Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-351/2024 11.12.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Təqsirləndirilən şəxs, qanuni nümayəndəsi (atası) Qanuni nümayəndə və müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxx 2007-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Füzuli rayonunun Zərgər kəndində qeydiyyatda olan, Bakı şəhəri Nizami rayonu, C.Naxçıvanski küçəsi ev 100-də yaşamış, 18 yanvar 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 20 yanvar 2024-cü il tarixdə tutmadan azad olunaraq barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, həmin qətimkan tədbirinin şərtlərini pozaraq məhkəmədən gizləndiyindən 02 oktyabr 2024-cü il tarixdə haqqında axtarış elan olunmuş, qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmiş, 04 noyabr 2024-cü il tarixdə həbs edilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Yetkinlik yaşına çatmayanlar üçün penitensiar müəssisəsində saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını açıq talayıb zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Belə ki, o, özgənin əmlakını talama məqsədi ilə 14 yanvar 2024-cü il tarixdə saat 04 radələrində ünvan 1 ünvanının qarşısında Zərərçəkmiş şəxs sonuncuya məxsus bir ədəd qara rəngli, 2000 manat dəyərində, üzərində 10 manat dəyərində ***-***-**-** GSM nömrəsi olan, **********68203 və **********78128 İMEİ kodlu “İphone 11” markalı mobil telefonunu guya öz mobil nömrəsini həmin telefonun yaddaşına qeydiyyata salıb geri qaytaracağı adı ilə alıb oradan uzaqlaşmaq istəyərkən Zərərçəkmiş şəxs telefonunu qaytarmasını tələb etdikdə, oradan qaçaraq uzaqlaşmaqla Zərərçəkmiş şəxs ümumilikdə 2010 manat dəyərində əmlakını açıq talayıb ələ keçirməklə soyğunçuluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək, qanuni nümayəndəsinin iştirakı ilə verdiyi ifadəsində göstərmişdir ki, 13 yanvar 2024-cü il tarixdə saat 17 radələrində atası ilə mübahisə etdiyi üçün yaşadığı evdən çıxmış və evə qayıtmamaq qərarına gəlmişdir. Həmin gün axşam hava qarlı və soyuq olduğundan bir az gəzdikdən sonra yaşadığı evin yaxınlığında yerləşən C.Naxçıvanski küçəsi 94 saylı binanın qarşısında olan oturacaqların qarşısında tonqal yandığını görüb ora getmişdir. Orada olduğu zaman, yəni 14 yanvar 2024-cü il tarixdə gecə saat 03 radələrində adını sonradan bildiyi Rüstəm adlı şəxs ona yaxınlaşmışdır. İçkili olan Rüstəm ondan gec saatda küçədə olduğunun səbəbini soruşmuşdur. O da Rüstəmə atası ilə mübahisə etdiyini və ona görə yaşadığı evə getməyəcəyini bildirmişdir. Rüstəm onunla birlikdə gedib yemək yeməyi və gecəni onun yaşadığı evdə gecələməyi ona təklif etmişdir. O da Rüstəmin təklifi ilə razılaşmışdır. Rüstəmlə birlikdə piyada gedərək 14 yanvar 2024cü il tarixdə təxminən saat 03 radələrində, “8-ci kilometr bazarı”nda olan kafelərin birində yemək yeyib, spirtli içki olan araq içmişlər. Təxminən saat 04 radələrində kafedən çıxıb piyada yaxınlıqda olan mağazaya getmişlər. Rüstəm mağazadan özü üçün siqaret və spirtli içki olan “yaquar” almışdır. Bundan sonra birlikdə əvvəl dayandıqları, oturacaqlar olan yerə, “besedka”ya qayıtmışlar. Orada o, Rüstəmdən şəkil çəkmək üçün mobil telefonunu istəmiş, xatirə olsun deyə birlikdə şəkillərini çəkmiş və telefonu Rüstəmə qaytarmışdır. Bir müddət söhbətləşdikdən sonra o, Rüstəmin həmin mobil telefonunu oğurlayıb satmaq qərarına gəlmişdir. Buna görə Rüstəmdən mobil telefonunu özünün telefonuna zəng etmək adı ilə istəmişdir. Rüstəmə “gəl sənin telefon nömrəni götürüm, gələcəkdə pulum olanda mənə aldığın yeməyin pulunu sənin kart hesabına göndərəcəyəm” demişdir. Rüstəm mobil telefonunun kreditini ödəmədiyi üçün seti bağlı olduğunu demişdir. O isə zəng etməyəcəyini, öz mobil telefon nömrəsini onun mobil telefonuna qeyd edəcəyini bildirib, Rüstəmdən mobil telefonunu götürmüşdür. Yalandan başqa bir nömrə yazdıqdan sonra əlində telefon anidən arxaya çevirilib qaçmağa başlamışdır. Rüstəm qışqırıb dayanmasını, telefonunu qaytarmasını tələb edərək, arxasınca qaçmağa başlamışdır. Tam olaraq xatırlamasa da, Rüstəm arxasınca gələrkən əlində olan “yaquar” adlı içkinin dəmir butulkasını ona tərəf atmışdır. Lakin o, binaların arası ilə gedərək, ondan uzaqlaşmış, bir az gəzib, səhərin açılmasını gözləmişdir. Rüstəmin mobil telefonu kodsuz olduğundan açıb, telefonda olan bütün məlumatları silmişdir. Tanışlarına özünə məxsus olan, lakin krediti ödənilmədiyi üçün seti bağlı olan mobil telefonunu satmaq istədiyini bildirmişdir. Tanışları ona “Neftçilər” metrostansiyası yaxınlığında Asif adlı şəxsin telefon alışı-satışı məşğul olduğunu demişlər. 14 yanvar 2024-cü il tarixdə günorta saatlarında Asif adlı şəxslə “Neftçilər” metrostansiyası yaxınlığında görüşüb, özünə məxsus mobil telefonu satmaq istədiyini ona bildirmişdir. Asif mobil telefona baxdıqdan sonra telefonu 300 manata ala biləcəyini demişdir. O da Asiflə razılaşmışdır. Rüstəmdən alaraq qaçırdığı həmin qara rəngli “İphone 11” markalı mobil telefonu Asifə 300 manata satıb, əldə etdiyi pulu şəxsi ehtiyacına xərcləmişdir. Təqsirləndirilən şəxs ifadəsinin sonunda etdiyi əməlin cinayət olduğunu başa düşdüyünü, əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı ödədiyini, zərərçəkmiş şəxsin onunla barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını, atasının müharibə veteranı olduğunu nəzərə alaraq, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs qanuni nümayəndəsi (atası) Qanuni nümayəndə, onun oğlu Təqsirləndirilən şəxs soyğunçuluq yolu ilə Zərərçəkmiş şəxs məxsus mobil telefonu ələ keçirib satması barədə polislərdən məlumat aldığını, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın ödənildiyini, zərərçəkmiş şəxsin onun oğlu Vüsalla barışdığını, heç bir şikayət və tələbinin olmadığını, oğlunun 17 yaşı olduğunu, özünün birinci Qarabağ müharibəsinin iştirakçısı, müharibə veteranı olduğunu göstərmiş və oğluna azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs iş üzrə məhkəmə iclaslarına gəlmiş, lakin təqsirləndirilən şəxs məhkəmədən gizləndiyindən işə baxılması mümkün olmamış, bununla əlaqədar zərərçəkmiş şəxs 02 avqust 2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət etmiş, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödədiyini, təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayət və tələbi olmadığını göstərmiş, onun iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Qeyd olunanlara əsasən zərərçəkmiş şəxsin həmin dövrdə verdiyi ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. Zərərçəkmiş şəxs sözügedən ifadəsində göstərmişdir ki, 14 yanvar 2024-cü il tarixdə saat 03 radələrində yaşadığı evdə yeyib içdikdən sonra gəzmək üçün həyətə düşmüşdür. Həyətdə gəzərkən bir nəfər tanımadığı şəxsin həyətdə oturduğunu görmüşdür. Həmin şəxsə yaxınlaşıb, nə səbəbdən tək oturduğunu soruşduqda, adını sonradan bildiyi Vüsal atası ilə mübahisə etdiyi üçün yaşadığı evdən çıxdığını və evə getməyəcəyini ona bildirmişdir. O da Vüsalın ac olduğunu düşünüb, ona birlikdə yeyib içməyi təklif etmişdir. Vüsal da razılaşaraq, ac olduğunu bildirmişdir. Bundan sonra Vüsalla birlikdə piyada “8-ci km bazarı”nın yaxınlığında yerləşən kafeyə getmişlər. Vüsalla birlikdə orada yeyib, içdikdən sonra piyada mağazaya gedib özünə siqaret və spirtli içki olan “yaquar” almışdır. Daha sonra Vüsalla birlikdə yaşadığı ünvanın yaxınlığındakı oturacaqlar olan yerə gəlib söhbət etmişlər. Söhbət zamanı Vüsal foto şəkil çəkmək üçün ondan mobil telefon istəmişdir. O da özünə məxsus “İphone 11” markalı **********68203 və **********78128 imei kodlu, koda qoymadığı, içərisində təxminən 5-6 gün qabaq 10 manata aldığı ***-***-**-** saylı mobil nömrə olan mobil telefonu Vüsala vermişdir. Vüsal foto şəkil çəkdirdikdən sonra mobil telefonu ona qaytarmışdır. Təxminən 1 dəqiqə sonra Vüsal öz mobil nömrəsini onun telefonuna yazmaq adı ilə həmin telefonu ondan istəmişdir. O da yenidən mobil telefonu Vüsala vermişdir. Bir qədər sonra Vüsalın əlində onun mobil telefonu anidən qaçmağa başladığını görmüşdür. Buna görə Vüsalın arxasınca qaçaraq yüksək səslə qaçmamasını, geri dönməsini, mobil telefonu ona qaytarmasını tələb etsə də, Vüsal evlərin arası ilə qaçaraq aradan çıxmışdır. O, əsəbləşib əlindəki “yaquar” butulkasını Vüsalın arxasınca atsa da, butulka Vüsala dəyməmişdir. Qaçan zaman Vüsal geri baxıb, onun arxasınca qaçmasını görsə də, qaçmağa davam edərək oradan uzaqlaşmışdır. Həmin “İphone 11” markalı mobil telefonu o, 15 may 2023-cü il tarixdə kredit şərtləri ilə 12 ay 154 manat ödəniş etməklə almışdır. Hal-hazırda ümumilikdə 1078 manat pul ödəmişdir, qalan hissəsini isə qısa müddətə ödəyəcəkdir. Ona məxsus mobil telefonun dəyəri təxminən 2000 manat dəyərindədir. Vüsalı həmin hadisədən qabaq tanımamışdır. Hadisə 14 yanvar 2024-cü il tarixdə saat 04 radələrində baş versə də, o, Vüsalın peşman olub, telefonu qaytaracağını düşünüb polisə şikayət etməmişdir. Lakin Vüsalın onun mobil telefonunu qaytarmadığını görüb, 14 yanvar 2024-cü il tarixdə saat 13 radələrində hadisə barədə DİN-in 102 xidmətinə zəng edib məlumat vermiş, Nizami RPİ-nin 24-cü PŞ-nə şikayət ərizəsi ilə müraciət etmişdir. Sonrakı müddətdə Vüsalın ondan götürdüyü mobil telefonu ona qaytarıldığı üçün Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 28 fevral 2024-cü il tarixli 9/618 saylı rəyi ilə ona məxsus olan 1 ədəd “İphone 11” markalı mobil telefonun hadisə baş verən tarixə, yəni, 2024-cü ilin yanvar ayına olan orta bazar qiyməti təxminən 550 manat olaraq müəyyən edilməsi ilə razı deyil, həmin mobil telefonun qiymətini 2000 manat olaraq olaraq dəyərləndirir, telefonunda 10 manata aldığı ***-***-**-** saylı mobil nömrənin də oğurlandığını nəzərə alaraq, talama nəticəsində ona dəymiş maddi zərərin 2010 manat olaraq hesablanmasını xahiş etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid iştirakının təmin edilməsi mümkün olmadığından onun həmin dövrdə verdiyi ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. Şahid sözügedən ifadəsində göstərmişdir ki, 14 yanvar 2024-cü il tarixdə günorta saatlarında mobil telefonuna adı yadında olmayan şəxs zəng edərək, daimi müştərisi olduğunu demişdir. O da həmin şəxsə nə köməklik edə biləcəyini soruşuqda, həmin şəxs Vüsal adlı dostunun özünə kreditlə telefon aldığını, lakin krediti ödəyə bilmədiyi üçün satmaq istədiyini bildirmişdir. O da həmin mobil telefonu “wifi” ilə işlətmək istəyən müştəriyə sata biləcəyini düşünmüş və həmin şəxsə dostu Vüsala mobil telefonunu gətirməsini demişdir. Təxminən bir saat sonra Vüsal adlı, orta boylu, cavan şəxslə Bakı şəhəri Nizami rayonu, “Neftçilər” metrostansiyasının yaxınlığında görüşmüşdür. Vüsalın ona təqdim etdiyi qara rəngli, İMEİ kodunu unutduğu “İphone 11” markalı mobil telefona baxdıqda, telefonun saz vəziyyətdə olduğunu görmüşdür. Mobil telefonun proqramlarına baxdıqda heç bir məlumatın olmadığını görmüşdür. Telefonu satan Vüsaldan telefonun həqiqətən də ona məxsus olub-olmadığını soruşduqda, Vüsal telefonun həqiqətən ona məxsus olduğunu, kreditlə aldığını, kreditini ödəyə bilmədiyindən satmaq istədiyini bir daha bildirmişdir. Ona görə telefonun oğurluq olmadığına əmin olaraq, həmin telefonu 300 manata ala biləcəyini bildirmişdir. Telefonu satan Vüsal həmin qiymətlə razılaşdığından ona 300 manat verərək həmin qara rəngli, “İphone 11” markalı mobil telefonu ondan almışdır. 18 yanvar 2024-cü il tarixdə Nizami RPİ-nin 24-cü PŞ-nin əməkdaşları “Neftçilər” metrostansiyası yaxınlığında olan zaman ona yaxınlaşaraq, Vüsalın ona xx.xx.2024-cü il tarixdə “İphone 11” markalı mobil telefon satdığını bildirdiyini deyərək, həmin mobil telefonu təqdim etməsini istəmişlər. O da Vüsaldan xx.xx.2024-cü il tarixdə aldığı həmin qara rəngli “İphone 11” markalı mobil telefonu polis əməkdaşlarına təqdim etmişdir. Təqdim etdiyi həmin mobil telefon protokol tərtib edilməklə ondan götürülmüşdür. Bununla bağlı Nizami RPİ-nin 24-cü PŞ-də olarkən həmin mobil telefonu ona satmış oğlanı orada görüb, tanımışdır. Həmin qara rəngli “İphone 11” markalı mobil telefonu alarkən oğurluq olduğunu bilməmiş, mobil telefonu ona satan şəxs telefonun özünə məxsus olduğunu demişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 18 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs əmlakının açıq talanması faktına görə Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) - 14 yanvar 2024-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, təhqiqatçı tərəfindən Zərərçəkmiş şəxs və hal şahidlərinin iştirakları ilə ünvan 1 ünvanı yaxınlığında yerləşən hadisə yerinə baxış keçirilmişdir. (i.v. 8-9) - 15 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, ünvan 2 ünvanında yerləşən evin həyətində quraşdırılmış müşahidə kamerasında 14 yanvar 2024-cü il tarixdə qeydə alınmış görüntüyə təhqiqatçı tərəfindən baxış keçirilmiş, bu zaman 14 yanvar 2024-cü il tarixdə saat 04:12-də qeydə alınmış görüntülərdə bir nəfərin qaçması, digər şəxsin isə onu təqib etməsi müəyyən edilmişdir. (i.v. 11) - 18 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Şahid təqdim etdiyi bir ədəd qara rəngli “İphone 11” markalı mobil telefon təhqiqatçı tərəfindən götürülmüşdür. (i.v. 21) - 19 yanvar 2024-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs təqdim edilən bir ədəd qara rəngli “İphone 11” markalı mobil telefonu, üzərindən olan cızıqlardan və imei kodundan tanıyaraq ona məxsus olduğunu bildirmişdir. (i.v. 70-71) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 28 fevral 2024-cü il tarixli 9/618 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd “İphone 11” markalı, **********68203 - **********78128 İMEİ kodlu mobil telefonun istifadədə olması nəzərə alınmaqla 2024-cü ilin yanvar ayına olan tarixə orta bazar qiyməti təxminən 550,00 manat müəyyən edilir. (i.v. 106-108) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsi tərəfindən verilmiş ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 06 fevral 2024-cü il tarixli 298 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs iş üçün əhəmiyyətli olan halları advekat olaraq qavramaq və ifadə etmək qabliyyətinə malikdir. Təqsirləndirilən şəxs idrak prosesləri normaya uyğun olduğundan o, baş vermiş hadisələri qavramaq, mahiyyətini anlamaq, onları yadda saxlamaq və yada salmaq qabliyyətinə malikdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional halında iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində qeyd edilən hadisə zamanı fizioloji affekt halında olmamışdır. Təqsirləndirilən şəxs əqli inkişaf səviyyəsi yaş xüsusiyyətlərinə uyğundur. Təqsirləndirilən şəxs emosional-iradi sferasında, fərdi-psixi xüsusiyyətlərində, hərəkət və davranışını iradi olaraq tənzimlənməsində hər hansı bir dəyişiklik aşkar olunmur. Ümumilikdə adaptiv və ünsiyyətçi olmaqla, özünəməxsus mövqeyə və prinsipə malikdir. (i.v. 113-116) - 27 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddə ilə ittiham elan edilməsi barədə 20 yanvar 2024-cü il tarixli qərar dəyişdirilmədən qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 178, 180.2.4, 180.2.5 və 181-ci maddələrində nəzərdə tutulan cinayətlərin tərkibi olması müəyyən edilmədiyindən onun barəsində həmin maddələrin əlamətləri ilə cinayət təqibinin icraatına xitam verilmiş, Şahid barəsində Azərbaycan Respublikası CM-nin 194-cü maddəsinin əlamətləri ilə cinayət təqibinin başlanması rədd edilmiş, Zərərçəkmiş şəxs dəymiş maddi ziyan ümumilikdə 2010 manat olaraq qəbul edilmiş və mobil telefon aparatının saz halda qaytarıldığı nəzərə alınmaqla ziyanın tam ödənildiyi hesab edilmiş, iş üzrə götürülmüş bir ədəd “İphone 11” markalı mobil telefon cihazı maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmışdır. (i.v. 118-126) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il Qərarına əsasən qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Oğurluq edilərkən, təqsirli şəxsin hərəkətləri mülkiyyətçi və ya əmlakın digər sahibi, yaxud da digər şəxs tərəfindən aşkar edilərsə, təqsirli şəxs bunu dərk etsə də, əmlakın qanunsuz götürülməsindən ibarət hərəkətlərini davam etdirərsə və ya həmin əmlakı saxlamağa çalışarsa, o zaman belə hərəkətlər soyğunçuluq, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə müşayiət edildiyi hallarda isə quldurluq kimi tövsif edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun qanuni nümayəndəsini və müdafiəçisini dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin, şahidin ifadələri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 180.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsinə əsasən soyğunçuluq, yəni özgənin əmlakını açıq talama - üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: -Portaldan çıxarışdan və şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx xxx 2007-ci il tarixdə doğulmuşdur. (i.v. 16, 26) - 18 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 43) - 20 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqi tərəfindən Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 88-89) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 10 fevral 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat yoxdur. (i.v. 102) -Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 02 oktyabr 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs, onun barəsində seçilmiş qətimkan tədbirinin şərtlərini pozduğu üçün və üzrlü səbəblər olmadan məhkəmə iclaslarına gəlməyib gizləndiyindən haqqında axtarış elan olunmuş, barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Yetkinlik yaşına çatmayanlar üçün penitensiar müəssisəsinin (kompleks) 05 noyabr 2024-cü il tarixli 3-16- 17/34/2-420/2024 nömrəli, Bakı şəhəri Nizami rayon polis idarəsinin 24-cü polis şöbəsinin 04 noyabr 2024-cü il tarixli 15762/24 nömrəli məktublarından və protokoldan görünür ki, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs 04 noyabr 2024-cü il tarixdə tutulmuşdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cinayəti yetkinlik yaşına çatmadığı dövrdə törətdiyini, hazırda da yetkinlik yaşına çatmadığını və zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin müvafiq olaraq 59.1.2 və 59.1.12-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən 25 iyun 2003-cü il tarixli Qərarında həmçinin göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 3-cü bəndinə əsasən məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Yetkinlik yaşına çatmamış şəxslərə cəza təyin edərkən məhkəmə hər bir konkret halda yeniyetmələrin həyat və məişət şəraitini, yaşlı şəxslərin onun davranışına mənfi təsiri barədə məlumatları, psixi inkişaf səviyyəsini, şəxsiyyətinin digər xüsusiyyətlərini nəzərə almalıdır. Nəzərə almaq lazımdır ki, Cinayət Məcəlləsinin 52-1-ci maddəsi yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxslərə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini istisna etmir, Cinayət Məcəlləsinin 85.4-1-ci maddəsi isə onlara bu cəzanın iki aydan iki ilədək müddətə təyin edilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” 30 iyun 2008-ci il tarixli Qərarının 11-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən Azərbaycan Respublikası CM-in 58-ci maddəsində qeyd olunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin Azərbaycan Respublikası CM-in 86-cı maddəsində nəzərdə tutulan şərtlər (yetkinlik yaşına çatmamış şəxsin həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) də nəzərə alınmalıdır. İlk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən, məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Məhkəmə yalnız yetkinlik yaşına çatmayan şəxsin törətdiyi cinayətin ağırlığı baxımından onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkün olmadığı hallarda, qəbul olunmuş qərarı hökmdə mütləq əsaslandırmaqla ona azadlıqdan məhrum etmə növündə cəza təyin olunması haqqında qərar qəbul etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət əməli törətməsini, cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halın olmamasını, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkün olması qənaətinə gələrək, hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmamaqla barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddətlər həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırkı işlə bağlı 18 yanvar 2024-cü il tarixdən 20 yanvar 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulmuş, 04 noyabr 2024-cü il tarixdən 11 dekabr 2024-cü il tarixədək isə həbsdə saxlanılmışdır. Ona görə məhkəmə hesab edir ki, həmin müddətlər, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin olunacaq cəzanın müddətindən çıxılaraq, təqsirləndirilən şəxsin üzərində qəti müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-3.1 və 51-2.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzasını yaşayış yeri üzrə çəkməli və cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilib, hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz olunmalı və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur, zərərçəkmiş şəxs ona vurulmuş maddi ziyanın ödənilməsi və təqsirləndirilən şəxslə barışması barədə ərizə vermişdir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış 01 ədəd mobil telefonun məhkəməyədək icraat zamanı zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalı, 01 ədəd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından qərar əsasında dövlət hesabına dəvət olunmuş vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi xidmətlərə görə (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə 18 yanvar 2024-cü il tarixdən 20 yanvar 2024cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, 04 noyabr 2024-cü il tarixdən 11 dekabr 2024-cü il tarixədək həbsdə olduğu 01 (bir) ay 07 (yeddi) gün, cəmi 01 (bir) ay 09 (doqquz) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, 02 (iki) ay 18 (on səkkiz) günə bərabər sayılmaqla təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılıb, üzərində qəti olaraq 09 (doqquz) ay 12 (on iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 22:00dan növbəti gün saat 07:00-dək yaşayış yerini, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilib, hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz olunsun və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Maddi sübut qismində tanınmış 01 ədəd “İphone 11” markalı, **********68203 - **********78128 İMEİ kodlu mobil telefonun məhkəməyədək icraat zamanı Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın, içərisində videogörüntü olan 01 ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Məhkəmə məsrəfi olan 50 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı dövründə 31 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən 186 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-351/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-351/2024
11.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver