Məhkəmə qərarları › İş №1(007)-342/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-342/2024

20.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-342/2024 20.08.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, müdafiəçi- Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs: xx.xx.1979-cu ildə Füzuli rayonu, Yuxarı Əbdürrəhmanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Füzuli rayonu, Yuxarı Əbdürrəhmanlı kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 19 iyul 2023-cü il tarixdə idarə etdiyi “Toyota Prius” markalı, **- VE-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti göstərən zaman müştəri qismində sifariş vermiş Zərərçəkmiş şəxs onunla kobud danışması səbəbindən sonuncunu sifariş verdiyi ünvana aparmaqdan imtina etməsi ilə bağlı ünvan 2 ünvanında yerləşən “8ci kilometr bazarı”-nda Zərərçəkmiş şəxslə aralarında baş vermiş mübahisə və münaqişə bitdikdən sonra həmin tarixdə saat 11:03 dəqiqədə ictimai yer olan ünvan 2 ünvanında yerləşən həmin bazarın qarşısında Zərərçəkmiş şəxs bazardan çıxmasını görüb sonuncuya yaxınlaşaraq heç bir əsaslı səbəb olmadan özünün şəxsiyyətini Zərərçəkmiş şəxs şəxsiyyətinin fövqündə qoyaraq ictimai və şəxsi mənafeyə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərərək ətrafda olan şəxslərin narahatçılığına səbəb olmaqla Zərərçəkmiş şəxs yerə yıxıb qəsdən əli ilə bir neçə dəfə sonuncunun üz nahiyəsinə vurub Zərərçəkmiş şəxs ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid burun çəpərinin sınığı, burun belinin, üst dodağın sıyrıqlarından ibarət xəsarətlər yetirərək qərəzli hərəkətləri ilə xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə baxışında özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilməyərək göstərmişdir ki, o, özünə məxsus “Toyota Prius” markalı avtomobillə “Bolt” şirkətində taksi fəaliyyəti ilə məşğul olur. 19 iyul 2023-cü il tarixdə saat 11:00 radələrində “8-ci kilometr” bazarına sifariş qəbul etmişdir. Həmin ünvana çatmış, sərnişin qismində ön oturacaqda əyləşən şəxsdən əl yükünün olub-olmamasını soruşduqda o, yükünün olmamasını bildirmişdir. Buna görə ona əl yükü olmadığı təqdirdə tıxac və sıxlığa görə bir qədər bazarın kənarına çıxmasını bildirmiş, adı sonradan ona məlum olan Samir isə cavabında “borcundu məni aparmaq” deyə bildirmişdir. Buna görə o, Samirə avtomobildən düşməsini və onu heç bir yerə aparmayacağını bildirmişdir. Samir avtomobildən düşən vaxt onu nalayiq sözlərlə təhqir etmiş və onun arxasınca gəlməsini bildirmişdir. O, Samirin yaxınlıqda yerləşən “8-ci kilometr” bazarında giriş-çıxışı olan meyvə-tərəvəz mağazasının içərisinə daxil olmasını görüb ona hara getməsini və kimi üstünə çağırmasını soruşmuş, Samir onu orada gözləməsini və geri qayıdacağını bildirmiş, heç bir dəqiqə keçməmiş Samir üç nəfər şəxslə tərəvəz mağazasının yanına gəlmişdir. Samirin yanında olan şəxslər ondan hadisə barədə soruşduqda onlara baş vermiş hadisəni bildirmiş, bu zaman anidən Samir yumruqla onun sifət nahiyəsindən bir dəfə vurmuş və o, üzünü tutmuşdur. Həmin vaxt Samirin yanında olan şəxslərdən biri təpiklə onun ayaq nahiyəsinə vurmuşdur, lakin heç bir bədən xəsarəti almamışdır. Həmin vaxt ətrafda olan tanımadığı şəxslər onları ayırmışlar. Təxminən 2-3 dəqiqə sonra bir nəfər şəxs onlara yaxınlaşıb Samirin atası olmasını bildirərək, oğlunun yerinə ondan üzr istəmişdir. O, isə onun deyil, oğlunun ondan üzr istəməsini tələb etmişdir. Lakin Samir ondan üzr istəməmişdir. Avtomobili yolun hərəkət hissəsində qaldığı üçün onu yolun kənarına çəkib geri qayıdacağını bildirmiş, avtomobili yolun kənarında park edib geri bazara qayıdan vaxt yolun kənarı ilə Samirin tanımadığı bir nəfər ilə piyada getməsini görüb yaxınlaşaraq, hara getməsini və onu nə səbəbə vurmasını soruşduqda Samir ona “əcəb edib vurmuşam” deyə bildirərək, onu vurmaq istədikdə əyilərək əli ilə bir dəfə Samirin sifət nahiyəsinə vurmuşdur. Samirin yanında olan şəxs onları ayırmışdır. Samirin atası Raic və tanımadığı şəxslər onlara yaxınlaşmış, sonra o, oradan uzaqlaşaraq, avtomobilinin yanına getmiş, avtomobilin yanında olan vaxt Samirin atası Raic yaxınlaşıb oğlunu vurduğu üçün ona əl-qol hərəkətləri atsa da, geri çəkildiyi üçün ona hər hansı bir xəsarət yetirə bilməmişdir. Samirlə aralarında ilk dəfə baş vermiş mübahisə vaxtı yanında gələn şəxslərdən biri də orada olmuş, həmin vaxt yaxınlıqda xidmət aparan polis sahə inspektoru hadisə yerinə gəlib onu öz xidməti otağına aparmış, xidməti otaqdan çıxdıqdan sonra o, yaxınlıqda saxladığı avtomaşınına əyiləşib oradan getmək istədikdə, Samirin atası Raic qapını açıb yanında əyləşərək, onu nalayiq sözlərlə təhqir edərək, əli ilə boğaz nahiyəsindən tutub sıxaraq ona xəsarət yetirmiş, polis sahə inspektoru hadisə yerində olduğu üçün hadisə yerinə polis nəfərlərini çağırıb onları Nizami RPİ-nin 24-cü polis şöbəsinə aparmışdır. Məhkəmədən ailənin yeganə qazanc gətirəni olmasının nəzərə alınmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri aşağıdakılarla təsdiq olunur. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 19 iyul 2023-cü il tarixdə saat 11:00 radələrində həkimə getmək üçün mobil telefonu vasitəsi ilə “Bolt” taksi şirkətinin mobil tətbiqindən taksi sifariş etmiş, bir qədər keçmiş yaşadığı binanın qarşısına “Toyota Prius” markalı avtomobil gəlmiş, avtomobilin sürücüsü yükü olub-olmamasını soruşduqda ona yükünün olmamasını bildirmiş, sürücü yolun tıxac olmasını deyib, sifariş etməmişdən əvvəl yükü olmamasını bildirməli olmasını ona irad bildirib, tək onun üçün tıxac ilə həmin ünvana gəlməsini bildirsə də, onun sözlərinə fikir verməyərək avtomobilə əyləşib getməyi xahiş etmişdir. Sürücü təxminən 2-3 metr hərəkət etdikdən sonra yenə əsəbi halda onun sifarişinə tıxacla gəldiyini dedikdə, ona cavab olaraq tıxacın olmasının onun problemi olmamasını bildirmiş, taksi sürücüsü avtomobili saxlayıb sifarişə imtina edərək onu aparmayacağını dedikdə onu aparamağa borclu olduğunu bildirib avtomaşından düşmüş, taksi sürücüsü ona dediyi sözdən əsəbləşərək avtomobildən düşüb yanına gələrək onunla sözlü mübahisə etmişdir. Yaxınlıqda yerləşən “8-ci kilometr” bazarında atası Nümayəndə meyvə-tərəvəz satışı ilə məşğul olduğu üçün taksi sürücüsünə orada onu gözləməsini, atasını çağırıb ondan nə səbəbdən onu aparmamasını soruşacağını bildirmiş, oradan uzaqlaşıb atasının yanına gedən vaxt taksi sürücüsü arxası ilə gəlib ona dediyi “borcundu məni aparmaq” sözü xoşuna gəlmədiyi üçün onunla sözlü mübahisə etməyə davam etmiş və arxası ilə bazarın içərisinə daxil olmuş, bazarda meyvə-tərəvəz mağazasının içərisindən atasının mağazasına gedən zaman taksi sürücüsü arxası ilə gəlib əlini ona qaldıranda onu vuracağından ehtiyat edib əli ilə bir dəfə sol göz nahiyəsinə vurmuş, sonra ətrafda olan tanımadığı kənar şəxslər və hadisə baş verən mağazanı işlədən şəxs onları ayırmışlar. Həmn vaxt atası səs-küyü eşidib onların yanına gəlmiş, həmin şəxs atasına oğlunun onu vurmasını dedikdə atası ona “uşaqdı, mən onun adından üzr istəyirəm” deyə bildirmiş və həmin şəxs oradan çıxıb getmişdir. Təxminən 15-20 dəqiqə sonra atasının mobil telefonu ilə həkimə getmək məqsədi ilə “Bolt” taksi şirkətinin mobil tətbiqi vasitəsi ilə yenidən yaşadığı binanın yanından getmək üçün sifariş vermişdir. Taksi gələnə kimi üzərində mobil telefonu olmadığı üçün qardaşı İsadan istifadə etdiyi mobil telefonunu qısa müddətə ondan almaq məqsədi ilə yaşadığı binanın yanına getmiş, qardaşı ilə binanın yaxınlığında görüşüb mobil telefonu ondan alıb orada sifariş verdiyi taksini gözləyən zaman arxa tərəfdən onu kiminsə çağırmasını eşitmiş, arxaya dönüb baxdıqda onunla mübahisə edən sonradan adını bildiyi Qəfər adlı taksi sürücüsünün olduğunu görmüşdür. Qəfər onun yanına yaxınlaşıb heç bir söz demədən əli ilə iki dəfə burun nahiyəsinə, sonra digər əli ilə bir dəfə sağ çiyin nahiyəsinə və hər iki əli ilə bədəninin müxtəlif nahiyələrinə vuraraq onu yerə yıxmış, həmin vaxt qardaşı onları ayırmaq istədikdə Qəfər qardaşını əli ilə kənara itələmiş, qardaşı yerə yıxılmışdır. Ətrafda olan tanımadığı şəxslər onları ayırmış, təxminən 3-4 dəqiqə sonra atası həmin yerə gəlib burnundan qan gəldiyini görüb soruşduqda, bir qədər əvvəl bazarda tərəvəz mağazasının içərisində onunla mübahisə edən taksi sürücüsü tərəfindən döyülməsini bildirmişdir. Burnundan qan gəldiyi üçün atası onu və qardaşı İsanı evə göndərmiş, sonra atası ilə həmin şəxsin arasında baş verən mübahisədən heç bir məlumatı olmamışdır. O, təqsirləndirilən şəxslə barışmamış, ona qarşı şikayətçidir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, ünvan 3 ünvanında yerləşən “8-ci kilometr” bazarında əmisi Nümayəndə ilə birlikdə topdan meyvə-tərəvəz mağazasını işlədir. 19 iyul 2023-cü il tarixdə saat 11:00 radələrində əmisi Raiclə birlikdə bazarda olmuşdur. X2 həkimə getmək üçün “Bolt” şirkətindən taksi sifariş vermişdir. Bir qədər keçmiş Samir onu mağazanın arxa tərəfinə çağırmış, o, həmin yerə gedəndə Samir ona taksi sürücüsünün onu yolun tıxac olmasına görə üstünə qışqırıb avtomobildən düşürtməsini bildirmişdir. Həmin vaxt arxadan sonradan tanıdığı Qəfər adlı taksi sürücüsü yaxınlaşaraq “bunun böyüyü kimdir?” deyə soruşmuşdur. O, Samirin əmisi oğlu olmasını və problemin nə olmasını soruşsa da, Qəfər onun sözlərinə əhəmiyyət verməyərək, Samirin üzərinə gedib onunla mübahisə etməyə başlamışdır. Qəfər əli ilə Samiri vurmaq istədikdə Samir özünü qorumaq üçün əlini irəli verəndə barmağı Qəfərin gözünə dəymişdir. Həmin vaxt səs-küyə əmisi Raic gəlmiş və taksi sürücüsü Qəfərə Samirin atası olmasını bildirərək, oğlunun hərəkətlərinə görə ondan üzr istəmişdir. Qəfər əmisi Raiclə söhbət etdikdən sonra oradan uzaqlaşıb çıxıb getmişdir. Təxminən 10 dəqiqə sonra Samir həkimə getmək üçün yenidən taksi sifariş verərək bazardan çıxmış, bundan təxminən 10 dəqiqə sonra bazarda işləyən şəxslər Samirin bazarın yaxınlığında döyülməsini bildirdiklərinə görə həmin yerə gedəndə taksi sürücüsü Qəfərin qaçmasını görmüşdür. Samir yerdə əli ilə sifət nahiyyəsini tutmuş, burnundan qan axmış, qardaşı İsa da yanında olmuşdur. Əmisi Raiclə birlikdə Qəfərin arxası ilə getmiş və Nizami rayonu, C.Naxçıvanski küçəsi, 61 ünvanında Qəfərin dayanmasını görmüşlər. X3 yaxınlaşıb oğlu ilə aralarında olan mübahisəyə görə oğlunun adından üzr istəmişdir. Həmin vaxt mağazaya müştəri gəlməsini bildirmələrinə görə mağazaya getmiş və sonra baş verənlər barədə məlumatı olmamışdır. O, yalnız Qəfərin Samiri vurmaq istədikdə özünü qorumaq üçün əlini uzatmasına görə Qəfərin göz nahiyəsinə dəyməsini görmüşdür. Hadisə zamanı o və başqa şəxslər Qəfəri vurmamış, ona bədən xəsarəti yetirməmişlər. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 09 yanvar 2024-cü il tarixli qərardan görünür ki, HK-1/2174, HK-1/2176(24 PŞ) №-li araşdırma materialı üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. - cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında 20 fevral 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə olan ********* №-li cinayət işindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə ayrıca icraata cinayət işi ayrılmış və həmin cinayət işinin ********* nömrəsi altında istintaqı davam etdirilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat aşkar olunmamışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 677 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs burun çəpərinin sınığı, burun belinin, üst dodağın sıyrıqları olmuşdur. Qeyd olunan xəsarət bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2023-cü il tarixdə alınmaları mümkündür və dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Xəsarətin lokalizasiyasına və xüsusiyyətlərinə əsasən demək olar ki, həmin xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirilməsi, eləcə də yıxılma nəticəsində alınması inkar olunur. - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs kimi tanınmışdır. - zərərçəkmiş şəxsin qanuni nümayəndəsi təyin edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs atası Nümayəndə qanuni nümayəndə kimi tanınmışdır. - 10 fevral 2024-cü il tarixli protokoldan görünür ki, müstəntiq tərəfindən Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs və qanuni nümayəndəsi Nümayəndə iştirakları ilə 19 iyul 2023-cü il tarixdə saat 11:00 radələrində ünvan 3 ünvanında yerləşən “8-ci kilometr” bazarında baş vermiş hadisə ilə əlaqədar həmin ərazidə quraşdırılmış videomüşahidə kamerasında qeydə alınmış görüntünün DVD-yə köçürülmüş diskinə baxış keçirilmişdir. Baxış keçirilərkən görüntünü əks etdirən ekranda 19 iyul 2023-cü il tarixdə saat 11:03 dəqiqədə ünvan 3 ünvanında yerləşən “8-ci kilometr” bazarında bir nəfər (1-ci şəxs) əynində ağ uzunqol köynək, qara şalvar, ağ ayaqqabı olan digər bir nəfər (2-ci şəxs) əynində ağ qısaqol yay köynəyi, ağ şalvar olan şəxsə yaxınlaşaraq, qəflətən əli ilə vurması və bir-biri ilə mübahisə etmələri, kənarda insanların mübahisəyə toplaşması, həmçinin mübahisə edən şəxsləri sakitləşdirmələri müşahidə olunmuşdur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs 1-ci şəxsin, yəni əynində ağ uzunqol köynək, qara şalvar, ağ ayaqqabı olan və 2-ci şəxsə, yəni əynində ağ qısaqol yay köynəyi, ağ şalvar olan şəxsə yaxınlaşaraq, qəflətən əli ilə vuran şəxsin özü olmasını bildirmişdir. Zərərçəkmiş şəxs 2-ci şəxsin, yəni əynində ağ qısaqol yay köynəyi, ağ şalvar olanın 1-ci şəxs, yəni əynində ağ uzunqol köynək, qara şalvar, ağ ayaqqabı olan şəxs tərəfindən qəflətən vurulan şəxsin özü olmasını bildirmişdir. - maddi sübutun tanınması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* №-li cinayət işi üzrə ünvan 4 ünvanında yerləşən “8-ci kilometr bazarı”nda quraşdırılmış videomüşahidə kamerasının yaddaşından görüntünün köçürüldüyü 1 (bir) ədəd “DVD” disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. - qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinə görə xuliqanlıq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdir. Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 17 fevral 2006-cı il tarixli qərarında xuliqanlıq cinayət əməlinin məzmunu və tətbiqi məsələləri ilə bağlı aşağıdakı hüquqi mövqelərini ifadə etmişdir: “Xuliqanlıq cinayət əməli məzmunundan və təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. Xuliqanlıq – öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. CM-nin 221-ci maddəsi xuliqanlıq cinayət əməlini – ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilsin. İzah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədənailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissiilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisəvə ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxuq başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli, 1 №li qərarında göstərilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin mənasına görə təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək vətəndaş üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməsi toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir. Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsinə dair ifadəsi özünü müdafiə etmək məqsədilə verilmiş ifadə kimi qiymətləndirilir. Təqsirləndirilən şəxsin və müdafiəçisinin irəli sürdüyü dəlillər məhkəmə tədqiqi zamanı hərtərəfli, tam və obyektiv araşdırılmışdır. Həmçinin nəzərə alınmalıdır ki, Təqsirləndirilən şəxs işin faktiki hallarına uyğun ifadə versə də, sadəcə olaraq onun qənaətinə görə, bu hərəkətlərini xuliqanlıq hesab etmir, hansı ki, məhkəmə xuliqanlıq hadisəsini xarakterizə edən halların izahını yuxarıda qeyd etmişdir. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığı üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 №li qərarında göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, qəsdin bilavasitə obyektini ictimai qayda, əlavə obyektini isə insanların sağlamlığının, şərəf və ləyaqətinin mühafizəsi ilə bağlı olan ictimai münsibətlər təşkil etməsini və cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərlərini, həmçinin Abşeron rayonunu tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1.19 - 346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı; Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət işi üzrə maddi sübut olan 1 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, işlə tanış olduğu və məhkəmədə iştirak etdiyi müddət 35 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 210 (iki yüz on) manat (35x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərlərini, həmçinin Abşeron rayonunu tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Cinayət işi üzrə maddi sübut olan 01 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə 35 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi 210 (iki yüz on) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar