Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-340/2023 21.06.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxx 1976-cı il tarixdə Astara şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Astara şəhəri, Qum küçəsi, ev 51-də qeydiyyatda olan, 14 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 16 fevral 2023-cü il tarixdə tutmadan azad olunaraq barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddəni əldə edib özündə saxlamaqla daşımışdır. Belə ki, o, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, bir ədəd bükümdə 0,905 qram ağ rəngli, kristalşəkilli kütlədən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən 14 fevral 2023-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu ərazisində “Kubinka” adlanan yerdə alaraq üzərində saxlamaqla daşımış və 14 fevral 2023-cü il tarixdə saat 19:10 radələrində Nizami RPİ-nin 23-cü polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 1 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti, 118 ünvanında yerləşən 23-cü polis bölməsinin inzibati binasına gətirilib üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş təmiz çəkisi 0,905 qram olan ağ rəngli, kristalşəkilli kütlədən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər “nəşə” adlanan marixuanadan çəkməklə istifadə etmiş, buna görə 2009-cu ildə 2 il müddətinə azadlıqdan məhrum edilmiş, 2011-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Təxminən iki ildir ki, yandırıb çəkmə yolu ilə “patı” adlanan metamfetamindən istifadə edir, 14 fevral 2023-cü il tarixdə səhər saatlarında ünvan 3 ünvanını bilmədiyi bir nəfər şəxsdən 20 manat pul müqabilində şəxsi istifadəsi üçün 01 ədəd kiçik şəffaf rəngli sellofan bükümdə “şüşə” kimi tanıdığı ağ rəngli kristallik maddəni alıb üzərində saxlamış, aldığı narkotik vasitədən heç istifadə etməmiş, sonra istifadə etməyi qərara almışdır. 14 fevral 2023-cü il tarixdə təxminən saat 19:10 radələrində Nizami rayonu, O.Vəliyev küçəsi, 33 ünvanında olarkən iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmiş, onun kim olduğunu dəqiqləşdirib, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyini demiş və onlarla Nizami rayon polis idarəsinin 23-cü polis bölməsinə getməsini təklif etmişlər. O, etiraz etməyib polis əməkdaşları ilə birlikdə polis bölməsinə getmişdir. Orada şəxsiyyəti tam dəqiqləşdirildikdən sonra xidməti otaqlardan birinə aparılmış, təhqiqatçı hüquq və vəzifələrini izah etmiş, vəkilin iştirakı ilə onu şübhəli şəxs qismində tutmuşdur. Ona videoçəkilişlə üzərində şəxsi axtarış aparılacağı izah edilmişdir. O, üzərində şəxsi axtarış aparılan zaman vəkilin iştirakına ehtiyacı olmadığını bildirərək bu barədə ərizə yazmış, vəkilin iştirakı olmadan videoçəkilişlə üzərində şəxsi axtarış keçirilməsinə başlanılmışdır. Şəxsi axtarış başlamazdan əvvəl üzərində qanunla qadağan olunmuş hər hansısa əşya və ya predmetin olub-olmamasını soruşmuş, olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. O, əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümünü çıxarıb xidməti otaqda olan masanın üzərinə qoymuş, həmin büküm açıldıqda arasında ağ rəngli kristallik maddə aşkarlanmışdır. Sorğu zamanı o, həmin maddənin “şüşə” kimi tanıdığı psixotrop maddə metafetamin olduğunu bildirmiş, metamfetamini hansı qaydada əldə etdiyini bildirmişdir. Üzərində şəxsi axtarış zamanı başqa əşya, predmet və ya maddə aşkar edilməmişdir. Təqdim etdiyi metafetamin qablaşdırılmış və ekspertizaya göndərilmişdir. Şəxsi axtarışın keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, o və iştirak edən digər şəxslər həmin protokolu imzalamışlar. Polis əməkdaşları tərəfindən ona qarşı qanunsuz hərəkətə yol verilməmiş, təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxs daha sonra əməlindən səmimi peşmançılıq çəkdiyini nəzərə alaraq, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 23-cü polis bölməsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 14 fevral 2023-cü il tarixdə xidmətdə olarkən Nizami RPİ-nin 23-cü polis bölməsinə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatla bağlı rəhbərliyə raportla müraciət edildikdən sonra “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” qərar qəbul edilmiş, həmin qərara əsasən Təqsirləndirilən şəxs tutulması istiqamətində əməliyyat qrupu təşkil olunmuş, qəbul edilmiş qərara əsasən əməliyyat qrupunun rəhbəri o, seçilmiş, üzvü isə 23-cü PB-nin CA üzrə əməliyyat müvəkkili Şahid2 təyin edilmişdir. Bundan sonra, həmin tarixdə saat 19:10 radələrində Nizami rayonu, O.Vəliyev küçəsi, 33 ünvanının qarşısında Təqsirləndirilən şəxs oxşayan bir nəfər kişi cinsli şəxsi müşahidə edib dərhal ona yaxınlaşaraq xidməti vəsiqələrini təqdim etməklə özlərini ona təqdim etmişlər. Sonra həmin şəxs də özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs daxil olmuş məlumata əsasən qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olması bildirilmiş və birlikdə 23-cü polis bölməsinə gəlməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs etiraz etməyib onlarla birlikdə polis bölməsinə getmişdir. Orada şübhəli şəxsin hüquq və vəzifələri izah edilmiş, hüquqlarının müdafiə edilməsindən ötrü müdafiəçi dəvət edilmişdir. Təqsirləndirilən şəxs ona təqdim edilmiş müdafiəçiyə heç bir etirazının olmadığını bildirmiş, o, vəkilin iştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra, Təqsirləndirilən şəxs vəkilinin iştirakı olmadan üzərində şəxsi axtarış və götürmə aparılmasına etirazı olmadığını bildirmişdir. Şəxsi axtarışa başlamazdan öncə Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq əldə edilmiş hər hansı bir əşya, vasitə, maddə və ya narkotik varsa könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümünü çıxarıb xidməti otaqda olan masanın üzərinə qoymuşdur. Həmin büküm açıldıqda arasında ağ rəngli kristallik maddə aşkarlanmış, onun nə olması soruşulduqda “şüşə” kimi tanıdığı psixotrop maddə metafetamin olduğunu, həmin maddəni öz şəxsi istifadəsi üçün Nəsimi rayonunun ərazisində “Kubinka” deyilən yerdə tanımadığı şəxsdən 20 manat pul müqabilində aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı başqa hər hansı qanunla qadağan olunmuş əşya və ya predmet, eləcə də maddə aşkar olunmamışdır. Bundan sonra həmin psixotrop maddə Təqsirləndirilən şəxs və digər iştirakçıların gözü qarşısında zərfə qoyularaq qablaşdırılmış və möhürlənmiş, zərfin üzəri imzalarla təsdiq edilmişdir. Həmçinin, bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol ucadan oxunduqdan sonra düzgünlüyü onlar, eləcə də Təqsirləndirilən şəxs tərəfindən imzalarla təsdiq edilmişdir. Əməliyyat tədbirlərinin gedişi zamanı Təqsirləndirilən şəxs özünü səmimi apararaq əməlini etiraf etmiş, tərəflərindən də ona qarşı qanunsuz hərəkətə yol verilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 23-cü polis bölməsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid2, Şahid1la eyni məzmunlu ifadə vermişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 15 fevral 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) - 14 fevral 2023-cü il və 18 fevral 2023-cü il tarixli protokollardan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə 14 fevral 2023-cü il tarixdə şəxsi axtarış aparılan zaman təhqiqatçı tərəfindən ona paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs bu təkliflə razılaşaraq əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümü çıxarıb təqdim etmişdir. Sorğu zamanı o, həmin bükümün içərisində “şüşə” kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu, həmin maddəni qeyd olunan tarixdə səhər saatlarında Bakı şəhərində “Kubinka” adlanan ərazidə tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 20 manata aldığını bildirmişdir. Şəffaf sellofan büküm açılıb baxıldıqda içərisində ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər maddənin olduğu aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilən zaman başqa qanunsuz əşya aşkar olunmamışdır. Aşkar edilmiş həmin maddə bükümü qablaşdırılmış və möhürlənib ekspert müayinəsinə göndərilmişdir. İştirakçılar bu barədə tərtib edilmiş protokolu və qablaşdırmanı imzaları ilə təsdiq etmişlər. Şəxsi axtarış zamanı qeydə alınmış video görüntüyə 18 fevral 2023-cü il tarixdə baxış zamanı qeyd olunanların öz təsdiqini tapdığı müəyyən edilmişdir. (i.v. 32-33, 95) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 15 fevral 2023-cü il tarixli 6/928 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №163” möhür əksi olan, “Təqsirləndirilən şəxs üzərindən...” sözlər, imzalar qeyd edilmiş zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,905 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına daxildir. Qeyd: metamfetaminin təmiz çəkisi 0,905 qram olmuş, tədqiqata 0,05 qram sərf edilmiş, 0,855 qram qalıq qalmışdır. (i.v. 39-43) - 16 fevral 2023-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin CA üzrə əməliyyat müvəkkili Şahid1 rəhbərliyi ilə Təqsirləndirilən şəxs ilə bağlı əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair 14 fevral 2023-cü il tarixli qərar Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qanuni hesab edilmişdir. (i.v. 85) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin Ambulator Məcburi-Narkoloji tibbi yoxlamasına dair 06 mart 2023-cü il tarixli 1304 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin, opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 119-120) - 01 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmış, əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayətin tərkibinin olması müəyyən edilmədiyindən, barəsində həmin maddənin əlamətləri ilə cinayət təqibinin icraatına xitam verilmiş, onun barəsində Azərbaycan Respublikası CMnin 234.4.3-cü maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs üzərindən 14 fevral 2023-cü il tarixdə aşkar olunaraq götürülmüş təmiz çəkisi 0,905 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin iş üzrə maddi sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatına 0,05 qram sərf edildikdən sonra qalmış 0,855 qram metamfetamin saxlanılması üçün Nizami RPİ-nin maddi sübutların saxlanc yerinə verilmiş, o cümlədən Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə haqqında protokola əlavə edilmiş 01 ədəd DVD disk maddi sübut qismində tanınaraq cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs psixotrop maddəni əldə etdiyi naməlum şəxs və mənbəyə dair material ayrılaraq Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nə göndərilmişdir. (i.v. 122-129) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanun-suz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək qeyd edir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddənin mənbəyinin müəyyən edilməsi faktının araşdırılması məqsədi ilə material ayrılmışdır və nəticəsindən asılı olaraq hüquqi qiymət veriləcəkdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanıb, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, məhkəmə ekspertizalarının rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur, bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 14 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 28) - 16 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair məhkəməyə təqdimat verilməsi haqda müstəntiqin vəsatətinin müdafiə olunmasından ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən imtina edilmiş və onun saxlanıldığı Nizami RPİ-nin MSY-dən azad edilmişdir. (i.v. 78-80) -Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqinin 16 fevral 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 81-82) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 04 mart 2023-cü il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Əliyev X1 Rayon Məhkəməsinin 30 oktyabr 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 11 iyun 2011-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. (i.v. 104-105) Məhkəmə Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinin tələbləri baxımından qeyd edir ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxs hesab edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal qismində Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsində, o cümlədən cəzasını ağırlaşdıran hal qismində həmin Məcəllənin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu, həbsdə saxlanıldığı və ev dustaqlığında saxlanıldığı müddətlər onun həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı işlə bağlı 14 fevral 2023-cü il tarixdən 16 fevral 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmaqla, üzərində qəti müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı isə hökmün çıxarıldığı hazırkı tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğundan, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və bu qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınaraq Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan, ekspertiza tədqiqatlarına sərf edildikdən sonra qalmış psixotrop maddə məhv olunmalı, maddi sübut olan 01 ədəd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə, Ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından qərar əsasında dövlət hesabına dəvət olunmuş vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 19 iş saatı müddətinə bərabər sayılaraq, (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 14 fevral 2023-cü il tarixdən 16 fevral 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılıb, üzərində qəti olaraq 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 21 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilib hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmaqla, həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs müvafiq rejim üzrə cəzaçəkmə müəssisəsinə göndərilməsinədək həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanası müəyyən edilsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Maddi sübut qismində tanınmış 01 ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın, Təqsirləndirilən şəxs aşkar edilərək götürülməklə Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalan 0,855 qram psixotrop maddə metamfetamin məhv edilsin. Məhkəmə məsrəfi olan 110 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı dövründə 19 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən 114 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-340/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-340/2023
21.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver