Məhkəmə qərarları › İş №1(007)-345/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-345/2021

30.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-345/2021 30.11.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsi, Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs, Müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, 22 avqust 2001-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam ali təhsilli, subay, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti ev 69, mənzil 66-da yaşayan və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 17 mart 2021ci il tarixdən 25 aprel 2021-ci il tarixədək olan müddət ərzində satıcı işlədiyi "xxxx" MMCnə məxsus ünvan 1 ünvanda yerləşən marketin anbarından hər biri 1 kq, ümumi dəyəri 1004 manat 40 qəpik olan 62 ədəd Anchor 82.9% yağı, hər biri 200 qram, ümumi dəyəri 101 manat 25 qəpik olan 27 ədəd Anchor 82.9% yağı, hər biri 454 qram, ümumi dəyəri 53 manat 55 qəpik olan 7 ədəd Anchor 82.9% yağı, hər biri 5 kq, ümumi dəyəri 1384 manat 60 qəpik olan 86 ədəd Anchor 82.9% yağı, hər biri 500 qram, ümumi dəyəri 81 manat 50 qəpik olan 10 ədəd Anchor 82.9% yağı, hər biri 1 litir, ümumi dəyəri 90 manat olan 6 ədəd Banketnaya arağı, hər biri 250 ml, ümumi dəyəri 16 manat 80 qəpik olan 24 ədəd Bizon vitaminləşdirici içki, hər biri 0,45 litir, ümumi dəyəri 48 manat olan 48 ədəd Bizon vitaminləşdirici içki, hər biri 200 qram, ümumi dəyəri 136 manat 90 qəpik olan 37 ədəd Doyaruşka kərə yağı, hər biri 454 qram, ümumi dəyəri 76 manat olan 10 ədəd Doyaruşka kərə yağı, hər biri 908 qram, ümumi dəyəri 107 manat 92 qəpik olan 8 ədəd Doyaruşka kərə yağı, hər biri 2 litir, ümumi dəyəri 47 manat 61 qəpik olan 9 ədəd Efsanə Piyvəsi, hər biri 1 kq, ümumi dəyəri 391 manat 25 qəpik olan 25 ədəd Valio kərə yağını vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talayıb, ümumilikdə zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə 3539,78 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilirək ifadəsində göstərmişdir ki, 25.04.2021-ci il tarixədək Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi 25/66 ünvanda yerləşən Araz marketdə su şöbəsində satıcı işləmişdir. 2021-ci ilin mart ayının əvvəllərindən 25.04.2021-ci il tarixədək müxtəlif günlərdə Araz marketin anbarında yerləşən soyuducunun içərisindən təxminən ümumilikdə 150-200 kiloqrama yaxın müxtəlif növ kərə və bitki yağlarını, anbardan “Bizon”, “Banketnaya” markalı spirtli içkini, Efsanə piyvəsini və müxtəlif markalı yağları oğurlamış və müxtəlif ərzaq mağazalarında sataraq təxminən 2200 manata yaxın pul əldə etmişdir. 25.04.2021-ci il tarixdə saat 23 radələrində Araz marketin müdiri işləyən Şahid1 onu marketə çağırmış və anbardan oğurluq etməsi barədə soruşduqda, marketin anbarında oğurluq etdiyini və sonuncu dəfə 25.04.2021-ci il tarixdə saat 20 radələrində 16 kiloqrama yaxın müxtəlif markalı kərə yağlarını oğurladığını etiraf etmişdir. Onun anbara girişinə məhdudiyyət olmamış, anbara axşam saatlarında girmiş və həmin malları ordan çıxarmış və bu barədə heç kimin məlumatı olmamışdır. Oğurluğu tək etmiş və ümumilkdə marketə 3539,78 manat mələğində maddi ziyan vurmuşdur. Marketə vurduğu maddi ziyanı tam şəkildə ödəmişdir. Törətdiyi cinayət əməlindən səmimi peşmandır və barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə cinayət işinin materiallarını hərtərəfli tam və obyektiv araşdırıb, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyərək qeyd edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, habelə işdə olan digər sübutlarla tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə ifadəsində göstərmişdir ki, 26 aprel 2021-ci il tarixdə Bak şəhəri, ünvan 2 ünvanda yerləşən “ARAZ” marketdə satıcı işləyən Təqsirləndirilən şəxs marketin anbarından müxtəli ərzaq məhsulları oğurladığı məlum olmuşdur. Hadisə ilə bağlı Nizami Rayon Polis idarəsinə müraciət edilmiş və məlum olmuşdur ki, Təqsirləndirilən şəxs 1 kq on altı manat 20 qəpik olan 62 ədəd Anchor 82.9% yağı, 200 qramı üç manat yetmiş beş qəpik olan 27 ədəd Anchor 82.9% yağı, 454 qramı yeddi manat altmış beş qəpik olan 7 ədəd Anchor 82.9% yağı , 5 kq on altımanat 10 qəpik olan 86 ədəd Anchor 82.9% yağı, 500 qramı səkkiz manat 15 qəpik olan 10 ədəd Anchor 82.9% yağı, 1 litiri on beş manat olan 6 ədəd Banketnaya arağı, 250 ml yetmiş qəpik olan 24 ədəd Bizon vitaminləşdirici içki, 0,45 litir olan bir manat olan 48 ədəd Bizon vitaminləşdirici içki, 200 qramı üç manat 70 qəpik olan 37 ədəd Doyaruşka kərə yağı, 454 qramı yeddi manat altmış qəpik olan 10 ədəd Doyaruşka kərə yağı, 908 qramı on üç manat qırx doqquz qəpik olan 8 ədəd Doyaruşka kərə yağı, 2 litiri beş manat iyirmi doqquz qəpik olan 9 ədəd Efsanə Piyvəsi, 1 kq on beş manat altmış beş qəpik olan 25 ədəd Valio kərə yağını oğurlayaraq ümumilkdə marketə 3539,78 manat məbləğində maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs satıcı işlədiyi üçün anbara daxil olub mal götürmək ixtiyarı olmuş və sonuncu tərəfindən vurulmuş maddi ziyan tam şəkildə ödənilmişdir. Hazırda hüquqi şəxsin Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 69 ünvanda yerləşən “Qalib” ərzaq marketini icarə əsasında işlətmiş, təxminən 2021-ci ilin mart-aprel aylarında əvvəllər tanıdığı Təqsirləndirilən şəxs birinci dəfə 40 kq “Ankor” yağını 400 manata, yəni 1 kq 10 manata almış, ikinci dəfə 20 kq adını xatırlamadığı rusiya istehsalı olan yağı 180 manata, yəni 1 kq 9 manata almışdır. Xaliq ona “Araz” marketdə işlədiyini və həmin yağların firmada kampaniyaya düşdüyünü və ona görə ucuz qiymətə satdığını demişdir. Həmin ərzaqların oğurluq olduğunu bilməmiş, sonradan Xaliqin işlədiyi “Araz” marketdən həmin yağları oğurladığı ona məlum olmuşdur. Xaliqdən digər ərzaq məhsulları və içkilər almamışdır. Məhkəmə istintaqı zamanı Şahid3 ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanda yerləşən “Nağıl” ərzaq marketini icarə əsasında işlətmiş, təxminən 2021-ci ilin mart-aprel aylarında əvvəllər tanıdığı Təqsirləndirilən şəxs birinci dəfə 10 kq “Ankor” yağını 100 manata, yəni 1 kq 10 manata almış, ikinci dəfə 6 kq adını xatırlamadığı rusiya istehsalı olan yağı 36 manata, yəni 1 kq 6 manata almışdır. Xaliq ona firmada işlədiyini və həmin yağların firmada kampaniyaya düşdüyünü və ona görə ucuz qiymətə satdığını demişdir. Həmin ərzaqların oğurluq olduğunu bilməmiş, sonradan Xaliqin işlədiyi “Araz” marketdən həmin yağları oğurladığı ona məlum olmuşdur. Xaliqdən digər ərzaq məhsulları və içkilər almamışdır. Məhkəmə istintaqı zamanı şahid – Şahid1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan olunaraq tədqiq edilmişdir. İş materiallarında olan 26 aprel 2021-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə Bak şəhəri, ünvan 2 ünvanda yerləşən “ARAZ” marketdə baş vermişdir. İş materiallarında olan 10 may 2021-ci il tarixli “video-görüntülərin götürülməsi və baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Bak şəhəri, ünvan 2 ünvanda yerləşən “ARAZ” marketin anbarından 17 mart 2021-ci il, 24 mart 2021ci il, 03 aprel 2021-ci il, 09 aprel 2021-ci il, 15 aprel 2021-ci il, 20 aprel 2021-ci il, 21 aprel 2021-ci il, 23 aprel 2021-ci il və 25 aprel 2021-ci il tarixlərdə müxtəlif bağlamalarda məhsulların götürüldüyü müəyyən edilmişdir. İş materiallarında olan 12 avqust 2021-ci il tarixli qərardan görünür ki, videogörüntü olan 01 ədəd CD disk iş üzrə maddi sübut kimi tanınmışdır. İş materiallarında olan “ifadənin yerində yoxlanması haqqında” 22 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları əyani şəkildə göstərmiş və bu barədə müvafiq fotoşəkillər çəkilərək işə əlavə olunmuşdur. İşdə olan 31 may 2021-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən 3500 manat məbləğində pul “ARAZ” marketin müdiri X2 ödənilmişdir. İşdə olan "xxxx" MMC-nin səlahiyyətli nümayəndəsi Vuqar Hacıyevin 05.08.2021-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələb yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan Tutma Protokolundan görünür ki, Təqsirləndirilən şəxs 27 aprel 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan 29 aprel 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İşdə olan 12 avqust 2021-ci il tarixli qərardan görünür ki, qərarın təsviri-əsaslandırıcı hissəsində Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçildiyi qeyd olunduğu halda, qərarın nəticə hissəsində Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin qüvvədə saxlanılması haqqında qərar qəbul edilmişdir. İşdə olan 01 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, eyni hal təkrar olunaraq qərarın təsviri-əsaslandırıcı hissəsində Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçildiyi qeyd olunduğu halda, qərarın nəticə hissəsində Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin qüvvədə saxlanılması haqqında qərar qəbul edilmişdir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan sübutları tədqiq və təhlil edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini cəzanı yüngülləşdirən hal qismində nəzərə alır, CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar isə müəyyən etmir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinin sanksiyasında üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq, onun azadlıqdan məhrumetmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayır və hesab edir ki, ona islah işləri növündə cəza təyin olunduğu təqdirdə cəzanın məqsədləri təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 49.1-ci maddəsinə əsasən, islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. Həmin Məcəllənin 49.2-ci maddəsinə əsasən, islah işlərinə məhkum olmuş şəxsin qazancından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğdə pul tutulur. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə - tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti islah işləri növündə cəzanın müddətinə bir günə dörd gün hesabı ilə hesablanır. İş materiallarında olan sənədlərdən görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs 27 aprel 2021-ci tarixdən 29 aprel 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 2 (iki) gün müddət ona təyin ediləcək islah işləri növündə cəzanın müddətinə hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmiş 01 (bir) ədəd CD disk Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Məhkəmə habelə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində istintaq orqanı tərəfindən 29 aprel 2021-ci il tarixli qərarla “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçildiyi nəzərə alınaraq hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə qeyd edir ki, vəkilin ibtidai istintaqda iştirak etdiyi müddət 60 iş saatı və məhkəmədə iştirak etdiyi müddət 25 iş saatı, cəmi 85 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 510 (beş yüz on) manat (85x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə müdafiəçi X3 dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351- 353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək, qazancından dövlət nəfinə 10 (on) faiz məbləğində pul tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 27 aprel 2021-ci tarixdən 29 aprel 2021-ci il tarixədək tutulduğu 2 (iki) gün müddət islah işləri növündə cəzanın müddətinə bir günə dörd gün hesabı ilə hesablanmaqla onun üzərində qəti olaraq qazancından dövlət nəfinə 10 (on) faiz məbləğində pul tutulmaqla 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətinə islah işləri cəzası saxlanılsın. Cəzanın əvvəli Təqsirləndirilən şəxs qazancından tutulmalar aparılmağa başlandığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut 01 (bir) ədəd “CD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs 85 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X3 VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 510 (beş yüz on) manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar