Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-335/2021 19.11.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs - 23 avqust 1982-ci il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı filialının direktoru vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, Lənkəran şəhəri, H.Əliyev prospekti, dalan 4, ev 11-də qeydiyyatda olan, Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsi ev 24B, mənzil 146da yaşayan, 13 sentyabr 2020-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığına qəsdən az ağır zərər vurmuşdur. Belə ki, o, 17 iyun 2021-ci il tarixdə saat 08 radələrində Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, 124 nömrəli evin blokunda keçmiş arvadı X1 həmin ünvanda kirayə yaşadığı mənzildən Zərərçəkmiş şəxs çıxmasını görüb və sonuncunun İlahə Əliniyazzadə ilə qeyri-rəsmi münasibətdə olmasını bilib orada qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı qəsdən Zərərçəkmiş şəxs baş və üz nahiyəsinə bir neçə dəfə yumruqla vuraraq sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin edilməyən hər iki gözaltı nahiyənin qançırları, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərərvurmaya aid baş beyin silkələnməsi ilə müşayiət olunan sol gicgah nahiyəsinin şişkinlik halında əzilməsi, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid burun belinin şişkinlik halında əzilməsi və tənəffüsün iki tərəfli çətinləşməsi ilə müşayiət olunan burun sümüyünün yerdəyişmiş sınığından ibarət xəsarətlər yetirməklə qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilmiş, Zərərçəkmiş şəxs vurduğu maddi ziyanı tamamilə ödədiyini, ondan üzrxahlıq edib səmimi peşmançılığını bildirdiyini, zərərçəkmiş şəxsin onunla barışdığını göstərmiş, bu halların nəzərə alınaraq, barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs Bakı şəhəri 50 saylı notariat ofisində 14 sentyabr 2021-ci il və 30 sentyabr 2021-ci il tarixlərdə təsdiq olunaraq poçt vasitəsi ilə məhkəməyə göndərilmiş ərizələrindən görünür ki, o, 17 iyun 2021-ci il tarixdə Təqsirləndirilən şəxs ilə aralarında baş vermiş münaqişə zəminində xəsarət aldığını, hazırda onların barışdıqlarını, Təqsirləndirilən şəxs ona vurduğu maddi ziyanı ödədiyini, ona qarşı şikayəti və tələbi olmadığını göstərmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 Publik hüquqi şəxsin Nizami rayon şöbəsinin 21 iyun 2021-ci il tarixli 522 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs burun belinin şişkinlik halında əzilməsi və tənəffüsün iki tərəfli çətinləşməsi ilə müşayiət olunan burun sümüyünün yerdəyişmiş sınığı, baş beyin silkələnməsi ilə müşayiət olunan sol gicgah nahiyəsinin şişkinlik halında əzilməsi, hər iki gözaltı nahiyə və döş qəfəsinin sağ yan səthinin qançırları, sağ məməaltı nahiyənin sıyrığı olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni 17 iyun 2021-ci il tarixdə yarana bilər və dərəcəsinə görə burun sümüyünün sınığı sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya, baş beyin silkələnməsi ilə müşayiət olunan sol gicgah nahiyəsinin şişkinlik halında əzilməsi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya, qançırlar və sıyrıq isə həm ayrı-ayrılıqda, həm də ümumilikdə sağlamlığa zərər vurmayan dərəcəsi təyin edilməyən xəsarətlərə aid edilir. Lokalizasiya və xarakterlərinə əsasən demək olar ki, xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirilməsi və öz boyu hündürlüyündən yıxılması nəticəsində yaranması inandırıcı deyil. (i.v. 16-17) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 06 avqust 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat yoxdur. (i.v. 57) - 12 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilməsi qərara alınmış, Zərərçəkmiş şəxs döş və qarın nahiyyələrinə bir neçə dəfə vuraraq sonuncuya döş qəfəsinin sağ yan səthinin qançırları, sağ məməaltı nahiyyənin sıyrığı ilə nəticələnən dərəcələri təyin edilməyən xəsarətlər yetirməsi faktı üzrə Şahid3 barəsində cinayət işinin başlanılması rədd edilmiş və qəbul edilmiş qərarın surəti onun barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədi ilə Nizami RPİ-nin 24-cü PŞ-nə göndərilmiş, Təqsirləndirilən şəxs Əlimurtuz oğlu və Şahid3 barələrində Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə, habelə Şahid3 barəsində Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. (i.v. 70-75) Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək, hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir, onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığını göstərmiş, bu əsasla cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda Zərərçəkmiş şəxs notariat qaydada təsdiq olunaraq məhkəməyə təqdim edilmiş ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ona vurduğu maddi ziyanı ödədiyini və barışdıqlarını göstərmişdir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi ilə bağlı məsələni müzakirə edərək, hesab edir ki, aşağıdakılara əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində olan işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Həmin Məcəllənin 39.1 və 39.1.11-ci maddələrinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs barışdıqları barədə məhkəməyə yazılı müraciət etmələrini nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət qanunun tələbləri baxımından cinayət məsuliyyətindən azad edilməli və cinayət işi üzrə icraata xitam verilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulmuş məsələləri həll edərək, qeyd edir ki, cinayət işi üzrə icraata xitam verilməli olduğundan təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir; zərərçəkmiş şəxs məhkəməyədək icraat və məhkəmə icraatı zamanı mülki iddia verməmişdir, ona vurduğu ziyanı ödədiyinə görə təqsirləndirilən şəxslə barışmışdır; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində hər hansı əşya, predmet tanınmamış; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza keçirilməmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin ibtidai istintaq zamanı və məhkəmədə, iş materialları ilə tanış olmaqla birlikdə, təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət ümumilikdə 46 iş saatı müddətinə bərabər tutulduğundan, (Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli 202 saylı qərarına əsasən) göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla müvafiq hesablaşma hesabı üzərindən əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 39.1.11, 43.1.2, 321, 344-347, 356, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə, Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmədə, iş materialları ilə tanış olmaqla birlikdə, ümumilikdə 46 saat göstərdiyi pulsuz hüquqi yardıma görə dəvət olunmuş Müdafiəçi "xxxx" ASC-nin “Qara Qarayev” filialı, kod 200145, VÖEN **********, m/h- AZ37NABZ********************, SWİFT BİK AİİBAZ2X, hesab - AZ33AİİB********************, VÖEN - ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı vəkil bürosu vasitəsi ilə 276 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə qərardan apelyasiya qaydasında şikayət və protest verilmədikdə, qərar müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-335/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-335/2021
19.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver