Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-342/2025 27.11.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, Xanlarova Züleyxa Ramis qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs – xx xxxxxx 1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 oktyabr 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib CM-nin 69.3, 67.1 və 67.5-ci maddələrinə əsasən 02 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında maddi məsul vəzifə tutmaq və 02 il 06 ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ Təqsirləndirilən şəxs 03 noyabr 2024-cü il tarixdə saat 00:18-də ünvan 3 ünvanında yerləşən “Beer Muxtar” adlı restoranda olarkən həmin restoranın qarşısında saxladığı avtomobilin digər avtomobil tərəfindən vurulması barədə aldığı məlumat əsasında avtomobilə baxmaq üçün restorandan çıxıb geri qayıtdıqdan sonra orada əyləşdiyi masada Zərərçəkmiş şəxs əyləşdiyini gördükdə ictimai yer olan həmin restoranda heç bir əsas olmadan özünün şəxsiyyətini digər şəxslərin şəxsiyyətinin fövqündə qoyaraq ictimai və şəxsi mənafeyə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ətrafdakı şəxslər üçun aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərərək, digər şəxslərin narahatçılığına səbəb olmaqla restoranın normal fəaliyyətini pozmaqla masanın üzərindən götürdüyü bokaldan silah qismində istifadə edərək həmin bokal ilə qəsdən Zərərçəkmiş şəxs başının sol nahiyəsinə bir dəfə vuraraq sonuncuya sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid alnın sol yarısının, sol gicgah nahiyəsinin, sol təpə qabarının kəsilmiş yarasından ibarət xəsarətlər yetirib qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Həmin əməlinə görə Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində bildirmişdir ki, 02 noyabr 2024cü il tarixdə saat təxminən 21 radələrində yeznəsi Fuadla birlikdə pivə içib əylənmək üçün ünvan 3 ünvanında yerləşən “Beer Muxtar” adlı pub restoranına getmişlər. Onlar birlikdə masaların birində əyləşib xeyli miqdarda spirtli içki qəbul etdikdən sonra Fuad sanitar qovşağına getmişdir. O, masada tək olduğu zaman çöldə avtomobillərə nəzarət edən şəxs onun masasına yaxınlaşıb, çöldə saxladıqları Fuada məxsus “BMW” markalı avtomobilə başqa avtomobilin toxunması və avtomobilin zədələnməsi barədə məlumat vermişdir. O, çölə çıxmış, Fuada məxsus avtomobilə dəyən avtomobilin sürücüsü üzürxahlıq edib, avtomobilə vurduğu zərəri ödəmək məqsədilə onunla əlaqə saxlamaları üçün istifadəsində olan mobil nömrəni vermişdir. Həmin zaman Fuad da içəridən çıxıb onun yanına gəlmişdir. Daha sonra o, tək yenidən puba daxil olub əyləşdikləri masaya getmişdir. Masaya çatdıqda masada əvvəllər tanımadığı Zərərçəkmiş şəxs əyləşdiyini görmüşdür. İçəridə musiqinin səsi yüksək olduğu üçün o, həmin şəxsin qulağına “qardaş bura bizim masadır” cümləsini işlətmişdir. Lakin həmin Vahab onun sözlərinə məhəl qoymamış, əyləşdiyi masanı tərk etməmişdir. O, təkrar həmin şəxsə “qardaş bura mənim masamdır əvvəldən mən əyləşmişəm və masanın üzərində olan mobil telefon və siqaretlər bizə məxsusdur” demiş və masadan durmasını xahiş etmişdir. Bir neçə dəfə Vahaba masalarından durmasını xahiş etsə də o, xahişinə məhəl qoymamış, ünvanına nalayiq ifadə işlətmişdir. O, bu zaman əsəbləşib masanın üzərində olan içərisində pivə olan bokalı götürüb Vahabın başının sol tərəf nahiyəsinə vurmuşdur. Bundan sonra Vahab masadan durub çölə çıxmışdır. O da təxminən 1-2 dəqiqədən sonra çölə çıxıb oradan uzaqlaşmışdır. Əməlindən peşmandır. Zərərçəkmiş şəxslə barışmışdır. Məhkəmədən ailəsinin yeganə qazanc gətirəni olmasını, himayəsində azyaşlı övladının olmasını nəzərə alaraq ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsirliliyi aşağıdakı sübutlarla təsdiq olunur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, 02 noyabr 2024-cü il tarixdə saat 18:00 radələrində “Neon” şadlıq sarayına toya getmiş, toyda yeyib-içmişdir. Təxminən saat 23 radələrində pivə içmək üçün yaxınlıqda yerləşən “Beer Muxtar” pub restoranına getmişdir. Restorana girən kimi barın qarşısında olan boş stolda oturmuş və ofisiant gələrək sifarişi qəbul etmişdir. O, 1 bokal pivə və 1 qab püstə sifariş vermişdir. O, stolda oturan zaman tanımadığı, adı sonradan ona məlum olan Çingiz adlı şəxs yaxınlaşaraq nəsə demişdir. Səs-küy olduğu üçün onun dediyini başa düşə bilməmişdir. Ondan nə dediyini soruşduqda Çingiz təkrar heç nə demədən stoldan pivə bokalını götürüb onun baş nahiyəsinin sol tərəfinə vurmuşdur. O, bu zaman yerindən durub masanın üzərində özünə məxsus olan əşyaları götürüb restorandan çölə çıxmışdır. Çöldə olduğu zaman baş nahiyəsinin sol tərəfindən qan gəldiyini görmüşdür. Bu zaman tanışı Şahid1 ona yaxınlaşmışdır. Elşaddan onu bokalla vuran şəxsin harada olduğunu soruşduqda, o, vuran şəxsin restorandan çıxaraq getdiyini, tez bir zamanda polis tərəfindən saxlanacağını deyərək onu taksiyə əyləşdirib “Modern” hospitala tibbi yardım göstərilməsi üçün aparmışdır. O, xəstəxanada müayinə olunduqdan sonra evə gəlmişdir. Zərərçəkmiş şəxs 19 may 2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı hər hansı şikayət və maddi tələbi yoxdur. Ona dəymiş ziyan ödənilmişdir. Nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, təxminən bir il olar ki, ünvan 3 ünvanında yerləşən “Beer Muxtar” restoranında administrator vəzifəsində işləyir. 03 noyabr 2024-cü il tarixdə saat 00:10 radələrində restoranda çoxlu müştəri olmuşdur. Həmçinin canlı musiqi olduğundan restoran səs-küylü olmuşdur. Birdən restoranda barın qarşısında olan stolda əyləşmiş bir nəfər şəxsə yaxınlaşan digər müştərinin bokalla başına vurmasını görmüşdür. Daha sonra xəsarət alan şəxs restorandan çölə çıxmışdır. Restoranı icarə əsasında işlədən Şahid1 həmin şəxsi taksi ilə xəstəxanaya aparmışdır. Mübahisə nəticəsində restoranın normal iş prinsipi pozulmuşdur. Restoranda olan müştərilər hadisədən narahat olmuşlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, təxminən bir il olar ki, ünvan 3 ünvanında yerləşən “Beer Muxtar” restoranını icarə əsasında işlədir. 03 noyabr 2024-cü il tarixdə o, restoranın çölündə olan zaman bir nəfər şəxsin başı qanamış vəziyyətdə çölə çıxdığını görmüşdür. Ondan nə olduğunu soruşduqda o, bir nəfər şəxsin onun başına bokalla vurduğunu demişdir. O, dərhal taksi ilə onu xəstəxanaya çatdırmışdır. Daha sonra restorana gəlib kameraya baxan zaman bir nəfər şəxsin barın qarşısında əyləşmiş şəxsə bokalla vuraraq xəsarət yetirdiyini görmüşdür. Həmin şəxs restoranın normal fəaliyyətini pozsa da restorana maddi ziyan vurmamışdır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 04 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. - 04 noyabr 2024-cü il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 04 noyabr 2024-cü il tarixdə tutulmuşdur. - zərərçəkmiş şəxs qismində tanınma haqqında 05 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs kimi tanınmışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 tərəfindən verilmiş canlı şəxsin ekspertizasına dair 05 noyabr 2024-cü il tarixli 1000 nömrəli rəydən görünür ki, Zərərçəkmiş şəxs alnın sol yarısının, sol gicgah nahiyəsinin, sol təpə qabarının kəsilmiş yaraları olmuşdur. Qeyd olunan xəsarətlər iti kənara malik əşyanın (əşyaların, ola bilsin sınmış bokal) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2024-cü il tarixdə alınmaları mümkündür və dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Xəsarətlərin lokalizasiyasına və xüsusiyyətlərinə əsasən demək olar ki, həmin xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirilməsi, eləcə də yıxılma nəticəsində alınmaları inkar olunur. - cinayət işi üzrə əməlin tövsif edilməsi barədə 06 noyabr 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsindən həmin Məcəllənin 221.3-cü maddəsinə tövsif olunmuşdur. - təqsirləndirilən şəxs qismində cəlb etmək barədə 06 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. - 06 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə İstintaq Şöbəsinin müstəntiqi Cavad Əhmədovun vəsatətinin müdafiə edilməsindən imtina edilmiş və o, Nizami RPİ-nin MSY-dən azad edilmişdir. - qətimkan tədbirinin seçilməsi barədə 06 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. - maddi sübut kimi tanıma haqqında 06 noyabr 2024-cü il tarixli qərardan görünür ki, 01 ədəd disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. - “Elektron Məhkəmə” informasiya sistemindən çıxarılmış “şəxsi məlumatlar”dan görünür ki, Təqsirləndirilən şəxs evlidir və himayəsində xx.xx.2021-ci il təvəllüdlü Mahmudzadə Diana adlı bir azyaşlı uşağı vardır. Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 17 fevral 2006-cı il tarixli qərarında xuliqanlıq cinayət əməlinin məzmunu və tətbiqi məsələləri ilə bağlı aşağıdakı hüquqi mövqelərini ifadə etmişdir: “ Xuliqanlıq cinayət əməli məzmunundan və təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. Xuliqanlıq – öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. CMnin 221-ci maddəsi xuliqanlıq cinayət əməlini – ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli Qərarının 9-cu bəndində göstərilir ki, xüsusilə qərəzli xuliqanlığa görə məsuliyyət nəzərdə tutan Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin mənasına görə silah dedikdə hücum və ya müdafiə üçün uyğunlaşdırılmış texniki cəhətdən yararlı olan vasitələrin məcmuyu başa düşülür. Burada cinayət qanunu ilə qadağan edilib edilməməsindən asılı olmayaraq, zavodda və ya kustar üsulla hazırlanmış odlu və soyuq silah, həmçinin qaz silahı aid edilir. Digər əşyalar dedikdə isə silah olmayan, lakin silah qismində istifadə edilə bilən predmet (dəyənək, kərpic, dəmir çubuq, zəncir, çəkic və s.) başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, CM-nin 221.3-cü maddəsi xuliqanlığın digər tövsifedici əlaməti qismində bu cinayət əməlinin silah və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədilməsini nəzərdə tutur…CM-nin 221.3-cü maddəsi ilə tövsif olunan xuliqanlıq hərəkətləri odlu silah, eləcə də soyuq silah tətbiq etməklə törədilə bilər. Silah qismində istifadə olunan əşyalara istənilən əşyalar, o cümlədən təsərrüfat-məişət təyinatlı (balta, yaba, mətbəx bıçağı və s.), eləcə də kərpic, daş, dəmir, çubuq, bir sözlə, tətbiqi həyat və ya sağlamlıq üçün təhlükə yaradan bütün əşyalar aid edilir. “Silah qismində istifadə edilən əşyaların” anlayışına Konstitusiya Məhkəməsi Plenumunun B.Yusifovanın şikayəti üzrə 17 fevral 2006-cı il tarixli Qərarında aydınlıq gətirilmişdir. Həmin Qərara əsasən silah qismində istifadə edilən əşyalar konstruksiya cəhətdən digər məqsədlər üçün, o cümlədən istehsalat təsərrüfat-məişət məqsədi ilə və yaxud da ümumiyyətlə hər hansı müəyyən məqsədlərə yönəlməyən, istehsal və emal olunmayan, yəni təbiətdə mövcud olan əşyalardır. Bu əşyalar silah deyil, bununla belə hər hansı məhvetmə xüsusiyyətinə, yəni soyuq və ya başqa silah növünə xas olan bəzi xüsusiyyətlərə malikdir və onların siyahısı hədsizdir. Silah qismində istifadə edilən əşyanın məhvetmə xüsusiyyətinə malik olması, onu bu xüsusiyyətə malik olmayan digər əşyalardan fərqləndirən əsas və mütləq şərtdir. CM-nin 221.3-cü maddəsi xuliqanlıq hərəkətlərinin törədilməsi üçün əvvəlcədən hazırlanmış əşyalarla bu hərəkətlərin həyata keçirilməsi zamanı təsadüfi əldə edilmiş əşyalar arasında heç bir fərq qoymur. Xuliqanlıq zamanı silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi – ondan birbaşa sağlamlığa zərər vurulması, habelə zərərçəkmiş şəxsin həyat və ya sağlamlığı üçün real təhlükə yaradan üsulla istifadə olunmasıdır. Silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi ilə insanların həyat və ya sağlamlığı üçün real təhlükə yarandığı sübuta yetirilərsə, bu əməl CM-nin 221.3-cü maddəsi ilə tövsif olunmalıdır.” Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsinə dair ifadəsi məsuliyyətini yüngülləşdirmək məqsədilə verilmiş ifadə kimi qiymətləndirilir. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığından Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 oktyabr 2024-cü il tarixli 1(011)-101/2024 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib CM-nin 46.2-ci maddəsi tətbiq edilməklə 02 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə olduğu 03 ay müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə təyin edilmiş cəzadan çıxılmaqla, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Azərbaycan Respublikası CM-nin 67.1 və 67.5-ci maddələrinə əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 aprel 2013-cü il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 02 il 06 ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum etmə cəzası hazırki hökmlə təyin edilən cəza ilə birləşdirilməklə üzərində qəti olaraq 02 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında maddi məsul vəzifə tutmaq və 02 il 06 ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. - Bakı Şəhər Probasiya İdarəsi tərəfindən verilmiş 03 noyabr 2025-ci il tarixli 3-16-21- 1/2-113032/2025 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi barədə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 oktyabr 2024-cü il tarixli 1(011)-101/2024 saylı hökmü və onun icrası barədə göstəriş 04 aprel 2025-ci il tarixdə Bakı Şəhər Probasiya İdarəsinə daxil olmuş və həmin tarixdə mövcud qanunvericiliyə əsasən məhkumun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Məhkum Təqsirləndirilən şəxs 08 aprel 2025-ci il tarixdə Bakı Şəhər Probasiya İdarəsində qeydiyyata alınmış və cəzasının əvvəli həmin tarixə, cəzasının sonu 08 aprel 2027-ci il tarixə hesablanmışdır. - Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən verilmiş 26 avqust 2025-ci il tarixli 3-13-16/2-170147 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 02 il 06 ay müddətinə sürücülük hüququnun məhdudlaşdırılmasına dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 oktyabr 2024-cü il tarixli 1(011)-101/2024 saylı hökmü icra olunmuş, bu barədə 08 aprel 2025-ci il tarixdə Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemində müvafiq qeydlər aparılmışdır. Təqsirləndirilən şəxs sürücülük vəsiqəsinin itirilməsi barədə ərizə vermədiyinə, eləcə də sürücülük vəsiqəsini aidiyyəti üzrə təqdim etmədiyinə görə sürücülük hüququnun məhdudlaşdırılması müddətinin axımı dayanmış, müddətin axımı isə sürücülük vəsiqəsi təqdim edildikdən sonra başlanacaqdır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini və onunla barışmasını, zərərçəkmiş şəxsin şikayətinin və tələbinin olmamasını, himayəsində bir azyaşlı uşağının olmasını, anasının 2-ci qrup əlil olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən edilmədi. . Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarında göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun cəzasını yüngülləşdirən halların məcmusunu müstəsna hal hesab edərək ona Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilməklə barəsində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir və inanır ki, bu cəza növü ilə cəzanın məqsədini təmin etmək olar. Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilindiyi əməli Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 oktyabr 2024-cü il tarixli 1(011)-101/2024 saylı hökmü ilə məhkum olunana qədər törətdiyi üçün, ona Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsində göstərilən qaydalar üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin maddədə qeyd olunan “eyni qaydalar” ifadəsi Azərbaycan Respublikası CM-nin 66.1-66.4cü maddələrində əks olunan cəzanın təyin edilməsi qaydalarını göstərir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” 22 fevral 2012-ci il tarixli qərarında Plenum qərara almışdır ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Azərbaycan Respublikası CM-nin 66.4-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Azərbaycan Respublikası CM-nin 66.4 və 66.5-ci maddələrinə əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 oktyabr 2024-cü il tarixli 1(011)-101/2024 saylı hökmü ilə təyin edilmiş 02 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında maddi məsul vəzifə tutmaq və 02 il 06 ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzalarını hazırkı hökmlə təyin edilmiş cəza ilə əsas cəzanı tam toplamaqla, əlavə cəzaları isə əsas cəzaya birləşdirməklə Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən Təqsirləndirilən şəxs 04 noyabr 2024-cü il tarixdən 06 noyabr 2024-cü il tarixədək 2 gün cinayət törətməkdə şübhəli şəxs qismində tutulması həbsdə saxlamanın bir gününü azadlığın məhdudlaşdırılmasının iki gününə hesablayaraq nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 4 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərlərinin, habelə Abşeron rayonunun ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1.19 - 346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı əvvəlki hökm üzrə cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan, yəni 08 aprel 2025-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət işi üzrə maddi sübut olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iştirak etdiyi müddət 60 iş saatı müddətinə bərabər olduğundan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən 29 aprel 2025-ci il tarixə kimi göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla 66 manat (11x6) məbləğində, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 saylı qərarına əsasən 29 aprel 2025-ci il tarixdən sonra göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 11 manat miqdarında ödənilməsi nəzərə alınmaqla 539 manat (49x11) məbləğində, cəmi 605 (altı yüz beş) manat məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 62ci maddəsi tətbiq edilməklə barəsində 03 (üç) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 oktyabr 2024-cü il tarixli 1(011)-101/2024 saylı hökmü ilə təyin edilmiş 02 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında maddi məsul vəzifə tutmaq və 02 il 06 ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzalarını hazırkı hökmlə təyin edilmiş cəza ilə əsas cəzanı qismən toplamaqla, əlavə cəzaları isə əsas cəzaya birləşdirməklə Təqsirləndirilən şəxs qəti cəza – 02 (iki) il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında maddi məsul vəzifə tutmaq və 02 (iki) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 05 (beş) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 04 noyabr 2024-cü il tarixdən 06 noyabr 2024-cü il tarixədək 2 gün cinayət törətməkdə şübhəli şəxs qismində tutulması nəzərə alınaraq həbsdə saxlamanın bir gününü azadlığın məhdudlaşdırılmasının iki gününə hesablayaraq üzərində 02 (iki) il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında maddi məsul vəzifə tutmaq və 02 (iki) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 04 (dörd) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 08 aprel 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 4 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərlərinin, habelə Abşeron rayonunun ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Probasiya İdarəsinə həvalə edilsin. Cinayət işi üzrə maddi sübut olan 1 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 60 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi 605 605 (altı yüz beş) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №1(007)-342/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-342/2025
27.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver