Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-341/2022 01.09.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami rayon Мəhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlunun sədrliyi ilə, məsləhətçi (məhkəmə iclas katibi) X5, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi - Bakı şəhəri 30 saylı Vəkil Bürosunun vəkili X8 iştirakları ilə, xx xxxx 1991-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 02 aprel 2022-ci il tarixdə saat 10:23 dəqiqədə “B1,B” kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə etdiyi özünə məxsus “Hyundai İ20" markalı ** GJ *** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti ilə “Koroğlu” metrostansiyası istiqamətində 90 km saat sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olması barədə tələblərə əməl etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu tələbləri pozub idarə etdiyi avtomobilini Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 106 ünvanın qarşısında ehtiyyatsızlıqdan əvvəlcə yolu hərəkət istiqamətinə bölən bardura, sonra isə yolun ortasındakı işıq dirəyinə vurmuş, hadisə nəticəsində ehtiyyatsızlıqdan idarə etdiyi avtomobildə sərnişin olmuş Zərərçəkmiş şəxs2 dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid baş beynin orta dərəcəli əzilməsi və hər iki alın-təpə paylarının kəskin subdural hematoması ilə müşayiət olunan kəllənin qapalı travması, burun sümüyünün az yerdəyişən sınığı xəsarətləri, idarə etdiyi avtomobildə olan digər sərnişin X11 dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid baş beyin silkələnməsi ilə müşayiət olunan kəllənin qapalı travması, sağ dizin ön səthinin sıyrıqları xəsarətləri almasına səbəb olmuş, bundan başqa idarə etdiyi avtomobildə olan digər sərnişin X13 isə canlı şəxslərdə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid, baş vermiş ölümlə bilavasitə səbəbli əlaqələri olan baş beyinə, qişalarına, mədəciklərinə qansızma ilə müşayiət olunan kəllə əsasına keçən sağ alın sümüyünün xətti sınığı, alın və sağ təpə nahiyələrinin əzilmiş yaraları, sağ gözətrafı nahiyəsinin hematoması, sağ qasıq nahiyəsinin qançırı, sağ və sol diz nahiyələrinin sıyrıqları xəsarətləri almış, həmin xəsarətlərdən kəllə əsasının sınması ilə müşayiət olunan baş beyinə onun qişalarına və mədəciklərinə qansızma Aysel Cəfərovanın hadisə yerində ölümünə səbəb olmuşdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, 02 aprel 2022-ci il tarixdə saat 10:30 radələrində “B1,B” kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə etdiyi özünə məxsus “Hyundai İ20” markalı ** GJ *** dövlət qeydiyyat nişanlı avtomobillə, H.Əliyev prospektində “Koroğlu” metrostansiyası istiqamətində hərəkətdə olarkən, rəfiqələri Selcan, Aytac, Aysel və Səadətbəyim avtomobildə olmuş, Səadətbəyim öndə, digərlər isə arxada əyləşmişdir. Yolun orta zolağı ilə təxminən 80-90 km/saat sürətlə hərəkət etmişdir. Hərəkətdə olarkən sarı rəngli Mercedes markalı ön büfer hissəsi olmayan, dam hissəsində taksi işarəsi olan avtomobil onun qarşısında aşağı sürətlə hərəkətdə olduğu üçün sürətini aşağı salmağa başlamışdır. Bu zaman həmin Mercedes markalı avtomobil sağ zolağa keçmiş və onun önü boş olduğu üçün sürəti artırmış və bu vaxt həmin Mercedes markalı avtomobil dönmə işığını yandırmadan və ara məsafəsi gözləmədən onun qarşısına çıxmış və dərhal əyləcdən istifadə etsə də, həmin avtomobili arxa hissədən vurmaq ehtimalı olduğu üçün qəzadan yayınmaq üçün sol zolağa keçmək istəmişdir. Bu zaman idarəetməni itirmiş və avtomobili sağa-sola hərəkət etdirmiş, avtomobil sol tərəfdə yolun ortasındakı bardura və daha sonra işıq dirəyinə dəymiş və digər hərəkət hissəsində dayanmışdır. Hadisə yerinə toplaşmış şəxslərin köməyi ilə onları 3 saylı ŞKX-na aparmışlar. Hadisə nəticəsində avtomobildə olan rəfiqələri Selcan və Aytac Lətifova müxtəlif dərəcəli bədən xəsarətləri almış, digər rəfiqəsi X13 isə aldığı bədən xəsarətlərindən hadisə yerində həyatını itirmişdir. Zərərçəkmiş şəxslərə və zərərçəkmiş şəxsin hüquqi varisinə dəymiş ziyanı ödəmiş və onlarla barışıq əldə etmişdir. Törətdiyi cinayət əməlindən səmimi peşmandır. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün səmimi etirafından başqa, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisinin, zərərçəkmiş şəxslərin və şahidin ifadələri ilə, habelə iş üzrə toplanmış digər sübutlarla tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X9 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, mərhum Aysel Cəfərovanın atasıdır. Mərhum qızının rəfiqəsi Təqsirləndirilən şəxs 02 aprel 2022-ci il tarixdə saat 10:30 radələrində idarə etdiyi “Hyundai İ20” markalı ** GJ *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti ilə “Koroğlu” metrostansiyası istinqamətində hərəkətdə olarkən H.Əliyev prospekti 106 ünvanda idarəetməni itirərək yol nəqliyyat hadisəsi törətməsi nəticəsində avtomobildə sərnişin olmuş qızı Aysel həyatını itirmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X4 məhkəməyə daxil olmuş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş zərərçəkmiş şəxs X15 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, 02 aprel 2022-ci il tarixdə saat 10 radələrində rəfiqələri Təqsirləndirilən şəxs, Səadətbəyim Dadaşova, Aysel Cəfərova və bacısı Selcanla Gənclik metrosu yaxınlığında görüşmüşlər. Orada Təqsirləndirilən şəxs “Hyundai İ20" markalı ** GJ *** dövlət qeydiyyat nişanlı avtomobili ilə “Sabunçu gənclər evi”nə getmək üçün yola düşmüşlər. Öndə Səadətbəyim əyləşmiş, özü arxada sükanın arxasında, bacısı Selcan ortada və digər sağ tərəfdə isə mərhum Aysel əyləşmişdir. Avtomobil H.Əliyev prospekti ilə “Koroğlu” metrosu istiqamətində hərəkətdə olarkən, saat təxminən 10:30 radələrində “Koroğlu” metrosuna çatmağa az qalmış Nərmin avtomobili hansı səbəbdənsə sağa-sola hərəkət etdirdiyi üçün avtomobil təhlükəli qaydada sağa-sola hərəkət etmiş və yolun ortasında dirəyə çırpılaraq yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisədən sonra avtomobil digər hərəkət zolağında dayanmışdır. Bundan sonra hadisə yerinə gəlmiş kənar şəxslər onlara kömək edərək avtomobildən endirmiş və onları Sabunçu xəstəxanasına aparmışlar. Zərərçəkmiş şəxs X11 məhkəməyə daxil olmuş ərizəsindən görünür ki, ona dəymiş ziyan ödənilmiş, Təqsirləndirilən şəxs ilə barışmış, sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, 02 aprel 2022-ci il tarixdə saat 10 radələrində rəfiqələri Təqsirləndirilən şəxs, Səadətbəyim Dadaşova, Aysel Cəfərova və bacısı Aytacla Gənclik metrosu yaxınlığında görüşmüşlər. Orada Təqsirləndirilən şəxs “Hyundai İ20" markalı ** GJ *** dövlət qeydiyyat nişanlı avtomobili ilə “Sabunçu gənclər evi”nə getmək üçün yola düşmüşlər. Öndə Səadətbəyim əyləşmiş, arxada ortada özü, sükanın arxasında bacısı Aytac və digər sağ tərəfdə isə mərhum Aysel əyləşmişdir. Avtomobil H.Əliyev prospekti ilə “Koroğlu” metrosu istiqamətində hərəkətdə olarkən, avtomobildə mahnıya qulaq asırmışlar. Saat təxminən 10:30 radələrində “Koroğlu” metrosuna çatmağa az qalmış yol nəqliyyat hadisəsi baş vermiş və nə olduğunu görməmişdir. Hadisədən 2-3 gün sonra ayılarkən Sabunçu xəstəxanasında olduğunu bilmişdür. Zərərçəkmiş şəxs2 məhkəməyə daxil olmuş ərizəsindən görünür ki, ona dəymiş ziyan ödənilmiş, Təqsirləndirilən şəxs ilə barışmış, sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş zərərçəkmiş şəxs X3 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 10:30 radələrində rəfiqəsi Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai İ20” markalı ** GJ *** dövlət qeydiyyat nişanlı avtomobildə, rəfiqələri Selcan, Aytac və Aysellə birlikdə H.Əliyev prospekti ilə “Koroğlu” metrosu istiqamətində hərəkətində olarkən, markasını və nömrəsini bilmədiyi avtomobil onların avtomobilin qarşısında sağa və sola çıxaraq onlara maneə yaratmış və bu zaman “Koroğlu” metrosuna çatmağa az qalmış hadisə baş vermiş və nə olduğunu görməmişdir. Özünə gələndə artıq qəza baş verdiyini bilmiş və onu qəza keçirdiyi avtomobilin salonundan tanımadığı şəxslər kömək edərək çıxarmışdır. Daha sonra onları 3 saylı ŞKX-na aparmışlar. Zərərçəkmiş şəxs X1 məhkəməyə daxil olmuş ərizəsindən görünür ki, ona dəymiş ziyan ödənilmiş, Təqsirləndirilən şəxs ilə barışmış, sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur. İşdə olan «Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında» 02 aprel 2022ci il tarixli protokoldan görünür ki, yol-nəqliyyat hadisəsi Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 106-da baş vermişdir. İşdə olan 27 aprel 2022-ci il tarixli 087-13353-1222 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs BA 025030 saylı “B1 B" kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və sürücülük hüququndan mərhum olunması barədə məlumat Mərkəzi İnformasiya sistemində qeydə alınmamışdır. İşdə olan 27 aprel 2022-ci il tarixli “videogörüntüyə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, 02 aprel 2022-ci il tarixdə “Hyundai İ20” markalı ** GJ *** dövlət qeydiyyat nişanlı avtomaşının Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti ilə “Koroğlu” metrostansiyası istinqamətində hərəkətdə olarkən, H.Əliyev prospekti 106 ünvanda hərəkətdə olduğu müddətdə hər hansı digər avtomobilin Təqsirləndirilən şəxs maneə olan, yol hərəkəti qaydalarını pozan hərəkətinin olmaması, “Hyundai İ20" markalı ** GJ *** dövlət qeydiyyat nişanlı avtomobilin öz-özünə ön hissəsinin sağa-sola hərəkət edib, daha sonra avtomobilin yoldan çıxaraq əvvəlcə yolu hərəkət istiqamətinə bölən bardura, daha sonra yolun ortasındakı işıq dirəyinə arxa sağ qapı hissə ilə dəyərək digər hərəkət hissəsində yolun ortasında dayanması müəyyən olunmuşdur. İşdə olan məhkəmə-tibb ekspertizasının 30 aprel 2022-ci il tarixli 61 saylı rəyindən görünür ki, X10 meyitində aşağıdakı xəsarətlər aşkar olunmuşdur: baş-beyinə, qişalarına, mədəciklərinə qansızma ilə müşayiət olunan kəllə əsasına keçən sağ alın sümüyünün xətti sınığ, alın və sağ təpə nahiyələrinin əzilmiş yaraları, sağ gözətrafı nahiyəsinin hematoması, sağ qasıq nahiyəsinin qançırı, sağ və sol diz nahiyələrinin sıyrıqları. Qeyd edilən xəsarətlər həyatidirlər, bərk küt əşyanın təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdilər, dərəcələrinə görə canlı şəxslərdə ümumillikdə həyat üçün təhlükləli olan, sağlamlığa AĞİR zərər vurmanın əlamətlərini daşıyırlar, baş vermiş ölümlə bilavasitə səbəbli əlaqələr vardır. Xəsarətlərin lokalizasiyasına və xüsusiyyətlərinə istinad edərək qeyd etmək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdilər. A.R.Cəfərovanın ölümünə səbəb kəllə əsasının sınması ilə müşayiət olunan baş beyinə, onun qişalarına və mədəciklərinə qansızma olmuşdur. Ölüm meyitinin meyitxanada müayinəsindən təxminən 2-4 saat əvvəl baş vermişdir. A.R.Cəfərovanın meyitindən götürülmüş qanda məhkəməkimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri və salisilatlar aşkar edilməmişdir. İşdə olan məhkəmə-tibb ekspertizasının 31 may 2022-ci il tarixli 419 saylı rəyindən görünür ki, X12 baş beyin silkələnməsi ilə müşyiət olunan kəllənin qapalı travması, sağ dizin ön səthinin sıyrıqları olmuşdur. Qeyd edilən xəsarətlər bər küt əşyanın təsirindən törənmişdir. Qərarın təsviri hissəsində göstərilən şərait və müddətdə, yəni xx.xx.2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı yaranması istisna edilmir. Dərəcəsinə görə ümumillikdə sağlanmlığa YÜNGÜİ zərər vurmaya aid edilir. İşdə olan məhkəmə-tibb ekspertizasının 31 may 2022-ci il tarixli 420 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 baş beynin orta dərəcəli əzilməsi və hər iki alın-təpə paylarının kəskin subdural hematomasilə müşayiət olunan kəllənin qapalı travması, burun sümüyünün az yerdəyişən sınığı olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir. Qərarın təsviri hissəsində göstərilən şərait və müddətdə, yəni xx.xx.2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı yaranması istisna edilmir. Dərəcəsinə görə ümumillikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aid edilir. İşdə olan məhkəmə-tibb ekspertizasının 20 may 2022-ci il tarixli 318 saylı rəyindən görünür ki, X2 bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. İşdə olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 10 iyun 2022-ci il tarixli 8/1080 saylı rəyindən görünür ki, Hyundai İ20 markalı ** GJ *** dövlət qeydiyyat nişanlı avtomobilin sükan və tormoz sistemi hadisədən əvvəl saz vəziyyətdə olmuşdur. Yəni avtomobilin sükan və tormoz sisteminin texniki vəziyyəti ilə hadisənin baş verməsi arasında səbəbli əlaqə yoxdur. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Hyundai İ20 markalı ** GJ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmamışdır. İşdə olan və zərərçəkmiş şəxsin hüquqi varisi X4, zərərçəkmiş şəxslər X11 və Zərərçəkmiş şəxs2 notarial qaydada təsdiq olunmuş ərizələrindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışlar və sonuncuya qarşı heç bir şikayət və tələbləri yoxdur. İşdə olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan 25 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutların məcmuyuna əsasən qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsi, zərərçəkmiş şəxsin hüquqi varisi və zərərçəkmiş şəxslərlə barışıq əldə etməsi cəzanı yüngülləşdirən hallar qismində nəzərə alınmış, cəzanı ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıda qeyd olunan prinsip və müddəalarını rəhbər tutur. Belə ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarında qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2012-ci il tarixli qərarında qeyd olunur ki, məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyasında üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, ona azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə cəzanın məqsədləri təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinin tələbinə əsasən, Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə ekspertiza tədqiqatlarının dəyəri 230 (iki yüz otuz) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsi ilə müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia verilməmişdir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351- 353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri 230 (iki yüz otuz) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №1(007)-341/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-341/2022
01.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver