Məhkəmə qərarları › İş №1(007)-350/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-350/2023

20.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-350/2023 20.06.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məmmədov Məmməd Süleyman oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 6 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs, 15 avqust 1973-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, heç yerdə işləməyən, sonuncu dəfə Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 aprel 2012-ci il tarixli hökmü ilə, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib, 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli qərarı ilə həmin cəzasının çəkilməmiş 03 ay 19 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Yeni yaşayış massivində nömrəsiz evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, o, qanunsuz olaraq odlu silah, onun komplekt hissəsini və döyüş sursatı əldə edib saxlayaraq üzərində gəzdirmişdir. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən Brauninq konstruksiyalı yivli odlu döyüş silahı olan tapança, həmin tapançanın komplekt hissəsi olan daraq və darağın içərisində 2 ədəd 9x19 mm kalibrli döyüş sursatı hesab edilən patronları qanunsuz olaraq əldə edib saxlayaraq üzərində gəzdirmiş, 15 mart 2023cü il tarixdə saat 19:20 radələrində Nizami Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 3 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılaraq ünvan 4 ünvanında yerləşən Nizami Rayon Polis İdarəsinin inzibati binasına gətirilərək orada şəxsi axtarış zamanı əynində olan boz rəngli şalvarın bel hissəsində kəmərin altında gəzdirdiyi 01 ədəd texniki cəhətdən saz vəziyyətdə, atəş açmaq üçün yararlı, Belçika dövlətində istehsal olunmuş, 1935-ci ilin nümunəsi olan 9 mm kalibrli Brauninq konstruksiyalı yivli odlu döyüş silahı olan tapança, həmin tapançanın komplekt hissəsi olan 9x19 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulmuş texniki cəhətdən saz vəziyyətdə 01 ədəd daraq və həmin darağın içərisində 2 ədəd 9x19 mm kalibrli olmaqla, Brauninq konstruksiyalı tapançalardan və həmin kalibrli digər silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş zavod üsulu ilə hazırlanmış, döyüş sursatı hesab edilən atəşə yararlı patronlar aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, o, əvvəllər Azərbaycan Respublikası CM-in 234-cü maddəsi ilə məhkum edilmiş, 2021-ci ilin oktyabr ayında cəzasını çəkib qurtarıb azadlığa çıxmışdır. 2023-cü ilin mart ayının əvvəllərində dəqiq xatırlamadığı tarixdə o, Xəzər rayonu Mərdəkan qəsəbəsində zibillik ərazidən keçən zaman yerdə tapançaya oxşar əşya görmüş və həmin əşyanı yerdən götürən zaman tapança olması və həmin tapançanın darağında iki ədəd güllə olmasını görmüşdür. Həmin tapança onda maraq oyatdığı üçün tapançanı götürüb üstündə saxlamışdır. xx.xx.2023-cü il tarixdə saat 19:20-də ünvan 3 ünvanın qarşısından, yəni 118 saylı uşaq bağçasının yanından keçən zaman üç nəfər mülki geyimdə polis işçiləri ona yaxınlaşmış və özlərini təqdim etdikdən sonra onlarla birlikdə Nizami Rayon Polis İdarəsinə getməyini təklif etmişlər. Şübhə yaranmasın deyə onların təklifini qəbul etmiş və onlarla birlikdə Polis İdarəsinə gəlmişdir. İdarədə şübhəli şəxs qismində tutulduqdan sonra ona hüquqları izah edilmiş və müdafiəçi ilə təmin edilmişdir. Daha sonra onun üstünə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilən zaman ilk əvvəl üstündə qadağan edilmiş əşyaları özünün təqdim etməyi təklif edilmişdir. Bu səbəbdən o, əynində olan boz rəngli şalvarın bel hissəsində kəmərin altında saxladığı bir ədəd tapançanı çıxarıb masanın üzərinə qoymuşdur. Həmçinin əynində paltonun sağ cibindən 70 qəpik pulu çıxarıb masanın üstünə qoymuşdur. Sorğuya cavab olaraq o, bildirmişdir ki, həmin tapançanı Mərdəkan qəsəbəsində zibillik ərazidən tapmışdır. Daha sonra şəxsi axtarış zamanı ondan qanunla qadağan edilmiş digər əşya və ya predmet aşkar edilməmişdir. Ondan aşkar edilən bir ədəd tapançanın darağı çıxarılmış və daraqda iki ədəd güllə olması müəyyən edilmişdir. Daha sonra həmin tapança zərfə qoyulub qablaşdırılmış, üzəri imzalanmış və protokol tərtib edilmişdir. O və iştirak edən digər şəxslər həmin zərfi və protokolu imzalamışlar. O, özü müxtəlif yerlərdə iş olanda fəhlə işləyir, fəhlə iş olmayanda isə zibillik ərazilərdən dəmir yığır, Mərdəkan ərazisində də dəmir axtaranda zibilliklərin birində həmin tapançanı tapıb götürmüş və həmin ərazi hazırda dəqiq yadında qalmadığı üçün bilavasitə göstərə bilməyəcəkdir. Onun həmin silahı üstündə gəzdirməkdə heç bir məqsədi olmamış, sadəcə marağı olmuş və onu təhvil vermək lazım olmasını bilməmişdir. O, həmin tapdığı silahdan heç vaxt istifadə etməmiş, onu gizli şəkildə üzərində saxlamış, bunu heç kim bilməmiş, o, heç kimə məlumat verməmiş və heç kim də onda silah olduğunu görməmiş, onu gizlin formada üzərində saxlamışdır. O, özünə fəhlə işi axtarıb iş tapa bilməyəndə də müxtəlif əraziləri gəzib iş axtarmış, saxlanılan gün də iş axtarmaq məqsədilə Nizami rayonu ərazisinə gəlmişdir. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olduğunu bildirdi və barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən sübutlarla təsdiq edilir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, hazırda Nizami Rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Bakı şəhər sakini Eldəniz adlı şəxsin mütəmadi olaraq üzərində odlu silah daşıması barədə 15 mart 2023-cü il tarixdə Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsinə əməliyyat məlumatı daxil olduğu üçün idarə rəhbərliyi tərəfindən əməlyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə razılıq verildikdən sonra ondan, şöbənin əməliyyat müvəkkilləri Şahid2 və kiçik ispektoru Şahid3 ibarət əməliyyat qrupu təşkil edilmişdir. Keçirdikləri tədbirlər nəticəsində 15 mart 2023-cü il tarixdə, saat 19:20-də Təqsirləndirilən şəxs Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində yerləşən 118 saylı uşaq bağçasının qarşısında saxlanılmış və onu Nizami Rayon Polis İdarəsinə gətirmişlər. Polis İdarəsində təhqiqatçı tərəfindən zəruri prosessual hərəkətlər həyata keçirilmişdir. Bundan sonra onların iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Axtarış zamanı ilk əvvəl Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya varsa onu təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs də əynində olan boz rəngli şalvarın bel hissəsində kəmərin altında saxladığı bir ədəd tapançanı çıxardaraq masanın üstünə qoymuşdur. Həmçinin o, əynindəki paltonun sağ yan cibindən 70 qəpik pulu çıxarıb masanın üzərinə qoymuşdur. Təhqiqatçı Təqsirləndirilən şəxs tapançanı haradan əldə etdiyini soruşmuş, Eldəniz də bildirmişdir ki, tapançanı bir neçə gün əvvəl Mərdəkan qəsəbəsində zibillik ərazidən tapmış və maraq kəsb etdiyi üçün götürüb üstündə saxlamışdır. Sonra həmin tapançanın üzərində “Herstar” sözü yazılması, həmçinin darağı çıxarıldıqda isə daraqda iki ədəd patron olması müəyyən edilmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi tapança və iki ədəd patron ilə birlikdə darağı zərfə qoyulub möhürlənmiş və onlar zərfin üzərinə imza etmişlər. Həmçinin şəxsi axtarışla bağlı protokol tərtib edilmiş və bütün iştirakçılar protokolu imzalamışlar. 70 qəpik pul isə iş üçün sübut əhəmiyyəti kəsb etmədiyindən Təqsirləndirilən şəxs qaytarılmışdır. Şahid qismində dindirilmiş Şahid3 məhkəmə iclasında Şahid1 ilə eyni məzmunlu ifadə verdi. İş materiallarında olan məhkəmə-ballistik ekspertizasının 23/214R saylı, 16 mart 2023-cü il tarixli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş 01 ədəd №-si silinmiş silah, zavod üsulu ilə Belçika dövlətində istehsal olunmuş 1935-ci ilin nümunəsi olan 9 mm kalibrli Brauninq konstruksiyalı tapançadır, yivli odlu döyüş silahıdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Tapançanın hissələri və mexanizmləri üzərində heç bir kustar üsulla əlavə dəyişiklik edilməmişdir. Tədqiqata təqdim olunmuş 01 ədəd əşya zavod üsulu ilə istehsal olunmuşdur, Brauninq modelli tapançaların komplekt hissəsi olan darağıdır, texniki cəhətdən sazdır, döyüş sursatı hesab edilmir və 9x19 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulmuşdur. Tədqiqata təqdim olunmuş 02 ədəd patron zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş 9x19 mm kalibrli Brauninq konstruksiyalı tapançalardan və həmin kalibrli digər silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdır və atəşə yararlıdırlar. Təqdim edilmiş 02 ədəd 9x19 mm kalibrli patronlardan 01 ədədi eksperimental atəş zamanı istifadə olundu. İş materiallarında olan Azərbaycan Respublikasının Daxi İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş 3-13-11/2-3881/2023 saylı, xx.xx.2023-cü il tarixli məktubdan müəyyən olunur ki, təqdim edilmiş 01 ədəd 09 mm kalibrli №-si silinmiş Brauninq model 1935 tapançasından eksperimental qaydada atılmış güllə və giliz nümunələri İdarənin “güllə-giliz” kartotekasında “ARSENAL” avtomatlaşdırılmış balistik sistemi vasitəsilə yoxlanılmış, müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında 18 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş Brauninq konstruksiyalı yivli odlu döyüş silahı olan tapança, həmin tapançanın komplekt hissəsi olan daraq və 2 ədəd 9x19 mm kalibrli döyüş sursatı hesab edilən patronlar cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış, tapança, daraq və eksperimental atəş zamanı 1 ədədinin istifadə olunduğundan digər 1 ədəd patron saxlanması üçün Nizami RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılarkən aparılmış videoçəkilişin 1 ədəd DVD diski iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarında saxlanılması nəzərə alınmışdır. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, əvvəllər məhkum olunmasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal hesab edir. Qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs, məhkumluğu ödənilmədən və ya götürülmədən, yenidən qəsdən cinayət törətməsini məhkəmə cinayətlərin residivi və Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi cinayətin residivini yaradır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 03 aprel 2023-cü il tarixli tələbnaməsindən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 aprel 2012-ci il tarixli hökmündən və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs, sonuncu dəfə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 aprel 2012-ci il tarixli hökmü ilə, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib, 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli qərarı ilə həmin cəzasının çəkilməmiş 03 ay 19 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş sayılır. Azərbaycan Respublikası CM-nin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Bununla da işdə olan sübutlarla isə təsdiq olunur ki, məhkumluğu vaxtından əvvəl götürülməmiş Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini, ağır cinayət törətməyə görə əvvəllər məhkum olunduğu azadlıqdan məhrum etmə cəzasından şərti olaraq vaxtından əvvəl azad edildiyi gündən 6 il keçmədən törətmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə növündə cəzanın xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının son həddinin yarısından az olmamaqla, cəza təyin edilməli və cəzanın çəkilməsi ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 17 mart 2023-cü il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 15 mart 2023-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 may 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə məhkəməyə verilmiş və onun barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılmışdır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmiş 01 (bir) ədəd DVD disk Azərbaycan Respublikası CPM-nin 132ci maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Bundan başqa məһkəmə һesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan, Brauninq konstruksiyalı yivli odlu döyüş silahı olan tapança, həmin tapançanın komplekt hissəsi olan daraq və eksperimental atəş zamanı istifadə edildikdən sonra qalıq qalmış bir ədəd 9x19 mm kalibrli döyüş sursatı hesab edilən patron cinayətin aləti olduğuna görə Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən dövlət nəfinə müsadirə edilməlidir. Həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin işdə iştirak etdiyi cəmi 28 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 168 (yüz altmış səkkiz) manat (28x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 15 mart 2023-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan, Brauninq konstruksiyalı yivli odlu döyüş silahı olan tapança, həmin tapançanın komplekt hissəsi olan daraq və eksperimental atəş zamanı istifadə edildikdən sonra qalıq qalmış bir ədəd 9x19 mm kalibrli döyüş sursatı hesab edilən patron dövlət nəfinə müsadirə edilərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təһvil verilsin. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarında saxlanılan 01 (bir) ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs 28 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 168 manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar