Məhkəmə qərarları › İş №1(007)-351/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-351/2022

18.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-351/2022 18.11.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxx 1979-cu il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, N.Abdullayev küçəsi, ev 4/48-də qeydiyyatda olmaqla yaşayan, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 11 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli qərarı ilə “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 4-cü hissəsinə əsasən cəzasının çəkilməmiş hissəsi 6 ay azaldılmış, 28 mart 2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş, hazırkı iş üzrə 27 may 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 28 may 2022-ci il tarixdə tutmadan azad olunaraq barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, 17 may 2022-ci il tarixdə Cəlilabad rayonunda şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 1,635 qram olan narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, 27 may 2022-ci il tarixdə saat 06 radələrində DİN-in X1 Alayının 5-ci patrul bölüyünün əməkdaşları tərəfindən Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 85 ünvanında şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 81B ünvanında yerləşən Nizami rayon polis idarəsinin 24-cü polis şöbəsinə gətirilib, xidməti otaqların birində üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd sellofanın içərisində üç ədəd bükümdə ayrıayrılıqda təmiz çəkisi 0,511 qram, 0,505 qram, 0,619 qram, ümumi təmiz çəkisi 1,635 qram olan qəhvəyi rəngli xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər narkotik vasitədən istifadəyə görə məhkum olunmuşdur, narkotik vasitələrin aludəçisidir. 27 may 2022-ci il tarixdə saat 06:00 radələrində Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 85 ünvanının qarşısında tanışı Azərlə birlikdə hərəkətdə olan zaman polis əməkdaşlarını görmüşlər. O, narkotik vasitə aludəçisi olduğu üçün və üzərində narkotik vasitə olduğundan iti addımlarla getməyə başlamışdır. Bir qədər sonra polis əməkdaşları onlara yaxınlaşmışlar. Polislər nə səbəbdən onları gördükdən sonra sürətlə hərəkət etmələrini soruşmuşlar. O, polis əməkdaşlarına narkotik vasitə aludəçisi olduğunu və həyəcanlandığı üçün sürətlə getdiyini bildirmişdir. Polislər onları saxlayaraq polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində otaqların birində ona hüquq və vəzifələri izah olunmuş, həmçinin hüquqlarını müdafiə etmək üçün vəkil də dəvət olunmuşdur. Sonra hər kəsin iştirakı ilə ona üzərində olan qeyri-qanuni əşyalar varsa təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra o, əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükümdə, içərisində 03 ədəd bükümün içərisində olan narkotik maddəni çıxarıb təqdim etmiş, həmin bükülünün içərisində olan maddənin narkotik vasitə, yəni “heroin” olduğunu, təxminən 10 gün əvvəl Cəlilabad rayonunda toyda olan zaman tanımadığı şəxsin həmin narkotik vasitəni ona pay verdiyini bildirmişdir. Narkotik vasitəni öz istifadəsi üçün almışdır, narkotik vasitənin satışı ilə məşğul olmur. Təqsirləndirilən şəxs daha sonra ifadəsində əməlindən səmimi peşmançılıq çəkdiyini, özünün vərəm xəstəsi olduğunu, anasının və həyat yoldaşının ciddi xəstəlikləri olduğunu nəzərə alaraq, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş DİN-in X1 Alayının 5-ci patrul bölüyünün polis nəfəri Şahid3 ifadəsində göstərmişdir ki, 26 may 2022-ci il tarixdə axşam saat 19:00-da təlimatlandırmadan sonra X2 5-ci patrul bölüyünün polis nəfərləri Şahid2 və Şahid4 ilə birlikdə Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən xidməti ərazilərinə yollanmışlar. Səhər saat 06 radələrində xidməti ərazidə patrul aparmışlar, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 85 ünvanının qarşısından keçən zaman əvvəllər tanımadığı iki nəfərin özlərini şübhəli apardıqlarını, onları gördükdən sonra həmin şəxslərin iti addımlarla ərazidən uzaqlaşmaq istədiklərini görmüşlər. Onlar də həmin şəxslrin arxasınca gedib dayanmalarını tələb etmişlər. Həmin iki şəxsə yaxınlaşmış və onlardan nəyə görə polis patrulunu gördükdə tez uzaqlaşmaq istədiklərini soruşmuşlar. Bu zaman onlardan biri, yəni adı sonradan ona məlum olan Təqsirləndirilən şəxs narkotik vasitə aludəçisi olduğunu, həyəcanladığı üçün sürətlə getdiyini bildirmişdir. Bundan sonra onlar hər iki şəxsi, yəni Təqsirləndirilən şəxs və Şahid1 polis şöbəsinə dəvət etmişlər. Həmin şəxslər heç bir müqavimət göstərmədən onlarla birlikdə xidməti avtomobildə 4-cü PŞ-nə gətirilmişlər. Polislər raportla məruzə etdikdən sonra 24-cü PŞ-nin inzibati binasındakı xidməti otaqda Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümü çıxararaq təqdim etmişdir. Həmin şəffaf sellofan bükümə baxış keçirilən zaman içərisindən sellofana bükülmüş 03 ədəd bükülü aşkar edilmişdr. Həmin bükülülərə baxış keçirilən zaman qəhvəyi rəngli toz şəklində spesifik iyə malik olan kütlə olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin kütlələrin “heroin” kimi tanıdığı narkotik vasitə olduğunu, 10 gün əvvəl Cəlilabad rayonunda tanımadığı şəxsin ona pay verdiyini bildirmişdir. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Qeyd olunan proseslər videoçəkilişlə qeydə alınmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş DİN-in X1 Alayının 5-ci patrul bölüyünün polis nəfəri Şahid4, Şahid3lə eyni məzmunlu ifadə vermişdir. Eyni zamanda məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid2 iştirakı mümkün olmadığından onun həmin dövrdə verdiyi ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş, müəyyən olunmuşdur ki, o, qeyd olunan şahidlərlə eyni məzmunlu ifadə vermişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid1 iştirakı mümkün olmadığından onun həmin dövrdə verdiyi ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. Həmin şahid sözügedən ifadəsində göstərmişdir ki, 27 may 2022-ci il tarixdə saat 06:00 radələrində Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 85 ünvanının qarşısında tanışı, həm də qonşusu olan Təqsirləndirilən şəxs ilə birlikdə piyada hərəkətdə olan zaman polis əməkdaşlarının onlara tərəf yaxınlaşdıqlarını görmüşlər. Bu zaman tanışı İlkin iti addımlarla getməyə başlamışdır. Polis əməkdaşları özlərini təqdim edib nə səbəbdən onları gördükdən sonra iti addımlarla getmələrini soruşmuşlar. Bu zaman İlkin narkotik vasitə aludəçisi olduğunu və həyəcanlandığı üçün iti addımlarla getdiklərini bildirmişdir. Bundan sonra polis əməkdaşları onları saxlayaraq 24-cü polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində otaqların birində olarkən ona hüquq və vəzifələri izah olunmuş, həmçinin hüquqlarını müdafiə etmək üçün vəkil də dəvət olunmuşdur. Həmin otaqda hər kəsin iştirakı ilə ona üzərində olan qeyri-qanuni əşyaları təqdim etməsi təklif olunmuşdur. Polis şöbəsinə gətirilən zaman polis şöbəsində narkotik vasitə aludəçisi olduğunu, əvvəllər bir neçə dəfə narkotik vasitə qəbul etdiyini bildirmişdir. Üzərinə baxış zamanı o, “Unibank”a aid “Albalı” kartı və özünə məxsus “Samsung” markalı mobil telefonu çıxararaq təqdim etmişdir. Saxlanılarkən və ya polis orqanına gətirilərkən polis əməkdaşları tərəfindən ona heç bir fiziki zor və təzyiq olmamışdır. Üzərinə şəxsi axtarış və baxış keçirilən zaman üzərindən narkotik vasitə və ya psixotrop maddə aşkar edilməmişdir. İlkinin üzərində narkotik vasitə və ya psixotrop maddə olduğundan xəbəri olmamışdır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 27 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) - 27 may 2022-ci il və 18 iyul 2022-ci il tarixli protokollardan görünür ki, polis əməkdaşları tərəfindən, videoçəkiliş aparılmaqla, Təqsirləndirilən şəxs üzərində həmin tarixdə Nizami RPİ-nin 24-cü PŞ-nin inzibati binasında şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış zamanı əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilmiş, sonra paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümü çıxararaq təqdim etmişdir. Şəffaf sellofan bükümə baxış keçirilən zaman içərisindən 03 ədəd sellofana bükülmüş bükülü aşkar edilmiş, həmin bükülüyə baxış keçirilən zaman qəhvəyi rəngli toz şəklində spesifik iyə malik olan kütlə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlələrin “heroin” kimi tanıdığı narkotik vasitə olduğunu, 10 gün əvvəl Cəlilabad rayonunda tanımadığı şəxsin ona pay verdiyini bildirmişdir. Aşkar olunmuş 01 ədəd şəffaf bükümdəki narkotik vasitəyə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Şəxsi axtanş və götürmə zamanı istifadə edilən video çəkilişin əks olunduğu məlumat daşıyıcısı protokola əlavə edilmiş, protokol imzalarla təsdiq edilmişdir. Şəxsi axtarış zamanı qeydə alınmış videogörüntüyə hal şahidlərinin iştirakları ilə 18 iyul 2022-ci il tarixdə baxış zamanı 27 may 2022-ci il tarixli protokolda qeyd olunanların öz təsdiqini tapdığı müəyyən edilmişdir. (i.v. 23-24, 147) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 27 may 2022-ci il tarixli 6/2997 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs...” sözləri və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,511 qram, 0,505 qram, 0,619 qram olan ümumi təmiz çəkiləri 1,635 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş 3 ədəd bükümdə olan heroinlər xarici görünüşlərinə və kimyəvi komponent tərkibinə görə bir-biri ilə eynilik təşkil edir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: heroinin ümumi təmiz çəkisi 1,635 qram olmuş, tədqiqata 0,15 qram sərf edilmiş, 1,485 qram qalıq qalmışdır. (i.v. 61-64) - 09 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,511 qram, 0,505 qram, 0,619 qram, ümumi təmiz çəkiləri 1,635 qram olan heroinin maddi sübut əhəmiyyəti nəzərə alınmaqla cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən cinayət işi üzrə maddi sübut kimi tanınmış, tədqiqata 0,15 qram sərf edildikdən sonra 1,485 qram heroinin qalığı məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə onun təyinatı məsələsi həll edilənədək saxlanılması üçün Bakı şəhəri Nizami RPİ-nin saxlama kamerasına təhvil verilmişdir. (i.v. 113-114) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin Ambulator Məcburi-Narkoloji tibbi yoxlamasına dair 03 iyun 2022-ci il tarixli 2943 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 134-135) - 01 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmış, əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkib əlaməti olmadığından barəsində həmin maddə ilə cinayət təqibinin aparılması rədd edilmiş, Şahid1 əməlində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin tərkib əlaməti olmadığından barəsində həmin maddə ilə cinayət təqibinin aparılması rədd edilmiş, şəxsi axtarış və götürmə zamanı çəkilmiş videogörüntülər olan bir ədəd DVD disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə olunmuş, cinayət işinin materiallarından Təqsirləndirilən şəxs narkotik vasitəni əldə etdiyi şəxsiyyəti istintaq orqanına məlum olmayan şəxsin şəxsiyyətini və narkotik vasitənin mənbəyini müəyyən etmək məqsədi ilə material ayrılmış və araşdırma aparılması üçün Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nə göndərilmişdir. (i.v. 150-157) Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanun-suz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək qeyd edir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitənin mənbəyinin müəyyən edilməsi faktının araşdırılması məqsədi ilə material ayrılmışdır və nəticəsindən asılı olaraq hüquqi qiymət veriləcəkdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, məhkəmə ekspertizalarının rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur, bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 27 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 12) - 28 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair məhkəməyə təqdimat verilməsi barədə müstəntiqin vəsatətinin müdafiə olunmasından ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən imtina edilmişdir. (i.v. 99-101) -Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqinin 28 may 2022-ci il tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs müvəqqəti tutulmadan azad edilmiş, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (i.v. 103, 106) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 09 iyun 2022-ci il tarixli tələbnamədən, hökmün, qərarın və arayışın surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 11 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli qərarı ilə “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 4-cü hissəsinə əsasən cəzasının çəkilməmiş hissəsi 6 ay azaldılmış, 28 mart 2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. (i.v. 118-119, 121-129) Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli hökmü üzrə təyin edilmiş cəzadan 28 mart 2022-ci il tarixdə cəzanın sonu ilə azad olunduqdan sonra məhkumluğu ödənilmədən hazırkı iş üzrə cinayət əməlini törətdiyindən onun əməlində Azərbaycan Respublikası CMnin 18.1-ci maddəsində nəzərdə tutulan qaydada cinayətlərin residivi vardır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal qismində Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə cinayətlərin residivini Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alır, cəzanı ağırlaşdıran digər hallar isə müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, onun islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. O cümlədən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddəti onun təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə cəzasının son həddinin yarısından az olmamalıdır. Həmin maddənin tələbinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası CPM-nin 202.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı müddətlər günlərlə hesablanarkən müddət birinci gün gecə saat 12-də başlayır və müddətin sonuncu günü gecə saat 12-də qurtarır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 27 may 2022-ci il tarixdə saat 06:25-də şübhəli şəxs qismində tutulmuş, 28 may 2022-ci il tarixdə saat 11:00-dan saat 12:00-dək təqsirləndirilən şəxs qismində dindirildikdən sonra onun barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə təqdimat verilməsi məsələsinə baxılması məqsədi ilə vəsatət tərtib olunaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim olunmuş, prokuror tərəfindən vəsatətin müdafiə olunmasından imtina edildikdən sonra müstəntiq onun barəsində digər növdə qətimkan tədbiri seçmiş və həmin vaxtadək tutmada olan təqsirləndirilən şəxs dərhal azad edilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin tutmada qalması bir gündən artıq davam etdiyindən, o cümlədən təqsirləndirilən şəxsin mənafeyinə uyğun olaraq, onun tutulma müddəti 02 gün hesablanmalıdır. Bununla da, məhkəmə Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə, CM-nin 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı işlə bağlı şübhəli şəxs qismində tutulduğu 02 gün müddət, azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmaqla, üzərində qəti müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı isə hökmün çıxarıldığı tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğundan, onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və bu qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınaraq Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan, ekspertiza tədqiqatlarına sərf edildikdən sonra qalmış narkotik vasitə məhv olunmalı, maddi sübut olan bir ədəd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə, Ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından qərar əsasında dövlət hesabına dəvət olunmuş vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 35 iş saatı müddətinə bərabər sayılaraq, (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 27 may 2022-ci il tarixdən 28 may 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılıb, üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 18 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilib hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmaqla, həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs müvafiq rejim üzrə cəzaçəkmə müəssisəsinə göndərilməsinədək həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanası müəyyən edilsin. Maddi sübut qismində tanınmış bir ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın, Təqsirləndirilən şəxs aşkar edilərək götürülməklə Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalan 1,485 qram narkotik vasitə heroin məhv edilsin. Məhkəmə məsrəfi olan 55 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı dövründə 35 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən 210 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar