Məhkəmə qərarları › İş №1(007)-352/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-352/2025

14.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-352/2025 14.05.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Həsənova Vəfa Oruc qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs2, onun müdafiəçisi Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatında Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi vardır, cinayət işi hazırlıq iclası mərhələsindədir, ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittiham aşağıdakı qaydada olmuşdur: Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq saxlanc yerinə daxil olmaqla özgənin əmlakını xeyli miqdarda gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə arvadı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək kirayə yaşadıqları evin həyətində yerləşən Zərərçəkmiş şəxs məxsus olan Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, M.Ağayev küçəsi, ev 28, 2 saylı mənzilin yataq otağının taxtadan olan pəncərəsinin şüşəsini onun köməkliyi ilə Təqsirləndirilən şəxs1 çıxardıqdan sonra, o, əvvəlcədən aralarında olan razışlaşmaya əsasən kənar şəxslərin gəlməsi barədə dərhal məlumat verilməsi üçün həyətdə gözləyərək ətrafı müşahidə etmiş, Təqsirləndirilən şəxs1 isə mənzilə qanunsuz daxil olaraq evin yataq otağındakı dolabın çəkməcəsindən Zərərçəkmiş şəxs məxsus içərisində 3000 manat dəyərində bir ədəd qızıl qolbağı, bir ədəd qızıl boyunbağı, bir ədəd qızıl üzüyü, bir cüt qızıl sırğadan ibarət dəsti, 1500 manat dəyərində olan bir ədəd qızıl qolbağı, bir ədəd qızıl boyunbağı, bir ədəd qızıl üzük, bir cüt qızıl sırğadan ibarət dəsti, 150 manat dəyərində üzərində “Tuncay” adı yazılmış bir ədəd qızıl qolbağ, 200 manat nağd pul olan 50 manat dəyərində bir ədəd mücrünü, çarpayının sol hissəsində dolabın içərisinə qoyulmuş 2000 manat nağd pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 6900 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq saxlanc yerinə daxil olmaqla özgənin əmlakını xeyli miqdarda gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə əri Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək kirayə yaşadıqları evin həyətində yerləşən Zərərçəkmiş şəxs məxsus olan Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, M.Ağayev küçəsi, ev 28, 2 saylı mənzilin yataq otağının taxtadan olan pəncərəsinin şüşəsini Təqsirləndirilən şəxs2 köməkliyi ilə çıxardıqdan sonra, Təqsirləndirilən şəxs2 həyətdə gözləyərək ətrafı müşahidə etmiş, Təqsirləndirilən şəxs1 isə mənzilə qanunsuz daxil olaraq evin yataq otağındakı dolabın çəkməcəsindən Zərərçəkmiş şəxs məxsus içərisində 3000 manat dəyərində bir ədəd qızıl qolbağı, bir ədəd qızıl boyunbağını, bir ədəd qızıl üzüyü, bir cüt qızıl sırğadan ibarət dəsti, 1500 manat dəyərində olan bir ədəd qızıl qolbağı, bir ədəd qızıl boyunbağını, bir ədəd qızıl üzüyü, bir cüt qızıl sırğadan ibarət dəsti, 150 manat dəyərində üzərində “Tuncay” adı yazılmış bir ədəd qızıl qolbağı, 200 manat nağd pul olan 50 manat dəyərində bir ədəd mücrünü, çarpayının sol hissəsində dolabın içərisinə qoyulmuş 2000 manatı nağd pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 6900 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Cinayət işinin ibtidai istintaqı Bakı şəhəri Nizami rayon polis idarəsinin istintaq şöbəsində müstəntiq X1 tərəfindən aparılmış, ibtidai istintaq yekunlaşdırılaraq tərtib edilmiş ittiham aktı 04 aprel 2025-ci il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Nizami rayon prokuroru tərəfindən təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmənin hazırlıq iclası zamanı, iş üzrə dövlət ittihamını müdafiə edən Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı yazılı vəsatətlə məhkəməyə müraciət etmiş, vəsatətini onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair ********* nömrəli cinayət işi Bakı şəhəri Nizami rayon polis idarəsinin istintaq şöbəsində Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə xx.xx.2025-ci il tarixdə başlanılmış, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs1 CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs1 CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona ittiham elan edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs2 CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə şübhəli şəxs qismində tutulmuş və həmin tarixdə cinayət əməlləri CM-nin 177.2.3 və 177.2.4-cü maddələrindən həmin Məcəllənin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilmiş, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs1 CM-nin 177.2.1, 177.2.3 və 177.2.4cü maddəlləri ilə yenidən ittiham elan edilmiş, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs2 CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddəlləri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona ittiham elan edilmiş və barəsində həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2025-ci il tarixdə ittiham aktı Nizami rayon prokuroru tərəfindən təsdiq edilərək cinayət işi baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Elan edilmiş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq talama məqsədi ilə arvadı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək kirayə yaşadıqları evin həyətində yerləşən Zərərçəkmiş şəxs məxsus olan Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, M.Ağayev küçəsi, ev 28, 2 saylı mənzilin yataq otağının taxtadan olan pəncərəsinin şüşəsini onun köməkliyi ilə Təqsirləndirilən şəxs1 çıxardıqdan sonra, o, əvvəlcədən aralarında olan razışlaşmaya əsasən kənar şəxslərin gəlməsi barədə dərhal məlumat verilməsi üçün həyətdə gözləyərək ətrafı müşahidə etmiş, Təqsirləndirilən şəxs1 isə mənzilə qanunsuz daxil olaraq evin yataq otağındakı dolabın çəkməcəsindən Zərərçəkmiş şəxs məxsus içərisində 3000 manat dəyərində bir ədəd qızıl qolbağı, bir ədəd qızıl boyunbağı, bir ədəd qızıl üzüyü, bir cüt qızıl sırğadan ibarət dəsti, 1500 manat dəyərində olan bir ədəd qızıl qolbağı, bir ədəd qızıl boyunbağı, bir ədəd qızıl üzük, bir cüt qızıl sırğadan ibarət dəsti, 150 manat eləyərində üzərində “Tuncay” adı yazılmış bir ədəd qızıl qolbağ, 200 manat nağd pul olan 50 manat dəyərində bir ədəd mücrünü, çarpayının sol hissəsində dolabın içərisinə qoyulmuş 2000 manat nağd pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 6900 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ittiham aktı və cinayət işi materialları öyrənilərkən müəyyən edilmişdir ki, cinayət işi üzrə məhkəməyədək icraat zamanı bir sıra kobud qanun pozuntularına yol verildiyindən məhkəmə tərəfindən cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Azərbaycan Respublikası CPM-nin 303.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud qanun pozuntularına yol verildiyi müəyyən edildikdə, məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Həmin Məcəllənin 303.3.6-cı maddəsinə əsasən cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması kobud pozuntu hesab edilməklə, cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması üçün əsasdır. Belə ki, cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs1 yenidən ittiham elan edilməsi haqqında xx.xx.2025-ci il tarixli, Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərarların və ittiham aktının təsviriəsaslandırıcı və nəticəvi hissələrində cinayətin törədilmə vaxtı göstərilməmişdir. Azərbaycan Respublikası CPM-nin 223.3.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarın təsviri-əsaslandırıcı hissəsində cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti göstərilir. Həmin Məcəllənin 289.3.1ci maddəsinə əsasən ittiham aktının təsviri-əsaslandırıcı hissəsində cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri və digər mühüm hallar göstərilir. Bundan başqa, Azərbaycan Respublikası CPM-nin 289.5-ci maddəsinə əsasən ittiham aktı cinayət işi üzrə toplanmış materialları və cinayət işinin vərəqlərinə istinadı əks etdirməlidir. Eləcə də məhkəməyə çağırılacaq şəxslərin siyahısında təqsirləndirilən şəxs və şahidlərin ad və soyadları qeyd olunsa da, onların ifadələri olan işin vərəqələri göstərməmişdir. CPM-nin 289.7-ci maddəsinə əsasən ittiham aktına müstəntiqin mülahizələrinə görə məhkəmə iclasına çağırılmalı olan şəxslərin siyahısı əlavə edilir. Həmin siyahıda müstəntiq çağırılmalı olan şəxslərin olduqları yeri və onların ifadələri və ya rəyləri olan işin vərəqlərini qeyd edir. Bununla da, müstəntiq tərəfindən qanunun tələbinə əməl edilməyərək prosessual pozuntuya yol verilmişdir ki, tərtib edilmiş ittiham aktı Azərbaycan Respublikası CPM-nin 289-cu maddəsinin tələblərinə uyğun olmamışdır. Odur ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntular olduğundan aradan qaldırılması mümkün deyildir. Yuxarıda qeyd olunanlara əsasən, hazırkı iş üzrə CPM-in 303.3.6-cı maddəsinə əsasən ittiham aktının bu Məcəllənin 289-cu maddəsinin tələblərinə uyğun olmaması kobud qanun pozuntusudur və bu qanun pozuntularına yol verildikdə, cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməsi və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Eləcə də, CPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu barədə xüsusi qərar çıxarmalıdır. Qeyd olunanlara əsasən, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini, Bakı şəhəri Nizami RPİ-nin İŞ-nin müstəntiqi Nəriman Əzizov barəsində xüsusi qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə, cinayət prosesi iştirakçılarını dinləyib, vəsatəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, vəsatət əsaslı olduğundan təmin edilməklə təqsirləndirilən şəxslərə irəli sürülmüş ittiham üzrə cinayət işinin baxılmasına xitam verilməli və müvafiq qanun pozuntularının aradan qaldırılması üçün cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 223.1-ci maddəsinə əsasən şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi üçün əsas cinayətin onun tərəfindən törədilməsinə dəlalət edən ilkin sübutların məcmusudur; 223.2-ci maddəsinə əsasən bu Məcəllənin 223.1-ci maddəsində nəzərdə tutulmuş sübutlar olduqda müstəntiq şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında əsaslandırılmış qərar çıxarır; 223.3-cü maddəsinə əsasən şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarın təsviri-əsaslandırıcı hissəsində aşağıdakılar göstərilir: 223.3.1. təqsirləndirilən şəxsin soyadı, adı, atasının adı və onun şəxsiyyəti barədə hüquqi əhəmiyyət kəsb edən digər məlumatlar; 223.3.2. cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti; 223.3.3. cinayət etməyə cəhd və ya cinayətə hazırlıq mövcud olduqda, cinayətin başa çatdırılmamasının səbəbləri; 223.3.4. cinayət bir qrup şəxs tərəfindən törədildikdə, iştirakçılığın növü; 223.3.5. məsuliyyəti ağırlaşdıran hallar. 289.1-ci maddəsinə əsasən bu Məcəllənin 284—288-ci maddələrində nəzərdə tutulmuş tələblər yerinə yetirildikdən sonra müstəntiq ittiham aktı tərtib edir; 289.2-ci maddəsinə əsasən ittiham aktının giriş hissəsində aşağıdakılar göstərilir: 289.2.1. ittiham aktının tərtib edilməyə başlandığı tarix, vaxt və yer; 289.2.2. ittiham aktını tərtib etmiş müstəntiqin soyadı adı və atasının adı, vəzifəsi; 289.2.3. barəsində ittiham aktı tərtib edilmiş cinayət işi haqqında ümumi məlumat (cinayət işinin nə vaxt, hansı əsasla və kim tərəfindən başlandığı, iş üzrə nə vaxt, kim tərəfindən, kimin barəsində ittihamın irəli sürüldüyü, iş üzrə nə vaxt, kim tərəfindən, kimin barəsində və hansı qətimkan tədbirlərinin seçildiyi, iş üzrə nə vaxt, kim tərəfindən və hansı əsasla icraatın dayandırıldığı, ona xitam verildiyi və təzələndiyi). 289.3-cü maddəsinə əsasən ittiham aktının təsviri-əsaslandırıcı hissəsində aşağıdakılar göstərilir: 289.3.1. cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri və digər mühüm hallar; 289.3.2. təqsirləndirilən şəxsin təqsirliliyini təsdiq edən sübutlar; 289.3.3. təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlillər və həmin dəlillərin yoxlanılması zamanı toplanmış sübutlar; 289.3.4. təqsirləndirilən şəxsi səciyyələndirən hallar; 289.3.5. zərər çəkmiş şəxsi səciyyələndirən hallar; 289.3.6. təqsirləndirilən şəxsin məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar. 289.4-cü maddəsinə əsasən ittiham aktının nəticəvi hissəsində təqsirləndirilən şəxs haqqında məlumatlar və cinayət qanununun maddəsi göstərilməklə verilmiş ittihamın təsviri əks etdirilir. 289.5-ci maddəsinə əsasən ittiham aktı cinayət işi üzrə toplanmış materialları və cinayət işinin vərəqlərinə istinadı əks etdirməlidir; 289.6-cı maddəsinə əsasən müstəntiq ittiham aktının tərtib edilməsinin qurtardığı tarixi, vaxtı və yeri göstərməklə onu imzalayır; 289.7-ci maddəsinə əsasən ittiham aktına müstəntiqin mülahizələrinə görə məhkəmə iclasına çağırılmalı olan şəxslərin siyahısı əlavə edilir. Həmin siyahıda müstəntiq çağırılmalı olan şəxslərin olduqları yeri və onların ifadələri və ya rəyləri olan işin vərəqlərini qeyd edir; 289.8-ci maddəsinə əsasən ittiham aktına müstəntiqin aşağıdakı arayışları əlavə edilir: 289.8.1. təqsirləndirilən şəxsin həbsdə olduğu müddət barədə; 289.8.2. maddi sübutlar və onların saxlanıldığı yer barədə; 289.8.3. xüsusi müsadirə olunması təklif edilən əmlak barədə; 289.8.4. mülki iddianın və ola biləcək xüsusi müsadirənin təmin edilməsi üçün görülmüş tədbirlər barədə; 289.8.5. məhkəmə xərcləri barədə. 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Cinayət işi üzrə materialların öyrənilməsi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 yenidən ittiham elan edilməsi haqqında 10 yanvar 2025-ci il tarixli, Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında 11 yanvar 2025-ci il tarixli qərarların və ittiham aktının təsviri-əsaslandırıcı və nəticəvi hissələrində cinayətin törədilmə vaxtı göstərilməmişdir. Bundan başqa, cinayət işi üzrə ittiham aktına əlavə edilmiş məhkəməyə çağırılacaq şəxslərin siyahısında təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin və şahidlərin soyad, ad və ata adları, ünvanları qeyd olunsa da, onların ifadələri olan işin cild və vərəq nömrələri göstərilməmişdir. Cinayət-prosessual qanunvericiliyinə görə, məhkəmənin hazırlıq iclası təqsirləndirilən şəxsin təqsirliliyi haqqında məsələni əvvəlcədən həll etmədən, işin məhkəmədə mahiyyəti üzrə baxılması üçün sübutların kifayət etməsi haqqında məsələni həll etmək üçün məhkəməyə daxil olmuş materialların yoxlanmasına, cinayət işi və ya digər material üzrə ilkin hərəkətlərin yerinə yetirilməsinə yönələn fəaliyyətdir. Cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları o zaman prokurora qaytarılır ki, məhkəmənin hazırlıq iclasında həmin işin və ya digər materialın qanunla müəyyən edilmiş qaydada mahiyyəti üzrə birinci instansiya məhkəməsində baxılaraq həll edilməsini qeyrimümkün edən kobud pozuntular aşkar olunsun. Cinayət işinin və ya digər materialın prokurora qaytarılmasına səbəb olan elə pozuntular göstərilmişdir ki, həmin pozuntuları məhkəmə baxışı zamanı aradan qaldırmaq mümkün deyildir. Qeyd olunanları nəzərə alaraq, məhkəmə qeyd edir ki, cinayət işinin ibtidai istintaqını aparan müstəntiq tərəfindən qanunvericiliyin tələblərinə əməl edilməyərək prosessual pozuntulara yol verilmiş, tərtib edilmiş ittiham aktı Azərbaycan Respublikası CPM-nin 289-cu maddəsinin tələblərinə uyğun olmamışdır. Hansı ki, uyğunsuzluqların məhkəmədə işə baxılarkən həll edilərək aradan qaldırılması mümkün deyildir. Bununla yanaşı cinayət işinin ibtidai istintaq zamanı müstəntiq tərəfindən digər prosessual pozuntulara da yol verilmişdir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 155.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxs barəsində həbs, ev dustaqlığı və girov qətimkan tədbirləri seçildikdə ittihamın tam həllinədək ondan şəxsiyyətini təsdiq edən pasport və ya digər sənəd götürülür və cinayət işi üzrə icraatın materiallarına əlavə olunur. Təqsirləndirilən və ya şübhəli şəxs barəsində digər qətimkan tədbiri seçildikdə, habelə bu Məcəllənin 155.5-ci maddəsində nəzərdə tutulmuş halda, cinayət təqibi üzrə materiallara şübhəli və ya təqsirləndirilən şəxsin şəxsiyyətini təsdiq edən sənədin cinayət prosesini həyata keçirən orqanda təsdiq olunmuş surəti əlavə edilir. İş üzrə Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçildiyi halda ondan şəxsiyyətini təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi) götürülməmiş və cinayət işi üzrə icraatın materiallarına əlavə olunmamışdır. Azərbaycan Respublikası CPM-nin 20.1-ci maddəsinə əsasən heç kəs şəxsən özünün və yaxın qohumlarının əleyhinə ifadə verməyə məcbur edilə bilməz və buna görə hər hansı təqibə məruz qala bilməz. Həmin Məcəllənin 227.4-cü maddəsinə əsasən dindirmədən əvvəl müstəntiq şahidin şəxsiyyətini müəyyən edir, ona hansı iş üzrə çağırıldığı barədə məlumat verir və ona iş üzrə məlum olan bütün hallar barədə danışmaq vəzifəsi, habelə ifadə verməkdən imtina etməyə, boyun qaçırmağa, bilə-bilə yalan ifadə verməyə görə cinayət məsuliyyəti barədə xəbərdarlıq edir. Şahidə özünün və ya yaxın qohumlarının əleyhinə ifadə verməyə borclu olmadığı barədə məlumat verilir. Bundan sonra müstəntiq şahidlə şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxsin münasibətlərini müəyyənləşdirir və dindirməyə başlayır. Təqsirləndirilən şəxslərin övladı Şahid1 müstəntiq tərəfindən 09 yanvar 2025-ci il və 15 yanvar 2025-ci il tarixlərdə iş üzrə şahid qismində dindirilərkən, eyni zamanda Şahid1 ilə Təqsirləndirilən şəxs2 arasında 10 yanvar 2025-ci il tarixdə üzləşdirmə keçirilərkən qanunvericiliyin həmin tələbləri pozulmuş, şahidə özünün və ya yaxın qohumlarının əleyhinə ifadə verməyə borclu olmadığı barədə hüququnun olması protokolda əksini tapsa da, onun bu hüququndan istifadə edib-etməməsi, ifadə verməkdə könüllü olub-olmaması ilə bağlı sual verilməmiş, müvafiq protokollarda göstərilməmişdir. Eyni prosessual pozuntuya, təqsirləndirilən şəxslərin digər övladı X2 müstəntiq tərəfindən 28 fevral 2025-ci il tarixlərdə iş üzrə şahid qismində dindirilməsi zamanı da yol verilmişdir. Azərbaycan Respublikası CPM-nin 104.1-ci maddəsinə əsasən 14 yaşına çatmamış habelə daha artıq yaşı olan, lakin yetkinlik yaşına çatmayan və ya fəaliyyət qabiliyyəti olmayan şahidin qanuni nümayəndəsi olmadıqda cinayət prosesini həyata keçirən orqan tərəfindən qəyyumluq və himayəçilik orqanı həmin şəxsin qanuni nümayəndəsi qismində təyin edilir. Bununla bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 iş üzrə təqsirləndirilən şəxs statusunda olduğu, cinayətin onun tərəfindən törədilməsinə dəlalət edən ilkin sübutların məcmusu əsasında təqsirləndirilən şəxs qismində cəlb edildiyi halda, o, həmçinin cinayət işində marağı olmayan yetkinlik yaşına çatmamış şahid X2 qanuni nümayəndəsi qismində tanınıb prosesə buraxılmışdır, hansı ki, bu hal yolverilməzdir, mövcud şəraitdə cinayət prosesini həyata keçirən orqan tərəfindən qəyyumluq və himayəçilik orqanı həmin şahidin qanuni nümayəndəsi qismində təyin edilməli idi. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 303.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır; 303.2-ci maddəsinə əsasən cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması məhkəmənin əsaslandırılmış qərarı ilə həyata keçirilir; 303.3.6-cı maddəsinə əsasən cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar kobud pozuntulara yol verildikdə, o cümlədən cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmamadıqda çıxarılır; 303.4-cü maddəsinə əsasən cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərarda belə qərarın çıxarılması üçün əsaslar göstərilir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə cinayət işinin baxılmasına xitam verilməli və qərarın təsviri hissəsində göstərilmiş qanun pozuntularının aradan qaldırılması üçün cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Azərbaycan Respublikası CPM-nin 306.2-ci maddəsinə əsasən cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarı elan etdikdən sonra məhkəmə bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada eyni zamanda aşağıdakı hallar mövcud olduqda təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə məsələyə baxmalıdır: 306.2.1. ibtidai araşdırma zamanı təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarın çıxarıldığı andan 7 (yeddi) gün müddətində qurtardıqda; 306.2.2. cinayət işi üzrə dövlət ittihamçısı təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə vəsatətlə məhkəməyə müraciət etdikdə. Həmin Məcəllənin 159.10-cu maddəsinə əsasən bu Məcəllənin 303 və ya 318.2-ci maddələrinə əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmış cinayət işləri üzrə təqsirləndirilən şəxsin bu Məcəllənin 159.7-159.9-cu maddələrində göstərilən həbsdə saxlanılma müddətləri başa çatdıqda, məhkəmə tərəfindən həbsdə saxlanılma müddəti bu Məcəllənin 159.2-ci maddəsinin tələblərinə riayət etməklə uzadıla bilər. Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı müstəntiqin vəsatəti və onunla bağlı prokurorun təqdimatı əsasında Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş, cinayət işi məhkəməyə daxil olduqdan sonra, məhkəmənin hazırlıq iclasının təmin edilməsi üçün hazırlıq iclası keçirilənədək və hazırlıq iclasının yekun qərarı qəbul edilənədək həmin qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Hazırda məhkəmə, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların hazırda da real olduğunu və aradan qalxmadığını nəzərə alaraq, hesab edir ki, həmin təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmaqla, həbsdə saxlanılma müddəti 01 ay, 14 iyun 2025-ci il tarixədək uzadılmalıdır. Eyni zamanda Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından həmin qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Məhkəmə bununla bağlı hesab edir ki, qanunvericiliyin həmin tələbi nəzərə alınmaqla məhkəməyədək icraat zamanı Cinayət-Prosessual Məcəlləsinin yuxarıda sadalanan tələblərinin kobud surətdə pozulmasına yol vermiş müstəntiq barəsində ayrıca akt şəklində xüsusi qərar çıxarılmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaitləri olmadığından qərar əsasında dövlət hesabına dəvət olunmuş vəkillərin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxslərə göstərdikləri hüquqi xidmətlərə görə (Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.5-ci maddələrinə, Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına və xx.xx.2025-ci il tarixli 141 saylı qərarla edilmiş dəyişikliyə əsasən hesablanaraq – hər birinə münasibətdə 4 saat 6 manatdan, 4 saat 11 manatdan olmaqla) əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 299, 300, 303 və 306-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Dövlət ittihamçısı vəsatəti təmin edilsin. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə cinayət işinin baxılmasına xitam verilsin və qərarın təsviri hissəsində göstərilmiş qanun pozuntularının aradan qaldırılması üçün cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmaqla, həbsdə saxlanılma müddəti 01 ay, 14 iyun 2025-ci il tarixədək uzadılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 məhkəmə hazırlıq icraatı dövründə göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 müvafiq hesablaşma hesabı üzərindən 112 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Təqsirləndirilən şəxs1 məhkəmə hazırlıq icraatı dövründə göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 müvafiq hesablaşma hesabı üzərindən 112 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilə bilməz. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar