Məhkəmə qərarları › İş №1(007)-345/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-345/2023

24.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-345/2023 24.08.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Səfərov Rəşad Ramazan oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs – xx.xx.1999-cu ildə Ağsu rayonu, Zərqava kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu ödənilmiş, Ağsu rayonu, Zərqava kəndində qeydiyyatda olan, daimi yaşayış yeri olmayan, xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq bir ədəd texniki cəhətdən saz və atəş açmaq üçün yararlı БТ-2244 nömrəli, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1988-ci ildə istehsal olunmuş, 5.45 mm kalibrli, yivli odlu silah olan, “Kalaşnikov” konstruksiyalı RPK- 74 modelli əl pulemyotu, 01 ədəd zavod üsulu ilə hazırlanmış “Kalaşnikov” konstruksiyalı silahların komplekt hissəsi olan, 30 ədəd 7.62x39 mm kalibrli patron tutumuna malik istifadəyə yararlı darağı, zavod üsulu ilə istehsal edilmiş “Kalaşnikov” avtomatlarında, əl pulemyotlarında və SKS karabinlərində atəş açmaq üçün nəzərdə tutulmuş, 7.62x39 mm kalibrli və atəşə yararlı olan, döyüş sursatı hesab edilən 24 ədəd patronu əldə edib daşıyaraq üstündə saxlamaqla gəzdirmiş, xx.xx.2023-cü il tarixdə saat 17:30 radələrində Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin əməkdaşları tərəfindən ünvan 1 ünvanının yaxınlığında şübhəli şəxs qismində saxlanılmışdır. Bakı şəhəri, Nizami rayonu, M.Abbasov 119 ünvanında yerləşən Nizami RPİ-nin 25-ci PŞ-nə gətirilmiş, orada keçirilmiş şəxsi axtarış zamanı, əlində olan ağ rəngli sellofan torbanın içərisindən həmin texniki cəhətdən saz və atəş açmaq üçün yararlı БТ-2244 nömrəli, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1988-ci ildə istehsal olunmuş, 5.45 mm kalibrli, yivli odlu silah olan, “Kalaşnikov” konstruksiyalı, RPK-74 modelli əl pulemyotu, 01 ədəd zavod üsulu ilə hazırlanmış “Kalaşnikov” konstruksiyalı silahların komplekt hissəsi olan, 30 ədəd 7,62x39 mm kalibrli patron tutumuna malik istifadəyə yararlı darağı, zavod üsulu ilə istehsal edilmiş, “Kalaşnikov” avtomatlarında, əl pulemyotlarında və SKS karabinlərində atəş açmaq üçün nəzərdə tutulmuş 7.62x39 mm kalibrli və atəşə yararlı olan, döyüş sursatı hesab edilən 24 ədəd patron aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, onun daimi yaşayış yeri olmadığı üçün Bakı şəhəri, Nizami rayonu ərazisində müxtəlif günlük kirayə evlərdə gecələmişdir. Zibilliklərdə tapmış olduğu əşyaları, dəmir parçalarını satmaqla gündəlik xərclərini ödəmişdir. xx.xx.2023-cü il tarixdə 8-ci km. bazarına getmiş, orada yük boşaltmışdır. Sonra dəmir və s. yığmaq üçün Q.Qarayev metrostansiyası tərəfə getmiş, “Ruslan” marketin yaxınlığındakı zibil qablarına baxdıqdan sonra “Koroğlu” metrostansiyası tərəfə getmişdir. Orada dəmir boruların keçdiyi ərazidə beton qırıqları olan yerdə, zibillikdə ağacların altında ağ paketə bükülmüş silah görmüşdür. Silahı götürərək polisə təhvil vermək üçün aparanda “Ruslan 93” mağazasına çatmamış polis əməkdaşları onu saxlamışlar və 25-ci PŞ-nə aparmışlar. Onun telefonu olmadığından polisə silah barədə telefonla məlumat verə bilməmişdir. 25-ci PŞ-də silahı polisə təhvil vermək üçün götürdüyünü demişdir. Polislər videoçəkiliş zamanı “silahi 6 martda tapdığını, gizlətdiyini, 8 martda satmaq məqsədilə saxladığı yerdən götürüb aparan zaman polis tərəfindən saxlanıldığını” deyərsə buraxacaqlarını bildirmişlər. Onlara inanıb dedikləri məzmunda ifadə vermişdir. Məhkəmədən göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri aşağıdakılarla da təsdiq olunur. Məhkəmə baxışında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞnin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2023ci il tarixdə 17:30 radələrində iş yoldaşı Şahid1 ilə birlikdə ünvan 4 ünvanın yaxınlığında bir nəfər şəxsin özünü şübhəli aparmasını, əlində bir ədəd sellofana bükülmüş iri dəmir parçası olduğunu görüb həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrni göstərib özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirib şəxsiyyətini təsdiq edən sənədinin olubolmamasını soruşmuşlar. Həmin şəxs üzərində hər hansı bir sənədinin olmadığını bildirmişdir. Həmin şəxsin əlində olan bir ədəd sellofana bükülmüş iri dəmir parçası silaha bənzədiyindən onlarda şübhə yaranmış və onlar həmin şəxsi saxlayaraq Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinə dəvət etmişlər. Şöbədə həmin şəxsin şəxsiyyəti müəyyənləşdirilmiş, üzərində şəxsi axtarış aparılan zaman əlində saxladığı bir ədəd ağ rəngli sellofana bükülmüş dəmir əşyanı təqdim etmişdir. Həmin əşyanın bir ədəd əl pulemyotu, bir ədəd qara rəngli avtomat darağı və həmin daraqdan çıxarılmış 24 ədəd patron olduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs silahı tapdığını və satmaq istədiyini bildirmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin CA üzrə baş əməliyyat müvəkkili, polis leytenantı Şahid1 Şahid2 ilə oxşar məzmunda ifadə vermişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin sahə inspektoru, polis kapitanı Şahid3 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 18 radələrində şöbədə xidmətdə olan zaman Nizami RPİ-nin 25-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkilləri Şahid1 və Şahid2 bir nəfər şəxsi şöbəyə gətirərək növbətçi hissəyə təhvil vermişlər. Şöbədə həmin şəxsin üzərinə şəxsi axtarış aparılan zaman əlindəki sellofan torbanın içərisində bir ədəd qara rəngli əl pulemyotu, bir ədəd qara rəngli avtomat darağı və həmin daraqdan çıxarılmış 24 ədəd patron olduğu aşkar olunmuşdur. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. - şübhəli şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli olduğuna görə tutulmuşdur. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 4(007)-123/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay həddində həbs qətimkan tədbiri seçilmişdir. - şəxsi axtarış və götürmə aparılması haqqında 08 mart 2023-cü il tarixli protokoldan görünür ki, 08 mart 2023-cü il tarixdə Nizami RPİ-nin 25-ci PŞ-də saxlanılan şəxs Təqsirləndirilən şəxs əlində saxladığı bir ədəd ağ rəngli sellofana bükülmüş dəmir əşyanı təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əlində saxladığı həmin əşyanı təqdim edərək odlu silah olduğunu bildirmiş və həmin odlu silahı 2 gün əvvəl zibillikdən tapdığını, dəmir boruların arasında gizlətdiyini, xx.xx.2023-cü il tarixdə satmaq məqsədilə apararkən polis əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsi tərəfindən verilmiş məhkəmə-ballistik ekspertizasının xx.xx.2023-cü il tarixli, 23/193R saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd БТ-2244 nömrəli silah, keçmiş SSRİ dövlətində 1988-ci ildə zavod üsulu ilə istehsal olunmuş, 5,45 mm kalibrli, “Kalaşnikov” konstruksiyalı, RPK-74 modelli əl pulemyotudur, yivli odlu silahlar növünə aiddir, texniki cəhətdən sazdır və atəşə yararlıdır. Silahın hissə və mexanizmlərin üzərində heç bir kustar üsulla əlavə dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 24 ədəd patronlar, zavod üsulu ilə istehsal olunmuş 7,62x39 mm kalibrli “Kalaşnikov” avtomatlarında, əl pulemyotlarında və SKS karabinlərində atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdırlar və atəş üçün yararlıdırlar. Tədqiqata təqdim edilmiş 01 ədəd əşya, “Kalaşnikov” konstruksiyalı silahların komplekt hissəsi olan, 30 ədəd 7.62x39 mm. kalibrli patron tutumuna malik, zavodu üsulu ilə hazırlanmış daraqdır və istifadəyə yararlıdır. - təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikasının CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. - sübutların qiymətləndirilməsi və maddi sübut kimi tanıma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 1 ədəd keçmiş SSRİ-də 1988-ci ildə zavod üsulu ilə istehsal olunmuş БТ-2244 nömrəli, 5,45 mm. kalibrli, “Kalaşnikov” konstruksiyalı, RPK-74 modelli atəş üçün yararlı olan əl pulemyotu, 30 ədəd 7,62x39 mm kalibrli patron tutumuna malik zavod üsulu ilə hazırlanmış 01 ədəd daraq, 24 ədəd (ekspertizadan sonra qalan 21 ədəd) zavod üsulu ilə istehsal olunmuş atəş üçün yararlı olan 7,62x39 mm kalibrli patron iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-13-11/2-3262/2023 saylı məktubdan görünür ki, 01 ədəd 5,45 mm kalibrli, БТ-2244 nömrəli, RPK modelli pulemyotdan eksperimental qaydada atılmış güllə və giliz nümunələri İdarənin “güllə-giliz” kartotekasında “ARSENAL” avtomatlaşdırılmış ballistik sistemi vasitəsilə yoxlanılmış və müqayisəli tədqiqatlar zamanı eynilik aşkar edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Beləliklə, məhkəmə iclasında Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi toplanmış və tədqiq edilmiş sübutların məcmusu, həmçinin cinayət işinin materiallarındakı digər sənədlərlə tamamilə sübuta yetirildi. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir. Təqsirləndirilən şəxs ifadəsi məsuliyyətdən yayınmaq üçün verilmiş ifadə kimi qiymətləndirilir. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığı üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, CM-nin 85.2-ci maddəsinə əsasən 600 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 2.11-ci bəndinə əsasən xx.xx.2021-ci il tarixdə cəzadan azad olunmuşdur. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir, bu da Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinə əsasən məhkumluqla bağlı bütün hüquqi nəticələri ləğv edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal və Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, qəsdin bilavasitə obyektini silah, döyüş sursatı, partlayıcı maddələr və partlayıcı qurğularla davranma sahəsində ictimai təhlükəsizlik təşkil etməsini nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmaqla barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən az ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilir. Ona görə də, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1.19-346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, onun həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanaraq cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı həbs etmənin əvvəlindən, yəni 08 mart 2023-cü il tarixdən hesablanmalı; Azərbaycan Respublikası CPM-nin 132.0.1-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan və Bakı şəhəri Nizami RPİ-də saxlanılan 1 ədəd keçmiş SSRİ-də 1988-ci ildə zavod üsulu ilə istehsal olunmuş, BT-2244 nömrəli, 5,45 mm. kalibrli, “Kalaşnikov” konstruksiyalı, RPK-74 modelli atəş üçün yararlı olan əl pulemyotu, 30 ədəd 7,62x39 mm kalibrli patron tutumuna malik zavod üsulu ilə hazırlanmış 01 ədəd daraq, 21 ədəd zavod üsulu ilə istehsal olunmuş atəş üçün yararlı olan 7,62x39 mm kalibrli patron müsadirə edilməli və Azərbaycan Respublikası DİN-nə təhvil verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 01 (bir) il 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə maddi sübut olan və Bakı şəhəri Nizami RPİ-də saxlanılan 1 ədəd keçmiş SSRİ-də 1988-ci ildə zavod üsulu ilə istehsal olunmuş, BT-2244 nömrəli, 5,45 mm. kalibrli, “Kalaşnikov” konstruksiyalı, RPK-74 modelli atəş üçün yararlı olan əl pulemyotu, 30 ədəd 7,62x39 mm kalibrli patron tutumuna malik zavod üsulu ilə hazırlanmış 01 ədəd daraq, 21 ədəd zavod üsulu ilə istehsal olunmuş atəş üçün yararlı olan 7,62x39 mm kalibrli patron müsadirə edilsin və Azərbaycan Respublikası DİN-nə təhvil verilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar