Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-34/2024 29.02.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X3 iştirakları ilə, Təqsirləndirilən şəxs: xx xxxx 1961-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatında olan, ünvan 2 ünvanında yaşayan və Bakı şəhəri Sabunçu RM-nin xx.xx.2024cü il tarixli hökmünə əsasən azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və halhazırda cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 15 fevral 2023-cü il tarixdə ünvan 4 ünvanında yerləşən “Amel” parfumeriya mağazasında törətmiş olduğu oğurluq cinayəti ilə bağlı 05 may 2023-cü il tarixdə məhkəmə məsuliyyətinə verilməsinə baxmayaraq təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 23 iyul 2023-cü il tarixdə saat 11 radələrində "xxxx" QSC-nin “Koroğlu” stansiyasının keçidində. Bakı şəhəri, Nizami rayonu. Heydər Əliyev prospekti, 186 ünvanında yerləşən “Ali və Nino” kitab mağazasına daxil olub, orada bir qədər gəzişdikdən sonra müştərilərin və mağazanın işçilərinin başının qarışmasından istifadə edərək, kassanın yanında masanın üstündə olan Zərərçəkmiş şəxs məxsus, üzərində hər birinin dəyəri 10 (on) manat olan, cəmi 20 (iyirmi) manat dəyərində «Azercell» şəbəkəsində istifadə edilən ***-***-**-** və 050- ***-**-** nömrəli mobil nömrələri, 10 (on) manat dəyərində qoruyucu örtük və 10 (on) manat dəyərində ekran qoruyucusu olan 1000 (bir min) manat dəyərində “Samsung” markalı “A53” modelli mobil telefonu gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 1040 (bir min qırx) manat dəyərində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 23 iyul 2023-cü il tarixdə saat 10:30 radələrində "xxxx" QSC-nin “Koroğlu” metrostansiyasına gəlmiş, “Ali və Nino” mağazasına daxil olmuş, mağazada bir neçə kitaba baxmış, sonra mağazada olan kassanın yanına gəlmiş, həmin vaxt kassanın yanında olan mobil telefon diqqətini cəlb etmiş, həmin vaxt telefonu oğurlamaq qərarına gəlmişdir. Mağazada olan satıcının digər müştərilərlə başının qarışıq olduğunu görüb həmin telefonu kassanın yanında olan masanın üzərindən oğurlamış və əynində olan qara rəngli şalvarın cibinə qoyaraq mağazanı tərk etmişdir. Daha sonra metronun “Koroğlu” stansiyasına daxil olmuşdur. O, metrostansiyasına daxil olan zaman xidmət aparan polis əməkdaşı ona yaxınlaşaraq özünü təqdim edərək ondan özünü təqdim etməyi tələb etmişdir. O polis əməkdaşına özünü təqdim etdikdən sonra, polis əməkdaşı onun məlumatlarını əlində olan portal sisteminə daxil etmiş, onun probasiya xidmətindən yayındığını və axtarışda olduğunu bildirərək onu stansiyanın polis otağına dəvət etmişdir. Polis otağında olan zaman adını sonradan bildiyi və “Ali və Nino” mağazasında gördüyü Zərərçəkmiş şəxs polis otağına daxil olaraq polis əməkdaşlarına mağazadan “Samsung” markalı mobil telefonunun oğurlandığı barədə məlumat vermişdir. Polis əməkdaşları ondan istifadəsində olan mobil nömrəni soruşub zəng etmiş və o, mobil telefonu cibindən çıxararaq təqdim etmişdir. Həmçinin ittiham olunduğu digər oğurluq epizodu üzrə törətdiyi əməl üzrə sabunçu rayon məhkəməsinin icraatında cinayət işinin olmasını qeyd edərək əməlindən peşmançılıq çəkməsini nəzərə alaraq yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək ona dəymiş zərərin ödənildiyini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Belə ki, iş materiallarında olan Diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, 23 iyul 2023-cü il tarixdə bir nəfər şəxs Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 186 ünvanında yerləşən “Ali və Nino” kitab mağazasında gəzərək satışda olan əşyalara baxması, müştərilərin ona tərəf baxmadığını dəqiqləşdirdikdən sonra kassanın arxasına qoyulmuş mobil telefonu gizli olaraq ələ keçirməsi müşahidə olunmuşdur. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin və şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu əməl Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə düzgün tövsif edilməmişdir. Belə ki məhkəmə əməlin tövsifi məsələsində qeyd edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsindən 177.1-ci maddəsinə tövsif edilməlidir. Belə ki, təqsirləndirilən şəxs tərəfindən Sabunçu rayonu, ünvan 7 ünvanında yerləşən “Amel” parfumeriya mağazasından edilmiş oğurluq əməlinə artıq Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə qiymət verilmişdir. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməl CM-nin 177.2.2-ci maddəsindən 177.1-ci maddəsinə tövsif edilməlidir. Belə ki, heç kəs eyni bir cinayətə görə iki dəfə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də, Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini nəzərə alır. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri nəzərə almışdır. Qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs hazırkı iş üzrə CM-nin 177.1-ci maddəsi ilə nəzərdə tutulan əməli xx.xx.2023-cü il tarixdə törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs hazırkı cinayəti əvvəlki hökm olan Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü çıxarılmazdan əvvəl törətdiyindən CM-nin 66.5-ci maddəsi nəzərə alınmaqla cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. İş materiallarında olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinib, 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu il tarixdə cəzanın sonu ilə azad edilmişdir. CM-nin 18.4.3-cü maddəsinə əsasən ödənilmiş və götürülmüş məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. İş üzrə müəyyən edilir ki, zərərçəkmiş şəxsə dəymiş ziyan ödənilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayəti səmimi etiraf edib peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. İş üzrə təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir, Beləliklə, 02 gün müddətinə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, 01 ədəd “Samsung” markalı, “A53” modelli mobil telefonun Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təyin olunmuş 06 ay 05 gün müddətinə azadlıqdan məhrumetmə cəzası, hazırkı hökmlə təyin olunan cəza ilə qismən toplamaq yolu ilə ona 08 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə müəyyən edilmiş 02 gün müddət və hazırkı cinayət işi üzrə şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət, ümumilikdə 04 gün müddət ona təyin olunmuş cəzadan çıxılsın və qəti olaraq Təqsirləndirilən şəxs 07 ay 26 gün (yeddi ay iyirmi altı gün) müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə müəyyən edilmiş vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmüə əsasən azadlıqdan məhrumetmə cəzasına məhkum edilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılması nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 50 manat (əlli manat) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Samsung” markalı, “A53” modelli mobil telefonun Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş 10 saat hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 300 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №1(007)-34/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-34/2024
29.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver