Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-341/2025 30.09.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun iştirakı ilə, təqsirləndirilən şəxs – xx.xx.1988-ci ildə Ukrayna Respublikasının Dnepropetrovsk şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Kondisioner B/Y-nın 1472 K ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşamış, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda tərkibində narkotik vasitə metadonun təsir miqdarı 0,04 qram olan 01 ədəd dərman tabletini əldə edib, daşıyaraq saxlamış, 14 yanvar 2025-ci il tarixdə saat 11:51-də Nizami RPİ-nin 24-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Nizami rayonu, C.ünvan 3 ünvanda onun üzərində keçirilmiş yoxlama zamanı əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən tərkibində narkotik vasitə olan metadonun təsir maddəsinin ümumi miqdarı 0,04 qram təşkil edən 01 ədəd blister kəsiyində 1 ədəd bozumtul-qəhvəyi rəngli dərman tableti aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs istintaqda verdiyi ifadəsində özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş ittiham üzrə təqsirli bilərək ifadəsində bildirmişdir ki, tək yaşayır, vərəm xəstəliyindən əziyyət çəkir. Əvvəllər məhkum olunmuşdur. Təxminən 7 ildir ki, müxtəlif adlarda olan narkotik vasitələrdən, psixotrop maddələrdən istifadə edir. xx.xx.2025-ci il tarixdə saat 08 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində yerləşən “Lotos” Ticarət Mərkəzinin yaxınlığında üzdən tanıdığı, lakin adını, soyadını, əlaqə telefonunu bilmədiyi şəxsdən öz istifadəsi üçün 20 manata "Metadon” adlı narkotik tərkibli dərman preparatını alaraq, həmin preparatı sonradan xəlvəti bir yerdə istifadə etmək üçün əynində olan şalvarının sağ yan cibinə qoymuşdur. Həmin gün saat 12 radələrində şəxsi işləri ilə əlaqədar olaraq Nizami rayonu, C.Naxçıvanski küçəsində yaşayış binalarının arası ilə piyada hərəkət edərkən, dörd nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini ona təqdim edib, polis əməkdaşları olduqlarını və onun narkotik maddə əldə etməkdə şübhəli olduğunu deyərək, onun üzərində yoxlama aparılacağını bildirmişdirlər. Yoxlama aparılan zaman ondan üzərində olan əşyaları təqdim etməsi təklif edilmişdir. Bundan sonra o, əynində olan şalvarın sol yan cibindən özünə məxsus “Redmi” markalı mobil telefonu, həmin şalvarın sağ yan cibindən 01 ədəd “metadon” adı ilə tanıdığı narkotik tərkibli dərman preparatını çıxarıb polis əməkdaşlarına könüllü olaraq təqdim etmiş, narkotik asılılığından qurtulmaq üçün həmin maddəni istifadə etdiyini və saxlanıldığı gün həmin maddəni tanımadığı şəxsdən aldığını bildirmişdir. Polis əməkdaşları bundan sonra onun üzərini yoxlamış və üzərindən hər hansı əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri aşağıdakılarla təsdiq olunur. Məhkəmə baxışında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞnin CA üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə Nizami RPİ-nin 24-cü PŞ-nə Həsən adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatla bağlı Nizami RPİ-nin 24-cü PŞ-nin rəisinə raportla müraciət edildikdən sonra "Əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair" qərar qəbul edilmiş, həmin qərara əsasən Həsən adlı şəxsin tutulması istiqamətində əməliyyat qrupu təşkil olunmuşdur. xx.xx.2025-ci il tarixdə saat 11:51-də ünvan 4 ünvanın qarşısında Həsən adlı şəxsə oxşayan bir nəfər kişini müşahidə edib, ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərməklə özlərini ona təqdim edib, Nizami RPİ-nin 24-cü PŞ-nin əməkdaşları olduqlarını bildirmişdirlər. Həmin şəxsdən özünü təqdim etməsini istədikdə, o, özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs daxil olmuş məlumata əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olması, üzərində yoxlama keçirilməsinin zəruri olduğu bildirilmişdir. Ona hüquq və vəzifələri və tutulduğu andan etibarən müdafiəçiyə malik olmaq hüququ izah edilmişdir. Həmin şəxs saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitə və psixotrop maddənin qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan Təqsirləndirilən şəxs saxlanıldığı yerdə üzərinə yoxlama keçirilməyə başlanılmışdır. Üzərinə yoxlama keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs paltarlarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələrin və psixotrop maddələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli şalvarın sol yan cibindən 01 ədəd “Redmi” markalı mobil telefonu, sağ arxa cibindən özünə məxsus şəxsiyyət vəsiqəsini və sağ yan cibindən 01 ədəd qəhvəyi rəngli həbi çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə keçirilən yoxlama zamanı ondan iş üçün əhəmiyyət kəsb edə biləcək heç bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş 01 ədəd üzərində “M40” yazılmış həb bir ədəd zərfə qoyulub qablaşdırılaraq yoxlamada iştirak edən polis əməkdaşları və Təqsirləndirilən şəxs tərəfindən imzalanaraq möhürlənmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞnin CA üzrə əməliyyat müvəkkilləri, polis baş leytenantı Şahid2 və polis leytenantı Şahid4 Şahid3 ilə oxşar məzmunda ifadə vermişlər. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - şübhəli şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli olduğuna görə tutulmuşdur. - əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair xx.xx.2025-ci il tarixli protokoldan və diskə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində polis əməkdaşları tərəfindən videoçəkiliş ilə yoxlama keçirilmiş, əvvəlcə ona üzərində qanunsuz olaraq əldə edilmiş hər hansı bir əşya və ya narkotik vasitə olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli şalvarının sol yan cibindən bir ədəd göy rəngli “Redmi” markalı mobil telefonu, sağ arxa cibindən özünə məxsus şəxsiyyət vəsiqəsini və sağ yan cibindən 01 ədəd qəhvəyi rəngli həbi çıxarıb təqdim edərək, həmin həbin “metadon” kimi tanıdığı narkotik vasitə olduğunu, özünün istifadəsi üçün saxlanıldığı gün Nizami rayonu ərazisində yerləşən “Lotos” Ticarət Mərkəzinin yaxınlığında tanımadığı şəxsdən 20 manata alaraq, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş “M40” metadon həbi polis əməkdaşları tərəfindən bir ədəd zərfə qoyularaq qablaşdırılmış, üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra möhürlənmişdir, yoxlama zamanı iş üçün əhəmiyyət kəsb edə biləcək başqa hər hansı əşya aşkar edilməmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş materialların məhkəmə ekspertizasının xx.xx.2025-ci il tarixli, 6/193 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 164” möhür əksi və “saxlanılan Təqsirləndirilən şəxs...” əl yazıları və s. adlar, soyadlar, imzalar olan zərfdəki 01 ədəd bister kəsiyində 01 ədəd bozumtul-qəhvəyi rəngli dərman tabletinin tərkibində təsiredici maddəsinin miqdarı 0,04 qram olan narkotik vasitə-metadon müəyyən edilmişdir. - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. - vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında İŞ-nin müstəntiqi Nəriman Əzizovun vəsatətinin müdafiə edilməsindən imtina edilmişdir və Təqsirləndirilən şəxs MSY-dən azad edilmişdir. - qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. - sübutların qiymətləndirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş üzərində “M40” yazısı olan bir ədəd həb iş üzrə maddi sübut kimi tanınmış, tədqiqatdan sonra qalan 0,5 tablet metadon həbi saxlanılması üçün Nizami RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. Yoxlama zamanı çəkilmiş videogörüntünün olduğu bir ədəd “CD” disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 X2-Narkoloji tibbi yoxlamanın xx.xx.2025-ci il tarixli, 245 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına görə siyahıların təsdiq edilməsi haqqında “Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən dərman preparatı kimi beynəlxalq adı “Metadon” olan maddə narkotik maddədir, onun 0,02 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarının 4-cü və 5-ci bəndlərinə əsasən məhkəmələrə izah edilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə müəyyən olunmuşdur. Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə vəfat etmişdir. Təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Lakin Təqsirləndirilən şəxs öldüyündən onun barəsində olan cinayət işinin icraatına xitam verilməlidir. Belə ki, elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə) başlanmış cinayət təqibinə xitam verilməlidir (başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-1-ci maddəsinə əsasən məhkəmə baxışının gedişində cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xitam verilməsinə ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçinin razılığı ilə yol verilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına təqsirləndirilən şəxs öldüyündən xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Azərbaycan Respublikası CPM-nin 346.1.19-346.1.20-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri xitam olunmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən iş üzrə maddi sübut olan və Bakı şəhəri Nizami RPİ-də saxlanılan ½ hissə narkotik vasitə metadon həbi hökm qanuni qüvvəyə mindikdən sonra məhv olunmalı; məhkəmə məsrəfi olan 110 manat ekspertiza xərci dövlət büdcəsi hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iştirak etdiyi müddət cəmi 37 iş saatı müddətinə bərabər olmaqla, 4 iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 24 manat (4x6) məbləğində, 33 iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli qərarına əsasən hüquqi yardım haqqı 11 (on bir) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 363 manat (33x11) məbləğində, cəmi 387 (üç yüz səksən yeddi) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39.1.5, 43.3, 344-347, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və cinayət işinin icraatına Azərbaycan Respublikasının CPM-nin 39.1.5-ci maddəsinə əsasən xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri xitam olunsun. Cinayət işi üzrə maddi sübut olan və Bakı şəhəri Nizami RPİ-də saxlanılan ½ hissə narkotik vasitə metadon həbi qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə maddi sübut olan bir ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 110 (bir yüz on) manat ekspertiza xərci Dövlət Büdcəsindən tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, hesab AZ34CTRE******************** hesabına keçirilsin. Təqsirləndirilən şəxs 37 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi 387 (üç yüz səksən yeddi) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə qərar müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №1(007)-341/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-341/2025
30.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver