Məhkəmə qərarları › İş №1(007)-346/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-346/2024

12.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-346/2024 12.06.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Bakı şəhəri Mərkəz vəkil bürosunun vəkili X1 iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxxxx 2001-ci il tarixdə Bərdə rayonunun Kətəlparaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fiziki şəxs kimi fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən 1, korpus 43, ev 487-də qeydiyyatda olan, Bərdə rayonunun Kətəlparaq kəndində yaşayan, 19 aprel 2024-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 222.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tikinti obyektinin sökülməsi işlərinin aparılmasının təhlükəsizliyi qaydalarının pozulması nəticəsində ehtiyyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, o, fiziki şəxs kimi fərdi sahibkarlıqla məşğul olarkən "xxxx" Mənzil Tikinti Kooperativi ilə bağladığı 01 mart 2024-cü il tarixli "xxxx"nə əsasən öz riski və işçi heyəti ilə MTK-nın tapşırığı əsasında Bakı şəhəri, Nizami rayonu, Azər Manafov, K.Balakişiyev və M.S.Ordubadi küçələrinin kəsişməsindəki 2440-cı məhəllədə yerləşən mövcud tikililəri sökərək ərazini tikinti işləri görülməsi üçün hazır vəziyyətə gətirməli, sifariş edilmiş söküntü və ərazini tikintiyə hazır vəziyyətə gətirmə işlərinin razılaşdırılmış müddətdə görülməsinə təminat verməli, işlərin icra olunması üçün maksimum qüvvə və vəsait sərf etməli, müqavilə öhdəliklərinin icra olunmasında maneələr yarandıqda bu barədə MTK-ya dərhal yazılı məlumat verməli, işləri özünün seçdiyi şəxslərdən ibarət işçi personalı ilə icra etməli və təhvil-təslim aktı ilə MTK-ya hər gün təhvil verməli, öz işçi personalının xdmət haqlarını onlarla razılaşma əsasında özü ödəməli, həmin şəxslərin texniki-təhlükəsizlik, yanğından mühafizə, əməyin mühafizəsi, istilik və elektrik enerjisindən istifadə qaydalarında qanunvericiliyə uyğun əməl edilməsini təmin etməli, müqavilə öhdəliklərinin icrası zamanı əməyin mühafizəsi, yanğın və digər təhlükəsizlik qaydalarına əməl etməli, baş verə biləcək bütün qəzalara və bədbəxt hadisələrə görə şəxsən məsuliyyət daşımalı, müqavilənin icrası ilə bağlı əldə olunan gəlirdən vergiləri və digər məcburi ödəmələri özü həyata keçirməli və “Tikintidə təhlükəsizlik texnikası” İİİ-4-80 “Tikinti norma və qaydaları”nın 1.29, 2.1 və 12.23 bəndlərinin tələblərinə əsasən isə dördmərtəbəli binanın sökülməsi işinin əvvəlcədən quraşdırılmış və etibarlı bağlanmış konstruksiyaların və yaxud ayaqaltıların üzərində aparılmasını təmin etməli olduğu halda, Bakı şəhəri, Nizami rayonu, M.S.Ordubadi küçəsi 1 ünvanında yerləşən köhnə tikili olan dördmərtəbəli binanın sökültüsti həyata keçirilərkən o, tikinti obyektinin sökülməsi işlərinin aparılmasının təhlükəsizliyi qaydalarını pozmaqla insanların həyat və sağlamlığı üçün real təhlükə yaradaraq həmin işlərin əvvəlcədən quraşdırılmış və etibarlı bağlanmış konstruksiyaların və yaxud ayaqaltıların üzərində aparılmasını təmin etmədiyinə görə 25 mart 2024-cü il tarixdə saat 18:50 radələrində həmin ünvanda işçi kimi onun tərəfindən binanın söküntüsü işlərinə cəlb edilmiş fəhlə Zərərçəkmiş şəxs daş parçalarının üzərində dayanıb binanın ikinci mərtəbəsinin eyvanında olan beton üzərinə bərkidilmiş dəmir məhəccəri sökərkən beton parçasının qopub fəhlə Zərərçəkmiş şəxs baş nahiyyəsinə düşməsi ilə əlaqədar sonuncu başın küt travması nəticəsində həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid kəllə qapağının kəllə əsasına qədər davam edən sınıqları ilə müşayiət olunan baş beyin qişalarına qansızma, baş beynin dağılması, başın alın-təpə nahiyyəsinin əzilmiş-cırılmış yarası xəsarətlərini almaqla həmin xəsarətlərdən başın küt travması nəticəsində kəllə sümüklərinin sınıqları ilə müşayiət olunan baş beyin qişalarına qansızma, baş beynin dağılması ehtiyyatsızlıqdan ölümünə səbəb olmuşdur. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 222.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, fiziki şəxs kimi müxtəlif MTK və şirkətlərlə bağladığı iş müqaviləsinə əsasən həmin şirkətlərin apardığı söküntü işlərində öz işçi heyəti ilə birlikdə işləmiş, şirkət tərəfindən sökülməli olan obyektləri sökmüş, həmin yeri tikinti üçün tam hazır vəziyyətə gətirərək MTK-ya təhvil vermişdir. 01 mart 2024-cü il tarixdə isə "xxxx" MTK ilə "xxxx" bağlayaraq MTK-nın tapşırığı əsasında Bakı şəhəri, Nizami rayonu, Azər Manafov, K.Balakişiyev və M.S.Ordubadi küçələrinin kəsişməsindəki 2440-cı məhəllədə mövcud tikililəri sökərək ərazini tikinti işləri görülməsi üçün hazır vəziyyətə gətirəcəyi barədə öhdəlik götürmüşdür. Belə ki, müqaviləyə əsasən o, həmin ünvanda yerləşən köhnə, istismar müddəti başa çatmış, texniki cəhətdən qəzalı vəziyyətdə olan üç və ya dörd mərtəbəli binaların sökülərək yerində yeni, hündürmərtəbəli binaların layihələndirilməsi və tikinti işlərinin aparılmasını həyata keçirən "xxxx" MTK-nın tapşırığı ilə həmin binaların söküntüsünü həyata keçirməli, bunun müqabilində də MTK ona haqq ödəməli olmuşdur. Müqavilənin şərtlərinə əsasən o, icraçı kimi ona MTK tərəfindən sifariş edilmiş söküntü və ərazini tikintiyə hazır vəziyyətə gətirmə işlərinin razılaşdırılmış müddətdə görülməsinə təminat vermiş, işlərin icra olunması üçün maksimum qüvvə və vəsait sərf etməyi, həmçinin müqavilə öhdəliklərinin icra olunmasında maneələr yarandıqda bu barədə "xxxx"yə, yəni MTK-ya dərhal yazılı məlumat verməyi, işləri özünün seçdiyi şəxslərdən ibarət işçi personalı ilə icra etməyi, daha sonra təhvil-təslim aktı ilə "xxxx"yə, yəni MTK-ya hər gün təhvil verməyi, öz işçi personalının xidmət haqlarını onlarla razılaşma əsasında ödəməyi, həmin şəxslərin texniki təhlükəsizlik, yanğından mühafizə, əməyin mühafizəsi, istilik və elektrik enerjisindən istifadə qaydalarında göstərilən formada qanunvericiliyə uyğun əməl etmələrini təmin etməyi, təhvil-təslim aktında göstərilən və "xxxx"nin, yəni MTK-nın irad tutduğu çatışmazlıqları öz hesabına qısa müddət ərzində aradan qaldırmağı, MTK tərəfdən istifadəsinə verilən avadanlıq və cihazların sazlığına, onlardan təhlükəsiz şəkildə istifadə olunmasına məsuliyyət daşımağı, nəzərdə tutulan işləri öz riski ilə həyata keçirməyi, müqavilə öhdəliklərinin icrası zamanı əməyin mühafizəsi, yanğın və digər təhlükəsizlik qaydalarına əməl etməyi, həmçinin baş verə biləcək bütün qəzalara və bədbəxt hadisələrə görə şəxsən məsuliyyət daşımağı, müqavilənin icrası ilə bağlı əldə olunan gəlirdən vergiləri və digər məcburi ödəmələri həyata keçirməyi öz öhdəsinə götürmüşdür. MTK onun icraçı kimi öhdəliklərini icra etməməyinə görə hər hansı məsuliyyət daşımır. 25 mart 2024-cü il tarixdə onun işçi qüvvəsi MTK ilə bağladığı 01 mart 2024-cü il tarixli "xxxx"nə əsasən Bakı şəhəri, Nizami rayonu, Ordubadi küçəsi 1 ünvanında yerləşməklə sökülməli olan köhnə dördmərtəbəli binanın söküntüsü işlərini icra etmişdir. Təxminən saat 18:50 radələrində işçisi-fəhlə Zərərçəkmiş şəxs binanın ikinci mərtəbəsinin eyvanında beton üzərinə bərkidilmiş dəmir məhəccəri binanın qarşısında söküntü nəticəsində toplanmış daş parçalarının üzərində dayanaraq əli ilə dartıb çıxarmaq istəyərkən, məhəccər yerindən çıxmış və məhəccərin üzərində bərkidildiyi beton parçasından bir parça aralanıb onun başına düşmüşdür. Qara başından ciddi xəsarət almış, həmin dəqiqə də huşunu itirib yerə yıxılmışdır. Onlar oraya təcili tibbi yardım briqadası çağırmışlar. Lakin, həkimlər gəldikdə Qara artıq ölmüşdür. Qara ilə onun arasında əmək müqaviləsi olmamışdır. O, MTK ilə müqavilə bağladıqda MTK-nın sədrinə yazılı qaydada yazaraq qısa müddət ərzində VÖEN açdırıb fiziki şəxs olaraq vergi ödəyicisi kimi qeydiyyata alınacağını bildirmişdir. Lakin, baş vermiş hadisəyədək işlərinin çox olmasına görə vaxt tapıb bunu edə bilmədiyi üçün o, işçi ilə hər hansı formada rəsmiləşdirmə apara bilməmişdir. "xxxx" MTK ilə arasında bağlanılmış 01 mart 2024-cü il tarixli "xxxx"nə əsasən MTK gördüyü işlərin müqabilində onlar işə yeni başladıqları üçün gördükləri işlərin müqabilində MTK ona hər hansı məbləğdə pul ödəməmişdir. "xxxx" MTK ilə onun arasında bağlanılmış 01 mart 2024-cü il tarixli müqavilənin sonunda onun adının qarşısında olan imza ona məxsusdur, özü icra etmişdir. O, təyin edilmiş əmək təhlükəsizliyinin tədqiqi ekspertizasının Bakı şəhəri, Nizami rayonu, Ordubadi küçəsi 1 ünvanında yerləşən köhnə tikili olan dördmərtəbəli binanın sökülməsi işinin əvvəlcədən quraşdırılmış və etibarlı bağlanmış konstruksiyaların və yaxud ayaqaltıların üzərində aparılmasını təmin etmədiyinə görə baş vermiş hadisə ilə əlaqədar “Tikintidə təhlükəsizlik texnikası” İİİ-4-80 “Tikinti norma və qaydaları”nın 1.29, 2.1 və 12.23 bəndlərinin tələblərinin pozulması, bunun da hadisənin baş verməsinin texniki səbəbi olması barədə rəyi ilə razıdır. O, Bakı şəhəri, Nizami rayonu, Ordubadi küçəsi 1 ünvanında yerləşən köhnə tikili olan dördmərtəbəli binanın sökülməsi işinin əvvəlcədən quraşdırılmış və etibarlı bağlanmış konstruksiyaların və yaxud ayaqaltıların üzərində aparılmasını təmin etmədiyinə görə peşmandır. Hər gün olduğu kimi o, hadisə baş verən gün də işçilərlə təlimatlandırma işləri aparmış, işçilərə, həmçinin işçi Zərərçəkmiş şəxs təhlükəsizlik qaydalarına riayət etməsini bildirmişdir. İşçisi Zərərçəkmiş şəxs digər işçilər kimi işçi paltarları, iş geyimi və təhlükəsizlik ləvazimatları ilə təmin etsə də, dəfələrlə Qaraya bu barədə irad bildirməyinə baxmayaraq, Qara yenə də ona verilmiş təhlükəsizlik dəbilqəsindən və digər iş geyim və təhlükəsizlik ləvazimatlarından istifadə etməmişdir. Əməlindən səmimi peşmandır, hadisədən sonra mərhumun ailə üzvlərinə maddi köməklik göstərmiş, onlarla barışıq əldə etmişdir. Qeyd etdiklərini, ağır ailə vəziyyətini, gəncliyini nəzərə alaraq, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X7 ifadəsində göstərmişdir ki, atası Zərərçəkmiş şəxs uzaq qohumları Təqsirləndirilən şəxs tabeçiliyində Bakı şəhərində fəhlə işləmişdir. Onlar müxtəlif binaların, obyektlərin söküntü işləri ilə məşğul olmuşlar. Atası sonuncu dəfə Təqsirləndirilən şəxs tabeçiliyində Bakı şəhəri, Nizami rayonu, Ordubadi küçəsi 1 ünvanında yerləşən köhnə tikili olan dördmərtəbəli binanın söküntüsü işlərində çalışmışdır. 25 mart 2024-cü il tarixdə axşam saatlarında İzzət zəng edərək atasının həmin binanın söküntüsü işləri aparılarkən xəsarət almasını və aldığı xəsarətlərdən də elə işlədiyi yerdə ölməsini onlara bildirmişdir. Onlar həmin vaxt təsadüfdən Bakı şəhərində olduqları üçün dərhal bununla əlaqədar işlərin aparıldığı yerə, yəni Bakı şəhəri, Nizami rayonu, Ordubadi küçəsi 1 ünvanında yerləşən binanın qarşısına gəlmişlər. Onlar oraya gəldikdə artıq atası keçinmiş olmuşdur. Atasının ölümü ilə bağlı onların hər hansı şəxsdən şikayət və tələbləri yoxdur. Atasının ölümünə görə onlara dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən tam həcmdə ödənilmişdir. Təqsirləndirilən şəxs ilə barışmışlar, ona qarşı şikayət və tələbləri yoxdur, o və digər ailə üzvləri bu barədə ərizə vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, bir neçə ay əvvəl fiziki şəxs kimi fəaliyyət göstərən qardaşının oğlu Təqsirləndirilən şəxs işçisi olaraq fəhlə kimi işləmiş, Bakı şəhəri, Nizami rayonu, Ordubadi küçəsi 1 ünvanında yerləşən köhnə 5 mərtəbəli binada söküntü işləri görmüşdür. Mərhum Zərərçəkmiş şəxs da 2 aya yaxın İzzətin işçisi olaraq fəhlə kimi işləmişdir. Onlar iş yoldaşı olmuşlar. Hər gün saat 08:30-dan saat 17:30-dək həmin ünvanda söküntü işləri aparmışlar. Binanın söküntüsünün müddətinin uzun çəkməsinin səbəbi binada yaşayan sakinlərin hissə-hissə yaşadıqları mənzili tərk etməsi olmuşdur. Hadisədən təxminən 1 həftə əvvəl binada yaşayan sakinlərin həmin binadan köçüb getməsi başa çatmışdır. Sonuncu sakin binanı tərk etdikdən sonra artıq söküntü işlərinin aparılması daha sürətli şəkildə həyata keçirilmişdir. Söküntü işlərini o və Qara həyata keçirmişlər. Onlardan başqa söküntü işi aparan fəhlə olmamışdır. 25 mart 2024-cü il tarixdə səhər saatlarında söküntü işini aparmaq üçün İzzət tərəfindən avtokran da cəlb olunmuşdur. Həmin avtokran binanın panellərini sökmək üçün gətirilmişdir. Söküntü işləri aparıldığı müddətdə binadan dəmir parçaları çıxdıqca həmin dəmirləri satmaq məqsədilə “Qazel” markalı nəqliyyat vasitəsinə yükləmişlər. Bu barədə onlara İzzət göstəriş vermişdir ki, bina söküldükcə binadan dəmir parçaları çıxarsa, həmin dəmir parçalarını “Qazel” markalı nəqliyyat vasitəsinə yükləsinlər. Onlar da söküntü işlərinin görüldüyü müddətdə İzzətin göstərişinə əsasən bina söküldükcə çıxan dəmir parçalarını **-HB-*** dövlət qeydiyyat nişanlı avtomobilin “kuza” hissəsinə yükləmişlər. 25 mart 2024-cü il tarixdə saat təxminən 17 radələrində onlar həmin binanın çöl hissəsində söküntü işi görən zaman 2-ci mərtəbənin mənzillərindən birinin eyvan hissəsində dəmir materialdan qara rəngli məhəccər olduğu üçün Qara ilə birlikdə binanın aşağısında çöl hissədən binanın 2-ci mərtəbəsində yerləşən balkondan həmin qara rəngli dəmir məhəccəri birlikdə aşağı dartmışlar. Binanın çöl hissəsində yerdə daş qırıntıları olduğu üçün rahat şəkildə əlləri 2-ci mərtəbənin balkonuna çatmışdır. Həmin məhəccər az da olsa yerə sallandığı üçün əlçatan məsafədə olmuşdur. O və Qara köməkli şəkildə həmin qara rəngli, uzun ölçülü dəmir məhəccəri ağır olduğu üçün güc sərf edərək yerə doğru dartmışlar. Dəmir məhəccər yerə düşərkən həmin məhəccərlə birlikdə böyük ölçülü beton parçası Qaranın başına düşmüşdür. Həmin daş parçası beton materialdan olmaqla, böyük ölçülü olmuşdur. Daş parçası Qaranın üzərinə düşən kimi onun başı yarılmış və yerə yıxılmışdır. Qaranın baş nahiyyəsindən qan püskürmüşdür. O, dərhal qışqıraraq insanları kömək üçün səsləmiş və çətinliklə də olsa, Qaranı yerdən qaldırmışdır. Amma artıq Qaranın öldüyünü hiss etmişdir. Çünki Qaranın başı yarılmış və o, danışa bilməmişdir. Bundan sonra onun səsinə ətrafdan tanımadığı şəxslər gəlmiş və onlar köməkli şəkildə Qaranı oradan çıxararaq yol kənarına aparmışlar və təcili tibbi yarıma zəng etmişlər. Hadisənin baş verməsini tək o, görmüşdür. Onunla Qaradan başqa hadisə yerində heç kəs olmamış, İzzət bir aralıda olmuşdur. O və Qara ümumiyyətlə, xüsusi geyim və fərdi mühafizə vasitələrindən istifadə etməmişlər. Söküntii işləri görülərkən xüsusi geyim və fərdi mühafizə vasitələrindən istifadə etməli olduqlarını bildikləri halda, həmin geyim və mühafizə vasitələri söküntü işini görməklərinə mane olduğu üçün onlar həmin geyim və mühafizə vasitələrindən istifadə etməmişlər, yalnız xüsusi ayaqqabıdan istifadə etmişlər. İşə başladıqları ilk gündən İzzət onları xüsusi geyim və fərdi mühafizə vasitələri ilə təmin etmişdir. Xüsusi geyim və fərdi mühafizə vasitələri dedikdə o, söküntü işləri görərkən istifadə olunan, geyim forması, xüsusi əlcək, xüsusi baş geyimi, xüsusi eynək, xüsusi ayaqqabı və digərlərini nəzərdə tutmuşdur. Qara ilə İzzətin arasında əmək müqaviləsi bağlanıb-bağlanmaması barədə onun məlumatı olmamışdır. Ona və Qaraya şifahi qaydada İzzət tərəfindən hər gün işin əvvəlində təlimat keçirilmişdir. Həmin təlimatda söküntü işlərinin aparılması qaydası izah olunmuşdur. İzzət onlara söküntü işləri görülərkən xüsusi geyimdən və fərdi mühafizə vasitələrindən istifadə etmələrini və maksimum şəkildə ehtiyatlı olmalarını bildirmişdir. Onlar isə İzzətə xüsusi geyim və fərdi mühafizə vasitələrindən istifadə etdikləri halda iş görməyin çətin olduğunu demişlər. İzzət onlara “çalışın, istifadə edin, sonra problem olar, nəsə olsa mənlik deyil” deyə bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, 2017-ci ildən "xxxx" MTK-nın kompüter texniki vəzifəsində işləyir. Kompüter texniki kimi vəzifələri MTK-nın baş ofisində yerləşən kompüter və kompüter avadanlıqlarının texniki baxışını və MTK tərəfindən inşa edilmiş binalarda quraşdırılan təhlükəsizlik kameralarının işlək olub-olmamasını yoxlamaq, ehtiyac olarsa həmin kameralara texniki qulluq göstərməkdən ibarətdir. "xxxx" MTK tərəfindən Bakı şəhəri, Nizami rayonu, Ordubadi küçəsi 1 ünvanında yerləşən 4 mərtəbəli binanın yerində gələcəkdə yaşayış binası tikiləcəkdir. Bu səbəbdən həmin köhnə 4 mərtəbəli binanın söküntüsü işi görülmüşdür. 25 mart 2024-cü il tarixdə saat 17:00 radələrində MTK-nın inşa etdiyi Nizami rayonu, B.Çobanzadə küçəsində yerləşən yaşayış binasının kamera sistemini yoxladıqdan sonra MTK-nın ünvan 1 ünvanında yerləşən baş ofisinə getmişdir. Oraya piyada gedən zaman yolu Nizami rayonu, ünvan 2 ünvandan keçdikdə MTK-nın tikinti direktoru Qulu Cəfərov, sədr müavini Amil Bağıyev və tanımadığı şəxslərin sökülməkdə olan 5 mərtəbəli yaşayış binasının yaxınlığında yerləşən avtoyuma məntəqəsinin qarşısında gördüyü üçün onlarla söhbət etmişdir. Həmin şəxslərin nə üçün orada olduğunu bilməmişdir. Həmin şəxslərlə söhbət edən zaman o, dayandığı yerdən təxminən 50 metr uzaqlıqda yerləşən söküntü aparılan yerdə olan binanın 2-ci mərtəbəsindən dəmir parçasının sürünərək dartılmasını və həmin dəmirin dartılan zaman böyük ölçülü beton parçasının da yerə düşməsini görmüşdür. Həmin söküntü işləri görülən yerin ətrafı dəmir hasarla örtüldüyü üçün onlar beton parçasının nəyin üzərinə düşməsini görməmişlər. Lakin səs-küy qopduğu üçün onlar dərhal oraya qaçmışlar və sonradan adının İlqar olduğunu bildiyi fəhlə digər fəhləyə, yəni Zərərçəkmiş şəxs yardım göstərmək istəmişdir. O, Qaranı gördükdə onun başı yarılmış vəziyyətdə olmuşdur. Nə baş verdiyini soruşduqda İlqar ona beton parçasının Qaranın başına düşdüyünü bildirmişdir. Ətrafda İlqar və Qaradan başqa heç kəs olmamışdır. Onda o, az öncə gördüyü yerə düşən beton parçasının Qaranın başına düşməsini anlamışdır. Bundan sonra onlar köməkli şəkildə Zərərçəkmiş şəxs yolun kənarına aparmışlar və təcili tibbi yardıma məlumat vermişlər. Zərərçəkmiş şəxs xəsarətinin çox ciddi olduğunu gördüyü üçün onun artıq öldüyünü bilmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 25 mart 2024-cü il tarixli qərardan görünür ki, fakt üzrə Azərbaycan Respublikası CM-nin 222.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) - 25 mart 2024-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, müstəntiq tərəindən ekspert-kriminalistin, hal şahidlərinin, Təqsirləndirilən şəxs və Şahid1 iştirakları ilə hadisə yerinə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, hadisə yeri Bakı şəhəri, Nizami rayonu, Ordubadi küçəsi 1 ünvanında yerləşən dördmərtəbəli köhnə yaşayış binasının qarşısıdır. Yaşayış binasının bütün sakinləri köçürülmüşlər, köçürüldükdən sonra binanın qapı və pəncərələri, eyni zamanda binanın eyvanlarının bir hissəsi sökülmüşdür. Binanın qarşısında xeyli sayda söküntü materialları, yəni, beton piltələr, daş parçaları vardır. Baxış iştirakçısı Şahid1 yaşayış binasının 2-ci blokunun 2-ci mərtəbəsində yerləşən mənzilin eyvanını göstərərək hadisə zamanı mərhum Zərərçəkmiş şəxs ilə birlikdə həmin eyvanın qarşısında olan daş parçalarının üzərində dayanaraq işləmələrini, həmin mənzilin eyvanında olan, beton üzərində bərkidilmiş dəmir mühəccəri sökmək üçün birlikdə dartaraq aşağıya çəkmələrini, bu zaman dəmir mühəccərin qəfil yerindən çıxaraq aşağıya düşərkən, mühəccərin bərkidildiyi beton parçasının da yerindən aralanıb Zərərçəkmiş şəxs baş nahiyyəsinə düşdüyünü həmin yerdə göstərib bildirmişdir. Daha sonra Şahid1 Zərərçəkmiş şəxs yıxıldığı yeri və sonuncunun baş nahiyyəsinə düşən beton parçasını göstərmişdir. Beton parçası iş üçün əhəmiyyət kəsb edə biləcəyindən götürülmüşdür. Baxış zamanı binanın qarşısında iş zonasında hər hansı nişanlama işləri aparılmamış, təhlükəli zonalar müəyyən edilməmişdir. Hündürlükdən düşə biləcək maneələrin aşağıda işləyən şəxslərə xəsarət yetirməsinin qarşısının alınması üçün hər hansı formada qoruyucu örtük və ya sipər çəkilməmişdir. Baxış zamanı Zərərçəkmiş şəxs yıxıldığı yerdə qanabənzər ləkələrdən 1 ədəd steril pambıqlı çubuq vasitəsilə nümunə götürülmüşdür. (i.v. 3-7) - 01 mart 2024-cü il tarixli iş müqaviləsindən görünür ki, "xxxx" MTK ilə fiziki şəxs Təqsirləndirilən şəxs arasında həmin tarixdə bağlanmış müqaviləyə əsasən Təqsirləndirilən şəxs öz riski və işçi heyəti ilə MTK-nın tapşırığı əsasında Bakı şəhəri, Nizami rayonu, Azər Manafov, K.Balakişiyev və M.S.Ordubadi küçələrinin kəsişməsindəki 2440-cı məhəllədə yerləşən mövcud tikililəri sökərək ərazini tikinti işləri görülməsi üçün hazır vəziyyətə gətirməyi, sifariş edilmiş söküntü və ərazini tikintiyə hazır vəziyyətə gətirmə işlərinin razılaşdırılmış müddətdə görülməsinə təminat verməyi, işlərin icra olunması üçün maksimum qüvvə və vəsait sərf etməyi, müqavilə öhdəliklərinin icra olunmasında maneələr yarandıqda bu barədə MTK-ya dərhal yazılı məlumat verməyi, işləri özünün seçdiyi şəxslərdən ibarət işçi personalı ilə icra etməyi və təhvil-təslim aktı ilə MTK-ya hər gün təhvil verməyi, öz işçi personalının xidmət haqlarını onlarla razılaşma əsasında ödəməyi, həmin şəxslərin texniki-təhlükəsizlik, yanğından mühafizə, əməyin mühafizəsi, istilik və elektrik enerjisindən istifadə qaydalarında qanunvericiliyə uyğun əməl edilməsini təmin etməyi, müqavilə öhdəliklərinin icrası zamanı əməyin mühafizəsi, yanğın və digər təhlükəsizlik qaydalarına əməl etməyi, baş verə biləcək bütün qəzalara və bədbəxt hadisələrə görə şəxsən məsuliyyət daşımağı, müqavilənin icrası ilə bağlı əldə olunan gəlirdən vergiləri və digər məcburi ödəmələri həyata keçirməyi öz öhdəsinə götürmüşdür. (i.v. 19-21) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə texniki-təhlükəsizlik ekspertizasının 06 aprel 2024-cü il tarixli 3-16-16/2-10/2352 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Ordubadi küçəsi 1 ünvanında yerləşən köhnə tikili olan dördmərtəbəli binanın sökülməsi işinin əvvəlcədən quraşdırılmış və etibarlı bağlanmış konstruksiyaların və yaxud ayaqaltıların üzərində aparılması təmin edilmədiyinə görə, baş vermiş hadisə ilə əlaqədar “Tikintidə təhlükəsizlik texnikası” İİİ-4-80 “Tikinti norma və qaydaları”nın 1.29, 2.1 və 12.23 bəndlərinin tələbləri pozulmuşdur ki, bu da hadisənin baş verməsinin texniki səbəbi olmuşdur. Bakı şəhəri, Nizami rayonu, Ordubadi küçəsi 1 ünvanında yerləşən köhnə tikili olan dördmərtəbəli binanın sökülməsi işinin əvvəlcədən quraşdırılmış və etibarlı bağlanmış konstruksiyaların və yaxud ayaqaltıların üzərində aparılması təmin edilmədiyinə görə, “Tikintidə təhlükəsizlik texnikası” İİİ-4-80 “Tikinti norma və qaydaları”nın 1.29, 2.1 və 12.23 bəndlərinin tələbləri 01 mart 2024-cü il tarixli "xxxx"nin 2.2.6 bəndinin tələblərinə əsasən müqavilə öhdəliklərinin icrası zamanı əməyin mühafizəsi və digər təhlükəsizlik qaydalarına əməl etməyi, baş verə biləcək bütün qəzalara və bədbəxt hadisələrə görə məsuliyyət həvalə edilmiş “İcraçı” Təqsirləndirilən şəxs tərəfindən pozulmuşdur. (i.v. 83-86) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6 publik hüquqi şəxsin Nizami rayon şöbəsinin 19 aprel 2024-cü il tarixli 69 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs meyiti məhkəmə-tibbi müayinə olunarkən onun bədənində baş beyin qişalarına qansızına, baş beynin dağılması, kəllə qapağının kəllə əsasına qədər davam edən sınıqları, başın alın-təpə nahiyəsinin əzilmiş cırılmış yarası aşkar edilmişdir. Həmin xəsarətlər həyatidirlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni 25 mart 2024-cü il tarixdə bərk küt əşyanın təsirindən törənmişlər, dərəcələrinə görə ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərini daşıyırlar və baş vermiş ölümlə bilavasitə səbəbli əlaqəlidirlər. Zərərçəkmiş şəxs ölümünə başın küt travması nəticəsində kəllə sümüklərinin sınıqları ilə müşayiət olunan baş beyin qişalarına qansızma, baş beynin dağılması səbəb olmuşdur. Ölüm meyit meyitxanada müayinə olunduğu vaxtdan 8-16 saat əvvəl baş verə bilər. Xəsarətlərin lokalizasiyasına və xüsusiyyətlərinə əsasən demək olar ki, həmin xəsarətlərin müxtəlif şəraitlərdə, o cümlədən Zərərçəkmiş şəxs baş nahiyəsinə beton parçasının düşməsi nəticəsində alınmaları inkar olunmur. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazolon, 1,4benzodiazepin törəmələri, salisilatlar aşkar edilməmişdir. (i.v. 106-110) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6 publik hüquqi şəxsin 22 aprel 2024-cü il tarixli 254/2024-MTBŞ nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu A beta(ll)-dir. Ekspertizaya təqdim edilmiş 01 ədəd plastmas çubuğa sarınmış pambığa hopdurulmuş ləkələrdə insan qanı aşkar olundu. Qan ləkələrinin ABO sistemi üzrə qrupu tədqiq olunduqda yalnız A antigeni alındı. Beləliklə, həmin qan ləkələri ABO sistemi üzrə A(İİ) qruplu şəxsə, o cümlədən də Zərərçəkmiş şəxs məxsus ola bilər. (i.v. 141-146) - 25 aprel 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 222.3-cü maddəsi ilə elan edilmiş ittiham əsaslı olduğundan qüvvəsində saxlanılmış, "xxxx" MTK-nın vəzifəli şəxslərinin əməlində Azərbaycan Respublikası CM-nin 222.3-cü maddəsinin tərkib əlamətləri müəyyən edilmədiyindən, həmin hissədə cinayət təqibinə Azərbaycan Respublikası CPMnin 39.1.2-ci maddəsinə əsasən xitam verilmiş, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri müəyyən edildiyindən, həmin həmin hissədə inzibati xəta haqqında iş üzrə icraatın başlanılması məsələsinə baxılması üçün cinayət işi materiallarından müvafiq sənədlər ayrılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim edilmiş, iş üzrə hadisə yerindən götürülmüş 01 ədəd steril pambıqlı çubuğa hopdurulmuş nümunə və zərərçəkmiş Zərərçəkmiş şəxs baş nahiyyəsinə düşmüş 01 ədəd beton parçası maddi sübut kimi tanınaraq saxlanılmaları üçün Nizami rayon prokurorluğunun maddi sübutlar otağına təhvil verilmişdir. (i.v. 151-162) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. “Tikintidə təhlükəsizlik texnikası” İİİ-4-80 “Tikinti norma və qaydaları”nın tələblərinə əsasən: -bənd 1.29. “Tikinti-montaj (demontaj) işlərinin icrası zamanı istehsalat əməliyyatlarının texnoloji ardıcıllığı elə nəzərdə tutulmalıdır ki, əvvəlki əməliyyat, sonrakı əməliyyatlar yerinə yetirilən zaman istehsalat təhlükə mənbəyi olmasın”; -bənd 2.1. “İş meydançası, iş sahəsi və iş yerinin təşkili, işin bütün mərhələlərində işçilərin təhlükəsizliyini təmin etməlidir”; -bənd 12.23. “Bina, konstruksiya və tikilinin quraşdırma (sökmə) zamanı işçilər əvvəlcədən quraşdırılmış və etibarlı bağlanmış konstruksiyaların və yaxud ayaqaltıların üzərində olmalıdırlar”. Məhkəmə, dövlət ittihamçısını, zərərçəkmiş şəxsin hüquqi varisini, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 222.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən ifadələr, ekspertiza rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 222.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə. Məhkəmə təqsirləndirilən şəxsdən fərqli olaraq müdafiəçisinin, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 222.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə bəraət verilməsi barədə məhkəmədə etdiyi çıxışına münasibətdə qeyd edir ki, cinayət-prosessual qanunvericiliyinə görə, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyi təsdiq edildiyi halda bəraət hökmü çıxarılmalıdır. Lakin, məhkəmə tədqiqi zamanı Təqsirləndirilən şəxs ittiham olunduğu həmin maddə ilə bəraət verilməsi üçün Azərbaycan Respublikası CPM-nin 42-ci maddəsində nəzərdə tutulmuş əsaslar məhkəmə iclasında müəyyən edilməmişdir, əksinə, müəyyən edilmişdir ki, sözügedən cinayət hadisəsi baş vermişdir; əməldə cinayət tərkibi vardır; cinayətin törədilməsinə məhz Təqsirləndirilən şəxs aidiyyəti olmuşdur və onun bu cinayət hadisəsində təqsirliliyi sübuta yetirilmişdir, hansı ki, məhkəmə bununla bağlı dəlillərini yuxarıda kifayət qədər əsaslandırmışdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 222.3-cü maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 222.3-cü maddəsinə əsasən tikintinin planlaşdırılması, ona rəhbərlik edilməsi, habelə tikinti obyektinin sökülməsi və ya bu obyektdə yenidənqurmanın aparılması zamanı işlərin, eləcə də mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizliyi qaydalarının pozulması - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda - üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə dörd ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 28 mart 2024-cü il tarixli ərizələrdən görünür ki, X3, X4, X5 və X7 25 mart 2024-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, Ordubadi küçəsi 1 ünvanında yerləşən 4 mərtəbəli binanın söküntü işlərini apararkən Zərərçəkmiş şəxs ölməsi ilə əlaqədar heç bir şəxsdən şikayət və tələblərinin olmadığını, onlara dəymiş ziyanın tam həcmdə ödənildiyini göstərmişlər. (i.v. 48-48-49, 51, 53, 55, 57) - 19 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 152-153) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 29 may 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 222.3-cü maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 26.1-ci maddəsinə əsasən isə ehtiyatsızlıqdan törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində az ağır cinayət törətməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin müvafiq olaraq 59.1.1 və 59.1.12-ci maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Həmin Məcəllənin 59.1.10-59.1.14-cü maddələrinə əsasən şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə, cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışına və tapılmasına fəal kömək etməsi; cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması; zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi; cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması; cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi cəzanı yüngülləşdirən hallardır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun ehtiyatsızlıqdan ilk dəfə az ağır cinayət əməli törətməsini, cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların isə olmamasını, habelə cinayətin törədilməsindən sonra hal-hazıradək ötən müddətdəki və məhkəmə iclasındakı davranışını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, təqsirləndirilən şəxsin təyin olunacaq cəzanı çəkmədən də islah olunmasının mümkünlüyü qənaətinə gələrək, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq etməklə, təyin olunması nəzərdə tutulan, təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasının şərti hesab edilməsini məqsədə uyğun hesab edir, belə qənaətə gəlir ki, bu, cəzanın məqsədini təmin edir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən 25 iyun 2003-cü il tarixli Qərarında göstərilmişdir ki, şərti məhkum etmə haqlarında yalnız CM-nin 70-ci maddəsində göstərilən bir və ya bir neçə növ cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Şərti məhkumetmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Ona görə də məhkəmələr zəruri olduqda işin konkret hallarını, təqsirkarın şəxsiyyətini, onun ailədə davranışını və s. nəzərə alaraq məhkumun üzərinə CM-nin 70.5-ci maddəsində göstərilməyən vəzifələri də qoya bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər; 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir; 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin onun təqsirli bilindiyi 222.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalı, barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilərək təyin ediləcək azadlıqdan məhrum etmə cəzası şərti hesab olunmalı, sınaq müddəti ərzində davranışı üzərində nəzarətin həyata keçirilməsi daimi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilməli, üzərinə müvafiq vəzifələr qoyulmalı, təyin olunmuş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş əlavə cəza qismində tikinti-təmir işləri sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilmə təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, zərərçəkmiş şəxsin hüquqi varisi məhkəməyədək icraat və məhkəmə icraatı zamanı mülki iddia verməmişdir, o, ərizə verərək təqsirləndirilən şəxslə barışdığını, şikayət və tələbinin olmadığını bildirmişdir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınaraq saxlanılması üçün Nizami rayon prokurorluğunun maddi sübutlar otağına təhvil verilən hadisə yerindən götürülmüş 01 ədəd steril pambıqlı çubuğa hopdurulmuş nümunə və mərhumun baş nahiyyəsinə düşmüş 01 ədəd beton parçası məhv edilməlidirlər; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi hesab olunan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq hesabına ödənilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 222.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə qeyd edir ki, işin məhkəmə icraatı dövründə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi müqavilə əsasında vəkili tərəfindən həyata keçirilmişdir, ona görə Azərbaycan Respublikası CPM-nin 193-cü maddəsinin tələbləri baxımından təqsirləndirilən şəxsə pulsuz hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına əmək haqqı ödənilməsi məsələsinin müzakirəsinə əsaslar yoxdur. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 222.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətinə tikintitəmir işləri sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə, 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən şərti olaraq tətbiq edilməklə, barəsində 02 (iki) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddəti hökmün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri üzrə probasiya şöbəsinə məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun və üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut qismində tanınaraq saxlanılması üçün Bakı şəhəri Nizami rayon prokurorluğunun maddi sübutlar otağına təhvil verilmiş 01 ədəd steril pambıqlı çubuğa hopdurulmuş nümunə və 01 ədəd beton parçası məhv edilsin. Məhkəmə məsrəfi olan 100 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar