Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-338/2025 29.04.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs, müdafiəçi- Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs - Təqsirləndirilən şəxs Mayıl qızının iştirakı ilə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs: xx.xx.1988-ci ildə Bərdə rayonunun Güloğlular kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Bərdə rayonu, Güloğlular kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair sadələşdirilmiş icraat materialına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 16 radələrində qeyri-rəsmi nikah münasibətində olduğu, Şahid2 arvadı, Zərərçəkmiş şəxs ilə birlikdə yaşadığı Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 85A nömrəli binanın 48 saylı mənzilinin qarşısına gəldikdən sonra, orada Zərərçəkmiş şəxs onun 2024-cü ildə doğulmuş övladının atası, əri Şahid2 olmamasını bildirməsi ilə əlaqədar aralarında baş vermiş mübahisə zamanı əli ilə Zərərçəkmiş şəxs sifət və bədəninin digər nahiyələrinə qəsdən bir neçə dəfə vuraraq sonuncuya sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid sol bazunun hərəkət məhdudluğu ilə müşayiət olunan hematoması və sıyrığı, alt dodağın selikli qişasına qansızma ilə müşayiət olunan əzilmiş yarası, sağ bazunun qançırı, alnın, qaşarası nahiyənin, sağ yanağın, burnun, çənənin, sol qulaqönü nahiyənin, boynun, döş sümüyü proyeksiyasının, sol saidin, sol bazunun, kürəyin sıyrıqları ilə müşayiət olunan xəsarətlər yetirərək qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə baxışında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində bildirmişdir ki, Şahid2 ilə təxminən 10 ilə yaxın qeyri-rəsmi münasibəti olmuşdur. 2024-cü ilin dekabr ayında Sənani ilə münasibətlərindən oğlu dünyaya gəlmişdir. Sənani ona neçə vaxtdır demişdir ki, “gəl anamdan üzr istə və uşağı ona göstər”. Sənani mart ayının 4-ü ona zəng vuraraq uşağı götürüb onun evinə getməyini demişdir. Həmin gün uşağı götürüb Sənaninin evinə getmiş, qapını döymüş, Sənaninin həyat yoldaşı Cəmilə qapını açmışdır. Bu onun üçün qurulmuş bir qurğu idi. Sənaninin anası Rəfiqə də orada olmuşdur. Cəmilə onun uşağını yerə çırpmış və o da müdafiə üçün əli və qolu ilə onları itələmişdir. O, Cəmilənin orada yaşadığını bilməmişdir. 4 nəfər birdən onun üstünə düşmüşlər. O, hər şeyi uşağını qorumaq üçün etmişdir. Əvvəllər Sənaninin evli olduğunu bilməmiş, bunu öyrənəndən sonra Türkiyəyə köçmüş və orada yaşamağa başlamışdır. Sonra Türkiyədə yaşaya bilməyib ölkəyə qayıtmışdır. Qayıdandan sonra Sənani onun yanına gələrək əmin etmişdir ki, Cəmilə ilə boşanmışdır. Oraya gedəndə Cəmilənin həmin evdə yaşadığını və evdə olduğunu bilməmişdir. Sənani uşağın onun olduğunu etiraf etmişdir. Həmin gün uşağın burnu da cızılmışdır. Qapını Cəmilə açanda o şoka düşmüşdür. Qapını açan kimi Cəmilə ona hücum çəkmişdir. O, Sənani ilə illərlə ailə kimi yaşamış, bütün gün onunla olmuşdur. Sənani ona boşandığı qadından qızının olduğunu demişdir. O, həmin mənzilə Sənaninin anasının nəvəsini görməsi üçün getmişdir. Körpəsini məhkəmələrdə böyütmək, onlarla üzüzə gəlmək istəmir. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan ifadəsi elan edilməklə tədqiq edilmişdir. Məhkəmə baxışında ifadəsi elan edilmiş cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, Şahid2 ilə təxminən 10 ilə yaxın qeyri-rəsmi münasibəti olmuşdur. Sənaninin onunla münasibətdə olduğu zamanda evli olduğunu bilmişdir. Həmin vaxtdan son 1 ay müddətə qədər münasibətləri hər zaman normal olmuşdur. 2024-cü ilin dekabr ayında Sənani ilə münasibətlərindən oğlu dünyaya gəlmişdir. Oğlu dünyaya gəldikdən sonra, o, Sənaninin ailəsi ilə əlaqə saxlayaraq oğlunun Sənani ilə münasibətindən dünyaya gəldiyini bildirmişdir. Bundan sonra, ailəsinin təzyiqi ilə Sənani onunla münasibətini bitirməyə çalışmışdır və bu səbəblə Sənani ilə və həyat yoldaşı,Zərərçəkmiş şəxs ilə sözlü mübahisələri yaranmışdır. Sənani həmin vaxtdan sonra, bir neçə dəfə uşağın münasibətdən dünyaya gəlmədiyini bildirmişdir. xx.xx.2025-ci il tarixdə, saat 14 radələrində Sənani ilə telefonla mesajlaşarkən yenidən uşağın münasibətlərindən dünyaya gəlmədiyini bildirmişdir. O, bundan sonra əsəbiləşərək saat 16 radələrində xx.xx.2024-cü il təvəllüdlü X1 ilə onun yaşadığı Nizami rayonu, Babək prospekti 85A ünvanına aralarındakı məsələni aydınlaşdırmaq məqsədilə getmişdir. O, həmin ünvana çatıb qapılarını döymüş və həyat yoldaşı, Zərərçəkmiş şəxs qapını açmışdır. Qapının qarşısında olan zaman Sənaninin həyat yoldaşı Zərərçəkmiş şəxs niyə oraya gəldiyini, Sənaniyə böhtan atdığını, uşağının Sənani ilə münasibətdən dünyaya gəlmədiyini bildirmişdir. Həmin vaxt Cəmilə ilə arasında mübahisə yaranmışdır. Mübahisə zamanı Cəmilə üzərinə hücum etmək istəyən zaman o, əsəbiləşərək əlləri ilə Cəmilənin baş nahiyəsindən, sinəsindən və qollarından vuraraq özündən kənarlaşdırmağa çalışmışdır. Hadisə nəticəsində xəsarət almadığı üçün MTE-də müayinə olunmaqdan imtina etmiş, hadisə xx.xx.2025-ci il tarixdə, saat 16 radələrində Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 85A ünvanında baş vermiş, 4-5 dəqiqə müddətinə davam etmiş, həmin vaxt mənzildə Sənaninin anası Xammədova Rəfiqə və Zərərçəkmiş şəxs olmuşdur. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri aşağıdakılarla təsdiq olunur. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, əri Şahid2 ilə 16 ilə yaxın müddətdir ki, ailə həyatı qurmuşdur. Təqsirləndirilən şəxs təxminən 10 il müddətdir ki, əri ilə qeyri-rəsmi münasibəti olduğunu və əri ilə münasibətindən uşağı olduğunu iddia etdiyi üçün tanıyır. Bir dəfə poliklinikada ona yaxınlaşaraq onun həyat yoldaşından hamilə olduğunu bildirmişdir. O da Ləmana 15 ildir evli olduğunu, evindən çıxmayacağını, ondan əl çəkməsini bildirmişdir. Poliklinikada olanda görmüşdür ki, Ləman üşüyür, çıxardıb kurtkasını vermişdir. Ləman Sənanin acığına uşağı dünyaya gətirəcəyini bildirmişdir. Sonra ailəsində Ləmanın hamiləliyi ilə bağlı sözsöhbətləri olduğu üçün 1-2 ay anasının evində yaşamışdır. Sonra isə evinə qayıtmışdır. Ləman onun xəstə olduğunu bildirir, bu barədə mesajlar var. Ona görə də sağlamlığı ilə bağlı sənəd təqdim edir. Onun 15 yaşında qız uşağı var. Ləman çantasında bibər qazı gəzdirir. Dəfələrlə həyat yoldaşının gözünə bibər qazı sıxıb, avtomobilini cızmışdır. Hadisə olan gün yenə Sənaniyə zəng edib, Sənani də deyib ki, uşağın ondan olduğunu müəyyən etmək üçün getsin test versin. Dəfələrlə polisə müraciət etmişlər, ərizələr yazmışlar. Ləman ona deyir ki, “ bu evdən çıxmalısan, oğul anasıyam, mən bu evdə oturmalıyam”. Onu, qardaşını, anasını, atasını təhqir edir. xx.xx.2025-ci il tarixdə saat 16 radələrində yaşadığı ünvanda olan zaman Təqsirləndirilən şəxs mənzilə gəlmişdir. O, qapını açdıqdan sonra, Ləman yenidən eyni iddialarla ərindən uşağının olduğunu, onların yaşadığı ünvanda özünün yaşamalı olduğunu bildirmiş və aralarında mübahisə yaranmışdır. Həmin gün qapını açan kimi Ləman ona hücum etmiş, bu zaman uşağı əlindən yerə düşmüşdür. Ləmanın uşağı qəsdən yerə atdığını düşünmür, əlindən düşmüşdür. Bu zaman onun fikri uşaqda qalmış, aşağı uşağa tərəf əyiləndə Ləman ona hücum edərək üz nahiyəsinə və qollarına əlləri ilə vurmuş və dırnaqları ilə cızmışdır. Daha sonra o, 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Ləman onlardan əl çəkmir, onları təhqir edir, sosial şəbəkələrdə onlar haqqında danışır, qızı məktəbə getməyə qorxur. Səs-küyə qonşular da çıxmışdır. Hadisə nəticəsində xəsarət almış, ona maddi və mənəvi ziyan dəymişdir. Təqsirləndirilən şəxs ilə barışmamışdır, ona ağır cəza verilməsini xahiş edir. Məhkəmə baxışında şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə, saat 16 radələrində yaşadığı ünvanda olan zaman oğlu Şahid2la qeyri-rəsmi münasibətdə olduğunu və oğlu ilə münasibətindən övlad dünyaya gətirdiyini iddia edən Təqsirləndirilən şəxs onların mənzilinə gələrək bir neçə dəfə qapını döymüşdür. Gəlini Zərərçəkmiş şəxs qapını açdıqdan sonra, Ləman oğlu ilə münasibətindən övladı olduğunu və bu evdə yaşamalı olduğunu bildirmişdir. Bu zaman Ləmanla gəlini arasında mübahisə yaranmışdır. Mübahisə zamanı Ləman Cəmilənin üzərinə hücum edərək üz nahiyəsinə xəsarət yetirmişdir. Aralarındakı mübahisə başa çatdıqdan sonra, Ləman mənzildən çıxıb getmişdir. Bundan sonra gəlini Cəmilə baş verənlərlə əlaqədar DİN-in 102 xidmətinə zəng vurub məlumat vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid2 istintaqda verdiyi ifadəsində bildirmişdir ki, o, “İrşad Telecom” şirkətində sürücü vəzifəsində çalışır. Həyat yoldaşı Zərərçəkmiş şəxs ilə 16 ilə yaxın müddətdir ki, ailə həyatı qurmuşdur. Həmin evlilikdən bir qızları var. Təqsirləndirilən şəxs ilə təxminən 10 il müddətdir ki, qeyri-rəsmi münasibəti mövcuddur. Ləmanla münasibətdə olduğu müddətdə tez-tez görüşmüşdür. Lakin təxminən 2024-cü ilin mart ayından etibarən Ləman onunla münasibətindən övlad dünyaya gətirəcəyini bildirmiş, o isə həmin uşağın onunla münasibətindən olub-olmadığını bilmədiyini demişdir. Bundan sonra onların münasibətləri korlanmışdır. Həmin vaxtdan sonra, Ləmanla aralarında bir neçə dəfə mübahisələr yaranmışdır. Ləman dəfələrlə “Tik- Tok” və başqa sosial şəbəkələrdə onun və ailə üzvlərinin ünvanına nalayiq ifadələr yazaraq təhqir etmişdir. xx.xx.2025-ci il tarixdə saat 15 radələrində yaşadığı ünvandan çıxaraq işə getmişdir. Lakin bir neçə dəqiqə sonra, həyat yoldaşı Zərərçəkmiş şəxs ona zəng edərək Təqsirləndirilən şəxs mənzilə gəldiyini, mübahisə etdiyini bildirmişdir. O, həmin vaxt dərhal yaşadığı ünvana qayıtsa da Ləman artıq mənzildən çıxıb getmişdir. Bu zaman o, Cəmilənin üz və boyun nahiyəsindən xəsarət aldığını görmüş və bu barədə polisə müraciət etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 tərəfindən verilmiş canlı şəxsin ekspertizasının xx.xx.2025-ci il tarixli, 238 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs sol bazunun hərəkət məhdudluğu ilə müşayiət olunan hematoması və sıyrığı, alt dodağın selikli qişasına qansızma ilə müşayiət olunan əzilmiş yarası, sağ bazunun qançırı, alnın, qaşarası nahiyənin, sağ yanağın, burnun, çənənin, sol qulaqönü nahiyənin, boynun, döş sümüyü proyeksiyasının, sol saidin, sol bazunun, kürəyin sıyrıqları olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın(əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2025-ci il tarixdə alınmaları mümkündür və dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Xəsarətlərin lokalizasiyasına və xüsusiyyətlərinə əsasən demək olar ki, həmin xəsarətlərin özü tərəfindən özünə yetirilməsi, eləcə də yıxılma nəticəsində alınmaları inkar olunur. - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tərtib etdiyi xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat yoxdur. - elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2009-cu il təvəllüdlü və xx.xx.2024-cü il təvəllüdlü iki övladı vardır. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir. Onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs özünü müdafiə edərkən zərərçəkmiş şəxsə xəsarət yetirilməsinə dair ifadəsində bildirdiyi xüsusatlar tədqiq edilmiş sübutlarla təkzib edilmişdir. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığı üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsini, himayəsində iki yetkinlik yaşına çatmayan övladının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən ağırlaşdıran hal müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının 2-ci bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmamaqla barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Buna görə də, məhkəmə ona əməlinin tövsif olunduğu maddənin sanksiyası hüdudlarında cərimə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. İş üzrə mülki iddia, maddi sübut yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iştirak etdiyi müddət 30 iş müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 180 (bir yüz səksən) manat (30x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, barəsində 1000 (bir min ) manat miqdarında cərimə cəzası təyin edilsin. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Probasiya İdarəsinə tapşırılsın. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs 30 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 180 (bir yüz səksən) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №1(007)-338/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-338/2025
29.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver