Məhkəmə qərarları › İş №1(007)-355/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-355/2023

24.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-355/2023 24.05.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxx 1988-ci il tarixdə Əli-Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, məhkum olunmuş, fərdi qaydada işləyən, Şirvan şəhəri, G.Şıxbala oğlu küçəsi ev 153, mənzil 33-də qeydiyyatda olan, Abşeron rayonu, Xırdalan şəhəri, Gənclər şəhərciyi, ev 3, mənzil 3-də yaşayan, 20 aprel 2023-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, 24 noyabr 2022-ci il tarixdə saat 13:46 radələrində ünvan 1 ünvanda "xxxx" ASC-yə məxsus bankomatda “hesabı gizlət” xidmətindən istifadə etmək istəyən Zərərçəkmiş şəxs arxasında dayanaraq sonuncunun özünə məxsus "xxxx" ASC-yə aid 4169 7414 8624 4591 nömrəli əmək haqqı kartını bankomata daxil edərək karta məxsus hesab nömrəsini bankomata daxil etdikdən sonra səhfən 710 manat pulun kartdan çıxarılması komandasını verib kartı bankomatdan çıxarıb kənara çəkilməsini görüb özgənin əmlakını gizli olaraq talama məqsədi ilə dərhal bankomata yaxınlaşaraq bankomatdan çıxmış Zərərçəkmiş şəxs məxsus 710 manat məbləğində nağd pul vəsaitini gizli olaraq talayıb, Zərərçəkmiş şəxs 710 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 24 noyabr 2022-ci il tarixdə saat 13:30 radələrində Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, 44D ünvanında yerləşən "xxxx" ASC-nin Neftçilər filialının çöl tərəfində bankomatın yaxınlığında “Poz-Qazan” satılan yerdə durub 4 ədəd “poz-qazan” bileti alıb silmişdir. Həmin vaxtı bilet satan şəxs ona demişdir ki, 8 manat biletlərin pulunu versin. O, bilet satan şəxsə demişdir ki, pulu kartdan çıxarıb verir. Bundan sonra özünə məxsus “Yelo Bank”a aid kartı çıxartmış və yaxınlığında ancaq "xxxx"ın bankomatı olduğundan ora yaxınlaşmışdır. Həmin vaxtı bankomatın qarşısında duran bir cavan qızın arxasında durub növbə gözləmişdir. Həmin cavan qız, yəni sonradan tanıdığı Zərərçəkmiş şəxs bankomatda nəsə əməliyyat etmiş, sonra isə bankomatın qaşısından kənara çəkilmişdir. Bundan sonra o, bankomatın qarşısına keçmiş və həmin vaxt görmüşdür ki, bankomatdan pul çıxmışdır. O, həmin pulu götürmüş, lakin heç kimə bir söz deməmişdir. Bankomatın ekranında çıxan pulun miqdarı 710 manat kimi göstərilmişdir. O, “poz-qazan” bileti satan şəxsin yanına getmiş, 10 manat pulu həmin şəxsə vermişdir. Həmin şəxs ona 2 manat pul qaytarmış, 700 manat pulu isə cibinə qoyaraq işinin dalınca getmiş, həmin pulu şəxsi ehtiyaclarına xərcləmişdir. 16 aprel 2023-cü il tarixdə ona Bakı şəhəri Nizami rayon polis idarəsinin 24-cü polis şöbəsindən zəng gəlmiş və onu polis şöbəsinə dəvət etmişlər. 17 aprel 2023-cü il tarixdə o, 24-cü polis şöbəsinə getmiş, orada ona sual verilərkən səmimi olaraq etiraf etmişdir ki, o, hadisə vaxtı Zərərçəkmiş şəxs arxasında durmuş, xanım pulu çıxartmaq düyməsini vursa da, gözləmədən çıxıb getmişdir. O da bankomatm qarşısında duran zaman bankomatdan 710 manat pul çıxmış, pula ehtiyacı olduğu üçün həmin pulu götürmüşdür. Hazırda Zərərçəkmiş şəxs vurduğu maddi ziyanı ödəmiş, aralarında barışıq əldə edilmişdir, əməlindən səmimi peşmandır. Qeyd etdiklərini nəzərə alaraq, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etməmiş, poçt vasitəsilə teleqram göndərmiş, Təqsirləndirilən şəxs bağışladığını, ona dəymiş maddi ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir tələbinin olmadığını göstərmiş, onun iştirakı olmadan işə baxılaraq cinayət işinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə teleqramı, işin faktiki hallarını nəzərə alaraq, zərərçəkmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün saymış, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. Zərərçəkmiş şəxs sözügedən ifadəsində göstərmişdir ki, məktəbdə müəllimə işləyir, ona əmək haqqının verilməsi üçün 24 noyabr 2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, 44D ünvanında yerləşən "xxxx"ın “Neftçilər” filialından plastik kart verilmiş və bankın əməkdaşı ona bildirmişdir ki, plasti kartı bankomata daxil edib istədiyi dörd rəqəmi daxil edəndən sonra kod kimi istifadə etsin. O, bankın əməkdaşının dediyi kimi etmiş və kartı bankomatdan çıxarmışdır. O, plastik kartda nə qədər pul vəsitainin olmasını bilmək üçün yenidən plastik kartı bankomata daxil etmiş və onun plastik kartında 710 manat pul olduğunu görmüşdür. Banktomatda “balansı gizlət” düyməsini vurmuşdur ki, kartı daxil edəndə məbləğ göstərilməsin. Bundan sonra kartı bankomatdan çıxarmış və kartı götürüb təxminən 10 metr uzaqlaşıb mobil telefonla qardaşı Vüqara zəng vurub danışmışdır. Təxminən 2-3 dəqiqə sonra metronun “Neftçilər” stansiyasına düşmüş və qatarla metronun “20 Yanvar” stansiyasına, oradan isə Biləsuvar rayonu, Bağbanlar kəndinə getmiş, orada kartını qardaşı Vüqara verib demişdir ki, bankomata gedib kartda olan pulu çıxartsın. Vüqar ondan kartı alıb getmiş və qayıdıb gələndə demişdir ki, kartda 7 manat var imiş və həmin pulu çıxartmışdır. O, Vüqara demişdir ki, yəqin bankomatda pul olmayıb, ona görə 7 manat çıxarmışdır. Həmin vaxt heç bir şeydən şübhələnməmiş və səhəri gün Vüqar Biləsuvar şəhərinə gedəndə kartı verib demişdir ki, kartdan pulu tam şəkildə çıxartsın. Vüqar ondan kartı alıb getmiş və qayıdıb gələndə ona demişdir ki, kartında 36 qəpik pul vardır. Bundan sonra o, "xxxx"ın qaynar xətti olan 196 nömrəsinə zəng vurub vəziyyəti danışmışdır. Bankın əməkdaşı ona demişdir ki, 24 noyabr 2022-ci il tarixdə saat 13:46-da onun kartından Bakı şəhəri, Nizami rayonunda yerləşən "xxxx"ın “Neftçilər” filialından 710 manat çıxarılmışdır. O, bankın əməkdaşına bildirmişdir ki, kartında olan balansı gizləmək xidmətinin düyməsini sıxmış, ancaq pulu çıxarmamışdır, necə ola bilər onun kartında 710 manat çıxarılmışdır. Bankın əməkdaşı bildirmişdir ki, ola bilsin 710 manat pulu çıxarıb və həmin pulu kimsə götürübdür, ona görə 102 xidmətinə zəng vurub bu barədə məlumat versin. 25 noyabr 2022-ci il tarixdə saat 13:31 radələrində qardaşı Vüqarın ***-***-**-** nömrəsindən zəng vurub 102 xidmətinə bildirmişdir ki, onun kartından 703 manat pul çıxarılmışdır, çünki o, elə bilmişdir ki, onun kartında 710 manat olub, 7 manatı qardaşı çıxardığı üçün 703 manat demişdir. Həmin gün "xxxx"ın Biləsuvar filialına yaxınlaşmış və kart üzrə çıxarış istəmişdir. Həmin bankdan ona çıxarış veriləndən sonra məlum olmuşdur ki, onun kart hesabında 717 manat 36 qəpik olmuş, 24 noyabr 2022-ci il tarixdə 710 manat çıxarılmış, 7 manat 36 qəpik qalmışdır. 25 noyabr 2022-ci il tarixdə onu Biləsuvar rayon polis idarəsinə dəvət etmişlər və o, ərizə ilə müraciət etmişdir. O, 24 noyabr 2022-ci il tarixdə saat 13:46 radələrində "xxxx"ın “Neftçilər” filialında olan bankomata kartı daxil edib “balansı gizlət” xidmətindən istifadə edən zaman ətrafında 5-6 nəfər var olmuşdur. O, bankomata kartı daxil edən zaman ondan arxada bir cavan oğlan durmuşdur. Həmin cavan oğlan təxminən 30-35 yaşında, 175 sm hündürlüyündə olarmış və həmin şəxsin üzü saqqalı imiş. O, həmin şəxsi tanımır və həmin şəxs təxminən yadındadır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 01 mart 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) -Hesabdan çıxarışdan görünür ki, Zərərçəkmiş şəxs məxsus olan "xxxx" ASC-yə aid 4169 7414 8624 4591 nömrəli əmək haqqı kartının hesabından 24 noyabr 2022-ci il tarixdə ünvan 1 ünvanında yerləşən bankomat vasitəsi ilə 710 manat məbləğində pul vəsaiti xaric edilmişdir. (i.v. 11) - 19 yanvar 2023-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, təhqiqatçı tərəfindən hal şahidlərinin iştirakları ilə hadisə yerinə baxış keçirilmişdir. (i.v. 14-15) - 27 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmış, onun hərəkətində Azərbaycan Respublikası CM-nin 177.2.3-1 və 180.1-ci maddələrinin tərkib əlamətləri olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən barəsində cinayət təqibinin başlanması rədd edilmişdir. (i.v. 71-75) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il Qərarına əsasən qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etiraf ifadəsi ilə yanaşı mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 177.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 18 aprel 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 iyun 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.1-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 66.2-ci maddəsinə əsasən qəti olaraq 02 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 25 iyun 2021-ci il tarixdə cəzanın sonu ilə azad edilmişdir. (i.v. 47-48) - 20 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 65-66) - 27 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs dəymiş ziyanı ödəmək məqsəsi ilə təqdim etdiyi 710 manat məbləğində pul Zərərçəkmiş şəxs tərəfindən qəbul edilmişdir. (i.v. 70) “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurduğu maddi ziyanı ödəyərək onunla barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin və tələbinin olmamasını Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən 25 iyun 2003-cü il tarixli Qərarının 7-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 18.1-ci maddəsində cinayətlərin residivi əvvəllər qəsdən cinayət törətməyə görə məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi kimi təsbit edildiyindən, residivin müəyyən olunması zamanı şəxsin əvvəllər məhkum olunub-olunmaması, olunubsa, məhkumluğunun ödənilib-ödənilməməsi və yaxud götürülüb-götürülüməməsi yoxlanılmalı, Cinayət Məcəlləsinin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və yaxud ödənilmiş məhkumluqlar, habelə böyük ictimai təhlükə törətməyən (istər əvvəl, istər yeni törədilmiş) cinayətlər, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər və azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar isə Cinayət Məcəlləsinin 18.4-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayətlərin residivini yaradan hallar kimi nəzərə alınmamalıdır. Azərbaycan Respublikası CM-nin 18.4.1-ci maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər nəzərə alınmır. Məhkəmə qeyd edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 iyun 2018-ci il tarixli hökmü üzrə Təqsirləndirilən şəxs məhkumluğu ödənilməsə də, CM-nin 18.4.1-ci maddəsinin tələbinə uyğun olaraq həmin hal hazırda böyük ictimai təhlükə törətməyən cinayət törətmiş təqsirləndirilən şəxsə münasibətdə residivin müəyyən olunması zamanı nəzərə alınmır. Ona görə məhkəmə hesab edir ki, müstəntiqin qeyd olunan halı cinayətlərin residivi hesab edərək təqsirləndirilən şəxsin əməlində cinayətlərin residivi olmasına dair gəldiyi nəticə nəzərə alınmamaqla həmin müddəa ittiham aktından xaric edilməlidir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən 25 iyun 2003-cü il tarixli Qərarında həmçinin göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən böyük ictimai təhlükə törətməyən cinayət əməli törətməsini, cəzasını yüngülləşdirən halın olmasını, cəzasını ağırlaşdıran halın isə olmamasını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkün olması qənaətinə gələrək, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün cəmiyyətdən təcrid olunmamaqla barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəza təyin edilməlidir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırkı işlə bağlı tutulmamış, həbsdə saxlanılmamışdır. Ona görə məhkəmə hesab edir ki, cəza müddətinin hesablanması və cəzanın hesaba alınması zamanı Azərbaycan Respublikası CM-nin 69cu maddəsinin müddəalarının tətbiqi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs islah işləri cəzasını iş yeri üzrə çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı onun əmək haqqından dövlət nəfinə ilk tutulmanın aparıldığı tarixdən hesablanmalı, cəzanın icrası yaşayış yeri üzrə probasiya şöbəsinə tapşırılmalıdır. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs islah işləri növündə cəza təyin edilməli olduğundan, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, iş üzrə mülki iddia yoxdur, zərərçəkmiş şəxs təqsirləndirilən şəxsin ona vurduğu ziyanı ödədiyini və barışdıqlarını bəyan emişdir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində hər hansı əşya və ya predmet tanınmamışdır; məhkəmə məsrəfinin tutulmasına səbəb olacaq ekspertiza iş üzrə keçirilməmişdir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 20 iş saatı müddətinə bərabər tutularaq, (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, hər ay qazancından dövlət nəfinə 10% məbləğində pul tutulmaqla, 01 (bir) il 06 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilsin, o, cəzasını iş yeri üzrə çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs əmək haqqından dövlət nəfinə ilk tutulmanın aparıldığı tarixdən hesablansın. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı 20 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən 120 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar