Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-352/2021 24.12.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxx 1991-ci il tarixdə Cəlilabad rayonunun Qarazəncir kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, bir uşağı olan, fərdi qaydada işləmiş, məhkumluğu olmayan, Cəlilabad rayonunun Qarazəncir kəndində qeydiyyatda olan, 26 iyul 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 28 iyul 2021-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq saxlanc yerinə daxil olaraq özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 21 iyul 2021-ci il tarixdə saat 01 rədələrində Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 108 ünvanında yerləşən təsərrüfat anbarının qapısını dəmir parçası ilə sırdıraraq saxlanc yerinə qanunsuz daxil olub, oradan 1 ədəd 450 manat dəyərində musiqi mərkəzi, 1 ədəd 70 manat dəyərində elektrik ətçəkən maşın, 1 ədəd 45 manat dəyərində kişi gödəkcəsi, hər birinin dəyəri 50 manat olmaqla 100 manat dəyərində 1 ədəd ştanq və 1 ədəd idman daşı (qantel), 1 ədəd 60 manat dəyərində 40 litrlik alminium materialından su bidonu, ümumilikdə 50 manat dəyərində 1 ədəd kuvalt, 1 ədəd mişar və 1 ədəd açar dəstini gizli olaraq talayıb, ümumilikdə Zərərçəkmiş şəxs 775 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 21 iyul 2021-ci il tarixdə Nizami rayonu, Q.Qarayev prospekti, 108 ünvanında yerləşən təsərrüfat anbarının qapısını sındıraraq içəriyə daxil olmuş və içəridən bir ədəd musiqi mərkəzi avadanlıqları ilə birlikdə, bir ədəd parça materialdan hazırlanmış qara rəngdə gödəkçə, bir ədəd elektrik ətçəkən maşın, bir ədəd 20 kiloqramlıq idman daşı, bir ədəd ştanq, bir ədəd 40 litrlik dəmir metaldan hazırlanmış su bidonu və digər təsərrüfat alətləri (müxtəlif ölçülərdə maşın açarları, çəkic, kəlbətin) oğurlamışdır. Musiqi mərkəzini oradan təxminən 25-30 metr aralıda sındırmışdır. Ətçəkən maşını avtomobil vasitəsi ilə metal qəbul edən şəxsə 6 manata satmışdır. Digər əşyaları isə Nizami rayonu, B.Nuriyev küçəsində tanımadığı şəxsə metal qəbuluna 21 manata satmışdır. Əldə etdiyi pulu öz tələbatlarına xərcləmişdir. Təqsirləndirilən şəxs ifadəsində daha sonra göstərmişdir ki, əməlindən səmimi peşmandır, zərərçəkmiş şəxsə vurduğu maddi ziyan ödənilmişdir, zərərçəkmiş şəxsin ona qarşı şikayəti və tələbi yoxdur, bir azyaşlı uşağı vardır, üçüncü qrup əlildir. Barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, yaşadığı binanın yaxınlığında təxminən 40 kv.m ərazisi olan köməkçi sahəni təsərüfat anbarı məqsədi ilə düzəltmişdir. Həmin ərazidə təxminən 12 kv.m ölçüdə iki ədəd balaca otaq olmuşdur. Təsərüfat anbarında o, müxtəlif əşyalar saxlamışdır. 25 iyul 2021-ci il tarixdə ona məxsus həmin təsərrüfat anbarının qapısını naməlum şəxs və ya şəxslər sındıraraq içəriyə daxil olmuş, içəridən bir ədəd qiyməti təxminən 450 manat olan musiqi mərkəzi avadanlıqları ilə birlikdə, bir ədəd qiyməti təxminən 45 manat olan parça materialdan hazırlanmış qara rəngdə gödəkçə, bir ədəd qiyməti təxminən 70 manat olan elektrik ətçəkən maşını, ümumi qiyməti təxminən 100 manat olan bir ədəd 20 kiloqramlıq idman daşı və bir ədəd ştanq, bir ədəd qiyməti təxminən 60 manat olan 40 litrlik dəmir metaldan hazırlanmış su bidonu və ümumi dəyəri 50 manat olan digər təsərrüfat alətləri (müxtəlif ölçülərdə maşın açarları, çəkic, kəlbətin) oğurlandığını aşkar etmişdir. Baş vermiş oğurluq nəticəsində ona 775 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanın tam ödənildiyini, ona qarşı şikayəti və tələbi olmadığını göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü polis şöbəsinin polis sahə rəisi Şahid1 ifadəsində göstərmişdir ki, 25 iyul 2021-ci il tarixdə Zərərçəkmiş şəxs ərizə ilə 24-cü polis şöbəsinə müraciət edərək yaşadığı Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 108 ünvanının yan tərəfində yerləşən köməkçi tikilidən ona məxsus 1 ədəd musiqi mərkəzi, 1 ədəd elektrik ətçəkən maşın, 1 ədəd kişi gödəkcəsi, 2 ədəd ştanqalar, 1 ədəd 40 litrlik alminium materialından su bidonu, 1 ədəd kuvalt, 1 ədəd mişar və 1 ədəd açar dəstinin gizli olaraq talanmasını bildirmişdir. Həmin oğurluq hadisəsinin törədilməsi ilə əlaqədar tərəflərindən əməliyyat tədbirləri çərçivəsində ərazidə yerləşən metal qəbulu məntəqələrinin əməkdaşları ilə profilaktiki söhbətlər aparılmışdır. Nizami rayonu, B.Nuriyev küçəsi, 29 ünvanında yerləşən metal qəbulu ilə məşğul olan Şahid3 ilə söhbət aparılarkən o, 22 iyul 2021-ci il tarixdə tanımadığı şəxsdən bir ədəd ştanq, 1 ədəd 20 kq qantel və 1 ədəd 40 litrlik su bidonu almasını bildirmişdir. Bundan sonra Şahid3 həmin şəxs onun yanına gələrsə onlara məlumat verməsi bildirilmiş, tərəflərindən verilmiş məlumat əsasında oraya gəlmiş 24-cü PŞ-nin təhqiqatçısı Həsən Məmmədov protokol tərtib edərək həmin əşyaları götürmüşdür. 26 iyul 2021-ci il tarixdə Şahid3 ona verilmiş telefon nömrəsi ilə əlaqə yaradaraq həmin əşyaları ona satmış şəxsin yanına gəlməsini bildirdiyindən, onlar həmin metal qəbulu məntəqəsinə gedərək orada Şahid3 əşyaları satmış şəxs kimi təqdim etdiyi şəxsi saxlayaraq kimliyini soruşmuşlar. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olmasını, həqiqətən də 21 iyul 2021-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 108 ünvanının yan tərəfində yerləşən köməkçi tikilidən oğurluq etməsini, oğurladığı əşyaların bir qismini tanımadığı şəxslərə, qalan qismini isə Şahid3 satmasını bildirmişdir. Bundan sonra həmin şəxs 24-cü PŞ-nə gətirilərək bu barədə müvafiq raport tərtib edilmişdir. İbtidai istintaq zamanı dindirilmiş şahidlər Şahid2 və Şahid3 məhkəmə iclasında iştiraklarının təmin edilməsi mümkün olmadığından onların həmin dövrdə verdikləri ifadələri məhkəmə iclasında elan olunmaqla tədqiq edilmişdir. Şahid2 ifadəsi elan olunub tədqiq edilərkən onun Şahid1la eyni məzmunlu ifadə verdiyi müəyyən edilmişdir. Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanında yerləşən metal qəbulu anbarını 2019-cu ildən icarəyə götürmüşdür, həmin anbarda dəmir qəbulu ilə məşğul olur. 22 iyul 2021-ci il tarixdə tanımadığı bir nəfər şəxs ona bir ədəd 20 kiloqramlıq idman daşı, bir ədəd idman aləti olan ştanqa və 40 litrlik dəmir metaldan hazırlanmış su bidonu satmaq üçün gətirmiş, həmin əşyalara ümumilikdə 21 manat pul vermişdir. Lakin o, həmin şəxsi xəbərdarlıq etmişdir ki, əgər oğurluq mallar olsa polisə şikayət edəcək, sonuncu isə ona demişdir ki, həmin əşyalar qardaşınındır. 25 iyul 2021-ci il tarixdə 24-cü PŞ-nin əməkdaşları həmin əşyaları onun alıb-almadığını soruşduqda, o, demişdir ki, həmin əşyalara oxşar əşyaları qəbul etmişdir, kimdən qəbul etdiyini, dəqiq adını bilmir, ancaq xarici görünüşünü görsə, tanıyar. Bir neçə saatdan sonra həmin şəxs onun yanına gəldikdə bu barədə polis əməkdaşlarına məlumat vermiş və həmin əşyaları könüllü olaraq polislərə təqdim etmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 26 iyul 2021-ci il tarixli qərardan görünür ki, material üzrə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilmişdir. (i.v. 1) - 25 iyul 2021-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Şahid3 tərəfindən təqdim edilmiş 1 ədəd dəmir materialdan hazırlanmış su bidonu, 1 ədəd idman aləti olan ştanq və 1 ədəd 20 kq-lıq idman daşı (gir) götürülmüşdür. (i.v. 7-8) - 25 iyul 2021-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs və hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. (i.v. 13-21) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 06 sentyabr 2021-ci il tarixli 9/5342 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, ekspertiza tədqiqatına təqdim olunmuş malların istifadədə olması nəzərə alınmaqla orta bazar qiyməti təxminən aşağıdakı kimi müəyyən olunur: 1 ədəd təxminən 25-26 kq çəkiyə malik kustar üsulla hazırlanmış ştanq-25,0 manat, 1 ədəd üzərində “ВЗД” sözləri olan 20 kq çəkili idman daşı (qantel)-30,0 manat. (i.v. 105-107) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 24 sentyabr 2021-ci il tarixli 9/6273 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 alminium materialından olan 40 litr tutumlu su bidonunun istifadədə olması nəzərə alınmaqla orta bazar qiyməti təxminən 40,0 manat müəyyən edilir. (i.v. 108- 110) - 06 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi elan edilmiş ittiham dəyişdirilmədən qüvvədə saxlanılmış, Təqsirləndirilən şəxs və Şahid3 barələrində Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə cinayət işinin başlanılması rədd edilmiş, Şahid3 barəsində Azərbaycan Respublikası CM-nin 194.1-ci maddəsi ilə cinayət işinin başlanılması rədd edilmiş, 1 ədəd təxminən 25-26 kq çəkiyə malik kustar üsulla hazırlanmış ştanq, 1 ədəd üzərində “ВЗД” sözləri olan 20 kq çəkili idman daşı (qantel) və 1 ədəd alminium materialdan olan 40 litr tutumlu su bidonu maddi sübut kimi tanınmışdır. (i.v. 115-118) -Zərərçəkmiş şəxs qəbzindən görünür ki, özünə məxsus bir ədəd 40 litrlik su bidonunu, bir ədəd ştanqı və bir ədəd qanteli təhvil almışdır. (i.v. 125) Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 saylı, 27 dekabr 1996-cı il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan şəkildə yazılmalı, iş üzrə müəyyən olunmuş hallar, sübutlar və məhkəmənin nəticələri hökmdə ciddi məntiqi ardıcıllıqla şərh edilməlidir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidi dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 177.2.3-cü maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 26 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 43) - 28 iyul 2021-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 03 ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəli 26 iyul 2021-ci il tarixdən hesablanmışdır. (i.v. 76-77) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 25 avqust 2021-ci il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, İslamov X1 Rayon Məhkəməsinin 22 iyun 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqslirli bilinib, 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 19 mart 2016-cı il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. (i.v. 87-89, 96-100) -Məhkəməyə təqdim edilmiş Dövlət Sosial Müdafiə Fondunun 9 saylı regional ərazi filialının 10 fevral 2021-ci il tarixli **********3 nömrəli arayışının surətindən görünür ki, Təqsirləndirilən şəxs üçüncü qrup əlildir. -Məhkəməyə təqdim edilmiş AZ-İV seriyalı, 247431 nömrəli doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, X2 18 yanvar 2019-cu il tarixdə doğulmuşdur. Məhkəmə Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinin tələbləri baxımından qeyd edir ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxs hesab edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə törətdiyi əməl, həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağın olmasını, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın ödənilərək onunla barışıq əldə edilməsini Azərbaycan Respublikası CM-nin müvafiq olaraq 59.1.4 və 59.1.12-ci maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, onun islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu, həbsdə saxlanıldığı və ev dustaqlığında saxlanıldığı müddətlər onun həbsdə saxlama müddətinə daxildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı işlə bağlı 26 iyul 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulduqdan sonra hal-hazıradək həbsdə saxlanıldığı müddət ibtidai həbs müddəti kimi cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı 26 iyul 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğundan, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələbinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyan ödənildiyindən məhkəməyədək icraat və məhkəmə icraatı zamanı mülki iddia verilməmişdir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış əşyaların ibtidai istintaq zamanı zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalıdır; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəməyədək icraat və məhkəmə icraatı zamanı, iş materialları ilə tanış olmaqla birlikdə, təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət ümumilikdə 106 iş saatı müddətinə bərabər tutulduğundan, (Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli 202 saylı qərarına əsasən) göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla müdafiəçiyə dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı 26 iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut qismində tanınmış 1 ədəd təxminən 25-26 kq çəkiyə malik kustar üsulla hazırlanmış ştanq, 1 ədəd üzərində “ВЗД” sözləri olan 20 kq çəkili idman daşı (qantel) və 1 ədəd alminium materialdan olan 40 litr tutumlu su bidonunun ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Məhkəmə məsrəfi olan cəmi 100 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat və məhkəmə icraatı zamanı, iş materialları ilə tanış olmaqla birlikdə, ümumilikdə 106 saat göstərdiyi pulsuz hüquqi yardıma görə Müdafiəçi "xxxx" ASC-nin “Qara Qarayev” filialı, kod 200145, VÖEN **********, m/h- AZ37NABZ013501**********1944, SWİFT BİK AİİBAZ2X, hesab - AZ33AİİB********************, VÖEN - ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı vəkil bürosu vasitəsilə 636 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-352/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-352/2021
24.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver