Məhkəmə qərarları › İş №1(007)-356/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-356/2021

10.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-356/2021 10.12.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxxxx 1961-ci il tarixdə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, "xxxx" MTK-da iş icraçısı işləyən, əvvəllər məhkum olunmamış, Cəlilabad şəhəri, A.Azərtürk küçəsi ev 81-də qeydiyyatda olan, Abşeron rayonu, Xırdalan şəhəri, “AAAF Park” yaşayış kompleksi, 16 nömrəli mənzildə yaşayan, 18 oktyabr 2021-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 222.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 222.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur, iş hazırlıq iclası mərhələsindədir. İbtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihama görə, Təqsirləndirilən şəxs tikinti işlərinin aparılması zamanı təhlükəsizlik qaydalarını pozması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olmuşdur. Belə ki, o, çoxmərtəbəli binanın tikintisi işlərini aparan "xxxx" Mənzil Tikinti Koorperativi (MTK) sədrinin 09 aprel 2021-ci il tarixli əmri ilə iş icraçısı vəzifəsini icra edərkən, həmin tarixdə təsdiq edilmiş “İş icraçısının vəzifə təlimatı”nın 10-cu bəndinə əsasən işçiləri işin təhlükəsiz yerinə yetirilməsi metodları ilə tanış etməli, bilavasitə iş yerlərində onları təlimatlandırmalı, iş sahəsində işlərin təhlükəsiz aparılması üçün işçiləri zəruri olan texnoloji avadanlıqlar, ləvazimat, alət və mühafizə vasitələri ilə təmin etməklə onlardan düzgün qaydada istifadə olunmasına və texniki təhlükəsizlik qaydalarına riayət olunmasına birbaşa nəzarət etməli, texnoloji ləvazimatların (taxta-şalban, ayaqaltılar, qoruyucu qurğular və s.) və işçilərin qoruyucu vasitələrinin təyinatına uyğun istifadə edilməsini təmin etməli olduğu halda, habelə MTK-nın sədrinin 09 aprel 2021-ci il tarixli əmrinə əsasən binanın tikintisi başa çatanadək iş bölgüsünün düzgün həyata keçirilməsi və tikintidə təhlükəsizlik texnikası qaydalarına riayət edilməsi vəzifələri ona həvalə edilməsinə baxmayaraq, bunlara əməl etməyib, hazırda qüvvədə olan 09 iyun 1980-ci il tarixdə təsdiq olunmuş “Tikinti norma və qaydaları İİİ-4-80.4-cü fəsil. Tikintidə təhlükəsizlik texnikası qaydaları”nın 2.26 və 4.17-ci bəndləri və vəzifə təlimatının 10-cu bəndinin tələblərini pozaraq, MTK tərəfindən ünvan 1 ünvanında binanın tikintisi zamanı MTK-da qəlibçi işləyən Zərərçəkmiş şəxs 07 sentyabr 2021-ci il tarixdə saat 16 radələrində 1,3 metr və daha yuxarı hündürlükdə müvəqqəti qoruyucu çəpər ilə təmin olunmayan iş yerində qoruyucu kəmərdən istifadə etmədən, yalnız binanın bir yarusundan digərinə keçmək üçün istifadə olunan, iş meydançası olmayan söykəmə nərdivanının üzərində qəlibin hazırlanması işlərini yerinə yetirməsinə yol vermiş və onun tərəfindən tikinti işlərinin təhlükəsizliyi qaydalarının pozulması nəticəsində qəlibçi Zərərçəkmiş şəxs söykəmə nərdivanının üzərində qəlibin hazırlanması işlərini görərkən ehtiyatsızlıqdan yerə yıxılaraq beyindaxili kiçik ocaqlı və beynin sağ yan mədəciyinə qansızma ilə müşayiət olunan sol təpə gicgah nahiyəsinin əzilmiş yarası, soltərəfli pnevmotoraksla müşayiət olunan 6, 7, 9, 10-cu döş fəqərələrinin yan çıxıntılarının yerdəyişən və sol 2-ci qabırğanın qapalı sınıqları ilə nəticələnən, həyat üçün təhlükəli olan ümumilikdə sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər almışdır. Məhkəmənin hazırlıq iclasında Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə ərizə təqdim edərək, “8 Noyabr - Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının onun barəsində tətbiq olunmasına razı olduğunu bildirmiş, həmin Amnistiya Qərarına əsasən haqqındakı iş üzrə icraata xitam verilməsi və cinayət məsuliyyətindən azad edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Cinayət-prosessual qanunvericiliyinin tələbinə görə, məhkəmənin hazırlıq iclası zamanı digər məsələlərlə yanaşı, iş üzrə icraata xitam verilməsi üçün əsasların olubolmaması məsələsi yoxlanılaraq, buna dair qərar qəbul edilməlidir. Hansı ki, məhkəmənin hazırlıq iclasında müəyyən edilmişdir ki, baxılan işə münasibətdə təqsirləndirilən şəxsin barəsində Amnistiya Qərarının tətbiqi üçün əsaslar vardır, Amnistiya Qərarının müvafiq müddəalarına əsasən iş üzrə icraata xitam verilməli və təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Milli Məclisi, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əzəli torpaqlarımız olan Qarabağı və Şərqi Zəngəzuru uzun sürən işğaldan azad etdiyini böyük qürur hissi ilə xatırlayaraq, digər bu kimi xüsusi əhəmiyyət kəsb edən əlamətdar hadisələri nəzərə alaraq və Vətən müharibəsində qazanılmış tarixi qələbənin birinci ildönümü ilə bağlı bu qələbənin memarı olan Azərbaycan Respublikasının Prezidenti tərəfindən irəli sürülmüş təşəbbüsü dəstəkləyərək, “8 Noyabr - Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” 5 noyabr 2021-ci il tarixli Qərar qəbul etmişdir, həmin Qərarın: 1.14-cü bəndinə əsasən bu Qərar qüvvəyə mindiyi günədək 60 yaşına çatmış şəxslər təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilirlər (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla); 9.1-ci bəndinə əsasən məhkəmələr - icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1-1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). 23.5-ci hissəsinə əsasən məhkəmələr tərəfindən müvafiq hallarda Amnistiya Azərbaycan Respublikasının Cinayət, Cinayət-Prosessual və Cəzaların İcrası məcəllələrinin tələblərinə uyğun olaraq bu Qərarın 2.5-ci, 2.12-ci, 2.13-cü və 3.2-ci bəndlərində, 4-cü, 5-ci, 6-cı və 9-cu hissələrində nəzərdə tutulan şəxslər barəsində tətbiq edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 299.3.4-cü maddəsinə əsasən cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında müvafiq məsələlərlə yanaşı, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların olub-olmaması barədə məsələlərə də baxılır; 300.1.7-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində müvafiq qərarlarla yanaşı cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi barədə qərar çıxarılır; 305.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında bu Məcəllənin 39-cu, habelə 40.3-cü və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə məhkəmə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında əsaslandırılmış qərar çıxarır. Cinayət təqibini istisna edən hallar ittihamın bir hissəsinə aid olduqda cinayət işi üzrə icraata yalnız bu hissədə xitam verilir; 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda, cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Cinayət işində olan Cəlilabad RPŞ tərəfindən 08 oktyabr 2013-cü il tarixdə verilmiş AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxxx 1961-ci il tarixdə doğulmuşdur. Göründüyü kimi, 05 noyabr 2021-ci il tarixli Amnistiya Qərarı qüvvəyə mindiyi günədək, 11 sentyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs 60 yaşı tamam olmuşdur. Bu isə, Təqsirləndirilən şəxs sözügedən Amnistiya Qərarının 1.14-cü bəndinin təsiri altına düşdüyünü göstərir. Qərarın, o cümlədən 10-cu və 11-ci hissələrin nəzərdən keçirilməsi ilə müəyyən olunur ki, həmin hissələrdə nəzərdə tutulmuş məhdudiyyətlər sırasında Təqsirləndirilən şəxs təqsirləndirildiyi az ağır cinayət hesab olunan Azərbaycan Respublikası CM-nin 222.2-ci maddəsi yoxdur, Təqsirləndirilən şəxs həmin Amnistiya Qərarının tətbiqinə mane olacaq digər məhdudiyyətlər də müəyyən edilməmişdir. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, onun barəsində 5 noyabr 2021-ci il tarixli Amnistiyanın tətbiq olunmasına razılığı, həmin Qərara əsasən işin icraatına xitam verilməsi və cinayət məsuliyyətindən azad edilməsi barədə xahişi nəzərə alınaraq, qeyd olunan əsaslarla təqsirləndirilən şəxsin barəsindəki iş üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Məhkəmə qeyd edir ki, iş üzrə icraata xitam verilməli olduğundan təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir, zərərçəkmiş şəxs tərəfindən mülki iddia verilməmişdir, o, ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi olmadığını, ona vurulmuş maddi və mənəvi zərərin tam ödənildiyini göstərmişdir, iş üzrə maddi sübut qismində hər hansı əşya və ya predmet tanınmamışdır; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin ibtidai istintaq zamanı və məhkəmədə, iş materialları ilə tanış olmaqla birlikdə, təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət ümumilikdə 55 iş saatı müddətinə bərabər tutulduğundan, (Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli 202 saylı qərarına əsasən) göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 39.1.12, 299, 300, 305 və 306-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “8 Noyabr - Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 1.14 və 9.1-ci bəndlərinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 222.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin və o, həmin maddə ilə cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Məhkəmə məsrəfi olan 100 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat və məhkəmə icraatı zamanı, iş materialları ilə tanış olmaqla birlikdə, ümumilikdə 55 saat göstərdiyi pulsuz hüquqi yardıma görə Müdafiəçi "xxxx" ASC-nin “Qara Qarayev” filialı, kod 200145, VÖEN **********, m/h - AZ37NABZ013501**********1944, SWİFT BİK AİİBAZ2X, hesab - AZ33AİİB********************, VÖEN - ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı vəkil bürosu vasitəsi ilə 330 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə qərardan apelyasiya qaydasında şikayət və protest verilmədikdə, qərar müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar