Məhkəmə qərarları › İş №1(007)-342/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-342/2021

30.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-342/2021 30.11.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Azadəli Orhan Nasir oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Mirzəyev Ceyhun Namiq oğlunun, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs1, müdafiəçilər - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkilləri X2 oğlunun və Müdafiəçi2, təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Eldar oğlunun iştirakı ilə, təqsirləndirilən şəxs – xx.xx.1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, 03.08.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 05.08.2021-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə, təqsirləndirilən şəxs – xx.xx.1977-ci ildə Tər-Tər rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Tər-Tər şəhəri, S.Qurbanov küçəsi, ev 22 ünvanında qeydiyyatda olan, 14.08.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 16.08.2021-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli olaraq talama məqsədilə 14 iyun 2021-ci il tarixdən 10 iyul 2021-ci il tarixədək olan müddət ərzində kirayədə yaşadığı Zərərçəkmiş şəxs1 məxsus ünvan 2 ünvanından 100 manat dəyərində 01 ədəd “Vestel” markalı televizoru, 60 manat dəyərində 01 ədəd “Evro Max” markalı peyk antenasının aparatını, 160 manat dəyərində 01 ədəd jurnal masasını, 800 manat dəyərində 01 ədəd kondisioneri, 1250 manat dəyərində 01 ədəd soyuducunu, 750 manat dəyərində 01 ədəd “Samsung” markalı paltaryuyan maşını, 250 manat dəyərində 01 ədəd paltar dolabını, 350 manat dəyərində 01 ədəd tozsoranı, 130 manat dəyərində 01 dəst divan və kreslo örtüyünü, ümumi dəyəri 624 manat olan 3 ədəd radiatoru, ümumi dəyəri 520 manat olan 2 ədəd çarpayını, ümumi dəyəri 1700 manat olan 3 ədəd xalçanı, ümumi dəyəri 80 manat olan gündəlik çəngəl, bıçaq, boşqab və stəkan dəstini gizli olaraq talayıb “Tap.az” sosial şəbəkəsində şəxsiyyəti istintaqa məlum olmayan müxtəlif şəxslərə sataraq ümumilikdə zərərçəkmiş Zərərçəkmiş şəxs1 6774 (altı min yeddi yüz yetmiş dörd) manat məbləğində, xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 12 iyul 2021-ci il tarixdə saat 23:39 radələrində Azərbaycan Respublikası Təhsil Nazirliyinin ünvan 3 ünvanında yerləşən 250 saylı tam orta məktəbin plastik pəncərəsini özü ilə gətirdiyi dəmir parçası ilə açıb binaya qanunsuz daxil olaraq məktəbin ikinci mərtəbəsində yerləşən sinif otaqlarından hər birinin dəyəri 60 manat olan, ümumi dəyəri 300 manat olan 05 ədəd istilik radiatorunu gizli olaraq talayıb zərərçəkmiş şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinə ümumilikdə 300 manat miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında 16 iyul 2021-ci il tarixdə saat 22 radələrində sonuncu ilə birlikdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin ünvan 3 ünvanında yerləşən 250 saylı tam orta məktəbinə gəlib, əvvəlcədən aralarında olan cinayətkar razılığa əsasən Təqsirləndirilən şəxs2 onun gizli olaraq talayacağı radiatorları məktəbin pəncərəsindən çıxarmasına köməklik etmək məqsədilə məktəbin həyətində dayanmış, o isə özü ilə gətirdiyi dəmir parçası ilə məktəbin plastik pəncərəsini açıb binaya qanunsuz daxil olaraq məktəbin birinci mərtəbəsində yerləşən sinif otaqlarından hər birinin dəyəri 60 manat olan, ümumi dəyəri 240 manat olan 04 ədəd istilik radiatorunu gizli olaraq talayıb radiatorların satışından əldə etdikləri pulu öz aralarında bölməklə zərərçəkmiş şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinə ümumilikdə 240 manat miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında 16 iyul 2021-ci il tarixdə saat 22 radələrində Azərbaycan Respublikası Təhsil Nazirliyinin ünvan 3 ünvanında yerləşən 250 saylı tam orta məktəbinə gəlib, əvvəlcədən aralarında olan cinayətkar razılığa əsasən o, Təqsirləndirilən şəxs1 gizli olaraq talayacağı radiatorları məktəbin pəncərəsindən çıxarmasına köməklik etmək məqsədilə məktəbin həyətində dayanmış, Təqsirləndirilən şəxs1 isə özü ilə gətirdiyi dəmir parçası ilə məktəbin plastik pəncərəsini açıb binaya qanunsuz daxil olaraq məktəbin birinci mərtəbəsində yerləşən sinif otaqlarından hər birinin dəyəri 60 manat olan, ümumi dəyəri 240 manat olan 04 ədəd istilik radiatorunu gizli olaraq talayıb radiatorların satışından əldə etdikləri pulu öz aralarında bölməklə zərərçəkmiş şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinə ümumilikdə 240 manat miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs1 özünü ona elan olunmuş Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, o, 250 nömrəli tam orta məktəbin birinci mərtəbəsinin pəncərəsini dəmir parçası ilə açaraq məktəbə daxil olub sinif otaqlarından 5 ədəd istilik radiatorunu sökərək götürmüşdür. Həmin radiatorları metal qəbulu ilə məşğul olan Tofiqə satmışdır. Bundan başqa o, yenidən Söhrabla birlikdə 250 nömrəli tam orta məktəbə getmişdir. O, yenə məktəbin pəncərəsini dəmir parçası ilə açaraq məktəbə daxil olub 4 ədəd istilik radiatorunu sökərək Söhraba vermiş, Söhrab da radiatorları yerə yığmışdır. O, həmin radiatorları da Tofiqə satmışdır. O, kirayədə yaşadığı ünvan 2 ünvanında olan əşyaları tanımadığı şəxslərə satmışdır. Əməlindən peşmandır. Məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs2 özünü ona elan olunmuş Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, Elnurla birlikdə 250 nömrəli tam orta məktəbin həyətinə getmişlər, Elnur pəncərədən məktəbə daxil olmuş, o, həyətdə gözləmişdir. Elnur istilik radiatorlarını pəncərədən ona vermiş, o da radiatorları daşımaqda Elnura kömək etmişdir. Oğurluq nəticəsində o, gəlir əldə etməmiş, hər-hansı bir məbləğdə pul almamışdır. Əməlindən peşmandır. Məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qeyd edilən əməli törətməkdə təqsirləri öz ifadələri ilə yanaşı aşağıdakılarla da təsdiq olunur. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 51 saylı evin 53 saylı mənzilini Təqsirləndirilən şəxs1 kirayəyə vermişdir. 18.06.2021-ci il tarixdən Elnur həmin mənzildə yaşamağa başlamışdır. Müqavilə üçün tələb etdiyi sənədləri Elnurdan dəfələrlə tələb etsə də Elnur müxtəlif bəhanələr gətirmişdir. Bir müddət sonra Elnurla əlaqə saxlaya bilməmişdir. O, Elnurun zənglərinə cavab vermədiyini görüb həmin mənzilə gedərək qapını döysə də qapını açan olmamışdır. O, üzərində olan mənzilin giriş qapısını ehtiyat açarı ilə açmaq istəsə də qapını aça bilməmişdir. O, qonşulardan bu barədə soruşan zaman qonşular ona kirayə verdiyi mənzildə Elnur yox, binanın həyətində meyvətərəvəz yerində işləyən şəxsin yaşadığını bildirmişlər. O, həyətə düşüb həmin şəxslə danışan zaman məlum olmuşdur ki, Elnur onlara məxsus mənzili 250 manat aylıq ödənişlə həmin şəxsə kirayə vermişdir. O, həmin şəxsdən mənzilin yeni açarını götürüb mənzilə daxil olan zaman evində olan əşyaların yerində olmadığını görmüş, bu barədə həmin şəxsdən soruşduqda ona Elnurun mənzili kirayə verən zaman boş vəziyyətdə olduğunu bildirmişdir. O, Elnurun mənzilində olan əşyaları oğurladığını başa düşmüşdür. Buna görə də DİN-nin 102 xidmətinə zəng vuraraq baş vermiş hadisə barədə məlumat vermişdir. Oğurluq nəticəsində ona ümumilikdə 6774 manat maddi ziyan dəymişdir. Ona dəymiş ziyan ödənilməmişdir. Təqsirləndirilən şəxs1 qarşı şikayəti vardır. Məhkəmədən Təqsirləndirilən şəxs1 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxışında zərərçəkmiş - mülki iddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi Nümayəndə izahatında göstərmişdir ki, ünvan 5 ünvanında yerləşən 250 nömrəli tam orta məktəbdə direktor vəzifəsində işləyir. O, 22 iyul 2021-ci il tarixdən məzuniyyətdə olmuş və onun səlahiyyətlərini məktəbin təsərrüfat işləri üzrə direktor müavini Şahid1 icra edir. 03 avqust 2021-ci il tarixdə Sevda xanım ona zəng edərək məktəbin bir neçə sinif otağından ümumilikdə 9 ədəd istilik radiatorlarının oğurlanması barədə məlumat vermişdir. O, bu barədə polisə məlumat verməyini bildirmişdir. Oğurluq nəticəsində ümumilikdə 540 manat maddi ziyan dəymişdir. İstilik radiatorları qaytarılsa da yararsız vəziyyətdə olduğundan istifadə etmək mümkün olmamışdır. Məhkəmədən mülki iddianın təmin edilməsini, 540 manat məbləğində vurulmuş maddi ziyanın Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutularaq Bakı şəhəri üzrə Təhsil İdarəsinin xeyrinə ödənilməsini xahiş etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, əlvan metal və plastmas materiallarının qəbulu və satışı ilə məşğul olur. 2021-ci ilin iyul ayının ortalarında Elnurdan 05 ədəd ümumi otaq qızdırıcı radiatorlarını bir kiloqramını 1 manat 50 qəpik olmaqla ona ümumilikdə 112 manat 50 qəpik pul verərək almışdır. Həmin gündən bir neçə gün sonra Elnur yenə də işlədiyi yerə gələrək 04 ədəd ümumi otaq qızdırıcı radiatorlar gətirib, bir kiloqramını 1 manat 50 qəpik pula razılaşaraq, ümumilikdə 90 manat pul verərək almışdır. O, həmin radiatorları haradan əldə etdiyini soruşduqda Elnur ona Bilgəh qəsəbəsində usta işlədiyi evin sahibi imkanlı olduğu üçün radiatorları dəyişdiyini və həmin radiatorları da ona verdiyini bildirmişdir. O, Elnurdan aldığı radiatorları sata bilmədiyi üçün əlvan metal qəbul etdiyi yerdə saxlamışdır. 03 avqust 2021-ci il tarixdə polis əməkdaşları işlədiyi əlvan-metal qəbulu sexinə gələrək həmin radiatorların oğurluq olduğunu dedikləri zaman o, həmin radiatorların oğurluq olduğunu bilmiş və həmin radiatorları polis əməkdaşları ondan götürmüşlər. İş üzrə Şahid2 məhkəməyə teleqram vuraraq istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Şahid2 istintaqda verdiyi ifadəsində göstərmişdir ki, ünvan 6 ünvanında yerləşən məhəllədə meyvə-tərəvəz mağazasında satıcı kimi işləyir. İyun ayının sonlarında bir nəfər cavan oğlan adının sonradan Təqsirləndirilən şəxs1 öyrəndiyi şəxs tez-tez onların mağazasından alış-veriş etmişdir. Həmin şəxslə söhbət əsasında kirayə ev axtardığını demişdir. Həmin şəxs isə işlədiyi yerin qarşısındakı binada qaldığını, həmin evin qardaşına məxsus olduğunu, evi ona kirayə verə biləcəyini demişdir. O, həmin şəxsə inanmış və aylıq 250 manat qarşılığında həmin evi kirayə götürəcəyinə razılaşmışdır. O, Elnurun göstərdiyi ünvan 2 ünvanına baxmış və evin əşyasız olduğunu görmüşdür. Həmin şəxs ona ev əşyalarını tezliklə gətirəcəyini demiş və mənzilin açarını dəyişməyi ona tapşırıb yanından getmişdir. O, həmin şəxsə 250 manat pul verib həmin şəxslə razılaşmışdır. Elnur ondan şəxsiyyət vəsiqəsinin surətini və nikah haqqında şəhadətnamənin surətini istəmişdir. Bir müddət sonra o, Elnura dəfələrlə zəng etsə də Elnur onun zənglərinə cavab vermədiyi üçün Elnurla əlaqə saxlaya bilməmiş və həmin mənzildə yaşamağa başlamışdır. 10 iyul 2021-ci il tarixdə axşam saatlarında tanımadığı bir nəfər şəxs adının sonradan Zərərçəkmiş şəxs1 olduğunu öyrəndiyi şəxs mağazaya yaxınlaşaraq həmin mənzilin özünə məxsus olduğunu deyib mənzilin açarının onda niyə olduğunu soruşmuşdur. O, məsələni həmin şəxsə danışmış və həmin vaxt ona məlum olmuşdur ki, Elnur adlı şəxs onu və həmin şəxsi aldatmaqla özünə məxsus olmayan, özünün də kirayədə yaşadığı ünvan 2 ünvanını ona kirayəyə vermişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanması və icraata qəbul olunması haqqında 03.08.2021-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq icraata qəbul olunmuşdur. - 03.08.2021-ci il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. - zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanınma haqqında 04.08.2021-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsi zərərçəkmiş şəxs qismində, Nümayəndə isə nümayəndəsi qismində tanınmışdır. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 4(007)-222/2021 saylı, 05.08.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. - 14.08.2021-ci il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 16.08.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 4(007)-235/2021 saylı, 16.08.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 2 ay 17 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir. - cinayət işinin başlanması və icraata qəbul olunması haqqında 16.08.2021-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq icraata qəbul olunmuşdur. - 14.09.2021-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə olan ********* saylı cinayət işi Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə olan ********* saylı cinayət işinə birləşdirilmiş, ********* saylı cinayət işinin materialları və Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilmişdir. - zərərçəkmiş şəxs qismində tanınma haqqında 16.08.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 03.09.2021-ci il tarixli, 9/5637 saylı rəyinin nəticə hissəsindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd üzərində markalanma göstəricilərinə dair heç bir məlumat olmayan 10 seksiyalı istilik radiatorunun istifadədə olması nəzərə alınmaqla 2021-ci ilin iyul ayına olan orta bazar qiyməti təxminən 60,0 manat, təqdim edilmiş nümunə əsasında 9 ədədi 540,0 manat (9x60) müəyyən edilir. - sübutların qiymətləndirilməsi haqqında 18.09.2021-ci il tarixli qərardan görünür ki, iş üzrə 09 ədəd istilik radiatorları maddi sübut kimi tanınmış və zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə təhvil verilmişdir. ünvan 5 ünvanında yerləşən 250 saylı tam orta məktəbdən oğurluq edən Təqsirləndirilən şəxs1 görüntülərini özündə əks etdirən 01 ədəd “DVD” disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. - təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 18.09.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə ittiham elan edilmişdir. - təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 18.09.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə ittiham elan edilmişdir. - nikah haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs1 evlidir və 18.04.2013-cü il təvəllüdlü Məmmədova Dəniz, 09.09.2014-cü il təvəllüdlü Məmmədov Əziz və 26.11.2015-ci il təvəllüdlü Məmmədov Elmir adlı 3 azyaşlı uşağı vardır. - Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs2 evlidir və 28.08.2009-cu il təvəllüdlü Rüstəmli Nicat və 08.08.2012ci il təvəllüdlü Rüstəmli Əli adlı iki yetkinlik yaşına çatmayan uşağı vardır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 30.10.2021-ci il tarixli tələbnamələrdən görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkumluğu barədə məlumat yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair ” 09 iyun 2011-ci il tarixli Qərarında Plenum CM-in 177.2.3-cü maddəsində əksini tapan “başqa saxlanc yerləri” və həmin “saxlanc yerlərinə qanunsuz daxil olma” ifadələrinə aydınlıq gətirərək qeyd etmişdir ki, “daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Nəzərə alınmalıdır ki, daxil olmaya, həmçinin şəxsin bilavasitə nəzərdə tutulmuş yerlərə girmədən müxtəlif vasitələrdən (qarmaqdan, maqnitdən, öyrədilmiş heyvanlardan, habelə anlaqsız, azyaşlı və ya vicdanlı surətdə yanılmış şəxslərdən) istifadə etməklə binada, anbarda, habelə digər saxlanc yerlərində olan əşyaları götürməsi də aiddir. Daxil olma məqsəd deyil, təqsirli şəxsin götürmək istədiyi əşyaları əldə etmək üçün bir vasitədir. Şəxsin yuxarıda göstərilən yerlərdən maddi nemətləri götürmək niyyəti həmin yerlərə daxil olmaqdan əvvəl yaranmalıdır, əks təqdirdə daxil olma əlaməti yaranmayacaqdır. Başqa saxlanc yerlərinə dəyəri olan maddi nemətlərin xarab olmaqdan, məhv olmaqdan, talanmaqdan, təbiət hadisələrindən qorunması məqsədi ilə daimi və yaxud müvəqqəti saxlanılması üçün nəzərdə tutulmuş xüsusi qurğu, yer və ya ərazi sahəsi aid edilir. Başqa saxlanc yerlərinə, eləcə də hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş seyflər, vaqonlar və ya başqa cür mühafizə ilə təmin edilmiş, mülkiyyət formasından asılı olmayan yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri və s. aiddir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında Plenum qərara almışdır ki: 2.Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir... 7.Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir.... 10. Özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək,cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər hansı icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Hökmdə törədilmiş cinayətin hər bir icraçısının və digər iştirakçısının (təşkilatçılarının, təhrikçilərinin, köməkçilərinin) barəsindəki sübutlara qiymət verilməlidir.... 11. CM-nin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar CM-nin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün CM-nin 32-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur....18.Şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər, CM-nin 16.2-ci maddəsinə müvafiq olaraq, CM-nin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş «təkrar» törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir. Təqsirkarın iradəsindən asılı olmayaraq cinayət başa çatmadıqda da məsələyə bu mövqedən yanaşılmalıdır.” Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə ittiham irəli sürülmüş və əməli həmin maddələr ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Beləliklə, məhkəmə iclasında Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 6774 manat məbləğində əmlakını, təkrarən 250 saylı tam orta məktəbə qanunsuz daxil olaraq zərərçəkmiş Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinin 300 manat məbləğində əmlakını və qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən 250 saylı tam orta məktəbə qanunsuz daxil olaraq zərərçəkmiş Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinin 240 manat məbləğində əmlakını gizli talayaraq oğurlaması tədqiq edilmiş mötəbər və mümkün sübutların məcmusu ilə tamamilə sübuta yetirildi. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla Təqsirləndirilən şəxs1 tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir. Təqsirləndirilən şəxs1 cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığından Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə ittiham irəli sürülmüş və əməli həmin maddələr ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Beləliklə, məhkəmə iclasında Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında 250 saylı tam orta məktəbə qanunsuz daxil olaraq zərərçəkmiş Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinin 240 manat məbləğində əmlakını gizli talayaraq oğurlaması tədqiq edilmiş mötəbər və mümkün sübutların məcmusu ilə tamamilə sübuta yetirildi. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla Təqsirləndirilən şəxs2 tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir. Təqsirləndirilən şəxs2 cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığından Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri əməl az ağır cinayət hesab olunur. Məhkəmə, Təqsirləndirilən şəxs1 ilk dəfə cinayət əməli törətməsini, törətdiyi əməli etiraf etməsini, əməlindən peşman olmasını, evli olmasını, 3 azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs1 barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, qəsdin obyektini mülkiyyət münasibətləri təşkil etməsini nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün barəsində cəmiyyətdən təcrid olunmaqla azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən az ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilir. Ona görə də, Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət əməli törətməsini, törətdiyi əməli etiraf etməsini, əməlindən peşman olmasını, evli olmasını, himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs2 cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 №li qərarında göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs2 barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, cəzasını yüngülləşdirən halları, qəsdin obyektini mülkiyyət münasibətləri təşkil etməsini nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən Təqsirləndirilən şəxs2 14.08.2021-ci il tarixdən 30.11.2021-ci il tarixədək 3 ay 16 gün həbsdə saxlanılması həbsdə saxlamanın bir gününü azadlığın məhdudlaşdırılmasının iki gününə hesablayaraq nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Tər-Tər şəhəri, S.Qurbanov küçəsi, ev 22 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Tər-Tər rayonunu tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1.19-346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli; Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanaraq cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı həbs etmənin əvvəlindən, yəni 03.08.2021-ci il tarixdən hesablanmalı; Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək hökm qanuni qüvvəyə minənədək barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməli və məhkəmə iclas zalından dərhal azad edilməli; Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı; Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan 50 (əlli) manat ekspertiza xərcinin 25 (iyirmi beş) manatı Təqsirləndirilən şəxs1 və 25 (iyirmi beş) manatı Təqsirləndirilən şəxs2 tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilməli; Azərbaycan Respublikası CPM-nin 132.1.5-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan 09 ədəd istilik radiatorları zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə qaytarılmış hesab edilməli; Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən iş üzrə maddi sübut olan 1 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikasının CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Azərbaycan Respublikasının CPM-nin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: - ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Məhkəmə hesab edir ki, mülki iddia təmin edilməli, Təqsirləndirilən şəxs1 420 manat və Təqsirləndirilən şəxs2 120 manat tutularaq zərərçəkmiş - mülki iddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinə ödənilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2—193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkillərin ibtidai istintaqda iştirak etdikləri müddət 40 iş saatı və məhkəmədə iştirak etdikləri müddət 30 iş saatı, cəmi 70 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla hər birinə 420 (dörd yüz iyirmi) manat (70x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə müdafiəçilər X1 və Müdafiəçi2 dövlət büdcəsi hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 03.08.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 14.08.2021-ci il tarixdən 30.11.2021-ci il tarixədək 3 ay 16 gün həbsdə saxlanılması nəzərə alınmaqla həbsdə saxlamanın bir gününü azadlığın məhdudlaşdırılmasının iki gününə hesablayaraq üzərində 2 (iki) il 4 (dörd) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın və cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilsin. Hökm qanuni qüvvəyə minənədək barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından dərhal azad edilsin. Təqsirləndirilən şəxs2 üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Tər-Tər şəhəri, S.Qurbanov küçəsi, ev 22 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Tər-Tər rayonunu tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Probasiya İdarəsinə həvalə edilsin. Mülki iddia təmin edilsin, Təqsirləndirilən şəxs1 420 manat və Təqsirləndirilən şəxs2 120 manat tutularaq zərərçəkmiş - mülki iddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinə ödənilsin. Cinayət işi üzrə maddi sübut olan 09 ədəd istilik radiatorları zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə qaytarılmış hesab edilsin. Cinayət işi üzrə maddi sübut olan 1 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 50 (əlli) manat ekspertiza xərcinin 25 (iyirmi beş) manatı Təqsirləndirilən şəxs1 və 25 (iyirmi beş) manatı Təqsirləndirilən şəxs2 tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına keçirilsin. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birinə istintaqda 40 saat, məhkəmədə 30 saat, cəmi 70 saat göstərdikləri pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçilər X1 və Müdafiəçi2 Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə hər birinə 420 (dörd yüz iyirmi) manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar