Məhkəmə qərarları › İş №1(007)-334/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-334/2022

06.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-334/2022 06.10.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, X2 Bəxtiyar oğlunun katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçinun iştirakı ilə, Təqsirləndirilən şəxs xx.xx.1996-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Qum adası yaşayış massivi, fərdi evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 12 may 2022-ci il tarixdə saat 16 radələrində “BC" kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə etdiyi “Hyundai Elantra” markalı ** DN *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, Məsbəti Gəncəvi küçəsi ilə Rüstəm Rüstəmov küçəsi istiqamətində hərəkət edərək yolayrıcında sağa dönüb birinci yol ilə Bəkir Çobanzadə küçəsinə doğru 10 km saat sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 75-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni sağa və sola dönən sürücü dönəcəyi yolun hərəkət hissəsini keçməkdə olan piyadaya yol verməli, yolu keçən piyadanın onun hərəkət zolağını boşaltdıqdan sonra hərəkətini davam etdirməli və bundan sonra hərəkətin təhlükəsziliyinin təmin olunacağına əmin olaraq hərəkətini davam etdirməli olması barədə tələblərə əməl etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu tələbləri pozub idarə etdiyi avtomobillə ünvan 3 ünvanın qarşısında yolu sağdan sola doğru keçən piyada Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan avtomobilin qabaq orta hissəsi ilə vuraraq sonuncunun sağ mil sümüyünün tipik yerinin yerdəyişmiş qapalı sınığı, baş beyin silkələnməsi ilə müşayiət olunan alın nahiyyəsinin şişkinlik halında əzilməsi(dərialtı hematoması), alın nahiyyəsi, hər iki gözətrafı nahiyyənin qançırlarından ibarət sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər almasına səbəb olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, “Hyundai- Elantra” markalı **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur və həmin avtomobili “BC” kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə edərək taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2022-ci il tarixdə saat 16 radələrində idarə etdiyi “Hyundai-Elantra” markalı, ağ rəngli, **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Nizami rayonu Məshəti Gəncəvi küçəsi ilə Rüstəm Rüstəmov küçəsi istiqamətində hərəkət edib, küçələrin kəsişməsində avtomobili saxlamışdır. Bəkir Çobanzadə küçəsinə doğru hərəkətini davam etmək üçün soldan “Neftçilər” metrosu istiqamətindən gələn nəqliyyat vasitələrinə nəzər yetirib, həmin yerdən sağa dönüb 5-10 km/saat sürətlə Bəkir Çobanzadə küçəsinə doğru hərəkət etdikdə Rüstəm Rüstəmov küçəsində ikitərəfli yolu ayırmaq üçün nəzərdə tutulmuş istirahət parkına doğru yolu sağdan sola adi addımlarla keçən qadın piyadanı avtomobilinin qabaq orta hissəsi ilə vurmuşdur. Nəticədə qadın yerə yıxılaraq sağ qol və baş nahiyyələrindən xəsarətlər almışdır. O, dərhal avtomobilini saxlayıb həmin piyada qadına yaxınlaşmış, onu avtomobilinə mindirib ilkin olaraq X3 Məntəqəsinə, sonra isə Sabunçu rayonu 3 saylı ŞKX-na aparmışdır. Adını sonradan öyrəndiyi Səkinə adlı qadın özü TTYM-də və 3 saylı ŞKX-da xəsarətini yıxılma nəticəsində aldığını bildirmişdir. Qadın xəsarətini yol-nəqliyyat hadisəsi yox, yıxılma nəticəsində aldığını bildirdiyi üçün o, da həkimlərə başqa cür məlumat verməmişdir. Xəstəxana xərclərini tam çəkib adını, soyadını və mobil nömrəsini həmin qadına təqdim etmiş, hadisə baş verən gündən valideyinləri hər gün onunla əlaqə saxlayıb baş çəkmişlər. Ona Nizami RPİ-dən zəng gəlib hadisə ilə bağlı idarəyə dəvət olunduqda idarəyə yaxınlaşmış və hadisə barədə ətraflı izahat vermişdir. Təxminən 6-7 gündən sonra Səkinə xanım özünə şəxsən bildirmişdir ki, kreditləri var və 3 yerdə işləyir. Həmin işlərindən qalacağına və kreditlərini ödəyə bilməyəcəyinə görə ona 4.500 manat pul versinlər gedib ərizəsini geriyə götürsün. Onunla razılaşmadıqlarından şikayətçi olmuşdur. Əlavə bildirmişdir ki, hadisə baş verən zaman avtomobilində sərnişin olmamış, həmin gün avtomobili tam saz vəziyyətdə olmuş, sol tərəfdən hərəkət edən nəqliyyat vasitələrinə baxdığı üçün piyadanı görməmiş, piyadanı yolun sağ kənarından təxminən 5-6 metr sola tərəf məsafədə vurmuş, həmin gün spirtli içki qəbul etməmiş, Zərərçəkmiş şəxs əvvəlcədən tanımamış və onunla heç bir ədavəti olmamışdır. Sonda iş üzrə zərərçəkmiş şəxslə barışmasını və ona dəymiş maddi ziyanı ödəməsini nəzərə almaqla cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 12 may 2022-ci il tarixdə saat təxminən 16 radələrində yaşadığı evə getmək üçün Bakı şəhəri Nizami rayoru Rüstəm Rüstəmov küçəsi ilə Məshəti Gəncəvi küçələrinin kəsişməsində yolun bir tərəfndən digər tərəfinə, yəni “Xəzər” universiteti istiqamətindən yolun ortasında olan park istiqamətinə adi addımlarla piyada keçdikdə səkiyə çatmağına 3-4 metr qalmış üzü Bəkir Çobanzadə istiqamətində hərəkətdə olan sonradan adının Murad olduğunu öyrəndiyi sürücünün idarə etdiyi ağ rəngli, sedan markalı avtomobil onu arxadan vurmuşdur. Zərbədən yerə yıxılaraq baş və sağ qol nahiyyəsindən xəsarətlər almışdır. Murad adlı sürücü avtomobili saxlayıb ona yaxınlaşaraq öz avtomobilinə mindirib təcili-tibbi yardım məntəqəsinə, oradan isə Sabunçu rayonu 3 saylı ŞKX-na aparmışdır. Orada ona tibbi yardım etdikdən sonra evə buraxılmışdır. Xəstəxanada o, xəsarətlərini yıxlılma nəticəsində aldığını bildirmişdir. Xəstəxanada olduğu zaman Muradın valideyinləri və özü ona baş çəkərək 1 ay yardım edə biləcəklərini qeyd etmiş, lakin onlarla razılaşmadığı üçün Nizami rayon polis idarəsinə gələrək ərizə ilə müraciət etmişdir. Əlavə olaraq bildirmişdir ki, sol tərəf istiqamətinə fikir vermiş və heç bir təhlükə görmədiyinə görə yolu keçmiş. Təqsirləndirilən şəxs necə gəlməsini görə bilməmiş, əks halda onu vurmasından yayınarmış. Muradı əvvəlcədən tanımamış və onunla heç bir ədavəti olmamışdır. Yalnız baş və sağ qol nahiyyəsindən xəsarətlər almışmır. Hazırda Təqsirləndirilən şəxs ona vurulmuş maddi ziyanı tamamilə ödədiyinə gərə, sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını nəzərə almaqla cinayət işinə xitam verilməsini xahiş etdi. Məhkəmə cinayət işinin materiallarını tədqiq edərək, təqsirləndirilən şəxsi, onun müdafiəçisini, zərərçəkmiş şəxsi və dövlət ittihamçısını dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və cinayət işi üzrə icraata aşağıdakı əsaslara görə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 263-cü maddəsinin “Qeyd” hissəsinə əsasən, bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.3-cü maddəsinə əsasən, başqa növ cinayət törətmiş şəxs, bu Məcəllənin 73.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud olduqda, yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində bilavasitə müəyyən edilmiş hallarda cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə əsasən, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. İş materiallarına əlva edilmiş ərizələrdən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda Zərərçəkmiş şəxs ilə barışmış və ona dəymiş maddi ziyanı tamamilə ödəmişdir. Həmçinin, Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə keçirilən məhkəmə iclası zamanı vermiş olduğu ərizəsində cinayət məsuliyyətindən azad edilməklə, cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Eyni zamanda, cinayət işi üzrə Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan hər hansı bir inzibati xəta tərkibinin əlaməti müəyyən olunmamışdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.2-ci maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmur. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə 85 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-cü maddəsinin “Qeyd” hissəsinə və həmin Məcəllənin 73.1, 73.3-cü maddələrinin tələblərinə əsasən cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iştirak etdiyi müddət 24 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 144 manat (24x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-cü maddəsinin “Qeyd” hissəsinə və Cinayət Məcəlləsinin 73.1, 73.3-cü maddələrinin tələblərinə əsasən Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət məsuliyyətindən azad edilməklə, cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə 85 (səksən beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı 24 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 144 (bir yüz qırx dörd) manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar