Məhkəmə qərarları › İş №1(007)-350/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-350/2022

21.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-350/2022 21.10.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi, Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X2, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxx 1971-ci il tarixdə Biləsuvar rayonunun Təzəkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi qaydada işləyən, əvvəllər məhkum olunmamış, Biləsuvar rayonunun Təzəkənd kəndində qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, məhəllə 2595, ev 7, mənzil 208-də yaşayan, 27 aprel 2022-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ehtiyyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yolnəqliyyat hadisəsi törətmişdir. Belə ki, o, 05 fevral 2022-ci il tarixdə saat 09:41 radələrində Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 149 ünvanının qarşısında idarə etdiyi “Mercedes Benz C220 CDİ” markalı **-GT-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin İ hissəsinin tələblərini pozaraq, yəni təhlükə yaranandan sonra da nəqliyyat vasitəsi piyadanın vurulduğu yerdən dayanma yolundan hər hansı böyük məsafələrdə olarkən, sürücünün tormozlama əməliyyatı aparmaqla yolu artıq keçməkdə olan piyadaya kimi nəqliyyat vasitəsinin dayandırmağa texniki imkanı olduğu halda, bunu etməyərək yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq yolu sağdan sola doğru keçən piyada Zərərçəkmiş şəxs avtomobilinin sol ön hissəsi ilə vuraraq ehtiyatsızlıqdan sonuncuya ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid baş beyin toxumasının əzilməsi, baş beyinə, qişalarına və mədəciklərinə qansızma, sağ təpə qabarının əzilmiş cırılmış yarası və yumşaq toxumanın qansızması, bədənin yumşaq toxumasının qançır və sıyrıqları ilə nəticələnən bədən xəsarətləri yetirmiş, həmin xəsarətlərdən başın küt travması nəticəsində baş beyinə, qişalarına, mədəciklərinə qansızma Zərərçəkmiş şəxs ölümünə səbəb olmuşdur. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, “Mercedes Benz C220 CDİ” markalı **-GT-*** dövlət qeydiyyat nişanlı avtomobil oğlu Əzizə məxsusdur, o, həmin avtomobili etibarnamə ilə idarə etmişdir. Avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuşdur. 05 fevral 2022-ci il tarixdə səhər saat 09 radələrində Biləsuvar rayonuna getmək üçün yaşadığı mənzildən çıxaraq həmin avtomobilə əyləşmiş, avtomobili təxminən 90 km/saat surətlə yolun soldan sağa ikinci xətti ilə Heydər Əliyev prospekti ilə üzü şəhər istiqamətində əsas yol ilə hərəkətdə olan zaman təxminən 15 metr məsafədə prospektdə yerləşən “Yeni Klinika” xəstəxanasının qarşısından yolu soldan sağa qaçaraq keçən bir qadını görmüşdür. Həmin qadın yolun “Koroğlu” metrostansiyası istiqamətində olan hissəsini keçərək yol ayrıcında dayanmışdır. O, həmin qadının dayandığı yerə, yəni Heydər Əliyev prospekti, 149 ünvanında yerləşən “Yeni Klinika”nın paralel olaraq qarşısına çatmağına təxminən 3-4 metr qalmış qadın yolu keçmək üçün qaçmağa başlamışdır. O, avtomobili yolun sağına doğru hərəkət etdirməyə başlasa da avtomobilin sol ön qanadının sol ön qapı ilə birləşən hissəsi ilə qadına toxunmuşdur. Zərbənin təsirindən qadının başı avtomobilin ön şüşəsinin sol hissəsinə dəyərək asfalt örtüyünün üzərinə yıxılmışdır. O, avtomobili dayandıraraq qadını asfalt örtüyünün üzərindən götürüb yolun kənarına qoymuş və təcili yardıma zəng vuraraq məlumat vermişdir. Təxminən 3 dəqiqə sonra ora təcili yardımın həkimləri gəlmiş və həmin qadına baxaraq dünyasını dəyişdiyini bildirmişlər. Hadisə vaxtı avtomobili yol ayrıcında olan daş arakəsmənin üzərinə çıxdığından avtomobili bir qədər irəli sürüb daş arakəsmənin üzərindən endirmişdir. Sonra hadisə yerinə polislər gələrək araşdırma aparmışlar. Təqsirləndirilən şəxs ifadəsində daha sonra göstərmişdir ki, o, hadisəyədək mərhum Zərərçəkmiş şəxs və ya ailə üzvlərini tanımamışdır, hadisə ehtiyatsızlıq nəticəsində baş vermişdir, mərhum piyadalar üçün nəzərdə tutulmayan hissədə yolu keçmişdir. Əməlindən səmimi peşmandır. Hadisədən sonra mərhumun ailəsinə maddi köməklik göstərmiş, birlikdə yaşadığı həyat yoldaşı ilə barışıq əldə etmişdir. Özünün səhhətində ciddi problemlər vardır, ikinci qrup əlildir. Barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmış Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X3 göstərmişdir ki, iş üzrə ibtidai istintaqın əvvəlində mərhum Zərərçəkmiş şəxs birlikdə yaşadığı həyat yoldaşı X6 notarial qaydada təsdiqlənmiş ərizə verərək Təqsirləndirilən şəxs ilə barışdığını bildirmişdir. Mərhumla həyat yoldaşının rəsmi nikahları və mərhumun digər yaxın ailə üzvləri olmadığından qərar əsasında o, vəkil kimi zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır. Qanunla müəyyən edilmiş qaydada qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə 2007-ci ilin yanvar ayında ailə qurmağına baxmayaraq rəsmi nikahları olmamışdır. Onların birgə nikahlarından 30 noyabr 2007-ci il təvəllüdlü Aliyə adlı övladları doğulmuşdur, qızı hazırda onun himayəsindədir. Zərərçəkmiş şəxs atası Salman Zeynalov və anası Fatimə Zeynalova 1991-ci ildə Rusiya Federasiyasında yol-nəqliyyat hadisəsi zamanı dünyalarını dəyişmişlər. 05 fevral 2022-ci il tarixdə əvvəllər tanımadığı bir nəfər şəxs onun mobil telefonuna zəng vuraraq bildirmişdir ki, həyat yoldaşı X10 prospektində yerləşən “Yeni Klinika” hospitalının qarşısında baş vermiş yol-nəqliyyat hadisəsi zamanı dünyasını dəyişmişdir. Alidənin meyiti ona təhvil verilmiş və onu dəfn etmişlər. Ona məlum olmuşdur ki, 05 fevral 2022-ci il tarixdə səhər saatlarında Alidə Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 149 ünvanında “Yeni Klinika”nın qarşısında yolu sağdan sola doğru piyada keçərkən “Mercedes” markalı **-GT-*** dövlət qeydiyyat nişanlı avtomobillə vurulmuş və hadisə yerində vəfat etmişdir. Hadisəni törədən Təqsirləndirilən şəxs mərhumun dəfn və digər xərclərinin çəkilməsi ilə bağlı maddi ziyan qismində ödənişlər etmiş, onunla barışıq əldə etmişdir. Belə ki, Alidə ilə rəsmi nikahları olmasa da, onlar ər-arvad, ailə kimi birlikdə yaşamışlar, mərhum onun uşağının anası olmuşdur. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 05 fevral 2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanmışdır. (i.v. 1) -Sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair 05 fevral 2022-ci il tarixli 2/1759 nömrəli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 12:20-də keçirilən müayinəsi zamanı ayıq olduğu müəyyən edilmişdir. (i.v. 28) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 publik hüquqi şəxsin Nizami rayon şöbəsinin 28 fevral 2022-ci il tarixli 22 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs meyiti məhkəmə-tibbi müayinə olunarkən onun bədənində aşağıdakı xəsarətlər aşkar edildi: baş beyin toxumasının əzilməsi, baş beyinə, qişalarına və mədəciklərinə qansızma, sağ təpə qabarının əzilmiş cırılmış yarası və yumşaq toxumanın qansızması, bədənin yumşaq toxumasının qançır və sıyrıqları. Qeyd edilən xəsarətlər həyatidirlər, ölümdən az əvvəl, yəni xx.xx.2022-ci il tarixdə bərk küt əşyanın (əşyaların) təsirindən piyada qismində olarkən avtomaşınla vurulma nəticəsində əmələ gələ bilərlər, dərəcələrinə görə ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərini daşıyırlar və baş vermiş ölümlə bilavasitə səbəbli əlaqəlidirlər. Zərərçəkmiş şəxs ölümünə başın küt travması nəticəsində baş beyinə, qişalarına və mədəciklərinə qansızma səbəb olmuşdur. Ölüm meyit meyitxanada müayinə olunduğu vaxtdan 3-6 saat əvvəl baş verə bilərdi. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti aşkar edilməmişdir. (i.v. 53-55) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 01 aprel 2022-ci il tarixli 8/602 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, “Mercedes Benz C220 CDİ” markalı **-GT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. (i.v. 57-60) -Bakı şəhəri Nizami rayon polis idarəsinin 15 aprel 2022-ci il tarixli 087-11911-1222 nömrəli məktubundan və ona əlavə edilən portaldan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs adına 27 noyabr 2012-ci il tarixdə 27 noyabr 2022-ci il tarixədək etibarlılıq müddəti olan “B,C” kateqoriyalı, AB 548519 nömrəli sürücülük vəsiqəsi verilmişdir və onun sürücülük hüququndan məhrum olunması barədə məlumat X1 qeydə alınmamışdır. (i.v. 64-66) - 10 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan edilmiş ittiham qüvvədə saxlanılmış, barəsində Azərbaycan Respublikası CM-nin 263.4 və 263-1.3-cü maddələri ilə cinayət işinin başlanması rədd edilmiş, iş üzrə “Mercedes Benz C220 CDİ” markalı **-GT-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmışdır. (i.v. 119-122) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin İ hissəsinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Məhkəmə, dövlət ittihamçısını, zərərçəkmiş şəxsin hüquqi varisini, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidi dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən ifadələr, ekspertiza rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 263.2-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1ci maddəsində nəzərdə tutulmuş əməllər (avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda) ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda, həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur və üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: -Məhkəməyədək icraatın ilkin mərhələsində zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmış Şahid 07 fevral 2022-ci il tarixdə notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, 05 fevral 2022-ci il tarixdə baş vermiş hadisədə vəfat etmiş arvadı Zeınalova Alıdanın (Zərərçəkmiş şəxs) ölümü ilə əlaqədar bildirir ki, hadisəni törədən Təqsirləndirilən şəxs ona maddi ziyanı ödəmişdir, onunla barışdığı üçün ona qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur. (i.v. 46) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 18 fevral 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat yoxdur. (i.v. 49) - 27 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 89-90) -Məhkəməyə təqdim edilmiş Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Şirvan-Salyan regional filialının 30 sentyabr 2022-ci il tarixli **********1 nömrəli və Tibbi-Sosial Ekspert Komissiyasının eyni tarixli arayışlarından görünür ki, Təqsirləndirilən şəxs “Ürək qapaqlarının qüsurları və ya miokardda baş vermiş dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci-üçüncü dərəcəli çatmamazlığı” əlillik qrupu diaqnozu ilə ikinci dərəcəli əlil kimi qeydiyyata alınmışdır. -Ağstafa rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 206630 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 30 noyabr 2017-ci il tarixdə doğulmuşdur, atası Şahid, anası Zərərçəkmiş şəxs XXX qızıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 26.1-ci maddəsinə əsasən isə ehtiyatsızlıqdan törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CPM-nin 106.1-ci maddəsinə əsasən hadisə nəticəsində ölmüş zərər çəkmiş şəxsin hüquq və vəzifələrini cinayət işi üzrə icraat zamanı həyata keçirmək istəyini bildirən yaxın qohumlarından biri zərər çəkmiş şəxsin hüquqi varisi hesab olunur. Ölmüş zərər çəkmiş şəxsin yaxın qohumları olmadıqda, digər qohumları, onlar da olmadıqda və ya həmin şəxslər bu Məcəllənin 106.2-ci maddəsinə əsasən hüquqi varis hesab edilə bilmədikdə, bu Məcəllənin 87.2-ci maddəsində nəzərdə tutulmuş qaydada təyin edilmiş vəkil həmin cinayət işi üzrə icraatda zərər çəkmiş şəxsin hüquqi varisi qismində tanınır. Həmin Məcəllənin 106.6.1-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi istisna olmaqla, digər hüquqi varisin şübhəli və ya təqsirləndirilən şəxslə barışmaq hüququ yoxdur. Məlum olduğu kimi, mərhum Zərərçəkmiş şəxs ölümünədək birlikdə yaşadığı Şahid ilə rəsmi nikahları qeydə alınmasa da, onlar ər-arvad kimi birlikdə yaşamışlar, bu münasibətlərindən onların 30 noyabr 2007-ci il təvəllüdlü Aliyə adlı qızları doğulmuşdur, hansı ki, həmin uşaq hazırda atası Şahid himayəsində yaşayır. Qanunvericiliyin tələbləri baxımından Şahid iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınması mümkün olmamışdır, qızı Aliyə Məmmədova azyaşlı olduğundan məhdud fəaliyyət qabiliyyətli hesab olunur, digər yaxın qohumları və ya qohumluq münasibətlərində olan şəxslər aşkar edilməmişdir, ona görə qərar əsasında təyin edilmiş vəkil cinayət işi üzrə icraatda zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır. Təqsirləndirilən şəxs hadisənin törədilməsindən sonra mərhumun həyat yoldaşı kimi tanıdığı və ibtidai istintaqın ilkin mərhələsində zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmış Şahid müvafiq məqsədlər üçün maddi ziyan qismində ödənişlər etmiş və onunla barışıq əldə etmişdir. Məhkəmə qeyd olunanları, habelə Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməklə əməlindən səmimi peşman olmasını, mərhumun sağlığında birlikdə yaşadığı, övladının atası olan və hazırda da həmin uşaq himayəsində olan şəxsə (X6) maddi ziyan qismində ödənişlər edərək onlarla barışıq əldə etməsini, özünün ikinci qrup əlil olmasını Azərbaycan Respublikası CM-nin 59.1 və 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirməklə nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 15 noyabr 2013-cü il tarixli Qərarının 21-ci bəndində göstərilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, ... məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Həmin Məcəllənin 59.1.10-59.1.14-cü maddələrinə əsasən şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə, cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışına və tapılmasına fəal kömək etməsi; cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması; zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi; cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması; cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi cəzanı yüngülləşdirən hallardır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun hadisələrin təsadüfi axarı zəminində az ağır cinayət törətməsini nəzərə alaraq, hesab edir ki, onun islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və həmin cəza, cəzanın məqsədini təmin edir. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. Məhkəmə həmin maddənin tələbinə əsasən belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırkı iş üzrə tutulmamış, həbsdə saxlanılmamışdır, ona görə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olsa da, onun məntəqə tipli cəzaçəkmə müəssəsinə göndərilməsinədək barəsində seçilmiş qətimkan tədbirinin dəyişdirilib həbs qətimkan tədbiri ilə əvəz olunmasına zərurət yoxdur, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin edilməsi nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə növündə əlavə cəzanın icrası Cinayət Məcələsinin 45-ci və Cəzaların İcrası Məcəlləsinin 154-cü maddəsinin tələblərinə uyğun təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, zərərçəkmiş şəxsin hüquqi varisi məhkəməyədək icraat və məhkəmə icraatı zamanı mülki iddia verməmişdir, mərhumun həyat yoldaşı ərizə verərək dəymiş maddi ziyanın ödənildiyini, şikayəti və tələbi olmadığını bildirmişdir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış avtomobilin sahibinə qaytarılması nəzərə alınmalıdır; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi hesab olunan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq hesabına ödənilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından qərar əsasında dövlət hesabına təyin edilmiş vəkilin məhkəməyədək icraat və məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət ümumilikdə 68 iş saatı müddətinə bərabər tutulduğundan, (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla müvafiq hesablaşma hesabı üzərindən dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, onun cəzaçəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut qismində tanınmış “Mercedes Benz C220 CDİ” markalı **-GT-*** dövlət qeydiyyat nişanlı avtomobilin məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. Məhkəmə məsrəfi olan 85 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat və məhkəmə icraatı zamanı ümumilikdə 68 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə dəvət olunmuş Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı vəkil bürosu vasitəsi ilə 408 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar