Məhkəmə qərarları › İş №1(007)-341/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-341/2023

10.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-341/2023 10.08.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Bakı şəhəri 30 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxx 1958-ci il tarixdə Qazax rayonunun Qaymaxlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, əvvəllər məhkum olunmamış, pensiyaçı, ünvan 2, mənzil 13-də qeydiyyatda olan, Sumqayıt şəhəri, Novxanı bağları, B-1109 nömrəli bağ evində yaşayan, 17 aprel 2023-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməmişdir. Belə ki, o, cavabdeh kimi ondan aldığı borcla əlaqədar 177000 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pulun Zərərçəkmiş şəxs verilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin 18 oktyabr 2016-cı il tarixli 2(103)-6564/2016 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 mart 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 manat məbləğində inzibati qaydada cərimə edilməsinə və icra sənədindəki tələbləri icra etməsi üçün ona 04 noyabr 2022-ci il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, şəxsi maraq niyyətilə cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilən 16 noyabr 2022-ci il tarixədək 177030 manat məbləğində pulu tələbkara ödəməməklə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq qəsdən icra etməmiş, bununla da Zərərçəkmiş şəxs qeyd olunan məbləğdə maddi ziyan vurmaqla yanaşı, ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs 1979-cu ildən tanıyır, birlikdə hüquq fakultəsində təhsil almışlar, Zərərçəkmiş şəxs və özü ayrı-ayrılıqda kommersiya ilə məşğul olmuşlar. Zərərçəkmiş şəxslə münasibətləri yaxşı və etibarlı olmuş, Zərərçəkmiş şəxs ona 2007-ci ildə hər ay 2% ödəmək şərti ilə 300000 manat pul təklif etmişdir. O, bununla razılaşmış və pulu götürmüşdür. O, əvvəl tikinti materiallarının, sonra isə mətbəx ləvazimatları əşyalarının alveri ilə məşğul olmuş, Rusiyadan mal gətizdirmişdir. 3 il müddətində Zərərçəkmiş şəxs hər ay 6000 manat ödəniş etmiş, yəni hər ay ona aldığı pulun faizini vermişdir. Sonra isə biznesi və maddi imkanları zəifləmişdir. Bununla əlaqədar Zərərçəkmiş şəxs tələbi ilə ona əsas borcdan 68000 manat ödəniş etmiş, işləri zəiflədiyi üçün Zərərçəkmiş şəxs təklifi ilə 19 yanvar 2013-cü il tarixdə notariat kontorunda onunla 232000 manat borcunun olmasına dair kredit müqaviləsi bağlamışdır, lakin faktiki orada ona pul verilməmişdir. Həmin müqaviləyə əsasən pulu 1 il müddətinə qaytarmalı olsa da, Zərərçəkmiş şəxs pulu işləri normal getdiyi təqdirdə 1 ay müddətinə qaytarmağa söz vermişdir. Lakin işləri düz gəlməmiş, 5 ay keçmiş o, Rusiyada Belqorod vilayətində iş qurmağa çalışmışdır. Sonra o, Azərbaycana qayıtmış, Zərərçəkmiş şəxs zəngindən sonra onun iş yerinə gedərək 89 kvadrat metr sahəsi olan həyət evinin sənədini göstərmiş və qarşısında 12 sot torpaq sahəsinin icarəsində olduğunu bildirmişdir ki, birlikdə bu torpaq sahəsini özəlləşdirsinlər, bu torpaq sahəsi satılandan sonra borc məsələsi bağlanacaqdır. Lakin bu məsələ alınmamışdır. Sonra isə özü öz xətti ilə bir məktub yazmışdır ki, bu borcun 24000 manatını Zərərçəkmiş şəxs iyul 2013-cü il müddətinə, qalan hissəsini isə 2013-cü ilin axırına kimi qaytarmağa söz verir. Bu qəbzi ondan ötrü yazmışdır ki, Rusiyadan pul gəlməsini gözləmiş, lakin bu da alınmamışdır. Bundan sonra arvadı X3 Quliyevlə barışıb danışaraq onun borcundan 2013-cü ilin avqust ayından 2014-cü ilin fevral ayının 21-nə kimi hissə-hissə cəmi 55000 manat pul ödəmişdir. Bakı şəhərindəki Puşkin küçəsində olan 2 mənzil bankda girovda olmuşdur, belə ki, bankdan təxminən 300000 manat məbləğində kredit götürmüş və həmin 2 mənzili bir mənzil kimi sənədləşdirmiş və bu evi 2011-2012-ci illərdə satdırdıqdan sonra bankın borcunu qaytarmışdır. Sonra Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət etmiş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 dekabr 2014-cü il tarixli 2(006)-7991/2014 nömrəli qərardadı ilə onun və arvadı X1 birgə yaşayış dövründə aldıqları “Lexus RX 350” markalı **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Lakin verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 30 yanvar 2015-ci il tarixli 2(103)- 1365/2015 nömrəli qərardadı ilə təmin edilmiş və həmin avtomobilin üzərindən həbs götürülmüşdür. Bu avtomobili sonradan arvadı satmışdır, təxminən bir müddətdən sonra o və Sultanxanım Nəsibova nikahın pozulmasına dair ərizə ilə məhkəməyə müraciət etmişlər, Nəsimi Rayon Məhkəməsinin 19 sentyabr 2013-cü il tarixli 2(006)-3852/2013 nömrəli qətnaməsi ilə onların nikahı pozulmuşdur, səbəbi ondan ibarət olmuşdur ki, biznes işləri düz getməmiş və buna görə evdə tez-tez mübahisələr olmuşdur. Bundan sonra Zərərçəkmiş şəxs borcunun qaytarılması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş, lakin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi həmin iddianı təmin etməmiş, apellyasiya şikayəti də Bakı Apellyasiya Məhkəməsində təmin edilməmişdir. Zərərçəkmiş şəxs kassasiya şikayəti vermiş və Ali Məhkəmə həmin işi yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarmış, Bakı Apellyasiya Məhkəməsinin 18 oktyabr 2016-cı il tarixli 2(103)-6564/2016 nömrəli qətnaməsi ilə Zərərçəkmiş şəxs iddiası təmin edilmiş və ondan 177000 manat məbləğində pulun alınaraq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Bundan sonra Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 aprel 2017-ci il tarixli 2(102)-1769/2017 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin qeyd olunan qətnaməsi qüvvəsində saxlanılmışdır. Qətnamə qanuni qüvvəyə minəndən sonra icra edilməsi üçün əvvəl Nəsimi rayon icra şöbəsinə, sonra isə Nizami rayon icra şöbəsinə göndərilmişdir. Nəsimi rayon icra şöbəsində onun ünvan 1 ünvanında yerləşən özünə məxsus 13 saylı mənzilinin üzərinə həbs qoyulmuş və 30000 manat dəyərində qiymətləndirilmişdir. O, bu evin borc əvəzinə Zərərçəkmiş şəxs verilməsini təklif etməmişdir. O, faktiki olaraq həmin evdə yaşayır. Onun keçmiş arvadı ilə heç bir münasibəti yoxdur. Zərərçəkmiş şəxs təkidi ilə Nəsimi Rayon Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli qərarı ilə İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 15 gün müddətinə inzibati qaydada həbs olunmuş, lakin Bakı Apellyasiya Məhkəməsinin 01 fevral 2022-ci il tarixli qərarı ilə həmin qərar ləğv edilmiş və sonda ona 500 manat cərimə tənbehi verilmişdir. Təqsirləndirilən şəxs ifadəsində daha sonra göstərmişdir ki, qeyd etdiklərinə baxmayaraq əməlindən səmimi peşmandır, məhkəmə qərarının icrasına hörmətlə yanaşır, indiyədək hissə ilə 2800 manat pulu icra şöbəsinin depozit hesabına ödəmişdir, bundan sonra da ödənişləri davam edərək və əlinə çox miqdarda pul düşdüyü halda borcunu ödəyəcəkdir, hazırkı halda isə ancaq hissə-hissə ödəniş edə bilər. Onun artıq 65 yaşı vardır, pensiyaçıdır, “Şəkərli diabet tip İİ” diaqnozu ilə dispanser qeydiyyatındadır, bu xəstəlikdən əziyyət çəkir. Qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 1979-cu ildən tanıyır, birlikdə hüquq fakultəsində oxumuşlar, Təqsirləndirilən şəxs və özü ayrı-ayrılıqda kommersiya ilə məşğul olmuşlar. Təqsirləndirilən şəxslə münasibəti yaxşı və etibarlı olmuşdur. Təqsirləndirilən şəxs biznes işlərini görmək üçün ondan 300000 manat pul istəmiş, vəd vermişdir ki, bunun müqabilində ona 100000 manat əlavə verəcəkdir. Təqsirləndirilən şəxs təklifi ilə notariat kontoruna gedərək orada 19 yanvar 2013-cü il tarixdə ona 232000 manat pul vermiş, bu barədə kredit müqaviləsi bağlamışlar. Həmin müqaviləyə əsasən pul 1 il müddətinə qaytarılmalı olmuş, lakin Təqsirləndirilən şəxs ona pulu 1 aya qaytaracağına söz vermişdir. Təqsirləndirilən şəxs hər dəfə borcu qaytaracağına söz vermiş, ona borcun əvəzinə 89 kvadrat metr sahəsi olan həyət evi və 12 sot torpaq sahəsini, yəni bu evin yanında olan sahəni təklif etmiş, evə dair çıxarışın surətini vermiş, lakin novbəti gün Təqsirləndirilən şəxs həmin əmlakları ona verməkdən imtina etmişdir. Sonra isə o, öz xətti ilə bir məktub yazmışdır ki, bu borcun 24000 manatını ona iyul 2013-cü il müddətinə, qalan hissəsini isə 2013-cü ilin axırına kimi qaytarmağa söz verir. Təqsirləndirilən şəxs arvadı Sultanxanım Nəsibova onunla danışaraq ərinin borcundan 2013-cü ilin avqust ayından 2014-cü ilin fevral ayının 21-nə kimi cəmi 55000 manat pul ödəmişdir. Bundan sonra Sultanxanım Nəsibova ona heç bir ödəniş etməyəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs və arvadı Sultanxanım Nəsibova onlara məxsus Novxanıda olan bağ evini və Bakı şəhəri, Puşkin küçəsində olan 2 mənzili özgəninkiləşdirmişlər. Təqsirləndirilən şəxs yenə də müxtəlif bəhanələrlə borcu qaytarmadığı üçün iddianın təmin tədbiri kimi məhkəməyə ərizə ilə müraciət etmiş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 dekabr 2014-cü il tarixli 2(006)-7991/2014 nömrəli qərardadı ilə Təqsirləndirilən şəxs arvadı X1 Təqsirləndirilən şəxslə birgə yaşayış dövründə aldığı “Lexus RX 350” markalı **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Lakin Təqsirləndirilən şəxs verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 30 yanvar 2015-ci il tarixli 2(103)- 1365/2015 nömrəli qərardadı ilə təmin edilmiş və həmin avtomobilin üzərindən həbs götürülmüşdür. Təqsirləndirilən şəxs və Sultanxanım Nəsibova borcu qaytarmamaq məqsədilə nikahın pozulmasına dair ərizə ilə məhkəməyə müraciət etmişlər, Nəsimi Rayon Məhkəməsinin 19 sentyabr 2013-cü il tarixli 2(006)-3852/2013 nömrəli qətnaməsi ilə onların nikahı pozulmuş, özlərinin aralarında əmlakın bölünməsinə dair həmin tarixdə saziş bağlamışlar, lakin 5 ildən sonra əmlak mübahisələrinə dair Nəsimi Rayon Məhkəməsinin 17 yanvar 2018-ci il tarixli qətnaməsi ilə əmlakın bölünməsinə dair qarşılıqlı iddiaları təmin edilməmişdir. Bundan sonra borcun qaytarılması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş, lakin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi onun iddiasını təmin etməmiş, bununla əlaqədar apellyasiya şikayəti də Bakı Apellyasiya Məhkəməsində təmin edilməmiş, o, kassasiya şikayəti vermiş və Ali Məhkəmə həmin işi yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarmış, Bakı Apellyasiya Məhkəməsinin 18 oktyabr 2016-cı il tarixli 2(103)-6564/2016 nömrəli qətnaməsi ilə onun iddiası təmin edilmiş və Təqsirləndirilən şəxs 177000 manat məbləğində pulun alınaraq ona verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 aprel 2017ci il tarixli 2(102)-1769/2017 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin həmin qətnaməsi qüvvəsində saxlanılmışdır. Qətnamə qanuni qüvvəyə minəndən sonra icra edilməsi üçün əvvəl Nəsimi rayon icra şöbəsinə, sonra isə Nizami rayon icra şöbəsinə getmişdir. Nəsimi rayon icra şöbəsində Təqsirləndirilən şəxs ünvan 1 ünvanında yerləşən Təqsirləndirilən şəxs məxsus 13 saylı mənzilin üzərinə həbs qoyulmuş və 30000 manat dəyərində qiymətləndirilmişdir. Təqsirləndirilən şəxs əvvəl bu evi borc əvəzinə vermək istəmiş, lakin sonra bundan da imtina etmişdir. Həmin evdə faktiki olaraq heç bir yaşayış olmamış və yaşayış üçün də yararlı olmamışdır. Həmin evə icra məmurları da baxış keçirmişlər. Təqsirləndirilən şəxs faktiki olaraq arvadı Sultanxanım Nəsibova ilə sonuncunun adına olan Bakı şəhəri, M.Rəfili küçəsində olan mənzildə birgə yaşayırlar, yəni onların boşanmaları formal xarakter daşımaqla borcu ödəməkdən yayınmaq məqsədini daşıyır. Təqsirləndirilən şəxs borcu qaytarmamaqla məhkəmənin qanuni qətnaməsini icra etmədiyi üçün Nəsimi Rayon Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli qərarı ilə İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 15 gün müddətinə inzibati qaydada həbs olunmuş, lakin Bakı Apellyasiya Məhkəməsinin 01 fevral 2022-ci il tarixli qərarı ilə həmin inzibati tənbeh qərarı ləğv edilmiş və cəzası 500 manat cərimə tənbehinə dəyişdirilmişdir. Təqsirləndirilən şəxs bu borcu ödəməyə maddi imkanı vardır, o, çox zəngin adamdır, lakin özünü yoxsul kimi göstərir və qərəzli olaraq borcu ödəmir. İfadəsinə əlavə olaraq Zərərçəkmiş şəxs göstərmişdir ki, o, Təqsirləndirilən şəxs həbs olunmasının əleyhinədir, yalnız pulunun ödənilməsini tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami rayon icra şöbəsinin icra məmuru Şahid1 ifadəsində göstərmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6564/2016 saylı, 18 oktyabr 2016-cı il tarixli icra sənədinə əsasən 177000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat olmaqla, cəmi 177030 manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. İcra sənədi 16 may 2017-ci il tarixdə Bakı şəhəri Nəsimi rayon icra şöbəsinə daxil olmuş, müvafiq qaydada icraata başlanılaraq, tərəflərə və məhkəməyə məlumat verilməsi təmin edilmişdir. Borclu tərəfindən icra sənədi qanunla müəyyən edilmiş müddət ərzində ödənilməmişdir. Belə olan halda məcburi icra tədbirlərinin həyata keçirilməsinə zərurət yaranmış, borclunun əmlak və gəlirlərinin müəyyən edilməsi məqsədi ilə sorğular verilmiş, nəticədə borclunun adına Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-7991/2014 saylı, 03 dekabr 2014-cü il tarixli iddianın təmin tədbiri barədə qərardadına əsasən üzərinə həbs qoyulmuş ünvan 2 ünvanında 13 saylı mənzilin olduğu müəyyən edilmişdir. İddianın təmin tədbiri kimi həmin əmlak üzərinə həbs qoyulduğundan, icra məmurunun 09 iyun 2017-ci il tarixli qərarı ilə qiymətləndirici dəvət edilmiş, qiymətləndirici tərəfindən əmlakın qiyməti 30000 manat müəyyən edilmişdir. Həmin qiymətlə mənzil tələbkara təklif edilmiş, tələbkar tərəfindən təklif qəbul edilmiş, lakin həmin mənzildən başqa borclunun adına yaşayış yeri olmadığı üçün mənzilin tələbkarın adına rəsmiləşdirilməsi barədə icra məmurunun təqdimatı təmin edilməmişdir. Dəfələrlə xəbərdarlıq edilməsinə, bildirişlər göndərilməsinə baxmayaraq borclu tərəfindən icra sənədinin icra edilməsi üçün hər hansı bir tədbir görülməmişdir. İcra məmuru tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmiş, Nəsimi Rayon Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli qərarı ilə borclu inzibati xətanın törədilməsində təqsirli bilinərək 15 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 01 fevral 2022-ci il tarixli qərarı ilə Nəsimi Rayon Məhkəməsinin qeyd edilən qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Nəsimi Rayon Məhkəməsinin 14 mart 2022-ci il tarixli qərarı ilə borclu inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Lakin borclu qərəzli hərəkətlərini davam etdirmiş, məsuliyyətdən yayınmaq məqsədi ilə bir neçə dəfə az miqdarda ödənişlər etsə də borcun tam ödənilməsini təmin etməmişdir. Belə ki, icra işində olan qəbzlərə əsasən borclu tərəfindən tələbkara verilməsi üçün 04 fevral 2022-ci il tarixdən 15 noyabr 2022-ci il tarixədək cəmi 2800 manat pul vəsaiti icra şöbəsinin depozit hesabına ödənilmişdir. İcra sənədi icra tədbirlərinin davam etdirilməsi üçün 28 iyun 2022-ci il tarixli qərarla Bakı şəhəri Nəsimi rayon icra şöbəsindən Bakı şəhəri Nizami rayon icra şöbəsinə göndərilmişdir. İcra işi üzrə icra hərəkətlərinin davam etdirilməsi barədə 14 iyul 2022-ci il tarixdə qərar qəbul edilmişdir. Borclu şöbəyə dəvət edilərək izahatı alınmış, icra sənədinin mahiyyəti, hüquq və vəzifələri, həmçinin məsuliyyəti barədə məlumatlandırılmış, tələbin icrası üçün müddət müəyyən edilərək, həmin müddət ərzində borcun ödənilməsinin təmin edilməyəcəyi halda barəsində toplanmış materialların cinayət işinin başlanması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndəriləcəyi barədə borcluya bildiriş təqdim edilmişdir. Lakin borclu edilən xəbərdarlıqlardan nəticə çıxarmayaraq qərəzli hərəkətlərini davam etdirmiş, icra sənədi üzrə tələbi yerinə yetirməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami rayon icra şöbəsinin böyük icra məmuru Şahid2, Şahid1la eyni məzmunlu ifadə vermişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 13 fevral 2023-cü il tarixli qərardan görünür ki, material üzrə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. (i.v. 1-2) -Bakı Apellyasiya Məhkəməsinin 18 oktyabr 2016-cı il tarixli 2(103)-6564/2016 nömrəli icra vərəqəsindən görünür ki, Təqsirləndirilən şəxs 177000 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat alınaraq Zərərçəkmiş şəxs verilməlidir. (i.v. 11) - 16 may 2017-ci il tarixli qərarın və bildirişin surətlərindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 18 oktyabr 2016-cı il tarixli 2(103)-6564/2016 nömrəli icra vərəqəsi əsasında Bakı şəhəri Nəsimi rayon icra şöbəsində icraata başlanılmışdir. Borclu Təqsirləndirilən şəxs qərarı və bildirişi 30 mart 2021-ci il tarixdə qəbul etmişdir. (i.v. 27-28) - 09 oktyabr 2014-cü il tarixli 8(006)-1353/2014 nömrəli qərardadın surətindən görünür ki, icra məmurunun təqdimatı əsasında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən borclu Təqsirləndirilən şəxs adına olan ünvan 1 ünvanında yerləşən 13 saylı mənzilin üzərinə həbs qoyulmuşdur. (i.v. 29-30) -Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 07 iyun 2021-ci il tarixli **********15 nömrəli məktubundan görünür ki, qərar icra olunaraq ünvan 1 ünvanında yerləşən 13 saylı mənzilin üzərinə həbs qoyulmuşdur. (i.v. 42) - 14 mart 2022-ci il tarixli 3(006)-384/2022 nömrəli qərarın surətindən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə 500 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. (i.v. 49-51) - 14 iyul 2022-ci il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Nəsimi rayon icra şöbəsindən daxil olmuş Bakı Apellyasiya Məhkəməsinin 18 oktyabr 2016-cı il tarixli 2(103)-6564/2016 nömrəli icra vərəqəsi üzrə Bakı şəhəri Nizami rayon icra şöbəsində icra tədbirlərinin davam etdirilməsi qərara alınmışdır. (i.v. 55) -Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 3 saylı Bakı DOST Mərkəzinin 15 noyabr 2022-ci il tarixli **********7 nömrəli arayışından görünür ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “X4” altsisteminə əsasən hazırda Təqsirləndirilən şəxs adına qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. (i.v. 61) - 09 sentyabr 2022-ci il tarixli xəbərdarlıqdan görünür ki, Bakı şəhəri Nizami rayon icra şöbəsinin icra məmuru tərəfindən borclu Təqsirləndirilən şəxs xəbərdarlıq edilərək icra sənədini icra etməyəcəyi halda barəsində toplanmış materialların Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndəriləcəyi izah edilmişdir. (i.v. 63) -Bank qəbzlərindən görünür ki, Təqsirləndirilən şəxs 18 oktyabr 2016-cı il tarixli 2(103)-6564/2016 nömrəli icra vərəqəsi üzrə 04 fevral 2022-ci il, 11 mart 2022-ci il, 29 iyun 2022-ci il, 22 iyul 2022-ci il, 27 avqust 2022-ci il, 29 sentyabr 2022-ci il və 29 oktyabr 2022-ci il tarixlərdə ümumilikdə 2800 manat pulu icra şöbəsinin depozit hesabına ödəmişdir. (i.v. 64-67) - 04 noyabr 2022-ci il tarixli xəbərdarlıqdan görünür ki, Bakı şəhəri Nizami rayon icra şöbəsinin icra məmuru tərəfindən borclu Təqsirləndirilən şəxs xəbərdarlıq edilərək icra sənədini icra etməyəcəyi halda barəsində toplanmış materialların Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndəriləcəyi izah edilmişdir. (i.v. 79) - 15 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə elan edilmiş ittiham qüvvəsində saxlanılmışdır. (i.v. 253-260) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edib, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün qismən etiraf ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 306.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə - iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” 2 oktyabr 2012-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci (hazırkı 528.1-ci) maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır. Azərbaycan Respublikası CM-nin 306-cı maddəsinin “Qeyd”inə əsasən bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası CM-nin 306.1ci maddəsində nəzərdə tutulan əməli törətmiş Təqsirləndirilən şəxs, icra tədbirləri zamanı ödənilmiş 2800 manat istisna olmaqla, cinayət işinin məhkəmənin icraatına daxil olduğu 01 may 2023-cü il tarixindən yekun məhkəmə aktının çıxarıldığı 10 avqust 2023-cü il tarixinədək qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini tam icra etməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin qeyd edilən əsasla cinayət məsuliyyətindən azad edilməsinə əsas yoxdur, ona görə onun barəsində ittihamedici hökm çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 27 fevral 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat yoxdur. (i.v. 178) - 17 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 272) -Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 3 saylı Bakı DOST Mərkəzinin 17 aprel 2023-cü il tarixli 3-17-7/2-H-16759/2023 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs 12 aprel 2023-cü il tarixdən yaşa görə 280 manat əmək pensiyası alır. (i.v. 281) -Məhkəməyə təqdim edilmiş “Bakı şəhər Baş Səhiyyə Mərkəzi” publik hüquqi şəxsin 44 nömrəli şəhər poliklinikasının 10 avqust 2023-cü il tarixli 10 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin poliklinikada 19 dekabr 2018-ci il tarixdən “Şəkərli diabet tip İİ” diaqnozu ilə dispanser qeydiyyatdadır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının 1-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iş üzrə dəymiş ziyanın bir qisminin ödənilməsini Azərbaycan Respublikası CM-nin 59.1.14-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Bununla yanaşı, məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törədərək məsuliyyətə cəlb olunmasını, əməlindən səmimi peşman olmasını, 65 yaşı tamam olmaqla pensiyaçı olmasını, “Şəkərli diabet tip İİ” diaqnozu ilə dispanser qeydiyyatda olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən 25 iyun 2003-cü il tarixli Qərarında həmçinin göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət əməli törətməsini, cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halın olmamasını, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkün olması qənaətinə gələrək, hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmamaqla barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-3.1 və 51-2.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzasını qeydiyyat və yaşayış yerləri üzrə çəkməli, cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini, habelə gün ərzində Bakı və Sumqayıt şəhərlərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırkı işlə bağlı şübhəli şəxs qismində tutulmamış, həbsdə saxlanılmamışdır. Ona görə məhkəmə hesab edir ki, cəza müddətinin hesablanması zamanı Azərbaycan Respublikası CM-nin 69-cu maddəsinin müddəalarının tətbiqi üçün əsaslar yoxdur. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli olduğundan, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, iş üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində hər hansı əşya və ya predmet tanınmamışdır; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza iş üzrə keçirilməmişdir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə qeyd edir ki, məhkəmə icraatı dövründə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi müqavilə əsasında vəkili tərəfindən həyata keçirilmişdir, ona görə Azərbaycan Respublikası CPM-nin 193-cü maddəsinin tələbləri baxımından təqsirləndirilən şəxsə pulsuz hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına vəkilə əmək haqqı ödənilməsi məsələsinin müzakirəsinə əsaslar yoxdur. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 23:00dan növbəti gün saat 07:00-dək yaşayış yerini, habelə gün ərzində Bakı və Sumqayıt şəhərlərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar