Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-34/2025 10.02.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs – xx.xx.1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 2 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, həmin cəzanın 1 il 8 ay 14 gün hissəsi çəkilməmiş qalmış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, xx.xx.2024-cü ildə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq xeyli miqdarda 0,437 qram psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 25 yanvar 2024-cü il tarixdə, saat 21:10 radələrində Bakı şəhəri, Nizami RPİ-nin 23-cü PB-nin əməkdaşları tərəfindən ünvan 2 ünvanının yaxınlığında şübhəli şəxs qismində saxlanaraq Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 118 ünvanında yerləşən Nizami RPİ-nin 23-cü Polis Bölməsinə gətirilmiş, orada üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan şalvarın sol yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,437 qram olan ağ rəngli, kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə baxışında özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş ittihamla təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə tanışı Emin onu Keşlə qəsəbəsində yerləşən evinə çağırmışdır. O, Eminin evinə gedəndə Emin həyətdə ona kibrit qutusu vermiş, nə olduğunu soruşduqda “get kef elə” deyib tələsik onu həyətdən küçəyə çıxarmışdır. O, Eminin evinin darvazasından küçəyə çıxan kimi həmin kibrit qutusunu içərisinə baxmadan tullamışdır. Həmin vaxt polis əməkdaşları ona yaxınlaşmışlar və qutunu yerdən götürmüşlər. Sonra onu 23-cü Polis Bölməsinə aparmışlar. Polis Bölməsində polislər ona təzyiq edərək demişlər ki, “üzərində psixotrop maddə olmasını boynuna al, yoxsa səni külli miqdar narkotik saxlamaqla rəsmiləşdirəcəyik”. Eminə verdiyi kibrit qutusuna görə hər hansı bir ödəniş etməmişdir. O, Emin barədə polislərə heç nə deməmişdir. Saxlanılan vaxt onun üzərində narkotik vasitə, psixotrop maddə olmamışdır. O, metamfetamin istifadə etmir. Məhkəmədən təqsirinin olmadığını nəzərə alaraq barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Təqsirləndirilən şəxs ifadəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs istintaq zamanı ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, uzun müddətdir ki, müxtəlif növ narkotik və psixotrop maddələrdən istifadə edir. Narkotik və psixotrop maddələri tanımadığı müxtəlif şəxslərdən alır. Sonuncu dəfə 25 yanvar 2024-cü il tarixdə axşam saatlarında Bakı şəhərinin “Papanin” adlı ərazisində tanımadığı bir şəxsdən istifadə etmək məqsədi ilə 10 manata bir büküm “Şüşə", yəni psixotrop maddə metamfetamin almış və onu daha sonra istifadə etmək məqsədi ilə əynində olan şalvarın sol yan cibinə qoyub yola düşmüşdür. Həmin gün saat 21 radələrində ünvan 5 ünvanın yaxınlığında dayanmışdır. Bu zaman iki nəfər şəxsin ona doğru yaxınlaşdığını görmüşdür. O, onların ona qarşı olan diqqətli nəzərlərindən polis olduqlarını yəqin etmişdir. Çünki o, törətdiyi cinayətlərlə bağlı dəfələrlə polis əməkdaşları ilə ünsiyyətdə olmuş və onların bu xüsusiyyətləri ona məlumdur. Onların ona doğru yaxınlaşmalarını o, üzərində olan psixotrop maddə ilə əlaqələndirdiyindən bir qədər həyəcanlanmış və olduğu yerdə var-gəl etməyə başlamışdır. Həmin iki nəfər şəxs ona yaxınlaşıb ondan xatırlamadığı bir ünvanı soruşmuşlar, bu zaman o, həyəcan keçirmiş və onlara kəkələyərək cavab vermişdir. Bu zaman onlar ona özlərini polis əməkdaşı kimi təqdim edib xidməti vəsiqələrini göstərmişlər və onun köməyə ehtiyacı olub-olmadığını soruşmuşlar. Onlarla söhbət edən zaman onların onun davranışlarından şübhələnəcəyini güman etdiyindən dərhal əynində olan şalvarın cibində saxladığı “şüşə"ni yəni, psixotrop maddə metamfetamini cibindən yerə atmaq fikrinə düşmüşdür. Bu səbəbdən içərisində psixotrop maddə olan bükümün hansı cibində olduğunu dəqiqləşdirmək üçün əli ilə şalvarın üzərindən ciblərini yoxlamağa başlamışdır. Bu zaman polis əməkdaşları ondan cibində nə olduğunu soruşmuşdur. Onlara heç nə olmadığını deyib söhbəti dəyişməyə çalışmışdır. Onlar ondan narkotik vasitə istifadəçisi olub-olmadığını soruşduqda o, arada bir istifadə etdiyini demişdir. Bu zaman onlar ona narkotik və psixotrop maddələrin dövriyyəsində ondan şübhələndiklərini bildirib onlarla birlikdə Nizami RPİ-nin 23-cü Polis Bölməsinə getməli olduğunu demişlər. O, şübhə çəkməmək üçün onlarla razılaşmış və düşünmüşdür ki, yol boyu fürsət tapıb cibində olan bükümü tullayar və beləliklə cinayət məsuliyyətindən azad olar. Lakin düşündüyü kimi olmamış, yol boyu və bölməyə çatdıqdan sonra da polis əməkdaşlarının nəzəri onun üzərində olduğundan cibində olan bir büküm psixotrop maddəni tullaya bilməmişdir. Bölmədə onu təhqiqatçıya təhvil vermişlər. Təhqiqatçı onu öz xahişi əsasında dövlət hesabına vəkil ilə təmin etmişdir. Vəkilin iştirakı ilə ona hüquq və vəzifələri elan edilmişdir. Bir qədər sonra polis əməkdaşları və vəkilin də iştirakı ilə təhqiqatçı onun üzərinə baxış keçirmişdir. Bu baxış polis əməkdaşı tərəfindən telefon vasitəsi ilə videoqeydə alınmışdır. Baxış zamanı o, əynində olan şalvarın sol yan cibində saxladığı bir büküm “şüşə”ni, yəni psixotrop maddə metamfetamini təqdim etmişdir. Həmin büküm təhqiqatçı tərəfindən zərfə qoyulub qablaşdırılaraq götürülmüşdür. Baxış zamanı üzərini axtarsalar da üzərindən başqa qadağan edilmiş əşya aşkar edilməmişdir. Sonda bu barədə protokol tərtib edilmiş, ucadan oxunmuş, doğru olduğu üçün protokolu imzalayıb təsdiq etmişdir. Dindirmə zamanı ona verilən suallara cavab olaraq bildirmişdir ki, üzərindən aşkar edilmiş psixotrop maddəni əldə etdiyi şəxs haqqında başqa heç nə bilmir, o, həmin şəxsi birinci dəfə idi görürmüş. O, üzərindən aşkar edilmiş psixotrop maddəni şəxsi istifadəsi üçün almışdır. O, saxlanılarkən, polis bölməsinə gətirilərkən, Nizami rayon Polis İdarəsinin Müvəqqəti saxlama yerində olarkən, eləcə də araşdırmanın digər mərhələlərində ona qarşı hər-hansı fiziki, psixi, psixoloji və ya digər növ təziqlər, hədələr olmamışdır, öz sərbəst ifadəsini olduğu kimi vermişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri aşağıdakılarla da təsdiq olunur. Məhkəmə baxışında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 23-cü Polis Bölməsinin kibercinayətkarlıqla mübarizə üzrə baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ifadəsində bildirmişdir ki, 25 yanvar 2024-cü il tarixdə, saat 21:10 radələrində Nizami RPİ-nin 23-cü Polis Bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ilə birlikdə Bakı şəhəri, ünvan 6 ünvan soruşmaq üçün bir nəfər şəxsə yaxınlaşmaq istəmişlər. Həmin şəxs ona yaxınlaşdıqlarını gördükdə sanki həyəcana qapılaraq yerində mənasız hərəkətlər etməyə başlamışdır. Ona yaxınlaşıb ondan ünvan soruşduqda o, kəkələyərək cavab vermiş, bundan sonra əli ilə şalvarının üzərindən ciblərini yoxlamağa başlamışdır. Ona özlərini polis əməkdaşı kimi təqdim edib xidməti vəsiqələrini təqdim etmişlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Ondan cibində nə olduğunu soruşduqda o, başqa sözlər deyərək söhbətin mövzusunu dəyişdirmişdir. Onlar həmin şəxsi 23-cü Polis Bölməsinə gətirmişlər və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirməyə başlamışlar. Şəxsi axtarış zamanı təhqiqatçı Təqsirləndirilən şəxs üzərində olan qanunsuz əşya və maddələri təqdim etməsini təklif etmişdir. Bu təklifdən sonra o, əynində olan şalvarın sol yan cibindən 01 ədəd içərisindən psixotrop maddə metamfetamin olan bükümü çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 23-cü Polis Bölməsinin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2 Şahid1 ilə oxşar məzmunda ifadə vermişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli olduğuna görə tutulmuşdur. - şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan və xx.xx.2024-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Bakı şəhəri, Nizami RPİ-nin 23-cü PB-nin baş təhqiqatçısı, polis mayoru Namiq Salmanov tərəfindən həmin şöbənin əməkdaşları Şahid1, Şahid2 və 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı təhqiqatçı Namiq Salmanovun təklifi ilə o, əynində olan şalvarın sol yan cibindən 01 ədəd bükümü təqdim edərək həmin bükümdə “şüşə” adlanan psixotrop maddə metamfetamin olduğunu, həmin bükümü 10 manat qarşılığında tanımadığı şəxsdən aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd bükümdə olan psixotrop maddə metamfetaminə bənzər maddə kağız zərfə qoyularaq möhürlənmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş materialların məhkəmə ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16- 16/2-6/671 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN zərflər üçün №163" dairəvi möhür əksi olan, “Şübhəli şəxs: “imza" Təqsirləndirilən şəxs...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 (bir) ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,437 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir. - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. - vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə Nizami RPİ-nin İŞ-nin baş müstəntiqi, polis kapitanı Ayxan Təhməzlinin vəsatətinin müdafiə edilməsindən imtina edilmiş və həbsdən azad edilmişdir. - qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. - sübutların qiymətləndirilməsi barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 0,437 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış, tədqiqatdan sonrakı qalıq çəkisi 0,387 qram psixotrop maddə metamfetamin saxlanılması üçün Nizami RPİ-nin maddi sübutların saxlama yerinə təhvil verilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X2 X1-Narkoloji tibbi yoxlamanın xx.xx.2024-cü il tarixli, 1386 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına görə siyahıların təsdiq edilməsi haqqında “Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən dərman preparatı kimi beynəlxalq adı “Metamfetamin” olan maddə psixotrop maddədir, onun 0,15 qramdan artıq hissəsi xeyli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarının 4-cü və 5-ci bəndlərinə əsasən məhkəmələrə izah edilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə müəyyən olunmuşdur. Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Həmin sübutlar mötəbər və mümkün olmaqla Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir. Təqsirləndirilən şəxs saxlanılan zaman üzərində psixotrop maddə olmamasına, Emin adlı şəxsin onu çağırıb zorla kibrit qutusu verməsinə dair ifadəsində göstərdiyi xüsusatlar tədqiq edilmiş sübutlarla təkzib olunmuşdur. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığı üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(007)-104/2024 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 69.3cü maddəsinə əsasən üzərində 2 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Bakı Şəhər Probasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-104/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs xx.xx.2024cü il tarixdə Bakı Şəhər Probasiya İdarəsində qeydiyyata düşmüşdür. Cəzasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Onun xx.xx.2024-cü il tarixə cəzasının çəkilməmiş hissəsi 1 il 11 ay 26 gün təşkil edir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, qəsdin əsas obyektini əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər, əlavə obyektini isə ictimai təhlükəsizlik, dövlət idarə və müəssisələrin normal fəaliyyətini təmin edən ictimai münasibətlər, konkret insanın-fərdin sağlamlığı təşkil etməsini nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmaqla barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs icraatda olan cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilindiyi əməli Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-104/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə məhkum olunana qədər törətdiyi üçün, ona Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsində göstərilən qaydalar üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin maddədə qeyd olunan “eyni qaydalar” ifadəsi Azərbaycan Respublikası CM-nin 66.1-66.4cü maddələrində əks olunan cəzanın təyin edilməsi qaydalarını göstərir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair 22 fevral 2012ci il tarixli qərarında Plenum qərara almışdır ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 07 mart 2024-cü il tarixli, 1(007)-104/2024 saylı hökmü ilə təyin edilmiş 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının 1 il 8 ay 14 gün çəkilməmiş hissəsinin 2 gününü azadlıqdan məhrum etmənin 1 gününə bərabər tutaraq hesablamaqla 10 ay 7 gün müddətinə azadlıqdan məhrum etmə cəzasını hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplayaraq Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-104/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə məhkum olunduğu cinayət işi üzrə şübhəli şəxs qismində 2 gün, hazırki cinayət işi üzrə şübhəli şəxs qismində 2 gün, cəmi 4 gün həbsdə saxlanılmasının bir gününü azadlıqdan məhrum etmənin bir gününə hesablayaraq nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən az ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilir. Ona görə də, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1.19 - 346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməli və o, məhkəmə iclas zalında dərhal həbs edilməli; onun həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanaraq cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı 10 fevral 2025-ci il tarixdən hesablanmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən iş üzrə maddi sübut olan və Bakı şəhəri Nizami RPİ-də saxlanılan 0,387 qram psixotrop maddə - metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv olunmalı; Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan 65 (altmış beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iştirak etdiyi müddət 34 iş saatı müddətinə bərabər olduğundan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 204 (iki yüz dörd) manat (34x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib barəsində 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.5 və 68.1.1-1-ci maddələrinə əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 07 mart 2024-cü il tarixli, 1(007)-104/2024 saylı hökmü ilə təyin edilmiş 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının 1 il 8 ay 14 gün çəkilməmiş hissəsinin 2 gününü azadlıqdan məhrum etmənin 1 gününə bərabər tutaraq hesablamaqla 10 ay 7 gün müddətinə azadlıqdan məhrum etmə cəzasını hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplayaraq Təqsirləndirilən şəxs qəti cəza 1 (bir) il 1 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 4 gün həbsdə saxlanılması nəzərə alınmaqla həbsdə saxlamanın bir gününü azadlıqdan məhrum etmənin bir gününə hesablayaraq üzərində 1 (bir) il 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 10 fevral 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olan və Bakı şəhəri Nizami RPİ-də saxlanılan 0,387 qram psixotrop maddə - metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə məsrəfi olan 65 (altmış beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına keçirilsin. Təqsirləndirilən şəxs 34 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi 204 (iki yüz dörd) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №1(007)-34/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-34/2025
10.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver