Məhkəmə qərarları › İş №1(007)-353/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-353/2022

30.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-353/2022 30.09.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X1, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxx 1994-cü il tarixdə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi qaydada işləyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Səbail rayonu, Qazalin küçəsi, ev 41A-da qeydiyyatda olan, İmişli şəhəri, C.Cabbarlı küçəsi, ev 11-də yaşayan, 21 iyul 2022-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, o, 20 fevral 2022-ci il tarixdə saat 22 radələrində texniki cəhətdən saz vəziyyətdə olan “BC” kateqoriyalı sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə etdiyi “Toyota” markalı, “Prius” modelli, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi ilə R.Rüstəmov küçəsi istiqamətində 50-60 km/saat sürətlə hərəkətdə olarkən B.Çobanzadə küçəsi, 71 ünvanının qarşısında “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin İ hissəsinin tələblərini pozaraq, yəni təhlükə yaranandan sonra nəqliyyat vasitəsi piyadanın vurulduğu yerdən dayanma yolundan hər hansı böyük məsafələrdə olarkən, sürücü tormozlama əməliyyatı aparmaqla yolu artıq keçməkdə olan piyadaya kimi nəqliyyat vasitəsini dayandırmağa texniki imkanı olduğu halda, bu tələblərə əməl etməyərək yolu soldan sağa keçən piyada Zərərçəkmiş şəxs avtomobilin qabaq sol hissəsi ilə vuraraq, ehtiyatsızlıqdan sonuncuya dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid və baş vermiş ölümlə bilavasitə səbəbli əlaqəsi olan baş beyinə, qişalarına, mədəciklərinə qansızma, kəllə qapağı sümüklərinin kəllə əsasına keçən xətti sınığı, sola alın-gicgah nahiyəsinin əzilmiş-cırılmış yarası, sağ baldır sümüyünün qapalı, qəlpəli, yerdəyişmiş sınığı, sağ bud-şanaq oynağının sıyrığı xəsarətlərini yetirməklə həmin xəsarətlərdən başın küt travması nəticəsində baş beyinə, qişalarına və mədəciklərinə qansızma Zərərçəkmiş şəxs ölümünə səbəb olmuşdur. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 24 oktyabr 2021-ci il tarixdən etibarnamə əsasında Şahid1 məxsus “Toyota Prius” markalı **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmiş, həmin avtomobillə “Uber” şirkətinə qoşulmaqla taksi fəaliyyəti ilə məşğul olmuşdur. Avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuş, heç bir texniki nasazlığı olmamışdır. 20 fevral 2022-ci il tarixdə saat təxminən 22 radələrində idarə etdiyi həmin avtomobillə Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi ilə üzü R.Rüstəmov küçəsi istiqamətinə doğru təxminən 60 km/saat sürətlə hərəkətdə olmuşdur. B.Çobanzadə küçəsi, 71 ünvanında yerləşən “Sultan” şadlıq sarayının qarşısına çatana yaxın təxminən 50-60 metr məsafədə şadlıq sarayının qarşısında bir nəfər piyadanın piyada keçidi olmayan yerdən yolu keçmək istədiyini görmüşdür. Piyadaya yaxınlaşan zaman, piyada yolu keçməsin deyə, ona “uzaq və yaxın” işıq siqnalları və səs siqnalı verərək xəbərdarlıq etmişdir. Piyada onun səs və işıq siqnaları verməsini eşitmiş və görmüş, lakin qarşı hərəkət zolağının ortasında olan zaman bir anlıq duruxmuşdur. O, piyadanın dayanacağını və yolu keçməyəcəyini düşündüyü üçün hərəkətinə davam etmişdir. Lakin piyadaya yaxınlaşan vaxt, aralarında təxminən 10-15 metr məsafə olan zaman piyada yolu keçmək üçün qaçmağa başlamışdır. O, hadisədən yayınmaq üçün mümkün olan bütün tədbirləri görmüş, avtomobilin tormoz əyləcinə basaraq sürəti təxminən 30-40 km/saat sürətinə azaltmış və avtomobili sağa çəkmişdir. Lakin üzü R.Rüstəmov küçəsi istiqamətində yolun hərəkət hissəsinin sağ kənarında “Sultan” şadlıq evinin qarşısında sıra ilə taksilər dayandığı üçün və həmin taksilərin yanında taksi sürücüləri dayandığından o, hadisədən yayına bilməmiş və idarə etdiyi avtomobilin qabaq sol hissəsi ilə piyadanı vurmuşdur. Piyada zərbənin təsirindən yolun hərəkət hissəsinin qarşı-qarşıya nəqliyyat axınını ayıran qoşa xəttinin yaxınlığına, yəni onun hərəkətdə olduğu zolağa düşmüşdür. O, dərhal avtomobili sağa çəkərək saxlamış və vurduğu piyadaya ilkin tibbi yardım göstərmək üçün avtomobildən düşmüşdür. Piyadaya yaxınlaşan zaman onun yerdə uzanıqlı vəziyyətdə olduğunu görmüş, dərhal ətrafdakı şəxslərdən xahiş etmişdir ki, təcili tibbi yardım çağırsınlar. Təxminən 10 dəqiqə sonra hadisə yerinə təcili tibbi yardım maşını gəlmiş, təcili tibbi yardımın həkimləri onun vurduğu piyadanın, sonradan adını bildiyi Zərərçəkmiş şəxs Sərdar oğlunun vəfat etdiyini bildirmişlər. Təqsirləndirilən şəxs ifadəsində daha sonra göstərmişdir ki, o, hadisəyədək mərhum Zərərçəkmiş şəxs Sərdar oğlunu tanımamışdır, hadisə ehtiyatsızlıq nəticəsində baş vermişdir, mərhum piyadalar üçün nəzərdə tutulmayan hissədə yolu keçmişdir. Sonradan bilmişdir ki, mərhum toyda iştirak etdikdən sonra çıxıb yolu keçmək istəmişdir. Əməlindən səmimi peşmandır. Hadisədən sonra mərhumun ailəsinə maddi köməklik göstərmiş, ailə üzvləri, hüquqi varisi ilə barışıq əldə etmişdir. Ailədə yeganə işləyən şəxsdir, valideynləri onun himayəsindədirlər. Barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X3 göstərmişdir ki, 20 fevral 2022-ci il tarixdə əmisi Möhlətin qızı Təhminənin Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsində yerləşən “Sultan” şadlıq sarayında toy mərasimi olmuşdur. Toyda iştirak etmək üçün o, atası Qəzənfər, anası Rübabə və oğlu Aqşinlə birlikdə yaşadıqları Qəbələ rayonunun Bum qəsəbəsindən Bakı şəhərinə gəlmişlər. Həmin gün onlar Qəbələ rayonuna getmək üçün toydan bir az tez, saat təxminən 22 radələrində çıxmışlar. O, idarə etdiyi “Qaz 3110” markalı, **-LS-*** dövlət qeydiyyat nişanlı avtomobili “Sultan” şadlıq sarayı ilə üzbəüz yolun digər tərəfində beşmərtəbəli binanın qarşısında saxlamışdır. Atası, anası, oğlu və o, şadlıq sarayından birlikdə çıxmışlar, yolu keçib idarə etdiyi avtomobilə tərəf gedərkən özü, anası və oğlu yolu atasından 5-6 addım irəlidə keçmişlər, arxada isə atası yolu keçmişdir. Bu zaman atası yolun ortasında yolun hərəkət hissəsinin ayırıcı xəttinin üzərində dayanıb maşınların keçməyini gözləyərkən qarşıdan gələn “Toyota Prius” markalı avtomobilin yolun orta xəttinin üzərində dayanmış atasını vurub irəli atdığını görmüşlər. Dərhal hadisə yerinə qaçmışlar, atasının nəbzini yoxladıqda vurmadığını bilmişlər. Atası başından və ayağından xəsarət almışdır. Hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım maşını gəlmişdir. Şadlıq sarayından qohumları çıxaraq hadisə yerinə gəldiklərinə görə həkimlər onları sakitləşdirmək üçün atasının nəbzinin vurduğunu bildirsələr də, onun nəbzi artıq çoxdan dayanmışdı. Bundan sonra həkimlər atasını xərəkdə təcili tibbi yardım maşınına qoyaraq oradan Nizami rayon tibbi ekspertiza birliyinin morquna aparıb təhvil vermişlər. Səhəri gün atasını dəfn etmişlər. Təqsirləndirilən şəxs ona dəymiş maddi ziyanı tam ödəmişdir, onunla barışmışdır, hər hansı şikayəti və tələbi yoxdur. Həmin halın nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid3 iştirakı mümkün olmadığından həmin dövrdə verdiyi ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş, onun zərərçəkmiş şəxsin hüquqi varisi ilə eyni məzmunlu ifadə verdiyi müəyyən olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 20 fevral 2022-ci il tarixdə övladı Təhminənin Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsində yerləşən “Sultan” şadlıq sarayında toy mərasimi keçirilmişdir. Toya qardaşı Qəzənfəri ailəsi ilə dəvət etmişdir. Qəzənfər, nəvəsi Aqşin, oğlu Taryel və arvadı Rübabə ilə birlikdə toyda iştirak etmişdir. Həmin gün saat təxminən 22 adələrində Qəzənfərgil Qəbələ rayonuna getmək üçün toydan bir az tez çıxmaq qərarına gəldikləri üçün o, qardaşını yola qədər ötürmüşdür. Taryel idarə etdiyi avtomobili “Sultan” şadlıq sarayı ilə üzbəüz yolun digər tərəfində beşmərtəbəli binanın qarşısında saxladığına görə qardaşının arvadı və nəvəsi “Sultan” şadlıq sarayından birlikdə çıxıb yolu keçib avtomobilə tərəf gedərkən Qəzənfər onlardan 5-6 addım geridə hərəkət etmiş və yolu keçmişdir. Qəzənfər yolun ortasında yolun hərəkət hissəsinin ayırıcı xəttinin üzərində dayanıb maşınların keçməsini gözləyərkən qarşıdan gələn “Toyota Prius” markalı avtomobil yolun orta xəttinin üzərində dayanmış vəziyyətdə olan Qəzənfəri vurub irəli atdığını görmüşdür. Dərhal hadisə yerinə qaçmış, Qəzənfərin nəbzini yoxladıqda vurmadığını bilmişlər. Qəzənfər başından və ayağından xəsarət almışdır. Bir az keçmiş hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım maşını gəlmişdir. Həkimlər insanları sakitləşdirmək üçün Qəzənfərin nəbzinin vurduğunu bildirsələr də, onun nəbzi artıq çoxdan dayanmışdı. Bundan sonra həkimlər Qəzənfəri xərəkdə təcili tibbi yardım maşınına qoyaraq oradan Nizami rayon tibbi ekspertiza birliyinin morquna aparıb təhvil vermişlər. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid1 iştirakı mümkün olmadığından həmin dövrdə verdiyi ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. Şahid sözügedən ifadəsində göstərmişdir ki, özünə məxsus olan “Toyota Prius” markalı **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobili təxminən 2-3 aya yaxındır ki, “Uber” taksi şirkəti ilə müqavilə bağlayaraq taksi kimi icarəyə vermişdir. Avtomobili icarəyə verdikdən sonra 3 ay əvvəl “Uber” taksi şirkətinə sürücü kimi müraciət etmiş Təqsirləndirilən şəxs şirkət ona yönəltmiş, o da Sənanla razılığa gəldikdən sonra ona avtomobili idarə etməsi ilə bağlı 1 il müddətinə etibarnamə vermişdir. 20 fevral 2022-ci il tarixdə saat təxminən 23 radələrində dostu Elvin Babayev ona zəng vuraraq, “Toyota Prius” markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edən Təqsirləndirilən şəxs Nizami rayonunda yerləşən “Sultan” şadlıq sarayının yaxınlığında yol-nəqliyyat hadisəsi törətməsi barədə məlumat vermiş, avtomobilin cərimə meydançasına qoyulduğunu, lakin hadisə barədə ətraflı məlumatı olmadığını bildirmişdir. Həmin vaxt o, təhsili ilə bağlı Rusiya Federasiyasının Moskva şəhərində olmuşdur. 11 mart 2022-ci il tarixdə Moskva şəhərindən Bakı şəhərinə gəlmişdir. Hələ Moskva şəhərində olarkən o, özünə məxsus ***-***-**-** saylı mobil nömrəsindən “Votsap” sosial şəbəkəsi vasitəsilə Sənana məxsus ***-***-**-** saylı mobil nömrəyə zəng vursa da, nömrə bağlı olduğu üçün onunla əlaqə saxlaya bilməmişdir. Bundan təxminən 2-3 saat sonra o, “İnstagram” sosial şəbəkəsində ona məxsus olan etibarnamə əsasında verdiyi avtomobili idarə edən Təqsirləndirilən şəxs Nizami rayonunda “Sultan” şadlıq sarayının qarşısında yol-nəqliyyat hadisəsi törətməsini və hadisə nəticəsində 60-65 yaşlı kişi cinsinə mənsub olan şəxsin hadisə yerində vəfat etməsini görmüşdür. Bu hadisədən 8 gün sonra X6 ilə “Votsap” sosial şəbəkəsi vasitəsilə əlaqə saxlayıb hadisə barədə ətraflı məlumat almışdır. Əlavə olaraq onu da qeyd edir ki, hadisə nəticəsində ona məxsus olan “Toyota Prius” markalı **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ buferi, qabaq sağ farası, avtomobilin ön şüşəsi zədələnmişdir. Təqsirləndirilən şəxs onun maşınını təmir etdirmişdir. Ona görə ona heç bir maddi ziyan dəyməmişdir, onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 21 fevral 2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanmışdır. (i.v. 1) -Sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair 20 fevral 2022-ci il tarixli 2/6470 nömrəli aktdan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 23:58-də keçirilən müayinəsi zamanı ayıq olduğu müəyyən edilmişdir. (i.v. 14) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 publik hüquqi şəxsin Nizami rayon şöbəsinin 18 mart 2022-ci il tarixli 38 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs meyiti məhkəmə-tibbi müayinə olunarkən onun bədənində aşağıdakı xəsarətlər aşkar edildi: baş beyinə, qişalarına, mədəciklərinə qansızma, kəllə qapağı sümüklərinin kəllə əsasına keçən xətti sınığı, sol alın-gicgah nahiyəsinin əzilmiş-cırılmış yarası, sağ baldır sümüyünün qapalı, qəlpəli, yerdəyişmiş sınığı, sağ bud-çanaq oynağının sıyrığı. Qeyd edilən xəsarətlər həyatidirlər, ölümdən az əvvəl, yəni xx.xx.2022-ci il tarixdə bərk küt əşyanın (əşyaların) təsirindən piyada qismində olarkən əmələ gələ bilərlər, dərəcələrinə görə ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərini daşıyırlar və baş vermiş ölümlə bilavasitə səbəbli əlaqəlidirlər. Zərərçəkmiş şəxs ölümünə başın küt travması nəticəsində baş beyinə, qişalarına və mədəciklərinə qansızma səbəb olmuşdur. Ölüm meyit meyitxanada müayinə olunduğu vaxtdan 8-12 saat əvvəl baş verə bilərdi. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə kimya tədqiqatı nəticəsində etil spirti aşkar edilmişdir. Etil spirtinin qatılığı 0,5%-dir. Bu miqdar canlı şəxslərdə yüngül dərəcəli alkoqol sərxoşluğuna uyğun gəlir. (i.v. 40-43) -Bakı şəhəri Nizami rayon polis idarəsinin 14 aprel 2022-ci il tarixli 087-11692-1222 nömrəli məktubundan və ona əlavə edilən portaldan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs adına 29 iyul 2016-cı il tarixdə 29 iyul 2026-cı il tarixədək etibarlılıq müddəti olan “B,C” kateqoriyalı, AD 066426 nömrəli sürücülük vəsiqəsi verilmişdir, onun sürücülük hüququndan məhrum olunması barədə məlumat X2 qeydə alınmamışdır. (i.v. 58-61) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 26 aprel 2022-ci il tarixli 8/941 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, “Toyota Prius” markalı **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin İ hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. (i.v. 62-65) - 21 iyul 2022-ci il tarixli protokoldan görünür ki, CD dikdə olan videogörüntülərə Təqsirləndirilən şəxs və müdafiəçisinin iştirakları ilə baxış zamanı 20 fevral 2022-ci il tarixdə saat 22 radələrində “Toyota” markalı, “Prius” modelli, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobilin Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi ilə R.Rüstəmov küçəsi istiqamətində 50-60 km/saat sürətlə hərəkətdə olarkən B.Çobanzadə küçəsi, 71 ünvanında piyada Zərərçəkmiş şəxs Sərdar oğlunu vurması ilə nəticələnən yol-nəqliyyat hadisəsinin törədildiyi müşahidə olunmuşdur. (i.v. 100) - 21 iyul 2022-ci il tarixli qərardan görünür ki, iş üzrə yol-nəqliyyat hadisəsini özündə əks etdirən 01 ədəd CD disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. (i.v. 101) - 21 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan edilmiş ittiham qüvvədə saxlanılmış, barəsində Azərbaycan Respublikası CM-nin 263.1 və 264-cü maddələri ilə cinayət işinin başlanması rədd edilmiş, Şahid1 ərizəsinə əsasən hadisə zamanı ona məxsus “Toyota” markalı, “Prius” modelli, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobilə heç bir maddi ziyan dəymədiyindən onun zərərçəkmiş şəxs qismində tanınmaması nəzərə alınmış, qeyd olunan avtomobil maddi sübut kimi tanınmış və sahibi Şahid1 təhvil verilməsi nəzərə alınmışdır. (i.v. 102-109) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin İ hissəsinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Məhkəmə, dövlət ittihamçısını, zərərçəkmiş şəxsin hüquqi varisini, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidi dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən ifadələr, ekspertiza rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 263.2-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1ci maddəsində nəzərdə tutulmuş əməllər (avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda) ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda, həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur və üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 10 mart 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat yoxdur. (i.v. 46) - 21 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 93-94) -Zərərçəkmiş şəxsin hüquqi varisi X1 06 iyul 2022-ci il tarixdə notarial qaydada təsdiq edilmiş, o cümlədən 14 sentyabr 2022-ci il tarixdə məhkəməyə təqdim etdiyi ərizələrindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən tam ödənilmişdir, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 26.1-ci maddəsinə əsasən isə ehtiyatsızlıqdan törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində az ağır cinayət törətməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin müvafiq olaraq 59.1.1 və 59.1.12-ci maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 15 noyabr 2013-cü il tarixli Qərarının 21-ci bəndində göstərilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, ... məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Həmin Məcəllənin 59.1.10-59.1.14-cü maddələrinə əsasən şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə, cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışına və tapılmasına fəal kömək etməsi; cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması; zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi; cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması; cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi cəzanı yüngülləşdirən hallardır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun hadisələrin təsadüfi axarı zəminində az ağır cinayət törətməsini nəzərə alaraq, hesab edir ki, onun islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və həmin cəza, cəzanın məqsədini təmin edir. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. Məhkəmə həmin maddənin tələbinə əsasən belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırkı iş üzrə tutulmamış, həbsdə saxlanılmamışdır, ona görə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olsa da, onun məntəqə tipli cəzaçəkmə müəssəsinə göndərilməsinədək barəsində seçilmiş qətimkan tədbirinin dəyişdirilib həbs qətimkan tədbiri ilə əvəz olunmasına zərurət yoxdur, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin edilməsi nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə növündə əlavə cəzanın icrası Cinayət Məcələsinin 45-ci və Cəzaların İcrası Məcəlləsinin 154-cü maddəsinin tələblərinə uyğun təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, zərərçəkmiş şəxsin hüquqi varisi məhkəməyədək icraat və məhkəmə icraatı zamanı mülki iddia verməmişdir, o, ərizə verərək dəymiş maddi ziyanın ödənildiyini, şikayəti və tələbi olmadığını bildirmişdir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış avtomobilin sahibinə qaytarılması nəzərə alınmalı, bir ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi hesab olunan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq hesabına ödənilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə qeyd edir ki, müstəntiqin qərarı əsasında dövlət hesabına dəvət edilmiş Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi məhkəməyədək icraat zamanı iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsini həyata keçirsə də, müstəntiq müdafiəçinin hüquqi xidmətlərə görə iştirak etdiyi müddətə və bunun məbləğinə dair arayışı ittiham aktına əlavə etməmişdir, ona görə müdafiəçiyə həmin hissədə əmək haqqının tutulması məsələsi həll edilmir. Həmin vəkil məhkəmənin qərarı əsasında məhkəmə icraatı zamanı iştirak edərək təqsirləndirilən şəxsə hüquqi yardım göstərmişdir, həmin müddət 30 iş saatı müddətinə bərabər tutulduğundan, (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, onun cəzaçəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut qismində tanınmış “Toyota Prius” markalı **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobilin məhkəməyədək icraat zamanı sahibi Şahid1 təhvil verilməsi nəzərə alınsın, bir ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Məhkəmə məsrəfi olan 128 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı 30 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə dəvət olunmuş Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı vəkil bürosu vasitəsi ilə 180 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar