Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-353/2025 06.11.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxx 1995-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, bir uşağı olan, fərdi qaydada işləyən, Bakı şəhəri ünvan 1 ünvanda yaşayan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 17 aprel 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 il 03 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 02 il 02 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, həmin cəzanın icrası ilə bağlı 20 may 2024-cü il tarixdə Bakı probasiya idarəsində qeydiyyata alınmaqla 06 noyabr 2025-ci il tarixinə cəzasının 01 il 05 ay 16 gün hissəsini çəkmiş, hazırkı işlə bağlı 13 yanvar 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 15 yanvar 2025-ci il tarixdə tutmadan azad olunaraq barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib saxlayaraq daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda tərkibində təsiredici maddəsinin miqdarı 0,04 qram olan, üzərində F/M-40 yazılan metadon adlı narkotik vasitəni əldə etmiş, özündə saxlamaqla daşımış, Bakı şəhəri Nizami rayon polis idarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində 13 yanvar 2025-ci il tarixdə, saat 17:30 radəiərində ünvan 3 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılaraq həmin ünvanda video çəkiliş aparılmaqla üzərində yoxlama aparılan zaman əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən 1 ədəd blister kəsiyində, 1 ədəd bozumtul-qəhvəyi rəngli dərman tabletinin tərkibində təsiredici maddəsinin miqdarı 0,04 qram olan narkotik vasitə metadon aşkar edilərək götürülmüşdür. Bu hərəkəti ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, onu 13 yanvar 2025-ci il tarixdə “Neftçilər” metrostansiyası ilə “Qara Qarayev” metrostansiyası arasında 2 nəfər polis əməkdaşı saxlamışdır. O, taksi sürücüsüdür, müştərini düşürüb evə gedən zaman polis əməkdaşları yaxınlaşmış, üzərində narkotik vasitə olub-olmamasını soruşmuşlar. O da üzərində narkotik vasitə olmadığını bildirmişdir. Sonra narkotik vasitəni onun üzərinə qoymuşlar, orada qorxudaraq video çəkiliş etmişlər. O, narkotik vasitəni götürmək istəməmişdir. Qutunun içərisində maşınına da narkotik vasitə qoymuşlar, sonra təzədən çəkiliş etmişlər ki, guya maşınından da çıxmışdır. O, yenə boynuna götürməmişdir. Sonra polis əməkdaşları ona demişlər ki, “gedək, idarədə görəcəksən”. Birinci mərtəbədə bir nəfər olmuş, narkotik vasitə vermiş, o da atmışdır. Ona zorla narkotik vasitə içdirmişlər. O, qorxusundan içmişdir. Yerə qələm atmışlar, o, götürmək üçün əyiləndə onu vurmuşlar. Polis əməkdaşlarından soruşmaq lazımdır ki, o dərmanı ona niyə vermişlər. Yenidən onu çəkilişə aparmışlar. İdarədə onun başına oyun açmışlar. Ona demişlər ki, “niyə qışqırırarsan, niyə götürmürsən”, o da demişdir ki, qorxur, tutulmaq istəmir. Bir dəfə də belə etmişlər. Demişlər ki, “narahat olma, sənə tutulma yoxdur, iki gün yatıb çıxacaqsan”. O, ilk dəfə tutulandan sonra, bu işdə tutulana kimi bircə dəfə narkotik vasitə istifadə etmişdir. Tutulan zaman narkotik vasitə onun üzərində olmamışdır. Onu 3 dəfə videogörüntüyə çəkmişlər. Polis əməkdaşları onu diz çökdürmüş, şapalaqlamışlar. Xəsarəti olmamışdır. Qanunu bilmədiyi üçün bu barədə şikayət verməmişdir. Narkotik vasitəni ona Mehman adlı polis əməkdaşı vermişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə məhkəmə baxışında verdiyi ifadə arasında əhəmiyyətli ziddiyyət olduğundan, Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən onun 15 yanvar 2025-ci il tarixdə müdafiəçisinin iştirakı ilə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs həmin ifadəsində elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, təxminən bir neçə gün əvvəl Sabunçu rayonunda yerləşən bazarın yanında üzdən tanıdığı, lakin şəxsi məlumatlarını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 10 manat pul müqabilində “metadon” kimi tanıdığı narkotik vasitə almış və üzərində saxlamışdır. 13 yanvar 2025-ci il tarixdə, saat təxminən 17:30 radələrində ünvan 3 ünvanının qarşısında olduğu zaman 3 nəfər mülki geyimli şəxs ona yaxınlaşmış, özünü polis əməkdaşı kimi təqdim edərək narkotik vasitələrin istifadəsində və daşınmasında şübhəli olduğunu ona izah etdikdən sonra həmin ünvanda videoçəkiliş edərək üzərinə baxış keçirəcəyini bildirmişlər. O da etiraz etmədən onlarla razılaşmış, videoçəkiliş aparılarkən ona dövlət hesabına müdafiəçi seçmək hüququna malik olmağı izah olunmuş və üzərinə axtarış keçirilməzdən əvvəl ona üzərində narkotik vasitə, psixotrop maddə və ya qeyri-qanuni əşya olduğu halda təqdim etməyi təklif olunmuşdur. Axtarış apararkən üzərində olan narkotik vasitənin saxlanılmasının qeyri-mümkün olduğunu, axtarış zamanı aşkar olunacağını düşündüyündən o, əynindəki tünd göy rəngli cins şalvarının sağ yan cibində saxladığı 1 ədəd blister kəsiyində olan üzərində M40 yazısı həkk olunmuş narkotik vasitə kimi tanıdığı metadon dərman tableti polis əməkdaşına təqdim etmişdir. Həmin dərman tabletə baxış keçirilmiş, üzərindən çıxan 1 ədəd üzərində F/M40 yazısı həkk olunmuş dərman tabletin nə olduğunu, haradan və necə aldığını soruşmuşlar, o, həmin dərman tabletini “metadon” adlı narkotik vasitə kimi tanıdığını, üzdən tanıdığı, lakin şəxsi məlumatlarını bilmədiyi şəxsdən 10 manata, ağrıları olduğu zaman atmaq məqsədilə şəxsi istifadəsi üçün aldığını və üzərində saxladığını bildirmişdir. Daha sonra polis əməkədaşları tərəfindən üzərində axtarış davam etdirilmiş, axtarış zamanı onun əynində olan qara rəngli gödəkçəsinin sol yan cibindən 1 ədəd içi boş kibrit qutusu,əynində olan tünd göy rəngli cins şalvarının sol yan cibindən 1 ədəd Samsung markalı mobil telefon və həmin şalvarının sağ yan cibindən 33 manat pul əskinazı aşkar edilmişdir. Üzərindən aşkar olunmuş 33 manat pul əskinazı və içi boş kibrit qutusu onun özünə qaytarılmış, axtarış zamanı üzərindən sübut əhəmiyyətinə malik ola biləcək başqa əşya aşkar edilməmişdir. Video çəkiliş zamanı üzərindən aşkar edilmiş 1 ədəd blister kəsiyində üzərində F/M40 yazısı həkk olunmuş narkotik vasitə metadon hesab edilən dərman tablet içi boş olan kağız zərfdə qablaşdırılmış, zərfin üzəri möhürlənmiş, o və iştirakçılar tərəfindən zərfin üzəri imzalanaraq ona məxsus telefon ilə birgə götürülmüşdür. Üzərinə axtarış zamanı video çəkiliş aparılmışdır. Daha sonra onu Nizami RPİ-nə aparmış, üzərinə keçirilmiş baxışla bağlı protokol tərtib etmişlər. O, təhqiatçı tərəfindən vəkil ilə təmin olunduqdan sonra şübhəli şəxs qismində tutulmuş və izahatı alınmışdır. Narkotik vasitəni satan şəxsi üzdən tanıyır, şəxsi məlumatlarını bilmir, saxlanılan zaman və ya sonradan polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki və ya psixi təzyiq tətbiq edilməmişdir. Üzərində şəxsi axtarış polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş vasitəsi ilə aparılmışdır. Ondan əvvəl üzərində hansısa şəxsi axtarış aparılmamışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında elan olunmuş həmin ifadəsi ilə razılaşmamış, məhkəmədə verdiyi ifadəsinin əsas kimi qəbul olunmasını xahiş etmişdir. Əlavə sualları cavablandırarkən qeyd etmişdir ki, narkotik vasitə onun üzərində olmamış, polis əməkdaşı onun üzərinə qoymuşdur. Polis əməkdaşları ona zor tətbiq etmişdir. Təqsirləndirilən şəxs məhkəmədə son sözlə çıxışında barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Nizami RPİ-nin NMB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Ona “Kazım” adlı şəxsin narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuş, araşdırma nəticəsində həmin şəxsin xx xxxx 1995-ci il təvəllüdlü Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Bunun üçün əməliyyat axtarış tədbirlərinin keçirilməsi məqsədi ilə raportla rəhbərliyə məruzə olunmuş, rəhbərlik tərəfindən ondan, Nizami RPİ-nin CAŞ-nin kiçik inspektoru Şahid2 və NMB-nin baş əməliyyat müvəkkili Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. 13 yanvar 2025-ci il tarixdə onlar birlikdə Nizami rayonu R.Rüstəmov küçəsinə getmişlər. Həmin tarixdə saat 17:30 radəiərində keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı R.Rüstəmov küçəsi 13 saylı ünvanın qarşısında barəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması məlumatı olan “Kazım” adlı şəxsi görmüşlər. Ona yaxınlaşıb özlərini təqdim etmiş, polis əməkdaşı olduqlarını bildirmiş, vətəndaşa özünü təqdim etməsini bildirmişlər. Bundan sonra həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu və onun üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçirəcəklərini bildirmiş, o da axtarış keçiriləcəyinə etiraz etməmişdir. ünvan 4 ünvanın qarşısında şəxsin üzərinə baxış keçirmək üçün CAŞ-nin kiçik inspektoru Şahid2 tərəfindən video çəkilişə başlanılmışdır. Video çəkiliş aparılarkən ona dövlət hesabına müdafiəçi ilə təmin olunması, hüquq və vəzifələri izah olunmuş, çəkilişdə iştirak edən əməkdaşları təqdim edərək ona özünü təqdim etməsi bildirilmişdir. O, özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Onun üzərinə baxış keçirməzdən əvvəl paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən psixotrop maddə və ya narkotik vasitə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları təhvil verməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs üzərində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd blister kəsiyində olan dərman tableti çıxararaq təqdim etmiş, həmin dərman tabletə baxış keçirilmiş və üzərində M/40 yazısı həkk olunmuş dərman tabletin nə olduğunu, haradan və nə üçün aldığını ondan soruşmuşdur. Təqsirləndirilən şəxs həmin 1 ədəd blister kəsiyindəki dərman tableti narkotik vasitə metadon kimi tanıdığını, ağrısı olduğunda atmaq üçün şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Daha sonra üzərinə şəxsi axtarış davam etdirilmiş, axtarış zamanı onun əynində olan qara rəngli gödəkçəsinin sol yan cibindən 1 ədəd içi boş kibrit qutusu, əynində olan tünd göy rəngli cins şalvarının sol yan cibində 1 ədəd qara rəngli Samsung markalı mobil telefon və həmin şalvarının sağ yan cibindən 33 manat pul əskinazı aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 33 manat pul əskinazı və içi boş kibrit qutusu özünə qaytarılmış, telefonu isə sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüşdür. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən sübut əhəmiyyətinə malik ola biləcək başqa əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd blister kəsiyində üzərində F/M40 yazısı həkk olunmuş narkotik vasitə metadon hesab edilən dərman tableti cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan içi boş olan kağız zərfdə qablaşdırılmış, Daxili İşlər Nazirliyinin 162 №-li möhürü ilə möhürləndikdən sonra, Təqsirləndirilən şəxs və iştirakçılar tərəfindən zərfin üzəri imzalanmış və ona məxsus telefonu ilə birgə götürülmüşdür. Şəxsi axtarış və götürmə zamanı proses video çəkilişlə qeydə alınmışdır. Əməliyyat şəraiti ilə bağlı protokol tərtib etmək üçün Nizami RPİ-nin binasına getmişlər, protokol tərtib olunmuş, iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən protokolun düzgünlüyü imzalanmışdır. Daha sonra rəhbərliyə raportla məruzə olunmuş, rəhbərlik tərəfindən araşdırılma aparılması Nizami RPİ-nin təhqiqatçısına həvalə olunmuş, həmin şəxs şübhəli şəxs qismində tutulmuşdur. Qeyd edilən tədbirlərin həyata keçirilməsi zamanı tərəflərindən Təqsirləndirilən şəxs qarşı qanunsuz hərəkətə yol verilməmiş, incidilməmişdir. Konkret olaraq onun özü Təqsirləndirilən şəxs hər hansı təzyiq göstərməmiş və ya üzərinə narkotik vasitə qoymamışdır. Təqdim olunan video görüntü ilə də təsdiq olunur ki, həmin şəxs üzərində olan narkotik vasitə olan tableti cibindən çıxararaq təqdim edir və özünə məxsus olduğunu bildirir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin CAŞ-nin kiçik inspektoru Şahid2 və NMB-nin baş əməliyyat müvəkkili Şahid3, Şahid1 ilə eyni məzmunlu ifadə vermişlər. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 14 yanvar 2025-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) - 13 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, həyata keçirilmiş əməliyyataxtarış tədbiri zamanı, 13 yanvar 2025-ci il tarixdə, saat 17:30-da ünvan 5 ünvanının qarşısında saxlanılmış Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı o, əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən 1 ədəd metadon (M40) yazılmış həbi təqdim etmişdir. Daha sonra üzərinə polis əməkdaşları tərəfindən baxış keçirilmişdir. Baxış zamanı əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 1 ədəd içi boş kibrit qutusu, tünd göy rəngli şalvarının sol yan cibindən 1 ədəd “Samsung Galaxy A14” markalı mobil telefon, həmin şalvarının sağ yan cibindən 33 Azərbaycan manatı pul əskinazı çıxarmışlar. Boş kibrit qutusu və 33 Azərbaycan manatı pul əskinazı onun özünə qaytarılmışdır. Bundan sonra üzərinə axtarış davam etdirilsə də onun üzərindən başqa qanunla qadağan edilmiş əşya aşkar edilməmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd üzərində F/M40 yazısı olan dərman tableti 1 ədəd zərfdə qablaşdırılmış, üzəri DİN-in 162 saylı möhürü ilə möhürlərək iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdır. Protokol düzgün tərtib edilmiş, imzalarla təsdiq edilmiş, protokola 1 (bir) ədəd DVD əlavə olunmuşdur. (i.v. 10-11) - 13 yanvar 2025-ci il və 15 yanvar 2025-ci protokollardan görünür ki, 13 yanvar 2025-ci il tarixdə, saat 17:30-da ünvan 5 ünvanında Təqsirləndirilən şəxs saxlanılaraq üstünün yoxlanılması zamanı üzərindən 1 ədəd deməsinə görə narkotik vasitə metadon həbinin götürülməsi raportda qeyd olunmuş və aidiyyatı üzrə təqdim olunmuşdur. Təqdim olunan 1 ədəd ağ rəngli zərfə baxış keçirilmiş, həmin zərf bağlı vəziyyətdə olmuş, zərf Azərbaycan Respublikası DİN yazılmış Zərflər üçün 162 № möhürlə möhürlənmiş vəziyyətdə olmuş, zərfin üzərində saxlanılan şəxs Təqsirləndirilən şəxs və imza, həmçinin zərfin üzərində Şahid3 imza, Şahid2K imza yazılmışdır, zərfin tamlığı pozulmamışdır. Daha sonra 1 ədəd DVD-yə “Toshiba” markalı kompüterdə baxış keçirilmişdir. DVD-də olan görüntülərdə Təqsirləndirilən şəxs 1 ədəd dərman həbinin aşkar edilməsi öz əksini tapmışdır. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, protokol imzalarla təsdiq edilmişdir. Diskdə olan görüntülərə 15 yanvar 2025-ci il tarixdə müstəntiq tərəfindən təqsirləndirilən şəxsin və müdafiəçinin iştirakları ilə baxış keçirilərkən yuxarıda qeyd olunanların öz təsdiqini tapdığı müəyyən edilmişdir. (i.v. 15, 75-76) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə fiziki-kimyəvi ekspertizasının 14 yanvar 2025-ci il tarixli, 6/156 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün № 162” möhür əksi, “Vətəndaş Təqsirləndirilən şəxs aşkar edilmiş maddi sübut...” əl yazıları və s. soyadlar, imzalar olan zərfdəki 1 ədəd blister kəsiyindəki 1 ədəd bozumtul-qəhvəyi rəngli dərman tabletinin tərkibində təsiredici maddəsinin miqdarı 0,04 qram olan narkotik vasitə-mefadon müəyyən edildi. Metadon Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin siyahısına (Siyahı İİ) daxildir. Qeyd: metadon 01 tablet halında olmuş, tədqiqata 0,5 tablet sərf edilmiş, 0,5 tablet qalıq qalmışdır. (i.v. 46-51) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin Ambulator Məcburi-Narkoloji tibbi yoxlamasına dair 16 yanvar 2025-ci il tarixli, 230 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin, kannabinoidlərin və psixostimlyatorların birgə qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 98-99) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsin Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 18 fevral 2025-ci il tarixli, 532 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. (i.v. 138-139) - 31 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin maddə ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən onun narkotik vasitə metadonu polis əməkdaşlarına təqdim etməsi narkotik vasitə, psixotrop maddələri könüllü təhvil vermə və narkotik vasitə, psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin açılmasında və bu əməlləri törətmiş şəxslərin aşkar edilməsində, cinayət yolu ilə əldə edilmiş əmlakın tapılmasında fəal iştirak etmə kimi qiymətləndirilməmiş və buna görə o, cinayət məsuliyyətindən azad edilməmiş, Təqsirləndirilən şəxs narkotik vasitəni əldə etdiyi mənbəni müəyyən etmək üçün cinayət işindən material ayrılaraq Nizami RPlnin 25-ci PŞ-nə göndərilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd blister kəsiyində bozumtul-qəhvəyi rəngli dərman tabletinin tərkibində təsiredici maddəsinin miqdarı 0,04 qram olan tablet və əməliyyat-axtarış tədbirinin keçirilməsinin və şübhəli şəxsin yoxlanılmasının video görüntülərini əks etdirən 1 ədəd DVD disk maddi sübut kimi tanınmış, tədqiqatdan sonra qalıq qalan 1/2 ədəd dərman tablet olan narkotik vasitə metadon saxlanılması üçün Nizami RPİ-nin maddi sübutların saxlanc kamerasına təhvil verilmiş, 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmış, Təqsirləndirilən şəxs aşkar edilmiş 1 ədəd “Samsung” markalı mobil telefon və 33 manat pul iş üzrə sübut əhəmiyyəti kəsb etmədiyindən maddi sübut kimi tanınmamış və təqsirləndirilən şəxsə qaytarılması nəzərə alınmış, "xxxx" MMC-dən daxil olmuş məlumatlar olan 1 ədəd CD disk iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. (i.v. 141- 148) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanun-suz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli Qərarının 4-cü və 5-ci bəndlərinə əsasən məhkəmələrə izah edilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə müəyyən olunmuşdur. Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək qeyd edir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitənin mənbəyinin müəyyən edilməsi faktının araşdırılması məqsədi ilə material ayrılmışdır və nəticəsindən asılı olaraq hüquqi qiymət veriləcəkdir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin və müdafiəçisinin irəli sürdüyü dəlillər məhkəmə tədqiqi zamanı hərtərəfli, tam və obyektiv araşdırılmış, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı ifadələrində özünü təqsirli bilərək işin faktiki halları ilə uyğunluq təşkil edən ifadələr vermiş, eləcə də üstünün yoxlanılması zamanı üzərində olan narkotik vasitəni təqdim edib ona məxsus olduğunu etiraf etmiş, onu hansı qaydada əldə etdiyini izah etmişdir. Hansı ki, bu qeyd olunanlar digər sübutlarla yanaşı, üstünün yoxlanılması zamanı qeydə alınmış video görüntü ilə öz təsdiqini tapmışdır. Üstünün yoxlanılması zamanı qeydə alınmış video görüntünün izlənilməsi zamanı isə, Təqsirləndirilən şəxs narkotik vasitəni təqdim edərkən hər hansı tərəddüd etməsi, özünü şübhəli aparması müşahidə edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə. Məhkəmə Təqsirləndirilən şəxs və müdafiəçisinin, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə bəraət verilməsi barədə məhkəmədə etdikləri çıxışlarına münasibətdə qeyd edir ki, cinayətprosessual qanunvericiliyinə görə, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyi təsdiq edildiyi halda bəraət hökmü çıxarılmalıdır. Lakin məhkəmə tədqiqi zamanı Təqsirləndirilən şəxs ittiham olunduğu həmin maddə ilə bəraət verilməsi üçün Azərbaycan Respublikası CPM-nin 42-ci maddəsində nəzərdə tutulmuş əsaslar məhkəmə iclasında müəyyən edilməmişdir, əksinə, müəyyən edilmişdir ki, sözügedən cinayət hadisəsi baş vermişdir; əməldə cinayət tərkibi vardır; cinayətin törədilməsinə məhz Təqsirləndirilən şəxs aidiyyəti olmuşdur və onun bu cinayət hadisəsində təqsirliliyi sübuta yetirilmişdir, hansı ki, məhkəmə bununla bağlı dəlillərini yuxarıda kifayət qədər əsaslandırmışdır. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad olunan 24 dekabr 2021-ci il tarixli Qərarının 25-bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Məhkəmə, məhkəmə tədqiqi ilə toplanmış sübutları yoxlayıb qiymətləndirərkən belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində polis əməkdaşı tərəfindən ona zor tətbiq edildiyi, üzərində narkotik vasitə metadonun olmadığı halda həmin maddənin üzərinə qoyulması barədə irəli sürdüyü dəlillər, yuxarıda qeyd olunanlar baxımından əsassız hesab olunmalıdır, öz təsdiqini tapmamışdır. Təqsirləndirilən şəxs 15 yanvar 2025-ci il tarixdə şübhəli şəxs kimi tutmadan azad edildikdən sonra ona qarşı yol verilmiş, hüquq və mənafelərinə toxunduğunu hesab etdiyi hər hansı qanunsuz hərəkətlə bağlı müvafiq orqanlara şikayət verməkdə, araşdırılmasını tələb etməkdə sərbəst olmuş, buna baxmayaraq o, bu hüquq və imkanlardan istifadə etməmişdir. Bundan başqa, onun məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində hər hansı xəsarət və xəsarət izi aşkar edilməmişdir. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 13 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 26) - 15 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair məhkəməyə təqdimat verilməsi barədə müstəntiqin vəsatətinin müdafiə olunmasından ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Nizami rayon prokuroru tərəfindən imtina edilmiş, onun saxlanıldığı Nizami RPİ-nin MSY-dən azad olunması qərara alınmışdır. (i.v. 81-83) -Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqinin 15 yanvar 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 84) -Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 23 yanvar 2025-ci il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 17 aprel 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 il 03 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 02 il 02 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. (i.v. 101-104, 120-123) -Bakı şəhər probasiya idarəsinin 06 noyabr 2025-ci il tarixli, 3-16-21-1/2- 114967/2025 nömrəli məktubundan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 17 aprel 2024-cü il tarixli hökmü ilə 02 il 02 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs həmin hökmün icrası ilə bağlı Bakı şəhər probasiya idarəsində 20 may 2024-cü il tarixdə qeydiyyata düşmüşdür. -Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X1 16 avqust 2015-ci il tarixdə doğulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 18.4.4 və 83.1-ci maddələrinin tələbləri baxımından qeyd edir ki, yuxarıda istinad olunan hökmlə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum olunduğundan, həmin hal residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 17 aprel 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə qəti olaraq təyin edilmiş 02 il 02 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının 06 noyabr 2025-ci il tarixə çəkilməmiş hissəsi, Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsində müəyyən edilmiş qaydada hesablanmaqla, müvafiq müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər sayılmalı, həmin cəzanı Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilməsi nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına tamamilə birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs müvafiq müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu, həbsdə saxlanıldığı və ev dustaqlığında saxlanıldığı müddətlər onun həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs 13 yanvar 2025-ci il tarixdən 15 yanvar 2025-ci il tarixədək tutulduğu cəmi 02 gün müddət, azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılıb, üzərində qəti müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı isə hökmün çıxarıldığı hazırkı tarixdən hesablanmalıdır. Bununla yanaşı məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, hökmün icrasını təmin etmək məqsədi ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilib hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmaqla, həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalında dərhal həbs edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınaraq Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalmış narkotik vasitə məhv olunmalı, içərisində video görüntülərin əks olunduğu 1 ədəd, "xxxx" MMC-dən daxil olan məlumatlar əks olunan 1 ədəd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə, Ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi qaydada müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından qərar əsasında dövlət hesabına dəvət olunmuş vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi xidmətlərə görə (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına və xx.xx.2025-ci il tarixli 141 saylı qərarla edilmiş dəyişikliyə əsasən hesablanaraq – 6 saat 6 manatdan, 34 saat 11 manatdan olmaqla) əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 17 aprel 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə qəti olaraq təyin edilmiş 02 (iki) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının 06 noyabr 2025-ci il tarixə çəkilməmiş 09 (doqquz) ay 10 (on) gün hissəsi, Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsində müəyyən edilmiş qaydada hesablanmaqla, 04 (dörd) ay 20 (iyirmi) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun, həmin cəzanı Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 13 yanvar 2025-ci il tarixdən 15 yanvar 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılıb, üzərində qəti olaraq 06 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 06 noyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilib hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmaqla, həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs müvafiq rejim üzrə cəzaçəkmə müəssisəsinə göndərilməsinədək həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanası müəyyən edilsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Maddi sübut qismində tanınmış, Təqsirləndirilən şəxs aşkar edilərək götürülməklə Bakı şəhəri Nizami rayon polis idarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalan 0,5 tablet narkotik vasitə metadon məhv edilsin, içərisində video görüntülərin əks olunduğu 1 ədəd DVD disk və "xxxx" MMC-dən daxil olmuş məlumatlar olan 1 ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Məhkəmə məsrəfi olan 110 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı dövründə göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən (6 saat 6 manatdan, 34 saat 11 manatdan olmaqla) 410 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-353/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-353/2025
06.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver