Məhkəmə qərarları › İş №1(007)-340/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-340/2021

16.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-340/2021 16.11.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, X4 Bəxtiyar oğlunun katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1976-cı il tarixdə Şəmkir rayonunun Seyfəli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Şəmkir rayonunun Mehirli kəndində qeydiyyatda olan, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 89 ünvanda yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 228.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 30 iyul 2021-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsində “Fazil" adlı şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 0,276 qram narkotik vasitə heroini 30 manata əldə edib üzərində saxlamaqla daşımış, 31 iyul 2021-ci il tarixdə saat 19 radələrində Nizami RPİ-nin CAŞ-nin əməkdaşlarının keçirmiş olduqları əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 89 ünvanın qarşısında saxlanılaraq Nizami RPİ-nə gətirilmiş, xidməti otaqların birində üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarının sağ yan kiçik cibindən 01 ədəd qırmızı rəngli sellofan bükümdə, təmiz çəkisi 0,276 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq odlu silah hesab olunan bir ədəd 5,45 mm kalibrli, Kalaşnikov konstruksiyalı, “AK-74” modelli “209554” nömrəli 1982-ci ildə keçmiş SSRİ-də zavod üsulu ilə istehsal edilmiş, texniki cəhətdən saz və atəş açmaq üçün yararlı olan döyüş təyinatlı yivli-odlu avtomatı və bir ədəd zavod üsulu ilə istehsal edilmiş, “AK-74” “AKS-74” “AK- 74M” markalı avtomat silahlarda, “RPK-74” markalı pulemyotlarda və s. markalı avtomat silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, 30 (otuz) ədəd 5.45 mm kalibirli patron tutumuna malik olan, təyinatı üzrə istifadəyə yararlı sandıqçanı əldə edib ünvan 3 ünvanda yerləşən binanın zirzəmisinə daşıyaraq saxlamış, onun qanunsuz olaraq narkotik vasitə və silah əldə etməsi, daşıması və saxlaması barədə daxil olmuş məlumat üzrə Nizami RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində 31 iyul 2021-ci il tarixdə saat 21 radələrində onun iştirakı ilə ünvan 3 ünvanda yerləşən binanın zirzəmisinə keçirilmiş baxış zamanı bir ədəd, 5,45 mm kalibrli, Kalaşnikov konstruksiyalı “AK-74” modelli “209554” nömrəli 1982-ci ildə keçmiş SSRİ-də zavod üsulu ilə istehsal edilmiş, texniki cəhətdən saz və atəş açmaq üçün yararlı olan döyüş təyinatlı yivli-odlu avtomat və həmin avtomatın komplekt hissəsi olan, bir ədəd zavod üsulu ilə istehsal edilmiş, təyinatı üzrə istifadəyə yararlı sandıqça aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, uzun müddət narkotik vasitə olan heroindən istifadə etmişdir. 30 iyul 2021-ci il tarixdə Zığ qəsəbəsində «Fazil» adlı şəxsdən istifadə üçün 30 manata kokos-heroin almışdır. 31 iyul 2021-ci il tarixdə saat 19:00-da Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 89 ünvanın yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılaraq Nizami RPİ-nə gətirilmişdir. Polis idarəsində video çəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış və baxış keçirilərəkən polis əməkdaşları ona üzərində qeyri-qanuni əşya olduğu halda könüllü təqdim etməsi təklif olunmuş və bundan sonra şalvarının sağ kiçik cibindən qırmızı rəngli bükümü təqdim edərək kokosheroin olduğunu və 30.07.2021-ci il tarixdə Zığ qəsəbəsində «Fazil» adlı şəxsdən 30 manata özünün istifadəsi üçün aldığını bildirmişdir. Sonra polis əməkdaşları onun odlu silah əldə etdiyi barədə məlumat alındığını bildirərək silahı harada saxladığını soruşmuşlar. Polis əməkdaşlarına zibillikdən avtomat silah tapdığını və “Məlhəm” klinikasının yaxınlığında binanın zirzəmisində gizlətdiyini demiş və polis əməkdaşları ilə həmin yerə gedərək binanın zirzəmisində torbada gizlətdiyi bir ədəd avtomat silahı bir ədəd sandıqca ilə birlikdə polis əməkdaşlarına təqdim etmişdir. Törətdiyi cinayət əməllərindən səmimi peşmandır. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, habelə iş materiallarını əlaqəli şəkildə tədqiq edərək qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda qeyd olunan sübutlarla da tam təsdiq edilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nizami RPİ-nin CAŞ-nin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 31 iyul 2021-ci il tarixdə Nizami RPİ-nin CAŞ-nə Bakı şəhəri, Nizami rayonu ərazisində «Qənbər» adlı şəxsin odlu silah əldə edib saxlaması və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. «Qənbər» adlı şəxsin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün Nizami RPİ-nin CAŞ-nin əməkdaşlarından ibarət qrup yaradılmışdır. 31 iyul 2021-ci il tarixdə saat 19:00 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 89 ünvanın yaxınlığında Təqsirləndirilən şəxs saxlanılmış və Nizami RPİ-nə dəvət olunmuşdur. Nizami RPİ-nin inzibati binasının 313 saylı xidməti otağında Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunan əşya olduğu halda könüllü təqdim etməsi təklif edilmişdir. Sonuncu qara rəngli şalvarının sağ yan kiçik cibindən qırmızı rəngli 1 ədəd bükümü təqdim edərək həmin bükümün içərisində narkotik vasitə kokos (heroin) olduğunu və istifadəsi üçün 30 iyul 2021-ci il tarixdə Zığ qəsəbəsindən “Fazil” adlı şəxsdən 30 manata aldığını bildirmişdir. Qeyd olunan proses vidoçəkilişlə qeydə alınmışdır. Bundan sonra Təqsirləndirilən şəxs əldə etdiyi odlu silahı harada saxladığı və təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs zibillikdən avtomat silah tapdığını və «Məlhəm» klinikası yaxınlığında binanın zirzəmisində gizlətdiyini demişdir. Polis əməkdaşları, Təqsirləndirilən şəxs və müdafiəçi İ.Şahməmmədov qeyd olunan ünvana getmiş və Nizami rayonu, C.ünvan 6axış keçirilən zaman Təqsirləndirilən şəxs zirzəmidə torbada gizlətdiyi bir ədəd avtomat silahı təqdim etmişdir. Avtomat silahın üzərində AKM-74 markalı 209554 nömrə və bir ədəd boş sandıqca olmuşdur. Həmin proseslər vidoçəkilişlə qeydə alınmışdır. Məhkəmə istintaqı zamanı Şahid2 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan olunaraq tədqiq edilmişdir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 01 avqust 2021-ci il tarixli 6/3237 saylı rəyindən görünür ki, üzərində “Saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərindən....” sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,276 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İş materiallarında olan məhkəmə-ballistik ekspertitzasının 20 avqust 2021-ci il tarixli 3/1347; 3/1348 saylı ekspert rəylərindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 1 (bir) ədəd silah 5,45 mm kalibrli olmaqla, Kalaşnikov konstruksiyalı, «AK-74» modelli, «209554» nömrəli, 1982-ci ildə keçmiş SSRİ-də zavod üsulu ilə istehsal edilmiş, döyüş təyinatlı yivli-odlu avtomat silahdır, texniki cəhətdən sazdır və atəş açmaq üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd sandıqça zavod üsulu ilə istehsal edilmiş, «AK-74», «AKS-74», «AK-74M» markalı avtomat silahlarda, «RPK-74» markalı əl pulemyotlarında və s. markalı avtomat silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, 30 (otuz) ədəd 5,45 mm kalibrli patron tutumuna malik olan sandıqçadır, təyinatı üzrə istifadəyə yararlıdır. Tədqiqata təqdim edilmiş silahın lülə kanalında atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəcikləri aşkar edildi, bu da onu göstərir ki, həmin silahdan təqdim edilmiş vəziyyətdə sonuncu təmizləmədən sonra atəş (atəşlər) açılmışdır. Həmin silah yağlanmışdır. Lakin bu iki hərəkətin hərəkət ardıcıllığını və sonuncu dəfə açılan atəşin vaxtını müvafiq elmi metodika olmadığından müəyyən etmək mümkün deyildir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 23.09.2021-ci il tarixli 3593 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09.02.2006-cı il tarixli 39 saylı «Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə» Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olan şəxslərə məcburi müalicə qaydalarının 3.2ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 31 iyul 2021-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarının sağ yan kiçik cibindən qırmızı rəngli 1 ədəd bükümü təqdim edərək həmin bükümün içərisində narkotik vasitə olan kokos (heroin) olduğunu və 30 iyul 2021-ci il tarixdə Zığ qəsəbəsindən Fazil adlı şəxsdən öz istifadəsi üçün 30 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd qırmızı rəngli selofan bükümdə olan açıq qəhvəyi rəngli, toz şəklində olan maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 6 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. İş materiallarında olan 31 iyul 2021-ci il tarixli “baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanda binanın zirzəmisində gizlətdiyi torbaya yapışqanla bükülmüş bir ədəd avtomat silahı təqdim etmiş, avtomatın üzərində AKM-74 markalı 209554 nömrə yazıldığı və üzərində bir ədəd daraq olduğu, həmin darağın içərisi boş olduğu aşkar edilmişdir. Təqsirləndirilən şəxs qeyd edilən avtomatı zibillikdən 1 ay yarım əvvəl tapdığını bildirmişdir. Götürülən bir ədəd AKM- 74 markalı 209554 nömrəli avtomat cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 6 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Baxış keçirilməsi və götürmə gecə vaxtı, süni işıqlandırma şəraitində aparılmış, baxış keçirilməsi və götürmə zamanı istifadə edilən video çəkilişin əks olunduğu məlumat daşıyıcısı protokola əlavə edilmişdir. İş materiallarında olan 02 avqust 2021-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə və əldə etdiyi avtomat silahını gizlətdiyi zirzəmiyə baxış keçirilən zaman aparılmış videoçəkilişin görüntüləri əks olunmuş 1 ədəd DVD diskə baxış keçirilmişdir. İş materiallarında olan 09 avqust 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və tədqiqata 0,05 qram sərf edildikdən sonra qalıq qalan 0,226 qram heroin saxlanılması üçün Nizami RPİ-nin saxlama kamerasına təhvil verilmişdir. İş materiallarında olan 20 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 1 (bir) ədəd Kalaşnikov konstruksiyalı «AK-74» modelli, «209554» nömrəli avtomat silah və 1 (bir) ədəd sandıqça iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Bakı şəhəri Nizami RPİ-nin saxlama kamerasına təhvil verilmişdir. İş materiallarında olan 28 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, 31.07.2021-ci il tarixdə Nizami RPİ-də Təqsirləndirilən şəxs üzərinə və əldə etdiyi avtomat silahını gizlətdiyi zirzəmiyə baxış keçirilən zaman aparılmış videoçəkilişin görüntüləri əks olunmuş 1 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmaqla cinayət işinə əlavə edilmişdir. İş materiallarında olan məhkəmə sənədlərindən və Azərbaycan Respublikası DİNnin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin 02.08.2004-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 181.3.3 və 334.1-ci maddələri ilə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkım olunmuş və 13.05.2015-ci il tarixdə cəzasının sonu ilə həbsdən azad edilmişdir. İş materiallarında olan 31 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Bakı şəhəri Nizami rayon Məhkəməsinin 02 avqust 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 31 iyul 2021-ci il tarixdən hesablanmışdır. Beləliklə, məhkəmədə tədqiq olunmuş sübutların məcmuyuna əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən etməmiş, Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən əməlində cinayətin residivini cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.5-ci maddəsinə əsasən xüsusilə ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə məhkumluq ödənilmiş sayılır. Məhkəmə sənədlərindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini, barəsində olan Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin 02.08.2004-cü il tarixli hökmünə münasibətdə Azərbaycan Respublikası CM-nin 181.3.3 və 334.1-ci maddələri ilə təyin edilmiş cəzanı çəkib qurtardığı vaxtdan 8 il müddət keçməmiş törətmişdir. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-nin 181.3.3-cü maddəsi xüsusilə ağır cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Həmin Məcəllənin 18.5-ci maddəsinə görə, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. «Аzərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 6 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq hüquqi təbiətinə görə cinayət törətməklə özünün ictimai təhlükəliliyini biruzə vermiş şəxsin hərəkətləri üzərində sosial-hüquqi nəzarətin müəyyənləşdirilməsindən və həyata keçirilməsindən ibarət olan cinayət-hüquqi institutdur. Bu cür nəzarət yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə həyata keçirilməklə məhkumun hüquq və azadlıqlarının müəyyən dərəcədə məhdudlaşdırılmasında ifadə olunur. Məhkumluq, həmçinin yenidən cinayət törətməməsi üçün ədalət mühakiməsi tərəfindən məhkuma edilən özünəməxsus xəbərdarlıq növüdür. Məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxsə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur. Göründüyü kimi həm qanunvericilik, həm də Аzərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyi bir mənalı оlараг məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsinin bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına, bunun isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə etdiyini və yeni cinayət törətdiyinə görə qanunun belə şəxslərə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirinin tətbiq edilməsini nəzərdə tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə yuxarıda qeyd olunan xüsusatları və qanunvericiliyin tələblərini nəzərə alaraq, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilməklə cəza çəkmədən islah olunmasını mümkün saymır və hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 228.1 və 234.1-ci maddələrinin sanksiyasında müəyyən edilmiş hədlərdə azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar nəzərə alınmaqla, Cinayət Məcəlləsinin 66.2-ci maddəsi ilə qəti cəza təyin edilməli və Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəza çəkməsi üçün ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut - Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan, 0,226 qram heroin məhv edilməli, 1 (bir) ədəd Kalaşnikov konstruksiyalı «AK-74» modelli, «209554» nömrəli avtomat silah və 1 (bir) ədəd sandıqça dövlət nəfinə müsadirə edilməklə Azərbaycan Respublikası DİN-nə təhvil verilməli, 1 ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri 193 (yüz doxsan üç) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə qeyd edir ki, vəkilin ibtidai istintaqda iştirak etdiyi müddət 50 iş saatı və məhkəmədə iştirak etdiyi müddət 30 iş saatı, cəmi 80 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 480 (dörd yüz səksən) manat (80x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə müdafiəçi X2 dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351- 353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli şübhəli şəxs qismində tutulduğu 31 iyul 2021-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri qüvvəsində saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri 193 (yüz doxsan üç) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut - Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanması kamerasında saxlanılan 0,226 qram narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübut - 1 (bir) ədəd Kalaşnikov konstruksiyalı «AK-74» modelli, «209554» nömrəli avtomat silah və 1 (bir) ədəd sandıqça dövlət nəfinə müsadirə edilərək, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. İş üzrə maddi sübut - 1 ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs 80 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X2 VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 480 (dörd yüz səksən) manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surəti ona verildiyi andan 20 gün müddətində verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar