Məhkəmə qərarları › İş №1(007)-347/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-347/2023

31.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-347/2023 31.08.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məsləhətçi Əsədullayev İrfan İlyas oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs, 27 avqust 1998-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli hökmü ilə, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq edilməklə, qəti olaraq 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroin əldə edərək, üzərində saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 1.101 qram olan narkotik vasitə heroini qanunsuz olaraq əldə edib, saxlamaqla daşımış, xx.xx.2022-ci il tarixdə saat 22:50 radələrində Bakı şəhəri, Nizami RPİ-nin 23-cü PB-nin əməkdaşları tərəfindən ünvan 2 ünvanında yerləşən “Şah Abbas” məscidinin qarşısında şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti, 118 ünvanında yerləşən Nizami RPİ-nin 23-cü PB-yə gətirilmiş, şöbədə xidməti otaqda üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli idman şalvarının sol yan cibindən şəffaf rəngli sellofana bükülmüş 01 ədəd bükümdə ümumi təmiz çəkisi 1,101 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, təxminən 1 ilə yaxındır ki, narkotik vasitə qəbul etmişdir. Narkotik vasitə aludəçisidir. Nizami rayonu, Keşlə qəsəbəsi, T.Bədəlov küçəsi 36 ünvanında yaşamışdır. Mütəmadi olaraq narkotik vasitələrdən istifadə edir. 02 noyabr 2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Yasamal rayonu ərazisində tanımadığı və anket məlumatlarını bilmədiyi şəxsdən 5 manat pul müqabilində şəxsi istifadəsi üçün “kakos” kimi tanıdığı narkotik vasitə almışdır. O, narkotik vasitə aldığı şəxsi şəxsən tanımamış, hər dəfə narkotik vasitə almaq istədikdə həmin əraziyə getmiş və orada bir qədər gəzdikdən sonra onu taparaq narkotik vasitə almışdır. 02 noyabr 2022-ci il tarixdə təxminən sat 22:50 radələrində ünvan 5 ünvanında yerləşən “Şah Abbas” məscidinin qarşısında olarkən biri polis geyim formasında, digəri isə mülki geyimdə olan 2 nəfər şəxs ona yaxınlaşmış və özlərini təqdim edib, onun kimliyimi soruşmuşlar. O, özünü həmin əməkdaşlara təqdim etmişdir. Sonra onlar onu sorğu-sual etməyə başlamışlar. Həmin vaxt aldığı narkotik vasitə üzərində olduğu üçün ifşa olunacağından qorxub özünü narahat hiss edib, oradan qaçıb uzaqlaşmağa çalışmışdır. Lakin, həmin polis əməkdaşları onun davranışlarından şübhələnib onu 23-cü polis bölməsinə gətirmişlər. İlk əvvəl polis bölməsinin inzibati binasının giriş hissəsində şəxsiyyəti tam müəyyənləşdirildikdən sonra xidməti otaqlardan birinə aparılmışdır. Polis əməkdaşları tərəfindən ona videoçəkilişlə üzərində şəxsi axtarış aparılan zaman vəkilin iştirakına ehtiyacının olmadığını bildirərək bu barədə ərizə yazmış, vəkilin iştirakı olmadan videoçəkilişlə üzərində şəxsi axtarış keçirilməsinə başlanılmış, videoçəkiliş zamanı polis əməkdaşları özlərini təqdim etdikdən sonra o da özünü təqdim etmişdir. Videoçəkiliş zamanı ondan vəkilin iştirakı olmadan üzərinə şəxsi axtarış keçirilməsinə etirazının olub-olmaması soruşulmuşdur. O, vəkilin iştirakı olmadan üzərinə şəxsi axtarış keçirilməsinə etirazının olmamasını bildirmişdir. Polis əməkdaşı şəxsi axtarışa başlamazdan əvvəl üzərində dövriyyəsi qanunla qadağan edilmiş hər hansı əşya və predmetin olub-olmamasını soruşmuş və olduğu təqdirdə təqdim etməyini təklif etmişdir. O, əynində olan qara rəngli idman şalvarının sol yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümü çıxarıb təqdim etmişdir. Həmin bükümdəki maddənin “kakos” kimi tanıdığı narkotik vasitə olmasını bildirmişdir. Daha sonra üzərinə polis əməkdaşı tərəfindən şəxsi axtarış keçirilmiş və başqa dövriyyəsi qanunla qadağan edilmiş heç bir əşya və predmet aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitə heroin zərfə qoyularaq möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib edilmişdir. Həmin protokol o, və digər iştirakçılar tərəfindən imzalanmışdır. Sonda Təqsirləndirilən şəxs, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidəri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla təsdiq edilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nizami RPİ-nin 23-cü PB-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ifadəsində göstərmişdir ki, 02 noyabr 2022-ci il tarixdə Nizami RPİ-nin 23-cü PB-nin əməliyyat müvəkkili Şahid1 ilə birlikdə xidmətdə olan zaman Nizami rayonu, Keşlə qəsəbəsi, Məşədi Hilal küçəsi 6 ünvanında yerləşən “Şah Abbas” məscidinin qarşısında bir nəfər şəxsin özünü şübhəli apardığının şahidi olmuşlar. Onlar dərhal həmin şəxsə yaxınlaşmış, özlərini təqdim etmiş və ona da özünü təqdim etməsini bildirmişlər. Həmin şəxs onların polis əməkdaşı olduqlarını bildikdən sonra suallarına qeyri-adekvat cavablar verməyə, həyəcanlanmağa və özünü şübhəli aparmağa başlamışdır. Həmin şəxsin danışığından onun narkotik maddələrin təsiri altında olması və tüfeyli həyat tərzi keçirməsi açıq-aşkar hiss olunmuşdur. Buna görə də onlar həmin şəxsi onlarla birlikdə şübhəli şəxs qismində Nizami RPİ-nin 23-cü PB-yə dəvət etmişlər. Həmin şəxs də dəvəti qəbul edərək onlarla birlikdə PB-yə gəlmişdir. PB-də həmin şəxsin xx.xx.1998-ci il təvəllüdlü Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Xidməti otaqların birində 23-cü polis bölməsinin təhqiqatçısı, polis mayoru Şəbnəm Ələkbərova tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət-prosessual Məcəlləsinin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək hüquqlarının müdafiə olunması üçün dövlət hesabına vəkil dəvət olunmasını xahiş etmişdir. Bu zaman Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün ərazi aidiyyatı üzrə Bakı şəhəri 6 saylı Vəkil bürosundan dövlət hesabına vəkil dəvət olunmuşdur. İlk olaraq vəkil tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunduqdan sonra vəkilin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış aparılması bildirilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən vəkilin iştirakına ehtiyacı olmadığını bildirərək bu barədə ərizə yazmışdır. Bundan sonra vəkilin iştirakı olmadan videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına başlanmışdır. Videoçəkiliş zamanı Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah olunarkən yenidər vəkilin iştirakı olmadan üzərində şəxsi axtarış aparılmasına etirazının olubolmaması soruşulmuş, Təqsirləndirilən şəxs vəkilin iştirakı olmadan üzərində şəxsi axtarış aparılmasına heç bir etirazının olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmamışdan qabaq üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmetin olub-olmamasını, olduğu təqdirdə təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarın sol yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümü təqdim edərək, həmin bükümdəki maddənin “Kakos” kimi tanıdığı narkotik vasitə olduğunu və həmin maddəni 02 noyabr 2022-ci il tarixdə səhər saatlarında ünvan 6 ünvanını bilmədiyi şəxsdən 5 manat müqabilində şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd içərisində narkotik vasitəyə bənzər maddələr olan büküm təhqiqatçı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılmış, üzəri Azərbaycan Respublikası DİN-in “Zərflər üçün” 163 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Bundan başqa şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşya və sənədlər aşkar edilməmişdir. O, həmin proseslərdə, yəni şəxsi axtarış və götürmə həyata keçirilən zaman videoçəkiliş vasitəsilə görüntüləri qeydə almaqla həmin istintaq hərəkətində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nizami RPİ-nin 23-cü PB-nin CA üzrə əməliyyat müvəkkili X1, Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan şəxsi axtarış və götürmə aparılması haqqında 02 noyabr 2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş 01 ədəd diskdə olan görüntülərdən görünür ki, 02 noyabr 2022-ci il tarixdə Nizani RPİ-nin 23-cü PB-nin təhqiqatçısı, polis mayoru Şəbnəm Ələkbərova tərəfindən polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zaman ona paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrnp maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sol yan cibindən 01 ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim edərək həmin bükümdəki maddənin “kakos” kimi tanıdığı narkotik vasitə heroin olduğunu və həmin maddəni 02 noyabr 2022-ci il tarixdə Yasamal rayonu ərazisindən tanımadığı şəxsdən aldığını bildirir. Daha sonra aşkar olunmuş ümumilikdə 01 ədəd bükümdə olan maddə qablaşdırılaraq 01 ədəd kağız zərfə qoyulur və üzəri DİN-in “Zəflər üçün” 163 saylı möhürü ilə möhürlənir. Bundan sonra Təqsirləndirilən şəxs nüzərindən dövriyyəsi qanunla qadağan olunmuş hər hansı əşya və predmet aşkar edilməmişdir. İş materiallarında olan materialların məhkəmə ekspertizasının 03 noyabr 2022-ci il tarixli, 6/6374 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün N163" dairəvi möhür əksi, “vət. Tahirov...'’ yazısı və imzalar olan zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 1,101 qram olan qəhvəyi rəngli, tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına (Siyahı İ) daxildir. Heroinin 0.05 qram hissəsi tədqiqata sərf edilmiş, 1.051 qram hissəsi isə tədqiqatdan sonra qalıq qalmışdır. İş materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın 04 fevral 2023cü il tarixli 614 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Tahir oğlunda opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında 25 aprel 2023-cü il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və protokol tərtib edilməklə götürülmüş təmiz çəkisi 1.101 qram olan heroin maddi sübut kimi tanınmış, tədqiqata 0.05 qram sərf edildikdən sonra 1.051 qram heronin qalığının saxlanılması üçün Nizami RPİ-nin saxlama kamerasına təhvil verilməsi, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmənin görüntülərini əks etdirən 01 ədəd CD diskin iş üzrə maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi və.s qərara alınmışdır. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli, 02 nömrəli Qərarının 4-cü bəndindən görünür ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, əvvəllər məhkum olunmasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs, həmin hökmlə, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq edilməklə, qəti olaraq 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması qərara alınmışdır. Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin edildiyi təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə görə azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində müəyyən edilir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. İş materiallarında olan Bakı Şəhər Probasiya İdarəsinin 29 avqust 2023-cü il tarixli, 300454-21-1/3-20910-9 saylı məktubundan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-339/2022 saylı, 13 oktyabr 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq edilməklə, qəti olaraq 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən Bakı Şəhər Probasiya İdarəsində qeydiyyatdadır və xx.xx.2023-cü il tarixə cəzasının 06 ay 20 gün hissəsini çəkmiş, həmin tarixə çəkilməmiş qalan cəza müddəti 1 il 5 ay 6 gün təşkil edir. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş hədd daxilində cəza təyin edilməli, həmin Məcəllənin 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın hazırkı tarixə çəkilməmiş 01 (bir) il 05 (beş) ay 04 (dörd) gün müddətində hissəsi azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə 08 (səkkiz) ay 17 (on yeddi) gün müddətində azadlıqdan məhrumetmə növündə cəzaya bərabər tutulmaqla, hazırki hökm üzrə təyin edilmiş cəza ilə qismən birləşdirilməklə, Təqsirləndirilən şəxs qəti cəza təyin edilməli və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. İş materiallarında olan 02 noyabr 2022-ci il tarixli tutma protokolundan, təqsirləndirilən şəxs qismində cəlb edilmə barədə 04 noyabr 2022-ci il tarixli qərardan, vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 04 noyabr 2022-ci il tarixli qərardan və eyni tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs, 02 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 04 noyabr 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, 04 noyabr 2022-ci il tarixdə barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə müstəntiqin vəsatətindən imtina edilmiş və həmin tarixdə, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 02 noyabr 2022-ci il tarixdən 04 noyabr 2022-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti cəza saxlanılmalıdır. Bundan başqa, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 93 və 93- 1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edildiyinə görə hökmün icrasının təmin edilməsinə nail olmaq məqsədilə təqsirləndirilən şəxsin barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in 155.1.5-ci maddəsinə görə qətimkan tədbiri məhkəmə tərəfindən o hallarda tətbiq oluna bilər ki, cinayət təqibi üzrə toplanmış materiallar şübhəli və ya təqsirləndirilən şəxs tərəfindən məhkəmə hökmünün icrasına maneçilik törədilməsi ehtimalına kifayət qədər əsaslar versin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 157.5-ci maddəsinin şərh edilməsinə dair” 09 iyul 2010-cu il tarixli qərarında göstərmişdir ki, Azərbaycan Respublikası CPM-in 156.2ci maddəsinə görə cinayət işinə mahiyyəti üzrə baxan məhkəmə öz təşəbbüsü ilə həbs qətimkan tədbirinin seçilməsi haqqında qərar qəbul edə bilər. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 55 (əlli beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalı, CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nizami rayon Polis İdarəsinin müvəqqəti saxlama kamerasında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış xalis çəkisi 1.051 qram olan narkotik vasitə heroin məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılan 01 ədəd “CD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin ibtidai istintaqda və məhkəmədə iştirak etdiyi müddət 33 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 198 manat (33x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın çəkilməmiş 01 il 05 ay 04 gün müddətində hissəsi azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə 08 (səkkiz) ay 17 (on yeddi) gün müddətində azadlıqdan məhrumetmə növündə cəzaya bərabər tutulmaqla, hazırki hökm üzrə təyin edilmiş cəza ilə qismən birləşdirilməklə, Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq, 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 02 (iki) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq, üzərində qəti olaraq 09 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Cəzaçəkmə müddətinin əvvəli 31 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və Təqsirləndirilən şəxs hökm elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbs edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanası müəyyən edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 55 (əlli beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanması kamerasında saxlanılan, xalis çəkisi 1.051 qram olan narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılan 01 ədəd “CD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs 33 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 198 manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar