Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-344/2021 24.12.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxx 1989-cu il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Sumqayıt şəhəri, MKR-16, ev 42B-də qeydiyyatda olan, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 10 mart 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 32.5,206.3.2, 29,234.4.1 və 29,234.4.3-cü maddələri ilə təqsirli bilinib, həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən 09 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Şirvan Apelyasiya Məhkəməsinin 17 sentyabr 2020ci il tarixli qərarı ilə hökm dəyişdirilərək azadlıqdan məhrum etmə cəzasının müddəti 09 ilə endirilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkməsinin əvvəli 23 mart 2019-cu il tarixdən hesablanmış, cəzaçəkməsinin sonu 23 mart 2028-ci il tarixədək olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 1 saylı cəzaçəkmə müəssisəsinin hesabında olub həmin hökm üzrə cəza çəkməklə, hazırkı cinayət işi ilə bağlı Penitensiar Xidmətin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs cəzaçəkmə müəssisəsində məhkumlara qadağan olunmuş mobil telefon əldə edərək özündə saxlamış, gəzdirmiş və istifadə etmişdir. Belə ki, o, cəza çəkdiyi 1 saylı cəzaçəkmə müəssisəsində “Cəzaçəkmə müəssisələrinin X9” ilə qadağan olunmuş əşya olan, işlək vəziyyətdə, daxilində "xxxx" MMC-yə məxsus danışıq kartı olan bir ədəd “Samsung Galaxy S İİİ mini” markalı, “GT- 18190” modelli “**********77489” imei kodlu mobil telefon aparatını istintaqa məlum olmayan mənbədən əldə edib özündə saxlamış, gəzdirmiş, istifadə etmiş və 13 mart 2021ci il tarixdə saat 18:50 radələrində müəssisənin yaşayış sahəsində məhkumlar üçün nəzərdə tutulmuş camaşırxanada əməkdaşlar tərəfindən keçirilmiş axtarış-baxış tədbiri zamanı ona məxsus paltarların içərisindən həmin mobil telefon aparatı aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 13 mart 2021-ci il tarixdə saat 18:50 radələrində cəza çəkdiyi 1 saylı cəzaçəkmə müəssisəsinin yaşayış sahəsində məhkumlar üçün nəzərdə tutulmuş camaşırxanada əməkdaşlar tərəfindən keçirilmiş axtarış-baxış tədbiri zamanı ona məxsus paltarların içərisindən aşkar olunaraq götürülmüş, işlək vəziyyətdə, daxilində "xxxx" MMCyə məxsus danışıq kartı olan bir ədəd “Samsung Galaxy S İİİ mini” markalı mobil telefon aparatını təxminən 2021-ci ilin əvvəllərində təsadüfən müəssisənin həyətində ağacın dibindən tapıb gizlətmişdir. Aşkar olunaraq götürülmüş mobil telefon vasitəsi ilə müxtəlif vaxtlarda dostu Şahid1 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi və digər dostu Şahid2 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə həm danışıqlar, həm də mətnli “sms” yazışmaları aparmışlar. Təqsirləndirilən şəxs ifadəsində daha sonra əməlindən səmimi peşman olduğunu, bir daha belə əmələ yol verməyəcəyini göstərərək, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Penitensiar Xidmətin 1 saylı cəzaçəkmə müəssisəsinin baş inspektoru (rəisin növbətçi köməkçisi) Şahid4 ifadəsində göstərmişdir ki, 13 mart 2021-ci il tarixdə saat 18:50 radələrində 1 saylı cəzaçəkmə müəssisəsində məhkumlar üçün nəzərdə tutulmuş camaşırxanada müəssisə əməkdaşları tərəfindən keçirilmiş axtarış-baxış tədbiri zamanı paltarların içərisində işlək vəziyyətdə, daxilində "xxxx" MMC-yə məxsus danışıq kartı olan bir ədəd “Samsung Galaxy S İİİ mini” markalı, “GT-18190” modelli “**********77489” imei kodlu mobil telefon aparatı aşkar edilərək götürülmüşdür. 1 saylı cəzaçəkmə müəssisəsinin 18 mart 2021-ci il tarixli 17/17- 712 saylı xüsusi məlumatına əsasən aşkar edilərək götürülmüş mobil telefon aparatının müəssisədə cəza çəkən məhkum Təqsirləndirilən şəxs məxsus olduğu müəyyən edilmişdir. Şahidlərin və əməkdaşların iştirakı ilə həmin mobil telefon aparatı zərfə qoyularaq qablaşdırılmış, müvafiq protokol tərtib edilmiş, protokolla bütün iştirakçılar tanış olaraq doğruluğunu imzaları ilə təsdiqləmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Penitensiar Xidmətin 1 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşları Şahid5, Şahid7 və Şahid9, Şahid4lə eyni məzmunlu ifadələr vermişlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 və Şahid2 iştiraklarının təmin edilməsi mümkün olmadığından onların həmin dövrdə verdikləri ifadələri məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi vasitəsi ilə məhkum Təqsirləndirilən şəxs cəzaçəkmə müəssisəsində istifadə etdiyi ***-***-**-** mobil telefon nömrəsi ilə müxtəlif vaxtlarda danışıqlar və mətnli “sms” yazışmaları aparmışlar. Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi vasitəsi ilə məhkum Təqsirləndirilən şəxs cəzaçəkmə müəssisəsində istifadə etdiyi ***-***-**-** mobil telefon nömrəsi ilə müxtəlif vaxtlarda danışıqlar və mətnli “sms” yazışmaları aparmışlar. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 25 may 2021-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilmişdir. (i.v. 1) - 1 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşları Şahid5, Şahid4, Şahid6, Şahid7, Şahid8 və Şahid9, hal şahidləri-məhkumlar X4 və X1 iştirakları tərtib olunmuş 13 mart 2021-ci il tarixli protokoldan görünür ki, qabaqcadan daxil olmuş məlumata əsasən 13 mart 2021-ci il tarixdə saat 18:50 radələrində 1 saylı cəzaçəkmə müəssisəsinin yaşayış sahəsində məhkumlar üçün nəzərdə tutulmuş camaşırxanada keçirilən axtarış-baxış tədbiri zamanı orada olan paltarların içərisində daxilində “Sim” kart olan bir ədəd işlək vəziyyətdə olan “Samsung” markalı mobil telefon aparatı müəssisə əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Müəssisənin əməliyyat aparatı tərəfindən götürülmüş həmin mobil telefon aparatının sahibinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər keçirilmişdir. Götürülmüş daxilində “Sim” kart olan bir ədəd işlək vəziyyətdə olan “Samsung” markalı mobil telefon aparatı hal şahidlərinin və digər iştirakçıların iştirakı ilə zərfə qoyulub qablaşdırılaraq möhürlənmiş, imzalanmışdır. (i.v. 6-7) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Cəzaçəkmə müəssisələrinin X6 təsdiq edilməsi barədə” 29.12.2011-ci il tarixli 7 nömrəli Kollegiya qərarından və onun 11-ci əlavəsinin çıxarışından görünür ki, mobil telefon məhkumlara qadağan olunmuş əşyaların siyahısına aiddir. (i.v. 45-46) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə kömpüter-texniki ekspertizasının 21 may 2021-ci il tarixli 5/462 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd sensor ekran və “Android 4.1.2” əməliyyat sistemi ilə təchiz olunmuş “Samsung Galaxy S İİİ mini” markalı, “GT-18190” modelli “**********77489” imei kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdə olub, istifadəyə yararlıdır. (i.v. 52-55) -İbtidai istintaq zamanı məhkəmə qərarına əsasən "xxxx" MMC-dən götürülmüş məlumatlardan görünür ki, məhkum X2 cəzaçəkmə müəssisəsində istifadə etdiyi ***-***-**- ** mobil telefon nömrəsi ilə Şahid1 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi və Şahid2 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi vasitəsi ilə müxtəlif vaxtlarda danışıqlar və mətnli “sms” yazışmaları aparılmışdır. (i.v 112-119) - 04 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, aşkar edilərək götürülmüş bir ədəd “Samsung Galaxy S İİİ mini” markalı, “GT-18190” modelli “**********77489” imei kodlu mobil telefon aparatı və bir ədəd "xxxx" MMC operatoruna məxsus danışıq kartı maddi sübut kimi tanınaraq cinayət işində saxlanılmışdır. (i.v. 144) - 05 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə elan edilmiş ittiham qüvvəsində saxlanılmış, onun 1 saylı cəzaçəkmə müəssisəsində azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınaraq, barəsində qətimkan tədbiri seçilməmişdir. (i.v. 145-148) Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 saylı, 27 dekabr 1996-cı il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan şəkildə yazılmalı, iş üzrə müəyyən olunmuş hallar, sübutlar və məhkəmənin nəticələri hökmdə ciddi məntiqi ardıcıllıqla şərh edilməlidir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün səmimi etiraf ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, məhkəmə ekspertizasının rəyi və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 317-2.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsinə əsasən cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur, altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş 02 fevral 2020-ci il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, İlyasov X3 Ağır Cinayətlər Məhkəməsinin 10 mart 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 32.5,206.3.2, 29,234.4.1 və 29,234.4.3-cü maddələri ilə təqsirli bilinib, həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 09 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, cəzaçəkməsinin əvvəli 23 mart 2019-cu il tarixdən hesablanmış, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunması və ərazi narkoloji dispanserində qeydiyyata alınması qərara alınmışdır, Şirvan Apelyasiya Məhkəməsinin 17 sentyabr 2020-ci il tarixli qərarı ilə hökm dəyişdirilərək azadlıqdan məhrum etmə cəzasının müddəti 09 ilə endirilmişdir. (i.v. 33-44, 87) - 1 saylı cəzaçəkmə müəssisəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, cəzasının əvvəli 23 mart 2019-cu il, cəzasının sonu 23 mart 2028-ci il olan Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə islah yoluna qədəm qoymamışdır. (i.v. 8-9) “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 12-ci bəndində göstərilmişdir ki, cinayətlərin residivi, təhlükəli residivi və xüsusi təhlükəli residivini yaradan bir neçə cinayət törətmiş şəxsə cəza təyin edərkən, cinayətin törədildiyi anadək ödənilməmiş və ya götürülməmiş məhkumluqlar nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Qanunvericiliyin istinad olunan tələbləri baxımından məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Şirvan Apelyasiya Məhkəməsinin 17 sentyabr 2020-cı il tarixli qərarı ilə təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı çəkərkən hazırkı cinayət əməlini törətmişdir, ona görə məhkuma hökmlərin məcmusu üzrə cəza təyin edilməlidir. Məhkəmə əlavə olaraq qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 59.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən, həmin Məcəllənin 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs kimi yenidən qəsdən cinayət törətsə də, Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunduğundan, residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlərin nəzərə alınmaması ilə bağlı Azərbaycan Respublikası CM-nin 18.4.1-ci maddəsinin tələbinə uyğun olaraq həmin hal cinayətlərin residivini yaratmır və cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilə bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilməli olan azadlıqdan məhrum etmə cəzasına Şirvan Apelyasiya Məhkəməsinin 17 sentyabr 2020-ci il tarixli hökmü ilə təyin olunmuş 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 06 il 02 ay 29 gün hissəsini qismən birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs qəti müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsindəki qətimkan tədbirinin həlli, cəzaçəkmə müəssisəsinin rejimi və cəzaçəkmə müddətinin əvvəlinin hesablanması məsələləri ilə bağlı qeyd edir ki, məhkəmə təqsirləndirilən şəxsin islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməli olması qənaətinə gəlmişdir, ona görə təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinin tələbinə uyğun olaraq hökmlərin məcmusu qaydasında cəza təyin edilərək cəzaçəkmə müddətinin əvvəli hazırkı hökmün çıxarıldığı 24 dekabr 2021-ci il tarixdən hesablanmalıdır. İbtidai istintaq və məhkəmənin hazırlıq iclası zamanı təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkməkdə olması nəzərə alınmaqla barəsində qətimkan tədbiri seçilməmişdir, hazırda da həmin hal nəzərə alınmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxs kimi (cinayətlərin residivi qaydasında) ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkərkən hazırkı cinayət əməlini törətdiyinə görə hökmlərin məcmusu üzrə təyin olunacaq cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməyə davam etməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; aşkar olunaraq götürülmüş və maddi sübut qismində tanınmış mobil telefon cinayətin alət və ya vasitəsi deyil, predmeti olduğundan həmin bir ədəd mobil telefon və bir ədəd danışıq kartı dövlət nəfinə keçirilməli; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxsin hüquqları dövlət hesabına təyin edilmiş Bakı şəhəri 19 saylı vəkil bürosunun vəkili X11 tərəfindən müdafiə edilsə də, vəkilin həmin dövrdə təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddətin həcmi və əmək haqqının məbləği barədə müstəntiq tərəfindən arayış tərtib olunmamış, eləcə də vəkil tərəfindən buna dair hesabat arayışı təqdim olunmamışdır. Ona görə məhkəmə hesab edir ki, həmin hissədə hüquqi yardıma görə əmək haqqının ödənilməsi məsələsinin müzakirəsinə əsaslar yoxdur. Məhkəmə icraatı zamanı isə, təqsirləndirilən şəxsin hüquqları dövlət hesabına təyin edilmiş Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən müdafiə edilmişdir. Təqdim edilmiş hesabat arayışını nəzərə alaraq, məhkəmə hesab edir ki, həmin vəkilin cinayət işinin materialları ilə tanış olmaqla birlikdə məhkəmədə təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 30 iş saatı müddətinə bərabər tutulduğundan, (Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli 202 saylı qərarına əsasən) hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla həmin müdafiəçiyə əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Şirvan Apelyasiya Məhkəməsinin 17 sentyabr 2020-ci il tarixli qərarı ilə təyin olunmuş 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 06 (altı) il 02 (iki) ay 29 (iyirmi doqquz gün) hissəsini hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 24 dekabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 1 saylı cəzaçəkmə müəssisəsinin hesabında olmaqla, azadlıqdan məhrum etmə növündə cəza çəkməkdə olması nəzərə alınsın. Maddi sübut qismində tanınmış bir ədəd “Samsung Galaxy S İİİ mini” markalı, “GT- 18190” modelli “**********77489” imei kodlu mobil telefon aparatı və "xxxx" MMC operatoruna məxsus bir ədəd danışıq kartı dövlət nəfinə keçirilsin. Məhkəmə məsrəfi hesab olunan 53,65 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı, iş materialları ilə tanış olmaqla birlikdə, 30 saat göstərdiyi pulsuz hüquqi yardıma görə dəvət olunmuş Müdafiəçi "xxxx" ASC-nin “Qara Qarayev” filialı, kod 200145, VÖEN **********, m/h- AZ37NABZ013501**********1944, SWİFT BİK AİİBAZ2X, hesab - AZ33AİİB********************, VÖEN - ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı vəkil bürosu vasitəsi ilə 180 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-344/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-344/2021
24.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver