Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-348/2021 30.11.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, X3 Bəxtiyar oğlunun katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx xxxxxx 1969-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi ev 73, mənzil 31-də qeydiyyatda olmaqla yaşayan və barəsində “həbs” qətimkan tədbiri seçilmiş, ƏN PX-nin 3 saylı İT-da saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum şəraitdə və vaxtda satış məqsədi ilə, qanunsuz olaraq, ümumi təmiz çəkisi 1,913 qram kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroin və təmiz çəkisi - 0,370 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə etməklə daşımış və yaşadığı ünvan 3 evin 31 nömrəli mənzilində, eləcə də üzərində saxlamış, 04 avqust 2021-ci il tarixdə saat 21 radələrində yaşadığı ünvan 3 evin qarşısında satış məqsədi ilə əldə etdiyi kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan narkotik vasitədən bir ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi - 0,540 qram kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroini tanışı Şahid3 10 (on) manat müqabilində satmış, 05 avqust 2021-ci il tarixdə saat 00:05 radələrində Bakı şəhəri, Nizami RPİ-nin 24-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən ünvan 3 evin 31 nömrəli mənzilinin giriş qapısının qarşısında şübhəli şəxs qismində saxlanılaraq Nizami rayon Polis İdarəsinin 24-cü PŞ-nə gətirilmiş və orada üzərinə baxış keçirilən zaman əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi - 0,578 qram kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroin aşkar edilərək götürülmüş və həmin gün saat 01:30 radələrində Nizami RPİ-nin 24-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən davam etdirilən əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 evin 31 nömrəli mənzilində axtarış keçirilən zaman mənzilin qonaq otağında yerləşən masanın üzərindən bir ədəd kağız bükümdə təmiz çəkisi - 0,795 qram kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroin, bir ədəd kağız bükümdə təmiz çəkisi - 0,370 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, bir ədəd üzərində narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin izləri olan “200g x 0,1g” yazısı olan “gümüşü” rəngli elektron tərəzi və içərisində narkotik vasitə heroinin izləri olan iki ədəd 2 ml-lik şprislər aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, bir neçə ildir narkotik vasitə heroin qəbul edir. 05.08.2021-ci il tarixdə saat 00:05 radələrində yaşadığı Nizami rayonu, B.Çobanzadə küçəsi ev 73 mənzil 31 ünvanda yaşadığı mənzilin çıxış qapısının qarşısında iki nəfər mülki geyimli polis əməkdaşı ona narkotik vasitələrin satışında şübhəli olduğu bildirilərək 24-cü PŞ-nə dəvət edilmişdir. Polis şöbəsində xidməti otaqların birində öncə hüquq və vəzifələri izah edilməklə video çəkiliş vasitəsi ilə ona üstündə hər hansı qeyri-qanuni əşya varsa təqdim etməsi təklif olunmuşdur. Bundan sonra göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş halda qəhvəyi rəngdə “heroin” olaraq tanıdığı narkotik vasitəni təqdim etmişdir. Həmin narkotik vasitəni bir neçə gün əvvəl adını bilmədiyi sosial şəbəkədə əlaqə saxladığı İran İslam Respublikasının vətəndaşı vasitəsilə 50 manata həmin şəxsin Nizami rayonu ərazisində qoyduğu yerdən götürməklə almışdır. Həmin narkotik vasitə “heroin”i şəxsi istifadəsi üçün almışdır. Ondan aşkar edilərək götürülmüş maddə ağ rəngli zərfə qoyularaq möhürlənmiş və zərfin üzərinə o və polis əməkdaşları imza etmişlər. Sonra polis əməkdaşları evdə axtarış keçirilməsinin zəruri olduğunu bildirmişlər. Polis əməkdaşlarına yaşadığı ünvanda axtarış aparmalarına etirazının olmadığı barədə ərizə yazmışdır. Saat 01:30 radələrində onun, vəkilinin və iki nəfər polis əməkdaşının və təhqiqatçının iştirakı ilə yaşadığı mənzildə axtarış keçirilmişdir. Mənzilinin qonaq otağında kiçik ölçülü masanın üzərində ağ rəngli kağızın üzərinə tökülmüş halda qəhvəyi rəngli toz halında maddə, həmin maddənin yanında ağ rəngli sellofana bükülmüş, kristallar halında olan “patı” olaraq tanıdığı maddə, iki ədəd şpris və bir ədəd boz rəngli tərəzi aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüşdür. Tanışı Şahid3 bir neçə dəfə onunla bir yerdə narkotik vasitə qəbul etmişdir. Üzərində və yaşadığı mənzildə aşkar edilmiş “heroin”i və “patı”nı özünün istifadəsi üçün saxlamışdır. Narkotik maddələrin satışı ilə məşğul olmamışdır. Elektron tərəzini qəbul etdiyi narkotik maddənin miqdarını müəyyən etməkdə istifadə etmişdir. Polis əməkdaşları tərəfindən saxlanılarkən hər hansı qanuna zidd hərəkətlərə məruz qalmamış və törətdiyi cinayət əməlindən səmimi peşmandır. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən, təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda (belə halda təqsirləndirilən şəxsin ifadələrinin elan edilməsi yalnız onun sərbəst ifadə verməsindən və verilmiş suallara cavab verməsindən sonra mümkündür) təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verdiyi ifadələr və həmin ifadələrin audio yazısı, video və ya kino çəkilişi elan edilə və ya göstərilə bilər. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə baxşı zamanı elan olunmuş ifadəsində göstərmişdir: “... Bir neçə ildir ki, narkotik vasitə olan heroinin qəbulu ilə məşğul olur. 05.08.2021 -ci il tarixdə saat 00:05 radələrində o, öz yaşadığı ünvan 1 ünvandan hava almaq üçün çıxarkən yaşadığı mənzilin çıxış qapısının qarşısında iki nəfər mülki geyimli polis əməkdaşı ona yaxınlaşaraq onun narkotik vasitələrin satışında şübhəli olduğunu deyərək onu 24-cü PŞ-nə dəvət etmişlər. Orada xidməti otaqların birində öncədən hüquq və vəzifələri izah edilməklə video çəkiliş vasitəsi ilə ona təklif edilmişdir ki, üstündə hər hansı qeyri-qanuni əşya varsa, onları təqdim etsin. Təklifə əsasən o, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş halda qəhvəyi rəngdə olan onun “heroin” olaraq tanıdığı narkotik vasitəni təqdim etmişdir. Həmin narkotik vasitəni o, bir neçə gün əvvəl adını və anket məlumatlarını xatırlamadığı, sosial şəbəklərlə əlaqə saxladığı İran İslam Respublikasının vətəndaşı vasitəsilə 50 manata həmin şəxsin Nizami rayonu ərazisində qoyduğu yerdən götürməklə almışdır. Həmin narkotik vasitə kimi tandığı “heroin”in bir qismini öz şəxsi istifadəsi üçün öz üzərində gəzdirirmiş. Yerdə qalanını isə öz tanışlarına satmaq üçün yaşadığı ünvan 2 ünvanda saxlamışdır. Üzərinə baxış keçirildikdən sonra ondan aşkar edilmiş maddə ağ rəngli zərfə qoyularaq möhürlənmişdir. Həmin zərfin üzərinə o və polis əməkdaşları imza etmişlər. Sonra isə polis əməkdaşları ona evində olan narkotik vasitənin götürülməsi üçün evində axtarış keçirilməsinin zəruri olmasını izah etmişlər. O, polis əməkdaşlarına etiraz etməmiş və yaşadığı ünvanda polis əməkdaşları tərəfindən axtarış aparılmasna heç bir etirazı olmadığı barədə ərizə yazmışdır. Bundan sonra saat 01:30 radələrində onun, vəkilinin, onu saxlayan iki nəfər polis əməkdaşı və təhqiqatçının iştirakı ilə mənzilində axtarış keçirilmişdir. Mənzilinin qonaq otağında kiçik ölçülü masanın üzərində ağ rəngli kağızın üzərinə tökülmüş halda qəhvəyi rəngli toz halında maddə, həmin maddənin yanında ağ rəngli sellofana bükülmüş, kristallar halında olan onun “patı” olaraq tanıdığı maddə, iki ədəd şpris və bir ədəd boz rəngli tərəzi aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan başqa həmin masanın üzərindən tanışı Şahid3 məxsus sürücülük vəsiqəsi də aşkar edilmişdir. Ağ kağızın üzərində tökülmüş halda olan qəhvəyi rəngli maddə onun üzərində aşkar edilən “heroin” kimi tanıdığı maddənin satmaq üçün evdə saxladığı hissəsi imiş. Aşkar olunan “patı” kimi tamdığı maddəni də, o, öz tanışlanna satmaq və onlarla birlikdə yaşadığı evdə qəbul etmək üçün saxlamışdır. Masadan aşkar edilən şprislərlə özü narkotik vasitə qəbul etmişdir...”. Məhkəmə cinayət işinin materiallarını hərtərəfli tam və obyektiv araşdırıb, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyərək qeyd edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlini qismən etiraf etməsinə baxmayaraq, onun təqsiri iş üzrə dindirilmiş şahidlərin ifadələri, habelə işdə olan digər sübutlarla tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nizami RPİ-nin 24-cü PŞ-nin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Bakı şəhərində yaşayan «Vaqif» adlı şəxsin mütəmadi olaraq narkotik vasitələr əldə etməsi, saxlanması və qəbulu ilə məşğul olması barədə əməliyyat yolu ilə əldə olunmuş məlumat əsasında 04 avqust 2021-ci il tarixdə əməliyyat qrupu təşkil olunmuş və keçirilmiş tədbirlər nəticəsində saat 21:45 radələrində ünvan 3 ünvanın yaxınlığında sonradan Şahid3 olduğu məlum olan şəxsi Nizami RPİ-nin 24-cü PŞ-nə dəvət etmişlər. Xidməti otaqların birində Şahid3 üzərinə video çəkiliş aparılmaqla baxış keçirməmişdən əvvəl üzərində qeyri-qanuni nə varsa təqdim etməsi təklif olunmuşdur. Şahid3 könüllü olaraq göy rəngli ağ damalı yay köynəyinin döş cibindən bir ədəd şəffaf polietilen bükümdə olan kütlənin heroin olduğunu bildirərək təqdim etmişdir. Həmin heroini 04 avqust 2021-ci il tarixdə saat 21 radələrində B.Çobanzadə küçəsi 73 saylı ünvanın qarşısında həmin ünvanda yaşayan “Rövşən” adlı şəxsdən 10 manata istifadə etməsi üçün aldığını və üzərində saxladığını bildirmişdir. Şahid3 götürülmüş narkotik vasitə heroin bükümü zərfə qablaşdırılaraq DİN-nin 164 №-li möhürü ilə möhürlənmiş və bu barədə müvafiq protokol tərtib edilmişdir. Protokol iştirakçılara ucadan oxunmuş və düzgün tərtib edildiyinə görə imzalanmışdır. Baxış zamanı Şahid3 qarşı heç bir təzyiq olmamışdır. Tədbirin davamı olaraq 05 avqust 2021-ci il tarixdə saat 00:05 radələrində ünvan 3 binanın 31 nömrəli mənzilinin giriş qapısının qarşısında sonradan Təqsirləndirilən şəxs olduğu məlum olan şəxs saxlanılarq Nizami RPİ-nin 24-cü PŞ-nə dəvət edilmişdir. Xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə video çəkiliş aparılmaqla baxış keçirməmişdən əvvəl üzərində qeyri-qanuni nə varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs könüllü olaraq göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf polietilen bükümdə olan kütləni çıxararaq təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi kütlənin heroin olduğunu və bir neçə gün əvvəl İran İslam Respublikasının vətəndaşı olan şəxsin vasitəsilə 50 manata özü üçün istifadə etmək və tanışlarına satmaq üçün aldığını, üzərində və yaşadığı ünvanda saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs götürülmüş narkotik vasitə heroin bükümü zərfə qoyularaq qablaşdırılmış və DİN-nin 164 №-li möhürü ilə möhürlənərək bu barədə müvafiq protokol tərtib edilmişdir. Həmin protokol iştirakçılara ucadan oxunmuş və düzgün tərtib edildiyinə görə imzalanmışdır. Baxış keçirilən zaman Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq olmamışdır. Təqsirləndirilən şəxs evində axtarış keçirilməsi izah edilmiş və sonuncu yaşadığı ünvanda axtrarış aparılmasına heç bir etirazının olmadığı barədə ərizə yazmışdır. Saat 01:30 radələrində Təqsirləndirilən şəxs, vəkilinin, iki nəfər polis əməkdaşının və təhqiqatçının iştirakı ilə mənzildə axtarış keçirilmiş və mənzilin qonaq otağında kiçik ölçülü masanın üzərində ağ rəngli kağızın üzərinə tökülmüş halda qəhvəyi rəngli toz halında maddə, həmin maddənin yanında ağ rəngli sellofana bükülmüş, kristallar halında olan Təqsirləndirilən şəxs “patı” olaraq tanıdığı maddə, iki ədəd şpris və bir ədəd boz rəngli tərəzi aşkar edilərək götürülmüşdür. Bundan başqa masanın üzərindən Təqsirləndirilən şəxs tanışı Şahid3 məxsusu sürücülük vəsiqəsi aşkar edilmişdir. Bu barədə müvafiq protokol tərtib edilmiş və iştirakçılara ucadan oxunduqdan sonra iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı Şahid2 vermiş olduğu ifadəsində Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı Şahid3 ifadəsində göstərmişdir ki, on il olar narkotik vasitə heroin istifadəçisidir. Təqsirləndirilən şəxs əvvəllər tanımış və normal münsibətləri olumuşdur. 04 avqust 2021-ci il tarixdə gecə saatlarında polis əməkdaşları tərəfindən küçədə deyil, Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 evdə saxlanılmışdır. Polis əməkdaşları tərəfindən saxlanılarkən onun üzərində narkotik maddə aşkar edilməmişdir. Polis əməkdaşlarının təzyiqi ilə Təqsirləndirilən şəxs guya narkotik maddə aldığını və özünün istifadəsi üçün üzərində saxladığını demişdir. Şahid3 ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə baxşı zamanı elan olunmuş ifadəsində göstərmişdir: “...On ilə yaxındır ki, narkotik vasitə olan heroinin qəbulu ilə məşğul olur. 04 avqust 2021-ci il tarixdə saat 21 radələrində “ünvan 5 ünvanın qarşısında olarkən B.Çobanzadə küçəsi 73 saylı ünvanda yaşayan orta boylu, saçları seyrək və zəif bədən quruluşlu Rövşən adlı şəxsdən özü üçün istifadə etməkdən ötrü 10 manata bir büküm narkotik vasitə olan heroin almışdır. Aldığı heroini özündə saxlamışdır ki, sonra inyeksiya yolu ilə qəbul etsin. 04.08.2021-ci il tarixdə narkotik vasitə heroini əldə etdikdən sonra həmin yerdən bir qədər aralanmaq istədikdə elə həmin ünvanın qarşısında saat 21:45 radələrində iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini təqdim edərək polis işçiləri olduğunu bildirərək, onu Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə dəvət etmişlər. Orada xidməti otaqların birində öncədən hüquq və vəzifələri izah edilməklə video çəkiliş vasitəsi ilə ona təklif edilmişdir ki, üstündə hər hansı qeyri-qanuni əşya varsa, onları təqdim etsin. Təklifə əsasən o, əynində olan göy rəngli ağ damalı qısaqol yay köynəyinin sol döş cibində saxladığı bir ədəd sellofan bükümdə olan narkotik vasitə heroini təqdim etmişdir. Sorğu zamanı bildirmişdir ki, təqdim etdiyi bükümün içərisində olan kütlə heroindir, onu ünvan 5 ünvanın qarşısında olarkən B.Çobanzadə küçəsi 73 saylı ünvanda yaşayan orta boylu, saçları seyrək və zəif bədən quruluşlu Rövşən adlı şəxsdən özü üçün istifadə etməkdən ötrü 10 manata almışdır. Bundan sonra ondan götürülmüş narkotik vasitə heroin bükümü zərfə qablaşdırılaraq DİN-nin möhürü ilə möhürlənmiş və bu barədə müvafiq protokol tərtib edilmişdir...”. İş materiallarında olan 07.08.2021-ci tarixli Üzləşdirmə Protokolundan görünür ki, aralarında keçirilmiş üzləşdirmə zamanı Şahid3 və Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduqları ifadələrini təsdiq etmişlər. İş materiallarında olan 05.08.2021-ci il tarixli “baxış və götürmə keçirilməsi barədə” protokoldan görünür ki, videoçəkiliş aparılmaqla baxış zamanı Təqsirləndirilən şəxs ona edilmiş təklifə əsasən göy rəngli cins şalvarının sağ yan cibində saxladığı bir ədəd sellofan kəsiyi bükümündə bir ədəd içərisində açıq qəhvəyi rəngli, spesifik iyə malik olan maddəni çıxardaraq təqdim etmiş, sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi maddənin narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni özü üçün istifadə etməkdən ötrü və tanışlarına satması üçün adını xatırlamadığı İran İslam Respublikasının vətəndaşının vasitəsilə almasını, həmin narkotik vasitənin bir qismini yaşadığı ünvanda, bir qismini isə üzərində saxladığını bildirmişdir. İş materiallarında olan 05 avqust 2021-ci il tarixli “axtarış və götürmə barədə” protokoldan görünür ki, Nizami RPİ-nin 24-cti PŞ-nin baş təhqiqatçısı, polis kapitanı Nəriman Əzizov tərəfindən Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, ünvan 3 binanın 31 nömrəli mənzilində axtarış aparılmış, mənzilin qonaq otağında yerləşən masanın üzərindən bir ədəd kağız bükümdə təmiz çəkisi - 0,795 qram kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroin, bir ədəd kağız bükümdə təmiz çəkisi - 0,370 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, bir ədəd üzərində narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin izləri olan “200g x 0,1 g” yazısı olan “gümüşü” rəngli elektron tərəzi və içərisində narkotik vasitə heroinin izləri olan iki ədəd 2 ml-lik şprislər aşkar edilərək götürülmüşdür. İşdə olan məhkəmə-kimyəvi ekspertizasının 6/3317 saylı 05 avqust 2021-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs aşkar edilmiş maddə” yazısı olan zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi - 0,578 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə -heroindir. İşdə olan məhkəmə-kimyəvi ekspertizasının 6/3318 saylı 05 avqust 2021-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs mənzilindən aşkar edilmiş maddələr” yazısı olan kağız zərfdəki 02 (iki) ədəd bükümdə təmiz çəkisi - 0,795 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitəheroindir və təmiz çəkisi 0,370 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. İşdə olan məhkəmə-kimyəvi ekspertizasının 6/3319 saylı 05 avqust 2021-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “şübhəli şəxs: Təqsirləndirilən şəxs” yazısı olan zərfdəki 02(iki) ədəd 2 ml-lik şprislərin içərisində narkotik vasitə olan heroinin izləri vardır. İz şəklində olduğu üçün, heroinin çəkisini müəyyən etmək mümkün olmadı. İşdə olan məhkəmə-kimyəvi ekspertizasının 6/3320 saylı 05 avqust 2021-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “şübhəli şəxs: Təqsirləndirilən şəxs” yazısı olan zərfdəki 01 (bir) ədəd arxasında “200g x 0,lg” yazısı olan “gümüşü” rəngli elektron tərəzinin üzərində narkotik vasitə olan heroinin və psixotrop maddə olan metamfetaminin izləri vardır. İz şəklində olduğu üçün, heroinin və metamfetaminin çəkisini müəyyən etmək mümkün olmadı. İşdə olan məhkəmə-kimyəvi ekspertizasının 6/3968 saylı 29 sentyabr 2021-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR ƏN MEM-nin “Tədqiqat obyekti N 59”-li ştamp əksi olan paketlərdəki, vət. Təqsirləndirilən şəxs götürülmüş heroinlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. Vət.Təqsirləndirilən şəxs götürülmüş heroinlər, vət.Şahid3 götürülmüş heroinlə kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. İlkin tədqiqat zamanı, vət.Təqsirləndirilən şəxs götürülmüş heroinlərin təmiz çəkisi 5 avqust 2021-ci il tarixli 6/3317 və 6/3318 saylı və vət.Şahid3 götürülmüş heroinin təmiz çəkisi 5 avqust 2021-ci il tarixli 6/3316 saylı ekspert rəylərində göstərilmişdir. İşdə olan məhkəmə-narkoloji ekspertizasının 3209 saylı 02.09.2021-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbul edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşdə olan 06 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş bir ədəd zərfdə təmiz çəkisi-0,578 qram, tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,508 qram, bir ədəd zərfdə təmiz çəkisi 0,795 qram, tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,725 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, təmiz çəkisi 0,370 qram, tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,320 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, bir ədəd elektron tərəzi, iki ədəd şpris, həmçinin iki ədəd DVD disk maddi sübut hesab edilmiş və narkotik vasitə heroin, psixotrop maddə metamfetamin, bir ədəd elektron tərəzi, iki ədəd şpris saxlanması üçün Nizami RPİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmişdir. İşdə olan 05 avqust 2021-ci tarixli Tutma Protokolundan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan Bakı şəhər Nizami rayon Məhkəməsinin 07.08.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 05 avqust 2021-ci il tarixdən hesablanmışdır. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami rayon Məhkəməsinin 28 noyabr 2019cu il tarixli hökmü ilə, Azərbaycan Respublikası CM-nin 234.1, 69.3-cü maddələri ilə təqsirli bilinərək 11 ay 26 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və 27.10.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. İşdə olan 05 avqust 2021-ci il tarixli qərarın surətindən görünür ki, Şahid3 barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. İşdə olan 06 avqust 2021-ci il tarixli qərarın surətindən görünür ki, Şahid3 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı vermiş olduğu ifadəsinə tənqidi yanaşaraq işin faktiki hallarına uyğun saymır və ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini iş materiallarına və işin faktiki hallarına uyğun hesab edərək qəbul edir. Məhkəmə eyni zamanda Şahid3 məhkəmə baxışı zamanı vermiş olduğu ifadəsinə tənqidi yanaşaraq, tədqiq edilmiş sübutlarla təkzib olunduğu üçün qəbul etmir və ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini iş materiallarına uyğun hesab edərək qəbul edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il 2 № -li qərarında qeyd edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutların məcmuyuna və Ali Məhkəmənin Plenum qərarının tövsiyyəsinə əsasən qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi işin müəyyən olunmuş faktiki halları ilə tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsinə əsaslar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar müəyyən etmir, Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivini cəzanı ağırlaşdıran hal qismində nəzərə alır. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 83.3, 83.3.3 və 83.4-cü maddələrinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş sayılır. Məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Təqsirləndirilən şəxs barəsində olan Bakı şəhəri Nizami rayon Məhkəməsinin 28 noyabr 2019-cu il tarixli hökmünə münasibətdə məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən qəsdən cinayət törətmişdir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. «Аzərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 6 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, мəhkumluq hüquqi təbiətinə görə cinayət törətməklə özünün ictimai təhlükəliliyini biruzə vermiş şəxsin hərəkətləri üzərində sosial-hüquqi nəzarətin müəyyənləşdirilməsindən və həyata keçirilməsindən ibarət olan cinayət-hüquqi institutdur. Bu cür nəzarət yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə həyata keçirilməklə məhkumun hüquq və azadlıqlarının müəyyən dərəcədə məhdudlaşdırılmasında ifadə olunur. Məhkumluq, həmçinin yenidən cinayət törətməməsi üчüн ədalət mühakiməsi tərəfindən məhkuma edilən özünəməxsus xəbərdarlıq növüdür. Məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxsə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur. Göründüyü kimi həm qanunvericilik, həm də Аzərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyi bir mənalı оlараг məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsinin bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına, bunun isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə etdiyini və yeni cinayət törətdiyinə görə qanunun belə şəxslərə qarşı daha sərt cinayəthüquqi təsir tədbirinin tətbiq edilməsini nəzərdə tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilməklə cəza çəkmədən islah olunmasını mümkün saymır və hesab edir ki, ona real cəza təyin edildiyi təqdirdə cəzanın məqsədləri təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını çəkməsi üçün ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 52-1.3.3-cü maddəsinə əsasən, məhkəmə məhkum üçün alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək əlavə vəzifəsini müəyyən edə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93 və 93-1-ci maddələrinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və bununla yanaşı, ona təyin edilmiş narkomaniyadan məcburi müalicə kursunu keçmək həmin Məcəllənin 52-1.3.3-cü maddəsinə əsasən əlavə vəzifə kimi də onun üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübutlar – Bakı şəhəri Nizami RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,508 qram, tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,725 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,320 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, bir ədəd elektron tərəzi və iki ədəd şpris məhv edilməli, iki ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatlarının ümumi dəyəri 570 (beş yüz yetmiş) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin ibtidai istintaqda iştirak etdiyi 40 saat, məhkəmədə iştirak etdiyi 25 saat, cəmi 65 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 390 (üç yüz doxsan) manat (65x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə müdafiəçi X2 dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351- 353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 04 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli şübhəli şəxs qismində tutulduğu 05 avqust 2021-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə ekspertiza tədqiqatlarının ümumi dəyəri 570 (beş yüz yetmiş) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübutlar - Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanması kamerasında saxlanılan, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,508 qram, tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,725 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,320 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, bir ədəd elektron tərəzi və iki ədəd şpris məhv edilsin və iki ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 65 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X2 VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 390 (üç yüz doxsan) manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №1(007)-348/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-348/2021
30.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver