Məhkəmə qərarları › İş №1(007)-337/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-337/2023

09.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-337/2023 09.08.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun qanuni nümayəndəsi X4 və müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs - 03 avqust 2006-cı il tarixdə Salyan rayonunun Qaraçala qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, 8 saylı Bakı Peşə Liseyinin 2-ci kurs tələbəsi, subay, əvvəllər məhkum olunmamış, Salyan rayonunun Qaraçala qəsəbəsində qeydiyyatda olan, Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi, ev 1A-da yaşayan, 04 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 06 mart 2023-cü il tarixdə tutmadan azad olunaraq barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurmuşdur. Belə ki, o, 26 dekabr 2022-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsində yerləşən “28 May” metrostansiyasının yaxınlığında piyada hərəkətdə olan zaman həmin ünvanda hərəkətdə olan, əvvəllər tanımadığı Zərərçəkmiş şəxs dostları ilə söhbət edərkən nalayiq ifadələr işlətməsini bəhanə edib sonuncu ilə sözlə mübahisə etdikdən sonra onun təklifi ilə məsələyə aydınlıq gətirmək üçün həmin tarixdə saat 18 radələrində Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində yerləşən “Koroğlu” metrostansiyasının yaxınlığına birlikdə gəlib Zərərçəkmiş şəxslə mübahisəsini davam etdirərək heç bir hüquqi və faktiki əsas olmadan xuliqanlıq niyyətilə özünün şəxsiyyətini Zərərçəkmiş şəxs şəxsiyyətinin fövqündə qoyub, ümumi davranış, əxlaq və mənəviyyat normalarına hörmətsizlik ifadə edib qəsdən yumruq və təpiklə sonuncunun bədəninin müxtəlif nahiyələrinə vuraraq Zərərçəkmiş şəxs ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid sağ göz yuvasının daralması ilə müşayiət olunan sağ orbitanın aşağı divarında yerdəyişmə ilə sınıq və sağ gözətrafı nahiyyənin hematoması, sağ körpücük sümüyünün orta 1/3-nin qapalı sınığından ibarət xəsarətlər yetirərək xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək qanuni nümayəndəsi (atası) X4 iştirakı ilə verdiyi ifadəsində göstərmişdir ki, 26 dekabr 2022-ci il tarixdə saat 16 radələrində “28 May” metrostansiyası yaxınlığında yerləşən mağazadan çıxıb evə getmək üçün metrostansiyaya tərəf hərəkət etmişdir. “Cəfər Cabbarlı” heykəli yaxınlığında olan köşkə su almaq üçün yaxınlaşmış, su aldıqdan sonra kənara çəkilib su içə-içə ailə üzvləri ilə mobil telefonla danışmışdır. Həmin vaxt köşkün yanında tanımadığı üç nəfər oğlan dayanmış, onlardan biri, adını sonradan bildiyi Polad adlı şəxs dostları ilə söyüşlə danışmışdır. O, Polada buna görə irad bildirdikdə Polad onunla kobud danışmağa başlamışdır. O, Polada niyə söyüşlə danışdığını, onun ailə üzvləri yanında söyüşlə danışsa xoşuna gələcəyini dedikdə Polad onu təhqir etmişdir. Bununla bağlı aralarında sözlü mübahisə yaranmış, o da Poladı təhqir etmişdir. O, Poladgilin üç nəfər olduğunu görüb başqa yerdə söhbət etmələrini təklif etmiş, Polad da razılaşmışdır. Bundan sonra o, “28 May” metrostasiyasının girişinə yaxınlaşanda Polad onun qolundan tutaraq onu niyə söydüyünü bildirmiş, o da Polada “Koroğlu” metrostansiyası tərəfə gedib orada söhbət etmələrini demişdir. Bundan sonra birlikdə metroya düşmüşlər, lakin onlardan adını bilmədiyi digər şəxsi, yəni sonradan adını bildiyi Uspatı daha sonra görməmişdir. O, yolda dostu Elşada zəng edərək mübahisəsi olduğunu, ona görə “Koroğlu” metrostansiyasına gəlməsini demişdir. Yol boyu Poladgillə danışmamışdır. “Koroğlu” metrostansiyasında çıxdıqdan sonra Elşad onlara yaxınlaşmış, görüşərək söhbət etmək üçün adam olmayan yerə getmişlər. Elşad orada Murad və Poladla söhbət etmiş, o isə kənarda üzərində olan çantanı və gödəkçəni kənara qoymuşdur. Bu vaxt Elşad əli ilə Poladı geri itələmiş, o da bundan sonra Polada yaxınlaşaraq onu güləş fəndi ilə yerə yıxmışdır. Yerdə olan zaman yumruqla bir neçə dəfə Polada zərbə vurmuş, bundan sonra Elşad və Murad onları aralaşdırmışlar. Polad səhv olduğunu boynuna almış, “28 May” metrostansiyası yaxınlığında üzr istəmədiyinə görə işin belə yerə gəlməyəcəyini başa düşüb ondan üzr istəmişdir. Daha sonra Polad dostu Muradla oradan çıxıb getmişlər. Bundan sonra o da Elşadla birlikdə oradan uzaqlaşmışdır. Hadisədən təxminən iki həftə sonra polis əməkdaşları tərəfindən tutulan zaman ona məlum olmuşdur ki, Polad onlardan şikayət etmişdir. Hadisənin şahidləri olmamışdır, belə ki, mübahisə etdikləri yerdə onlardan başqa şəxs olmamışdır. Hadisə təxminən 3-4 dəqiqə ərzində baş vermişdir. Hadisə zamanı Murad onlarla söhbət etmiş və daha sonra Poladla o, mübahisə edən zaman Elşadla birlikdə onları aralamışdır. Təqsirləndirilən şəxs ifadəsində daha sonra əməlindən səmimi peşman olduğunu, Zərərçəkmiş şəxs ilə barışdığını, özünün tələbə olduğunu nəzərə almağı məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin qanuni nümayəndəsi X5 baş vermiş hadisədən sonra oğlu Rüfətin zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını, həyat yoldaşı vəfat etdiyindən oğlunu tək böyütdüyünü, oğlu Rüfətin bundan sonrakı hərəkətlərinə ciddi nəzarət edəcəyini və bir daha belə əmələ yol verməyəcəyini göstərmiş, həmin halları nəzərə almağı məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 26 dekabr 2022-ci il tarixdə 16:30-da təhsil aldığı ADNSU-dan çıxmış, yanında kurs yoldaşları Murad və Uspat da olmuşdur. Onlar “28 May” metrostansiyası yaxınlığında söhbət etmişlər. Dostları ilə söhbət edən zaman o, zarafatca onlara “xiyar” demiş, həmin vaxt kənardan tanımadığı və üzdən birinci dəfə gördüyü şəxs ona “ikinci dəfədi xəbərdarlıq edirəm sənə, niyə söyüşlə danışırsan, görmürsən, telefonla danışıram” demiş, o da adını sonradan bildiyi Rüfət adlı şəxsi tanımadığını, söyüş söymədiyini bildirmişdir. Rüfət ondan valideynlərinin yanında xiyar sözünü desə, xoşuna gələcəyini soruşmuş, o da Rüfətə “qələt eləyərsən” demişdir. Bundan sonra aralarında sözlü mübahisə baş vermiş, dostları onları sakitləşdirmiş, bu zaman Rüfət söhbəti davam etdirmək üçün “neytral yerə”, yəni “Koroğlu” metrostansiyası tərəfə gedib söhbət etmələrini bildirmiş, o da razılaşmışdır. Usbat onlarla birlikdə gəlməmiş, sağollaşaraq çıxıb yaşadığı evə getmişdir. O, dostu Murad və Rüfətlə birlikdə “28 May” metrostansiyasına düşüb, “Koroğlu” metrostansiyasına getmiş, yolda Murad ona Rüfətin kimisə çağırdığını bildirmişdir. Onlar təxminən saat 18 radələrində “Koroğlu” metrostansıyasından çıxmışlar, çıxıb bir az irəli hərəkət etdikdən sonra, bir nəfər tanımadığı şəxs ilk əvvəl Rüfətlə, daha sonra isə onlarla görüşmüş, həmin şəxs adını sonradan bildiyi Rüfətin dostu olan Elşad olmuşdur. Onlar “Koroğlu” metrostansiyasının arxa tərəfinə adam olmayan yerə keçmişlər, bu zaman Rüfət kənarda çantasını və əynində olan gödəkçəni soyunub yerə qoymuşdur. Həmin vaxt Elşad onunla və Muradla söhbət edərək niyə söyüş söydüyünü bildirib ona irad tutmuşdur. O da Elşada kim olduğunu, işə qarışmamağını bildirmiş, bu zaman Elşad əli ilə onun çənəsindən itələmişdir. O, geri çəkilən vaxt Rüfət onun üstünə cumaraq güləş fəndi ilə onu yerə yıxmışdır. Bundan sonra o, ayağa durub Rüfətin üstünə getmək istədikdə Rüfət sifətindən yumruq vuraraq onu yerə yıxmış, yerdə olan zaman Rüfət onun üstünə çıxıb yumruqla sifətindən vurmağa başlamışdır. O da özünü müdafiə etmək üçün yerdə olan zaman Rüfəti ayağı ilə özündən itələmişdir. Rüfət daha sonra ayağa duraraq onu təpiklə sifətindən və bədəninin müxtəlif yerlərindən vurmağa başlamışdır. Rüfət onu vurarkən Murad və Elşad onları aralamışdır. Bundan sonra onlar oturub söhbət etmişlər, Rüfət ona əgər vaxtında üzr istəsəydi, belə olmayacağını bildirib, Elşadla birlikdə çıxıb getmişdir. Sonra onun halının pis olduğunu görən Murad taksi çağıraraq onu 3 saylı Sabunçu xəstəxanasına aparmış, özü hadisənin şokunda olduğu üçün həkimlərə yıxılaraq xəsarət aldığını bildirmişdir. Xəstəxanadan çıxıb yaşadığı evə gəldikdən sonra özünü pis hiss etdiyi üçün anasına düzünü demiş, anası Nərgiz DİN-in 102 xidmətinə zəng vuraraq onun döyülməsi barədə məlumat vermişdir. Bundan sonra yenidən 3 saylı Sabunçu xəstəxanasına müayinə üçün getdikdə düzgün məlumat vermişdir. Həmin yerə gələn polis əməkdaşları hadisəni sənədləşdirmişlər. Hadisə zamanı Rüfət onu vurarkən Elşad müdaxilə etməmiş, daha sonra Muradla birlikdə onları aralamışdır. Hadisə təxminən 5-6 dəqiqə ərzində baş vermiş, hadisənin şahidləri olmamış, onarın mübahisə etdikləri yerdə başqa şəxs olmamışdır. Zərərçəkmiş şəxs ifadəsinə əlavə olaraq göstərmişdir ki, aldığı xəsarətləri ona Rüfət yetirmişdir, Elşad isə onun çənəsindən vurmamış, çənəsindən əli ilə itələmişdir, həmin nahiyədən heç bir xəsarət almamışdır. Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 26 dekabr 2022-ci il tarixdə təxminən saat 16 radələrində Nərimanov rayonu, Ziya Bünyadov prospektində yerləşən kirayədə yaşadığı evdə olan zaman istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəyə Rüfət öz istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin vhatsapp proqramı vasitəsilə zəng edərək kiminləsə mübahisə etdiyini bildirmiş və tez bir şəkildə “Koroğlu” metrostansiyasmın “Piramida” adlanan tərəfinə gəlməsini demişdir. O da razılaşıb tez bir zamanda yaşadığı evdən çıxıb Rüfətin bildirdiyi yerə gedərək onları gözləmişdir. O, “Koroğlu” metrostansiyası yaxınlığına çatanda Rüfətin və yanında olan tanımadığı iki nəfərin ona tərəf gəldiklərini görmüşdür, onlarla görüşüb nə baş verdiyini soruşmuşdur. Rüfətin yanında gələn şəxsləri ilk dəfə orada görmüşdür. Onlar söhbət etmək üçün metrostansiyanın arxa tərəfinə getmişlər, yol boyu Polad adlı şəxs və Rüfət nə səbəbə mübahisə etdiklərini ona bildirmişlər, o da Polada səhv olduğunu deyib niyə küçədə söyüşlə danışdığını irad bildirmişdir. Həmçinin Rüfət də Poladı söydüyünə görə Rüfətin ondan üzr istəməsini bildirmişdir. Söhbət zamanı Rüfət əynindəki gödəkçəni və çantasını kənara qoymuşdur, o, Murad və Polad ilə söhbət edən zaman Polad onun kim olduğunu və ümumiyyətlə niyə bu işə qarışdığını təhqirlə bildirmişdir. Buna görə o, əli ilə Poladın boğaz nahiyəsindən itələmişdir. Bundan sonra Rüfət Poladın üstünə cummuş, ona güləş fəndi edərək yerə yıxmış, daha sonra onlar yerdə dalaşmağa başlamışlar. Polad ayağa durmaq istəsə də, Rüfət imkan verməyərək onu yerə yıxmış, yerdə ona təpik və yumruq vurmağa başlamışdır. Bundan sonra onunla Murad həmin şəxsləri aralamışlar. Daha sonra onlar oturub sakit formada söhbətləşmişlər, Polad söyüş söyməyin səhv olduğunu başa düşüb Rüfətdən üzr istəmiş, bundan sonra onlarla mehribancasına sağollaşıb aralanmışlar. Hadisə vaxtı o, Poladı vurub xəsarət yetirməmiş, sadəcə olaraq Polad onu təhqir etdiyi üçün boğazından itələyib özündən aralamışdır. Bundan sonra isə Rüfət Poladı güləş fəndi ilə yerə yıxıb yerdə təpik və yumruqla döymüşdür. Hadisə təxminən 3-4 dəqiqə ərzində baş vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 26 dekabr 2022-ci il tarixdə saat 16:30-da təhsil aldığı ADNSU-dan çıxmış, yanında kurs yoldaşları Polad və Uspat adlı dostları da olmuş, onlar “28 May” metrostansiyası yaxınlığında söhbət edən zaman zarafatca Polad “xiyar” demiş, həmin vaxt kənardan tanımadıqları və üzdən birinci dəfə gördükləri şəxs Polada “ikinci dəfədi xəbərdarlıq edirəm sənə, niyə söyüşlə danışırsan, görmürsən, telefonla danışıram” demişdir. Onlar da adını sonradan bildikləri Rüfət adlı şəxsi tanımadıqlarını və söyüş söymədiklərini bildirmişlər. Rüfət Polada “valideynlərinin yanında xiyar sözünü desəm, xoşuva gələr” demiş, Polad da Rüfətə “qələt eləyərsən” demişdir. Bundan sonra Poladla Rüfət arasında sözlü mübahisə baş vermiş, o və Usbat onları sakitləşdirib bir səhv olduğunu desələr də, Polad və Rüfət hər ikisi sakitləşməmişlər. Bu zaman Rüfət söhbəti davam etdirmək üçün “neytral yerə”, yəni “Koroğlu” metrostansiyası tərəfə gedib söhbət etmələrini bildirmiş, Polad da razılaşmışdır. O, Usbata çıxıb getməsini bildirmiş, Usbat sağollaşaraq çıxıb yaşadığı evə getmişdir. O, dostu Polad və Rüfətlə birlikdə “28 May” metrostansiyasına düşüb, “Koroğlu” metrostansiyasına getmişlər. Yolda o, Polada Rüfətin kimisə zəng edib çağırdığını bildirmişdir. Təxminən saat 18 radələrində “Koroğlu” metrostansiyasından çıxıb bir az irəli hərəkət etdikdən sonra, bir nəfər tanımadığı şəxs ilk əvvəl Rüfətlə, daha sonra isə onlarla görüşmüşdürr. Həmin şəxs adını sonradan bildiyi Rüfətin dostu olan Elşad olmuşdur. Həmin şəxs onlara özünü Eliş kimi təqdim etmişdir. Onlar “Koroğlu” metrostansiyasının arxa tərəfinə, adam olmayan yerə keçmişlər, bu zaman Rüfət kənarda çantasını və əynində olan gödəkçəni soyunub yerə qoymuşdr. Həmin vaxt Elşad Poladla və onunla söhbət edərək, Polada niyə söyüş söydüyünü bildirib ona irad tutmuşdur. O, söhbəti uzatmamaq üçün onlardan və söyüşü eşidən şəxsdən üzr istəmiş, bu zaman Polad Elşada kim olduğunu, söhbətə qarışmamağını bildirmişdir. Elşad anidən Poladın çənəsindən vurmuş, Polad geri çəkilmiş, anidən Rüfət Poladın üstünə cumaraq güləş fəndi ilə yer yıxmışdır. Polad ayağa durmaq istədikdə Rüfət onun sifətindən yumruq vuraraq onu yerə yıxmış, yerdə olan zaman Rüfət Poladın üstünə çıxıb yumruqla sifətindən vurmağa başlamışdır. Polad da özünü müdafiə etmək üçün yerdə olan zaman onu ayağı ilə özündən itələmiş, Rüfət daha sonra ayağa duraraq Poladı təpiklə sifətindən və bədəninin müxtəlif yerlərindən vurmağa başlamışdır. Bundan sonra o və Elşad onları aralamışlar. Rüfət Polada “sənə lazım idi bu, orada üzr istəyərdin, söhbət bağlanardı” demişdir. Bundan sonra o, Poladla metroya düşmüşdür, Polad metroda olarkən çiyninin qırıldığını demiş, o da buna görə Poladı yaxınlıqda yerləşən Sabunçu şəhər xəstəxanasına aparmışdır. Orada Polad həkimlərə yıxılıb xəsarət aldığını demiş, qorxduğundan dava edib döyüldüyünü bildirməmişdir. Bundan sonra baş verənlərdən xəbəri olmamış, daha sonra ona məlum olmuşdur ki, Polad döyüldüyü ilə bağlı polisə şikayət etmişdir. Hadisə təxminən 5-6 dəqiqə ərzində baş vermiş, hadisənin şahidləri, yəni mübahisə etdikləri yerdə onlardan başqa şəxs olmamışdır. Yaranmış zərurətlə əlaqədar Şahid3 məhkəmə iclasında təkrar dindirilməsi zamanı o, ifadə verərkən hadisə zamanı Elşadın Poladın çənəsindən vurduğunu bildirsə də, bu barədə fikrini düzgün ifadə etməmişdir, əslində Elşad həmin vaxt Poladın çənəsindən vurmamış, əli ilə onu həmin nahiyədən itələmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, 26 dekabr 2022-ci il tarixdə saat 16:30-da təhsil aldığı ADNSU-dan çıxmış, yanında kurs yoldaşları Polad və Murad adlı dostları da olmuşdur. Onlar “28 May” metrostansiyası yaxınlığında söhbət etmişlər. Söhbətləri zamanı Polad zarafatca ona “xiyar” demişdir. Həmin vaxt kənardan tanımadığı və üzdən birinci dəfə gördüyü şəxs Polada “ikinci dəfədi xəbərdarlıq edirəm sənə, niyə söyüşlə danışırsan, görmürsən, telefonla danışıram” demişdir. Onlar adını sonradan bildikləri Rüfət adlı şəxsi tanımadıqlarını və söyüş söymədiklərini, sadəcə Poladın “xiyar” sözünü dediyini bildirmişlər. Rüfət Polada “valideynlərinin yanında xiyar sözünü desəm, xoşuva gələr” demişdir. Polad da Rüfətə “qələt eləyərsən” demişdir. Bundan sonra Poladla Rüfət arasında sözlü mübahisə baş vermişdir. X6 və Rüfəti sakitləşdirib bir səhv olduğunu desələr də, onlar sakitləşməmişlər. Bu zaman Rüfət söhbəti davam etdirmək üçün “Koroğlu” metrostansiyası tərəfə gedib söhbət etmələrini demişdir. Polad da Rüfətlə razılaşmışdır. Murad ona çıxıb getməsini dediyi üçün o, Polad və Muradla sağollaşıb piyada yaşadığı evə getmişdir. Səhəri gün ona məlum olmuşdur ki, Rüfət Poladla “Koroğlu” metrostansiyası yaxınlığında dalaşmış, Poladı vurub ona xəsarət yetirmişdir. Lakin özü hadisənin şahidi olmamışdır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 13 fevral 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X3” publik hüquqi şəxsin canlı şəxsin məhkəmə-tibbi ekspertizasına dair 04 yanvar 2023-cü il tarixli 1207 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs sağ göz yuvasının daralması ilə müşayiət olunan sağ orbitanın aşağı divarında yerdəyişmə ilə sınıq və sağ gözətrafı nahiyyənin hematoması, sağ körpücük sümüyünün orta 1/3-nin qapalı sınığı olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2022-ci il tarixdə alınmaları mümkündür və dərəcələrinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Xəsarətlərin lokalizasiyasına və xüsusiyyətlərinə əsasən demək olar ki, həmin xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirilməsi, eləcə də yıxılma nəticəsində alınmaları inkar olunur. (i.v. 14- 16) - 05 yanvar 2023-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, təhqiqatçı tərəfindən Zərərçəkmiş şəxs və hal şahidlərinin iştirakları ilə hadisə yerinə baxış keçirilmişdir. (i.v. 18-20) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X3” publik hüquqi şəxsin canlı şəxsin əlavə məhkəmə-tibbi ekspertizasına dair 07 mart 2023cü il tarixli 07/1207 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs sağ göz yuvasının daralması ilə müşayiət olunan sağ orbitanın aşağı divarında yerdəyişmə ilə sınıq və sağ gözətrafı nahiyyənin hematoması, sağ körpücük sümüyünün orta 1/3-nin qapalı sınığı olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2022-ci il tarixdə alınmaları mümkündür, dərəcəsinə görə sağ göz yuvasının daralması ilə müşayiət olunan sağ orbitanm aşağı divarının yerdəyişmə ilə sınığı ilə nəticələnən sağ gözətrafı nahiyyənin hematoması sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir; həmçinin sağ körpücük sümüyünün orta 1/3-nin qapalı sınığı sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. (i.v. 207- 209) - 04 aprel 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsindən həmin Məcəllənin 127.2.3cü maddəsinə tövsif edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, ona həmin maddə ilə yenidən ittiham elan edilmiş, onun barəsində Azərbaycan Respublikası CM-nin 221-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, Şahid1 barəsində Azərbaycan Respublikası CM-nin 127 və 221-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, Zərərçəkmiş şəxs Şahid1 ilə barışdıqları nəzərə alınaraq, Şahid1 barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati icraat açılması rədd edilmişdir. (i.v. 211-219) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 23 mart 2004-cü il tarixli 1 nömrəli Qərarının 5-ci bəndinə əsasən məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adamöldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyətilə qəsdən adamöldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2 yaxud 126.2.4 və ya 127.2.3-cü maddələri ilə tövsüf edilməlidir. Məhkəmə, dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi, onun qanuni nümayəndəsini, müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edib, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 127.2.3-cü maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsinə əsasən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma - ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 27 yanvar 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat yoxdur. (i.v. 39) - 04 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəx qismində tutulmuşdur. (i.v. 117) - 06 mart 2023-cü il tarixli qərarlardan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqi tərəfindən Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və o, saxlanıldığı Nizami RPİ-nin MSY-dən azad edilmişdir. (i.v. 189-190, 193-194) “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cinayəti yetkinlik yaşına çatmadığı dövrdə törətdiyini, hazırda da yetkinlik yaşına çatmadığını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin müvafiq olaraq 59.1.2 və 59.1.12-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən 25 iyun 2003-cü il tarixli Qərarında həmçinin göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” 30 iyun 2008-ci il tarixli Qərarının 11-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən Azərbaycan Respublikası CM-in 58-ci maddəsində qeyd olunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin Azərbaycan Respublikası CM-in 86-cı maddəsində nəzərdə tutulan şərtlər (yetkinlik yaşına çatmamış şəxsin həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) də nəzərə alınmalıdır. İlk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən, məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Məhkəmə yalnız yetkinlik yaşına çatmayan şəxsin törətdiyi cinayətin ağırlığı baxımından onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkün olmadığı hallarda, qəbul olunmuş qərarı hökmdə mütləq əsaslandırmaqla ona azadlıqdan məhrum etmə növündə cəza təyin olunması haqqında qərar qəbul etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət əməli törətməsini, cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halın isə olmamasını, habelə cinayətin törədilməsindən sonra hal-hazıradək ötən müddətdəki və məhkəmə iclasındakı davranışını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, o cümlədən yenidən tərbiyə olunması məqsədinə xidmət edəcəyi ehtimalına görə və cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkün olması qənaətinə gələrək, hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmamaqla barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, bu zaman azadlığın məhdudlaşdırılmasının yetkinlik yaşına çatmayanlara iki aydan iki ilədək müddətə təyin edilməsi ilə bağlı CM-nin 85.4-1-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddətlər həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırkı işlə bağlı 04 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 06 mart 2023-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməklə tutmadan azad edilmişdir. Ona görə məhkəmə hesab edir ki, həmin 02 gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin olunacaq cəzanın müddətindən çıxılaraq, təqsirləndirilən şəxsin üzərində qəti müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-3.1 və 51-2.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzasını yaşayış yeri üzrə çəkməli və cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin edilməli olan cəza nəzərə alınmaqla, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, zərərçəkmiş şəxs tərəfindən məhkəməyədək icraat və məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə qarşı mülki iddia verməmişdir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində hər hansı əşya və ya predmet tanınmamışdır; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza iş üzrə keçirilməmişdir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından, vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla əmək haqqı müvafiq hesablaşma hesabı üzərindən dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə 04 mart 2023-cü il tarixdən 06 mart 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılıb, üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 22:00dan növbəti gün saat 07:00-dək yaşayış yerini, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı dövründə 40 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi 240 manat əmək haqqı müvafiq hesablaşma hesabı üzərindən Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar