Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-343/2025 11.07.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxx 1982-ci il tarixdə Qazax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, iki uşağı olan, fərdi qaydada işləyən, ikinci qrup əlil, Bakı şəhəri Xəzər rayonu, Türkan qəsəbəsi, 203M nömrəli bağ evində qeydiyyatda olan, Bakı şəhəri Suraxanı rayonu, Əmircan qəsəbəsi, Z.Zeynalov küçəsində nömrəsiz fərdi evdə yaşayan, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 31 mart 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 10 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CMnin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 09 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, 30 yanvar 2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmiş, 02 dekabr 2024cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 04 dekabr 2024-cü il tarixdə tutmadan azad olunaraq barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə marixuananı xeyli miqdarda əldə edib saxlayaraq daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, təmiz çəkisi 22,76 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əldə etmiş, özündə saxlamaqla daşımış, Bakı şəhəri Nizami rayon polis idarəsinin cinayət-axtarış şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 02 dekabr 2024-cü il tarixdə saat 17:00 radələrində ünvan 1 ünvanda üzərinə aparılmış yoxlama zamanı əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd bükümdə xeyli miqdarda, təmiz çəkisi 22,76 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən üzərində “Richer” yazısı olan kardon qutuda papiros kağızlar aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2018-ci ildən narkotik vasitə qurudulmuş marixuananı siqaret kağızına doldurub çəkmə yolu ilə qəbul etmiş, 2019-cu ildən isə psixotrop maddə qurudulmuş marixuananı yandırıb tüstüsünü çəkmə yolu ilə qəbul etmişdir. 2022-ci ilin fevral ayında üzərində psixotrop maddə qurudulmuş marixuana saxladığı üçün Bakı şəhəri Xətai rayon polis idarəsinin polis işçiləri tərəfindən tutulmuş və həmin il Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 10 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 31 yanvar 2023-cü il tarixdə cəzanın sonu ilə 17 saylı cəzaçəkmə müəssisəsindən azad olunmuşdur. Həmin il sosial şəbəkədə təsadüfən İran İslam Respublikasının vətəndaşı Həmid adlı şəxslə tanış olmuş, bir-birləri ilə “WhatsApp” proqramı vasitəsi ilə əlaqə saxlamışlar. Danışıq zamanı həmin şəxsə narkotik vasitə qurudulmiş marixuana çəkdiyini demişdir. Həmid adlı şəxs ona satılıq narkotik vasitə qurudulmuş marixana təklif etmiş, o da marixuana göndərəcəyi qarşılığında onun kartına pul atacağını bildirmişdir. Bundan sonra o, arada Həmidin M10 nömrəsinə pul göndərmiş, Həmid də ona qurudulmuş marixuananın yerinin şəkili və koordinatını göndərmişdir. O da, ona göndərilən qurudulmuş marixuananı özü qəbul etmək üçün gedib götürmüşdür. 02 dekabr 2024-cü il tarixdə qurudulmuş marixuana qəbul etmək üçün Həmidlə “WhatsApp” proqramı vasitəsi ilə əlaqə saxlayıb hazırda pulu olmadığını, ona qurudulmuş marixuana göndərməyini, 2-3 günə 200 manat pul göndərəcəyini demiş, Həmid ona razılıq vermiş və saat 17 radələrində Nizami rayonu Əli Vəliyev küçəsinə getməyini, ona şəkilini və koordinatını göndərəcəyini bildirmişdir. Həmin gün saat 16:30 radələrində Həmid ona şəkil və koordinat göndərmiş və o, qeyd olunan yerə saat 17 radələrində çatmış, bir ədəd bükümdə olan qurudulmuş marixunanı götürmüş, əynində olan qara rəngli gödəkcənin sağ yan cibinə qoymüş və getmək istəyən zaman dörd nəfər mülki geyimli şəxs yaxınlaşıb özlərini Bakı şəhəri Nizami rayon polis idarəsinin cinayət-axtarış şöbəsinin polis əməkdaşları kimi təqdim etmiş, onun da anket məlumatlarını soruşanda özünü təqdim etmişdir. Həmin yerdə polis işçiləri ona hüquq və vəzifələrini izah etmiş, videogörüntü ilə üzərində şəxsi axtarış keçirməzdən əvvəl ona üzərində qanunla qadağan olunmuş əşya və ya predmet varsa təqdim etməyini təklif etmişlər. Bundan sonra o, üzərində olan narkotik vasitənin saxlanılmasının qeyri-mümkün olduğunu, axtarış zamanı tapılacağını düşündüyündən əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibində olan 01 ədəd qara rəngli sellofan bükümü, əynində olan şalvarın sol yan cibindən bir ədəd “Samsung” markalı mobil telefonu, həmin şalvarın sağ yan cibindən bir ədəd şəxsiyyət vəsiqəsi, üç ədəd bir manatlıq əskinaz, bir ədəd “Bakukart” kartı, üç ədəd plastik kart və narkotik vasitə marixuananı istifadə etmək üçün üzərində “Richer” yazısı olan 01 ədəd kardon qutuda papiros kağızlarını polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra polis işçiləri onun yanında 01 ədəd qara rəngli sellofan bükümü açmış və həmin bükümdə yaşımtıl rəngli, qurudulmuş, bitki mənşəli kütlə aşkar olunmuşdur. Həmin bükümün içərisində bitki mənşəli kütlənin nə olduğunu, haradan və necə əldə etdiyini soruşduqda o, həmin kütlənin narkotik vasitə marixuana olduğunu, Həmid adlı İran vətəndaşından pulsuz şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Üzərindən aşkar olunmuş kardon qutunun içərisindəki kağızları isə o, narkotik vasitə marixuananı istifadə etmək üçün cibində saxladığını bildirmişdir. Polis əməkdaşları tərəfindən onun üzərinə baxış davam etdirilsə də üzərindən qanunla qadağan olunmuş başqa heç bir əşya aşkar olunmamışdır. Onun üzərindən aşkar olunmuş üç ədəd bir manatlıq əskinaz, bir ədəd “Bakukart” kartı, üç ədəd plastik kart ona qaytarılmışdır. Bundan sonra polis işçiləri onun yanında həmin bir ədəd bükümü qablaşdırmış və üzərinə möhürlü kağız yapışdırmışlar. Sonra zərfin üzəri polis işçiləri və onun tərəfindən imzalanmış, zərf, telefon və şəxsiyyət vəsiqəsi götürülmüşdür. Bundan sonra videoçəkiliş qurtarmış və protokol tərtib olunması üçün onu Nizami rayon polis idarəsinə aparmışlar. Üzərinə baxış keçirilməsi ilə əlaqədar protokol tərtib olunmuş, sonra o, protokolu oxumuş, düzgün yazıldığı üçün o və iştirakçılar tərəfindən imzalarla təstiq olunmuşdur. Bundan sonra polis idarəsinin xidməti otaqlarının birində ona təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah olunmuş, dövlət hesabına vəkil təqdim edilmişdir. Bundan sonra vəkilin iştirakı ilə izahat vermişdir. O, narkotik vasitələrin satışı ilə məşğul olmamış, sadəcə qəbul etmişdir, polis əməkdaşları tərəfindən fiziki və ya psixi zorakılığa məruz qalmamışdır. Təqsirləndirilən şəxs son sözündə əməlindən səmimi peşman olduğunu nəzərə alaraq, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Nizami RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Ona “Vahid” adlı şəxsin narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuş, araşdırma zamanı həmin şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuşdur. Bunun üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsi məqsədi ilə raportla rəhbərliyə məruzə etmiş, rəhbərlik tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün ondan, Nizami RPİ-nin CAŞ-nin əməkdaşları Şahid2, Şahid3 və CAŞ-nin kiçik inspektoru Şahid4 ibarət əməliyyat qrupu yaradılmışdır. 02 dekabr 2024-cü il tarixdə onlar birlikdə Nizami rayonu Ə.Vəiyev küçəsinə getmişlər, saat 17:00 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Ə.Vəliev küçəsi 7A ünvanının yaxınlığında barəsində narkotik vasitələrdən və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması məlumatı olan, “Vahid” adlı şəxsi görmüş, şəxsin üzərinə baxış keçirmək məqsədilə ona yaxınlaşmış, özlərini təqdim etmişlər və ondan anket məlumatlarını soruşmuşlar, həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Ona narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu və onun üzərində axtarış keçirəcəklərini bildirmiş, Təqsirləndirilən şəxs üzərinə axtarış keçirmələri barədə onlarla razılaşmışdır. Həmin ünvanın qarşısında videoçəkilşlə axtarış keçirməzdən əvvəl ona hüquq və vəzifələri izah edilmiş, sonra üzərində qanunla qadağan olunmuş hər hansı əşya, iş üçün əhəmiyyət kəsb edən predmet və ya narkotik vasitə və psixotrop maddə varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibindən 01 ədəd qara rəngli sellofan bükümü, əynində olan göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd “Samsung” markalı mobil telefon, həmin şalvarının sağ yan cibindən şəxsiyyət vəsiqəsini, üç ədəd bir manatlıq əskinazı, bir ədəd “Bakukart” kartı, üç ədəd ona məxsus plastik kartı və üzərində “Richer” yazısı olan 01 ədəd kardon qutuda papiros kağızlarını təqdim etmişdir. Bundan sonra təqdim olunmuş 01 ədəd qara rəngli sellofan büküm açılmış və həmin bükümdə yaşımtıl rəngli, qurudulmuş, bitki mənşəli kütlə aşkar olunmuşdur. Ondan həmin bükümün içərisində yaşımtıl rəngli, qurudulmuş, bitki mənşəli kütlənin nə olduğunu, haradan və necə əldə etdiyini soruşduqda Təqsirləndirilən şəxs həmin bükümün içərisində yaşımtıl rəngli, qurudulmuş, bitki mənşəli kütlənin narkotik vasitə marixuana olduğunu, “Həmid” adı ilə tanıdığı İran vətəndaşından şəxsi istifadəsi üçün pulsuz aldığını bildirmişdir. Onun üzərindən aşkar olunmuş kardon qutunun içərisindəki papiros kağızlar nə üçündür sualına isə o, narkotik vasitə marixuananı istifadə etmək üçün cibində saxladığını bildirmişdir. Polis əməkdaşları tərəfindən onun üzərinə baxış davam etdirilsə də, üzərindən başqa heç bir əşya aşkar olunmamışdır. Üzərindən aşkar olunmuş üç ədəd bir manatlıq əskinaz, bir ədəd “Bakukart” kartı, üç ədəd plastik kart ona qaytarılmışdır. Bundan sonra həmin 01 ədəd qara rəngli sellofan bükümü və üzərində “Richer” yazısı olan 01 ədəd kardon qutuda papiros kağızları içərisi boş zərfdə qablaşdırılmış, üzəri möhürləndikdən sonra Təqsirləndirilən şəxs və polis əməkdaşları tərəfindən imzalanmış, sonra ona məxsus telefon və şəxsiyyət vəsiqəsi ilə götürülmüşdür. Daha sonra əməliyyat şəraiti əlverişli olmadığından onu Bakı şəhəri Nizami rayon polis idarəsinə aparmışlar. Onun üzərinə baxış keçirilməsi ilə əlaqədar protokol tərtib olunmuş, sonra protokolun düzgünlüyü o və iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Bundan sonra polis idarəsinin xidməti otaqlarının birində ona təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah olunmuş, o, vəkillə təmin edlimiş, şübhəli şəxs qismində tutulmuşdur. Əməliyyat tədbiri keçirilərkən və polis idarəsində olduğu müddətdə Təqsirləndirilən şəxs özünü səmimi aparmış, əməlini səmimi etiraf etmiş, ona qarşı tərəflərindən qanunsuz hərəkətə yol verilməmiş və hər hansı bir təzyiq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin CAŞ-nin CA üzrə kiçik inspektoru Şahid4, Şahid1lə eyni məzmunlu ifadə vermişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin CAŞ-nin əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 Tariyel oğlunun məhkəmə iclasında iştirakları mümkün olmadığından onların həmin dövrdə verdikləri ifadələri məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş, onların digər şahidlərlə eyni məzmunlu ifadə verdikləri müəyyən olunmuşdur. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 03 dekabr 2024-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) - 02 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin NMB-nə Təqsirləndirilən şəxs xeyli miqdarda narkotik vasitələri və psixotrop maddələrin əldə edib Bakı şəhəri Nizami rayonu ərazisində istifadə və dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı, sonuncu 02 dekabr 2024-cü il tarixdə saat 17:00-da Bakı şəhəri Nizami rayonu, Ə.Vəliyev küçəsi, 7A ünvanının yaxınlığında saxlanılmışdır. Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuşdur. Həmin şəxsin saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan saxlanıldığı yerdə Təqsirləndirilən şəxs üstünü yoxlamağa başlamışlar. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibindən 01 ədəd qara rəngli sellofan bükümü, əynində olan göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd “Samsung” markalı mobil telefonu, həmin şalvarının sağ yan cibindən şəxsiyyət vəsiqəsini, üç ədəd bir manatlıq əskinazı, bir ədəd “Bakukart” kartı və üç ədəd ona məxsus plastik kartı və üzərində “Richer” yazısı olan 01 ədəd kardon qutuda kağızları təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış, yoxlama zamanı əynində qanunla dövriyyəsi qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Narkotik vasitəyə bənzər kütlə qablaşdırılmış, Azərbaycan Respublikası DİN-in 162 saylı möhürü ilə möhürlənmiş, saxlanılan şəxs və iştirakçılar tərəfindən imzalanmış və telefonu ilə birgə götürülmüşdür. Üstünü yoxlama ünvan 2 ünvanın yaxınlığında keçirilmiş, üstünü yoxlama zamanı “Samsung” markalı mobil telefonun videokamerası vasitəsi ilə Bakı şəhəri Nizami RPİ-nin CAŞ-in kiçik inspektoru Şahid4 tərəfindən videoçəkiliş aparılmışdır. Protokolu yerində tərtib etmək üçün şərait olmaması səbəbindən Nizami RPİ-nin inzibati binasında tərtib edilmişdir. Protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdır. Protokol düzgün tərtib edilmişdir, imzalarla təsdiq edilmiş, protokola 01 ədəd DVD əlavə olunmuşdur. (i.v. 09-10) - 02 dekabr 2024-cü il və 04 dekabr 2024-cü il tarixli protokollardan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin NMB-nə daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanusuz olaraq əldə edib saxlamasında və istifadə etməsində şübhəli bilindiyi üçün 02 dekabr 2024-cü il tarixdə saat 17:00-da o, Bakı şəhəri Nizami rayonu, Ə.Vəliyev küçəsi, 7A ünvanının yaxınlığında piyada hərəkət edən zaman saxlanılaraq üstü yoxlanılmış, əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən qara rəngli sellofana bükülmüş içərisində 01 ədəd bükümdə öz deməsinə görə narkotik vasitə hesab edilən bitki mənşəli kütlə və üzərində “Richer” yazısı olan kardon qutuda kağızlar aşkar edilərək götürülməsi raportda qeyd olunmuş və və aidiyyəti üzrə təqdim olunmuşdur. Təqdim olunan 01 ədəd ağ rəngli zərfə və DVD-yə baxış keçirilmiş, zərf bağlı vəziyyətdə olmuş, zərfin üzəri Azərbaycan Respublikası DİN yazılmış Zərflər üçün 162 saylı möhürlə möhürlənmiş vəziyyətdə olmuşdur. Zərfin üzərində Təqsirləndirilən şəxs və imza, həmçinin zərfin üzərində iştirakçılar sözləri və imzalar yazılmışdır. Zərfin tamlığı pozulmamışdır. Daha sonra 01 ədəd DVD-yə HP markalı kompüterdə baxış keçirilmişdir. DVD-də olan görüntülərdə təhqiqata təqdim olunan narkotik maddəyə bənzər kütlənin və üzərində “Richer” yazısı olan kardon qutuda kağızlar aşkar olunması, Təqsirləndirilən şəxs ondan narkotik vasitə aşkar olunması barədə bildirməsi əksini tapmışdır. Protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuş, protokol imzalarla təsdiq edilmişdir. Həmin görüntülərə 04 dekabr 2024-cü il tarixdə müstəntiq tərəfindən baxış zamanı qeyd olunanların öz təsdiqini tapdığı müəyyən edilmişdir. (i.v. 14, 77-78) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-bioloji ekspertizasının 03 dekabr 2024-cü il tarixli 7/1955 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş kağız paketdə bir ədəd qara rəngli sellofan bükülüdə təmiz çəkisi 22,76 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Qeyd: marixuananın təmiz çəkisi 22,76 qram olmuş, tədqiqata 0,02 qram sərf edilmiş, 22,74 qram qalıq qalmışdır. (i.v. 47- 49) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin Ambulator Məcburi-Narkoloji tibbi yoxlamasına dair 03 dekabr 2024-cü il tarixli 7609 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 97-98) - 04 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin CAŞnin əməliyyat müvəkkili Şahid1 rəhbərliyi ilə “Vahid” adlı şəxslə bağlı əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair 02 dekabr 2024-cü il tarixli qərar Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qanuni hesab edilmişdir. (i.v. 107) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspetriza Mərkəzi” publik hüquqi şəxsinin Ambulator məhkəmə-psixiatrik ekspertizasının 29 dekabr 2024-cü il tarixli 5823 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmur. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməldə anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hal-hazırda psixi xəstəlik aşkar olunmur və onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. (i.v. 117- 118) - 08 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmış, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan “Həmid” adlı şəxslə qabaqcadan əlbir olaraq narkotik vasitələrin satışı ilə məşğul olmadığı, narkotik vasitəni satmaq məqsədinin olmasına dəlalət edən hər hansı sübut müəyyən edilmədiyindən barəsində Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən onun narkotik vasitə marixuananı polis əməkdaşlarına təqdim etməsi narkotik vasitə, psixotrop maddələri könüllü təhvil vermə və narkotik vasitə, psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin açılmasında və bu əməlləri törətmiş şəxslərin aşkar edilməsində, cinayət yolu ilə əldə edilmiş əmlakın tapılmasında fəal iştirak etmə kimi qiymətləndirilməmiş, buna görə də ona Azərbaycan Respublikası CM-nin 234-cü maddəsinin qeyd hissəsinnin 1-ci bəndi tətbiq edilməmiş, Təqsirləndirilən şəxs narkotik vasitəni əldə etdiyi mənbəni müəyyən etmək üçün cinayət işindən material ayrılaraq Nizami RPİ-nin CAŞ-nə göndərilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş təmiz çəkisi 22,76 qram olan 01 ədəd qara rəngli sellofan bükümdə narkotik vasitə qurudulmuş marixuana, 01 ədəd üzərində “Richer” yazısı olan kardon qutuda papiros kağızlar, şəxsi axtarış və götürmənin videogörüntülərini əks etdirən 1 ədəd DVD disk maddi sübut kimi tanınmış, tədqiqatdan sonra qalıq qalan təmiz çəkisi 22,74 qram olan narkotik vasitə marixuana və 01 ədəd üzərində “Richer” yazısı olan kardon qutuda papiros kağızlar saxlanılması üçün Nizami RPİ-nin maddi sübutların saxlanc kamerasına təhvil verilmiş, 01 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmış, Təqsirləndirilən şəxs aşkar edilmiş 01 ədəd “Samsung” markalı mobil telefon, şəxsiyyət vəsiqəsi, 3 ədəd 1 mantlıq pul, 01 ədəd “Bakukart”, 3 ədəd ona məxsus plastik kartı iş üzrə sübut əhəmiyyəti kəsb etmədiyindən maddi sübut kimi tanınmış və Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmış, "xxxx" MMC-dən daxil olmuş xx.xx.2025-ci il tarixli və "xxxx" MMC-dən daxil olmuş xx.xx.2024-cü il tarixli məktublara əlavə edilmiş 2 ədəd CD disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarında saxlanılması nəzərə alınmışdır. (i.v. 164-171) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli Qərarının 4-cü və 5-ci bəndlərinə əsasən məhkəmələrə izah edilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə müəyyən olunmuşdur. Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək qeyd edir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitənin mənbəyinin müəyyən edilməsi faktının araşdırılması məqsədi ilə material ayrılmışdır və nəticəsindən asılı olaraq hüquqi qiymət veriləcəkdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidi dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadəsi, məhkəmə ekspertizasının rəyi və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur, bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 02 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 26) - 04 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami rayon prokuroru tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqda məhkəməyə təqdimat verilməsinə dair Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqinin vəsatətinin müdafiə edilməsindən imtina olunmuş və onun Nizami RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır. (i.v. 85-86) - 04 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqi tərəfindən Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 87-88) -Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, X1 07 iyul 2011-ci il tarixdə, X2 02 sentyabr 2014-cü il tarixdə doğulmuşlar. (i.v. 73-74) -Tibbi-Sosial Ekspert Komissiyasında 30 aprel 2021-ci il tarixdə keçirilmiş müayinənin nəticələrindən görünür ki, X3 ikinci qrup əlildir. (i.v. 76) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 11 dekabr 2024-cü il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 31 mart 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 10 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 09 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, 30 yanvar 2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. (i.v.104-105, 131-136) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Belə olan halda, az ağır cinayətə görə məhkum olunmuş Təqsirləndirilən şəxs 30 yanvar 2023-cü il tarixdə cəzasının sonu ilə azad edildikdən sonra iki il keçmədən, 02 dekabr 2024-cü il tarixdə hazırkı cinayət əməlini törətdiyindən onun məhkumluğu ödənilməmişdir, ona görə məhkəmə təqsirləndirilən şəxsin əməlində cinayətlərin residivinin olmasını Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır, cəzanı ağırlaşdıran digər hallar isə müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını nəzərə alaraq və onun cəmiyyətdən təcrid edilmədən islah olunmasının qeyri-mümkün olması qənaətinə gələrək, hesab edir ki, təqsirləndirilən şəxsə daha yüngül cəza təyin edilməsi üçün əsaslar müəyyən edilməmişdir, törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir. Məhkəmənin qənaətinə görə, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. O cümlədən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddəti onun təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə cəzasının son həddinin yarısından az olmamalıdır. Həmin maddənin tələbinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu, həbsdə saxlanıldığı və ev dustaqlığında saxlanıldığı müddətlər onun həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı işlə bağlı 02 dekabr 2024-cü il tarixdən 04 dekabr 2024cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmaqla, üzərində qəti müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı isə hökmün çıxarıldığı 11 iyul 2025ci il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı cəza təyin edilməli olduğundan, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilib hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmaqla, həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalında dərhal həbs edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınaraq Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış narkotik vasitə məhv olunmalı, içərisində videogörüntülər olan 01 ədəd disk, müvafiq mobil operatorlardan daxil olmuş içərisində məlumatlar olan 02 ədəd disk saxlama müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalıdır; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə, qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq olaraq Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir, ona görə ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyi nəzərə alınmamalı, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından qərar əsasında dövlət hesabına dəvət olunmuş vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi xidmətlərə görə əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 02 dekabr 2024-cü il tarixdən 04 dekabr 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılıb, üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 11 iyul 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilib hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmaqla, həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs müvafiq rejim üzrə cəzaçəkmə müəssisəsinə göndərilməsinədək həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanası müəyyən edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Maddi sübut qismində tanınmış, Təqsirləndirilən şəxs aşkar edilərək götürülməklə Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalan 22,74 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilsin, içərisində videogörüntülər olan 01 ədəd DVD disk, "xxxx" MMC-dən və "xxxx" MMC-dən daxil olmuş içərisində müvafiq məlumatlar olan 02 ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Məhkəmə məsrəfi olan 72 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı dövründə göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən 268 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-343/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-343/2025
11.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver