Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-354/2025 22.05.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi X2, Məhkəmə iclasının katibi: X3, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,516 qram psixotrop maddə olan metamfetamini əldə etmiş, özündə saxlamaqla daşımış, Bakı şəhəri Nizami Rayon Polis idarəsinin 25-ci Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində 17 yanvar 2025-ci il tarixdə, saat 00:30 radələrində ünvan 3 ünvanın qarşısında saxlanılaraq həmin ünvanda video çəkiliş aparılmaqla üzərində yoxlama aparılan zaman onun əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə, xeyli miqdarda, təmiz çəkisi 0,516 qram ağ rəngli, kristallik maddə, kustar üsulla hazırlanmış, psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür İş üzrə Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək qeyd etmişdir ki, 16 yanvar 2025-ci il tarixdə Neftçilər metrosunun yanında üzdən tanıdığı “Əli” adlı şəxsdən 10 (on) manata psixotrop maddə alaraq üzərində saxlamış, 17 yanvar 2025-ci il tarixdə, saat 00:30 radələrində ünvan 5 ünvanın qarşısında olarkən mülki geyimdə olan üç nəfər polis əməkdaşı ona yaxınlaşaraq narkotik vasitə və ya psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu, həmin ünvanda videoçəkiliş aparmaqla üzərinə baxış keçirəcəklərini bildirmişlər. Video çəkiliş aparılarkən üzərinə axtarış keçirilməzdən əvvəl ona üzərində narkotik vasitə, psixotrop maddə, eləcə də cinayət xarakterli digər əşya varsa, təqdim etməsi təklif olunmuş, o da əynində olan qara rəngli şalvarının sağ yan cibindən içərisində “patı” kimi tanıdığı 01 ədəd şəffaf sellofan bükümü polis əməkdaşlarına təqdim etmiş, həmin bükümdə olan psixotrop maddəyə polis əməkdaşı tərəfindən baxış keçirilmiş, bundan sonra onun üzərində axtarış davam etdirilmiş, üzərindən başqa qanunla qadağan edilmiş əşya aşkar edilməmişdir. Axtarış zamanı həmin kütlənin “patı” kimi tanıdığı psixotrop maddə olduğunu,16 yanvar 2025-ci il tarixdə metronun Neftçilər stansiyasının yanında “Əli" adlı şəxsdən şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Saxlanılan zaman və ya sonradan polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki təzyiq olunmamışdır. Hazırda törətdiyi əməldən səmimi peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Nizami RPİ-nin 25-ci PŞ-nin əməliyyat müvəkkili, polis mayoru Şahid3 ifadəsində göstərmişdir ki, “İlkin” adlı şəxsin narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi barədə daxil olmuş məlumat əsasında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi məqsədi ilə raportla rəhbərliyə məruzə edilmiş, rəhbərlik tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün ondan, Nizami RPİ-nin 25-cı PŞ-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 və 25-ci PŞ-nin əməliyyat müvəkkili polis leytenantı Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. 17 yanvar 2025-ci il tarixdə, saat 00:30 radələrində ünvan 6 ünvanda keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı “İlkin” adlı şəxsi gördükdə şəxsin üzərinə baxış keçirmək məqsədilə ona yaxınlaşaraq özlərini təqdim etmiş, onun narkotik vasitələrin və ya psixotrop maddələrin isifadəsi, daşınması və saxlanılmasında şübhəli olduğunu və bunun üçün də onun üzərində axtarış keçirəcəklərini bildirərək həmin ünvanda videoçəkiliş aparmaqla Təqsirləndirilən şəxs üzərinə axtarış keçirməzdən əvvəl ona hüquq və vəzifələri izah olunduqdan sonra üzərində qanunla qadağan olunmuş əşya, narkotik vasitə vəya psixotrop maddə varsa, təqdim edilməsi təklif etmiş, bu təklifdən sonra o, əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümü təqdim etmiş, daha sonra onun üzərinə baxış davam etdirilsə də, onun üzərindən qanunla qadağan olunmuş başqa heç bir əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs sorğu-sual zamanı həmin bükümün içərisindəkini “patı" kimi tanıdığı psixotrop maddə olduğunu, 16 yanvar 2025-ci il tarixdə Nizami rayonu, Neftçilər metro stansiyasının yanında “Əli” adlı ilə üzdən tanıdığı, lakin şəxsi məlumatlarını bilmədiyi şəxsdən 10 (on) manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Nizami RPİ 25-ci PŞ-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 və ifadəsi elan edilmiş Nizami RPİ 25-ci PŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 Şahid3 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişlər. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2025-ci il tarixli, 6/228 saylı ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunub-götürülmüş 1 ədəd bükümdə təmiz çəkisi 0,516 qram olan ağ rəngli, kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Amblator X1 xx.xx.2025-ci il tarixli, 264 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan aslılıq sindiromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan "DVD diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, 17 yanvar 2025-ci il tarixdə Nizami RPİ-nin 25-ci PŞ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərində Nizami rayonu K.Balakişiyev küçəsi 25 saylı ünvanın qarşısında videoçəkilişlə yoxlama istintaq hərəkəti aparılmış, həmin istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs üzərində narkotik vasitələr, psixotrop maddə, eləcə də qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs qara rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümü təqdim etmiş, sonra Təqsirləndirilən şəxs üzəri yoxlanılmış, yoxlama zaman onun üzərindən qanunla qadağan olunmuş başqa heç nə aşkar olunmamışdır. Aşkar edilmiş 01 ədəd şəffaf sellofan bükümdə olan psixotrop maddə metamfetaminə bənzər ağ kristalşəkilli kütlə qablaşdırılmış və 165 saylı möhürlə möhürlənmişdir. Zərfin üzəri imzalanmış, çəkiliş başa çatmışdır. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə, təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. İşdə olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2025ci il tarixli arayışına əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. Məhkəmə təqsirləndirilən şəxsin əməlini etiraf etməsini, törətdiyi əməldən peşman olmasını, əvvəllər məhkumluğunun olmamasını, ilk dəfə cinayət əməli törətməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2025-ci il tarixdə, saat 00:30-da şübhəli şəxs qismində tutulmuş, xx.xx.2025-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs 02 gün müddətinə şübhəli şəxs qismində tutulmuşdur Məhkəmə hesab edir ki, maddi sübut kimi saxlanılan psixotrop maddənin qalığı məhv edilməli, şəxsin üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 06 ay (altı ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 02 gün müddət ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 05 ay 28 gün (beş ay iyirmi səkkiz gün) müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli hökm çıxarıldığı vaxtdan, yəni 22 may 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbs edilsin və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına göndərilsin. Barəsində seçilmiş həmin “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun. Ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarında saxlanılan qalıq çəkisi ümumilikdə 0,466 qram çəkidə psixotrop maddə - metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd DVD disk cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 210 (iki yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №1(007)-354/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-354/2025
22.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver