Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-354/2024 09.10.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1, zərərçəkmiş şəxsin hüquqi varisi (oğlu) X3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxxx 1975-ci il tarixdə Tovuz rayonunun Aşağı Quşçu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri Nizami rayonu, C.Naxçıvanski küçəsi ev 40, mənzil 20-də qeydiyyatda olan, 30 mart 2024-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, həmin qətimkan tədbirinin şərtlərini pozaraq məhkəmədən gizləndiyindən 06 iyun 2024-cü il tarixdə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmiş və haqqında axtarış elan edilmiş, 19 iyul 2024-cü il tarixdə həbs edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuşdur. Belə ki, o, 17 yanvar 2024-cü il tarixdə saat 05 radələrində sürücülük hüququ verən “B” kateqoriya sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə etdiyi “Toyota Prius” markalı **-CU-*** dövlət qeydiyyat nişanlı minik avtomobillə yolun Bakı şəhəri Nizami rayonu, Q.Qarayev prospekti 53A ünvanından keçən hissəsində hərəkətdə olarkən idarə etdiyi avtomobili həmin yerdən 10 km/saat sürətlə geriyə doğru hərəkət etdirərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 13-cü hissəsinin tələblərinə əsasən avtomobili arxaya hərəkət etdirməzdən əvvəl həmin manevrin təhlükəsiz başa çatmasına əmin olmalı, piyadanın olması şəraitində piyada avtomobilin arxaya hərəkət etdiyi hissədən kənarlaşdıqdan sonra avtomobili arxaya hərəkət etdirməli, lazım gəldikdə isə başqa şəxslərin köməyindən istifadə etməli olduğu halda, həmin tələbləri pozub, avtomobilin arxa hissəsində dayanmış vəziyyətdə olan piyada Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin arxa hissəsi ilə ehtiyatsızlıqdan vuraraq sonuncunun sol bud sümüyün boynunun qapalı sınığı ilə müşayiət olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarət almasına səbəb olmuşdur. Bu hərəkəti ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, “Toyota-Prius” markalı **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə ilə “B” koteqorialı sürücülük vəsiqəsi ilə taksi kimi idarə etmişdir. 17 yanvar 2024-cü il tarixdə saat təxminən 05 radələrində idarə etdiyi həmin avtomobillə “Neftçilər” dairəsi istiqamətindən Bakı şəhəri Nizami rayonu, Q.Qarayev prospektinin sağdan birinci zolağı ilə Bakı şəhəri Nizami rayonu, Nəsimi küçəsi istiqamətində hərəkət edib yolun “LC Waikiki” geyim mağazasının qarşısından keçən hissəsində, avtobus dayanacağının qarşısında taksi sifariş edən müştərini gördüyü üçün avtomobili saxlamış və həmin yerdən geriyə doğru 10 km/saat sürətlə hərəkət edib, 5 metr yol qət etmişdir ki, avtomobilin arxasında dayanan kişi piyadanı görməyib həmin piyadanı avtomobilin arxası ilə ehtiyyatsızlıqdan vurduğu üçün piyada yerə yıxılıb xəsarət almışdır. O, dərhal avtomobili saxlayıb həmin piyadaya yaxınlaşmış və piyadanı yerdən qaldırıb avtobus dayanacağında bir qədər əyləşdirdikdən sonra, piyadanın xahişi ilə adını sonradan Zərərçəkmiş şəxs kimi bildiyi həmin piyadanı işlədiyi yerə avtomobili ilə aparmışdır ki, işdən icazə alsın. Sürücü işlədiyi avtobus dispeçerindən icazə aldıqdan sonra öz xahişi ilə onu yaşadığı Suraxanı rayonu Qaraçuxur qəsəbəsində olan evinə aparıb qapısının qarşısında düşürtmüş və həmin şəxsə öz mobil telefon nömrəsini vermişdir. Həmin gündən sonra bir neçə dəfə Ağaya zəng etdikdə o, sığorta vasitəsi ilə əməliyyat olduğunu demişdir. Özünün maddi vəziyyəti çətin olduğu üçün həmin gündən sonra Ağaya baş çəkməmişdir. Ağa adlı piyadanı o, xəstəxanaya aparmamış, xəstəxana xərclərini çəkməmiş, Ağanın ailə üzvlərini görməmişdir. Ağanın xahişi ilə o, Ağanı qapısının qarşısında avtomobildən düşürmüşdür. Yol-nəqliyyat hadisəsi zamanı avtomobilə heç bir maddi ziyan dəyməmiş, avtomobili sahibinin özünə geri qaytarmışdır. Təqsirləndirilən şəxs ifadəsində əlavə olaraq onu da bildirmişdir ki, həmin gün avtomobil tam saz vəziyyətində yüksüz olmuş, piyadanı avtomobilin arxa hissəsi ilə, yolun sağdan birinci hərəkət zolağında, hərəkət hissənin sağ kənarından 3 metr sol kənarına doğru məsafədə ehtiyyatsızlıqdan vurmuşdur. Həmin vaxt piyadanı görməmişdir. Ümumiyyətlə spirtli içki qəbul etmir və həmin gün də spirtli içki qəbul etməmişdir. Təqsirləndirilən şəxs daha sonra maddi imkanı olmadığına görə zərərçəkmiş şəxsin hüquqi varisinin tələb etdiyi 5000 manat pulu ödəyə bilmədiyini, bu səbəbdən də barışıq əldə edə bilmədiyini göstərmiş, həmin halları və əməlindən səmimi peşman olduğunu nəzərə almağı məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs hazırda baxılan cinayət işi ilə bağlı olmayan digər səbəbdən (“Bronxların və ya ağciyərin aşağı payının bədxassəli yeni törəməsi” səbəbindən) 31 iyul 2024-cü il tarixdə vəfat etmiş, onun yaxın qohumu hesab olunan oğlu X3 ərizəsi əsasında o, zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınaraq, işə buraxılmışdır. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, xx.xx.2024-cü il tarixdə saat 05 radələrində iş yerinə getmək üçün Bakı şəhəri Nizami rayonu, Q.Qarayev prospektinə gəlib, “LC Waikiki” geyim mağazasının yaxınlığında avtobusdan düşüb həmin geyim mağazasının yanında olan avtobus dayanacağının qarşısında, sağdan yolun birinci zolağında dayanıb üzü “Neftçilər” metrostansiyası tərəfə baxaraq 1 manatlıq taksilərdən gözləyən vaxt Q.Qarayev prospekti ilə geriyə hərəkət edən “Toyota-Prius” markalı avtomobil arxa hissəsi ilə onu qəflətən vurduğu üçün yerə yıxılıb xəsarət almışdır. Həmin avtomobilin sonradan kimliyi ona məlum olan sürücüsü Təqsirləndirilən şəxs ona tərəf hərəkətini davam etdirdikdə dayanacaqda dayanmış tanımadığı şəxs sürücüyə avtomobili saxlatdırmışdır. Təqsirləndirilən şəxs avtomobili saxlayıb ona yaxınlaşdıqda onu görmədiyini demiş, sonra onu yerdən qaldırıb avtobus dayanacağında əyləşdirmişdir. O, bir qədər orada oturduqdan sonra sürücü Təqsirləndirilən şəxs xahiş etmişdir ki, onu işlədiyi yerə işdən icazə almaq məqsədilə aparsın. İşlədiyi avtobus qarajına gedib baş mühafizəçidən icazə aldıqdan sonra sürücüdən xahiş etmişdir ki, bu dəfə onu yaşadığı evə gətirsin. Sürücü onu yaşadığı evə gətirib qapısının qarşısında düşürmüş və ona öz mobil nömrəsini verib adını demiş, sonra sürücü avtomobili sürüb getmişdir. O, güclə yaşadığı evə daxil olmuş və bir gün sonra “Yeni Klinika” xəstəxanasına gedib aldığı xəsarətlə bağlı orada əməliyyat olunmuşdur. Xəstəxanada özü xəsarəti yıxılma nəticəsində aldığını demişdir ki, sürücüyə xələl gəlməsin. 10-11 gün xəstəxanada stasionar müalicədə olduğu vaxt həmin sürücü 2 və ya 3 dəfə ona zəng edib sadəcə hal-əhvalını soruşaraq maddi vəziyyətinin çətin olduğunu əsas gətirib ona gəlib baş çəkməyərək ziyanını qarşılamamışdır. Bu səbəbdən o, DİN-in 102 xidmətinə zəng edib sürücünün barəsində şikayət etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi X4 zərərçəkmiş şəxsin ifadəsində qeyd edilənləri təsdiq edərək göstərmişdir ki, atası həmin hadisədən sonra işdən çıxarılmışdır, xəstəliyi ilə bağlı daha sonra dünyasını dəyişmişdir, təqsirləndirilən şəxs dəymiş 5000 manat məbləğində maddi ziyanı indiyədək ödəməmişdir, təqsirləndirilən şəxslə barışıq yoxdur, ondan şikayətçidir. Təqsirləndirilən şəxsin barəsində ədalətli qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid məhkəmə iclasında iştirakı mümkün olmadığından onun həmin dövrdə verdiyi ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. Şahid sözügedən ifadəsində göstərmişdir ki, “Toyota-Prius” markalı **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. O, həmin avtomobili müvəqqəti idarə etmək üçün xx.xx.2023-cü il tarixdə tanışı Təqsirləndirilən şəxs etibarnamə ilə həvalə etmişdir. Təqsirləndirilən şəxs avtomobili idarə etdiyi müddətdə, yəni xx.xx.2024-cü il tarixdə səhər saatlarında avtomobillə Bakı şəhəri Nizami rayonunun ərazisində ehtiyatsızlıqdan piyadanın vurularaq xəsarət alması ilə nəticələnən yolnəqliyyat hadisəsi törətmişdir. Lakin həmin hadisə zamanı onun avtomobilinə heç bir maddi ziyan dəyməmişdir. Buna görə onun maddi ziyanla bağlı Təqsirləndirilən şəxs barəsində heç bir şikayət və tələbi yoxdur, mülki iddiaçı kimi tanınmağını tələb etmir. Hazırda Təqsirləndirilən şəxs onun avtomobilini özünə geri qaytarmışdır. Hadisəni gözləri ilə görməsə də, bu barədə Polatın özündən eşitmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 19 mart 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) - 31 yanvar 2024-cü il tarixli protokoldan, sxemdən və fotoşəkillərdən görünür ki, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs və hal şahidlərinin iştirakları ilə yol-nəqliyyat hadisəsinin baş verdiyi Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektinə baxış keçirilmişdir, hadisə yerinin sxemi tərtib olunmuşdur. (i.v. 7-14) -Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin 13 fevral 2024cü il tarixli 3-13-16/2-23824/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına 01 iyul 2014-cü il tarixdə (01 iyul 2024-cü il tarixədək etibarlı olan) AC 323934 nömrəli, “B” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. Sürücülük hüququndan məhrum olunması barədə məlumat X1 qeydə alınmamışdır. (i.v. 28) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 publik hüquqi şəxsin Nizami rayon şöbəsinin 17 fevral 2024-cü il tarixli 100 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs sol bud sümüyün boynunun qapalı sınığı olmuşdur. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2024-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı alınması mümkündür və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. (i.v. 31-34) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 16 fevral 2024-cü il tarixli 8/399 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Toyota Prius” markalı **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 13-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. (i.v. 36-38) - 30 mart 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə “Toyota Prius” markalı **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və qanuni sahibində olması nəzərə alınmışdır. (i.v. 102) - 01 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvədə saxlanılmış, barəsində Azərbaycan Respublikası CM-nin 264 və 263-1.2-ci maddələri ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. (i.v. 105-110) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin Xİİİ hissəsinə əsasən nəqliyyat vasitəsinin geriyə hərəkətinə o şərtlə icazə verilir ki, bu manevr təhlükəsiz olsun və hərəkətin digər iştirakçılarına maneə yaratmasın. Lazım gəldikdə, sürücü başqa şəxslərin köməyindən istifadə etməlidir. Məhkəmə, dövlət ittihamçısını, zərərçəkmiş şəxsin hüquqi varisini, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri, ekspertiza rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 263.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Sözügedən maddənin “Qeyd”inin 2-ci hissəsinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, cinayət işinin 10 may 2024-cü il tarixdə məhkəməyə daxil olmasından sonra hal-hazıradək icraatda olduğu müddətdə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağ olduğu dövrdə onunla və ya onun vəfatından sonra zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışmamış və dəymiş maddi ziyanı ödəməmişdir, ona görə təqsirləndirilən şəxsin bu qaydada cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 14 fevral 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 sentyabr 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə təqsirli bilinib, qazancından dövlət nəfinə 20% pul tutulmaqla 01 il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. (i.v. 29- 30) - 30 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 94-95) -Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 06 iyun 2024-ci il tarixli 1(007)-354/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs, onun barəsində seçilmiş qətimkan tədbirinin şərtlərini pozduğu üçün və üzrlü səbəblər olmadan məhkəmə iclaslarına gəlməyib gizləndiyindən onun haqqında axtarış elan olunmuş, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. -Bakı şəhəri Nizami RPİ-nin 25-ci polis şöbəsinin 23 iyul 2024-cü il tarixli 5629/24 nömrəli məktubundan, ona əlavə edilən protokoldan və 3 saylı istintaq təcridxanasının 19 iyul 2024-cü il tarixli 3-16-17/42/2-3299/2024 nömrəli məktublarından görünür ki, barəsində axtarış elan edilərək həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs 19 iyul 2024-cü il tarixdə tutulmuşdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət, 26.1-ci maddəsinə əsasən isə ehtiyatsızlıqdan törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi yardım göstərilməsini təmin etməsini Azərbaycan Respublikası CM-nin müvafiq olaraq 59.1.1 və 59.1.11-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 15 noyabr 2013-cü il tarixli Qərarının 21-ci bəndində göstərilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, ... məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və həmin cəza, cəzanın məqsədini təmin edir. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. İş materialları ilə müəyyən olunur ki, təqsirləndirilən şəxs axtarışla bağlı 19 iyul 2024-cü il tarixdə həbs olunanadək şübhəli şəxs qismində tutulmamış və ya həbsdə saxlanılmamışdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinin tələbinə əsasən belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğundan, Azərbaycan Respublikası CPM-nin 175.5ci maddəsinin tələbinə uyğun olaraq, barəsində seçilmiş həbs qətimkan tədbiri onun məntəqə tipli cəzaçəkmə müəssisəsinə təhvil verilməsinədək dəyişdirilməməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin edilməsi nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə növündə əlavə cəzanın icrası Cinayət Məcələsinin 45-ci və Cəzaların İcrası Məcəlləsinin 154-cü maddəsinin tələblərinə uyğun təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur, zərərçəkmiş şəxsə vurulmuş ziyan ödənilməsə də, onun tərəfindən sağlığında, sonradan isə hüquqi varisi tərəfindən məhkəməyədək icraat və məhkəmə icraatı zamanı qanunla müəyyən edilmiş müddətdə və qaydada mülki iddia verilməmişdir, Azərbaycan Respublikası CPM-nin 180.2 və 181.5-ci maddələrinə əsasən şəxs (o öldükdə varisi) cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır, belə olan halda, məhkəmə hesab edir ki, göstərilənlərə əsasən ziyanın ödənilməsini tələb etdiyi halda zərərçəkmiş şəxsin hüquqi varisi mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilər, ona bu hüququ izah edilməlidir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış avtomobilin məhkəməyədək icraat zamanı sahibinə qaytarılması nəzərə alınmalıdır; CPMnin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi hesab olunan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq hesabına ödənilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından qərar əsasında dövlət hesabına dəvət olunmuş vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardımla bağlı iştirak etdiyi müddətə görə Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, və cəzaçəkmə müddətinin başlanğıcı 19 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri onun məntəqə tipli cəzaçəkmə müəssisəsinə təhvil verilməsinədək dəyişdirilməsin. Maddi sübut qismində tanınmış “Toyota Prius” markalı **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobilin məhkəməyədək icraat zamanı sahibinə qaytarılması nəzərə alınsın. Məhkəmə məsrəfi olan 85 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı 30 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən 180 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə dəymiş ziyanı tələb etdiyi halda, mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilmək hüququ zərərçəkmiş şəxsin hüquqi varisinə izah edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-354/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-354/2024
09.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver