1, 263.2, 263.3, 263-1.1, 263-1.2, 263-1.3, 263-1.4, 351.1, 351.1-1, 351.2 və 351.3-cü maddələrində nəzərdə tutulmuş nəticələrdən bir neçəsinə səbəb olduqda, təqsirləndirilən şəxsə elan olunmuş ittihamda və ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində baş vermiş nəticələrin hamısı göstərilməli, lakin onun əməli cinayət qanununun bu nəticələrdən daha ağırına görə məsuliyyət nəzərdə tutan maddəsi ilə tövsif edilməlidir. Belə hallarda yol nəqliyyat hadisəsi nəticəsində sağlamlıqlarına müvafiq maddələrin dispozisiyalarında göstərilən ağırlıqda fiziki zərər vurulmuş şəxslər zərər çəkmiş şəxs qismində, ölmüş zərərçəkmiş şəxsin yaxın qohumu və ya yaxın qohumu olmadıqda CPM-in 106.1-ci maddəsinə göstərilən digər şəxs zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmalı və cinayət təqibi zamanı onların CPM-nin 87 və 106-cı maddələrində nəzərdə tutulmuş hüquqları təmin edilməlidir. Qeyd edilən cinayətlərin törədilməsi nəticəsində əmlakına maddi zərər vurulmuş şəxs cinayət prosesində CPM-in tələblərinə müvafiq olaraq mülki iddia verdikdə mülki iddiaçı qismində tanına bilər. (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 fevral 2022-ci il tarixli 2 saylı Qərarı ilə dəyişiklik edilmiş redaksiyada) “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 mart 2022-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinə müvafiq olaraq cinayət törətmiş şəxsin cinayət məsuliyyətindən azad edilməsindən sonra Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsindən irəli gələn eyni hüquq pozuntusuna görə iki dəfə cəza ola bilməz (non bis in idem) prinsipinin tətbiqi sahəsinə daxil edilmədiyindən, bu prinsipin pozulmasına gətirib çıxarmır. Həmin Qərarda həmçinin göstərilmişdir ki, “....Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsində nəzərdə tutulmuş qaydada təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışmasından sonra onun məhz həmin Məcəllənin 263.1 və 263.1-1ci maddələrində nəzərdə tutulmuş nəticələrə səbəb olan yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmasına görə inzibati məsuliyyətə cəlb edilməsinin mümkünlüyü məsələsidir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, bu məsələ həll edilərkən Cinayət Məcəlləsinin 263-cü maddəsində nəzərdə tutulan cinayət tərkibinin ikiobyektli olması nəzərə alınmalıdır. Belə ki, bu cinayət ilk növbədə yol hərəkətinin və nəqliyyat vasitələrinin istismarının təhlükəsizliyinə qəsd edir. Əlavə obyekt qismində isə insanın həyat və sağlamlığı çıxış edir. Qeyd etmək lazımdır ki, ikiobyektli cinayətlərə qəsd zamanı təqsirkar əsas obyektə ziyan vurduqda, zərərçəkən isə bu qəsdin əlavə obyekti qismində çıxış etdikdə, zərərçəkmiş şəxslə barışıq əsas obyektə dəymiş zərəri ortadan qaldırmır. Cinayət Məcəlləsinin 263-cü maddəsilə əlaqədar qeyd etmək olar ki, cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışaraq onun şəxsi maraqları bərpa edilir, ictimai maraqların bərpa olunması isə onun Cinayət Məcəlləsinin 263.1 və 263.1-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrə səbəb olan yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına görə inzibati məsuliyyətə cəlb edilməsi ilə baş verə bilər. Bundan əlavə Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin tələblərinə əsasən cinayət törətmiş və sonra zərərçəkmiş şəxslə barışmış şəxsin məhz həmin Məcəllənin 263.1 və 263.1-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrə səbəb olan yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmasına görə inzibati məsuliyyətə cəlb edilməməsi ümumhüquqi və konstitusiya prinsipləri olan ədalət və bərabərlik prinsipləri ilə uyğun gəlmir. Belə ki, Cinayət Məcəlləsinin 263.1 və 263.1-1-ci maddələrində nəzərdə tutulan nəticələrə səbəb olmayan yol hərəkəti qaydalarının sadə pozuntusu hər bir halda inzibati tənbehin qaçılmazlığı prinsipinə əsasən inzibati xətalara dair qanunvericiliyin tələblərindən irəli gələrək inzibati məsuliyyətə səbəb olmalıdır.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Azərbaycan Respublikası CPM-nin 346.1.19-346.1.21-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri xitam olunmalı, Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət işi üzrə maddi sübut olan 2 ədəd “DVD” formatlı disklər cinayət işinin materiallarında saxlanılmalı, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan 128 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin ibtidai istintaqda iştirak etdiyi müddət 42 iş saatı və məhkəmədə iştirak etdiyi müddət 26 iş saatı, cəmi 68 saat müddətinə bərabər olduğundan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla 408 manat (68x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Nəticə: Yuxarıdakılara əsasən, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 43.3, 321, 344-347, 356, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 sağlamlıqlarına yüngül zərərvurmaya aid epizod ittihamdan xaric olunsun. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs əməlində Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 sağlamlıqlarına yüngül zərərvurmaya aid hissədə inzibati xəta tərkibinin əlamətləri olduğundan, qərarın surəti müvafiq materiallarla birlikdə Bakı şəhəri Nizami rayon Polis İdarəsinin Dövlət X5 göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri xitam olunsun. Cinayət işi üzrə maddi sübut olan 2 ədəd “DVD” formatlı disklər cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 128 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs 68 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi 408 manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddətdə qərardan apellyasiya qaydasında protest və şikayət verilmədikdə qərar müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, hakim İlham Kərimli
Məhkəmə qərarları › İş №1(007)-333/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-333/2023
25.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver