Məhkəmə qərarları › İş №1(007)-357/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-357/2022

06.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-357/2022 06.09.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş X1, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X3, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xüsusi ittihamçı X1, barəsində şikayət verilmiş X3 Azərbaycan Respublikası CM-nin 148-1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək cəzalandırılmasına dair ərizəsinə məhkəmənin açıq hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Xüsusi ittihamçı X4, X3 Azərbaycan Respublikası CM-nin 148-1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan vətəndaş X6 (mobil nömrəsi ***-***-**-**) “Tik-tok” sosial şəbəkəsində “pitbullsoniya” adlı profil açaraq onun fotoşəklini paylaşaraq şəkilin üzərinə yalan olduğunu bilbilə, şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan, ağır cinayətdə ittiham etməklə böhtan xarakterli məlumat və təhqiredici ifadə yazmışdır. Elnur Hüseynov onun keçmiş dostudur. Onunla aralarında mübahisə yarandığı üçün bir müddət öncə dostluq əlaqəsini kəsmişdir. Bundan sonra Elnur bir neçə ay öncə onunla birlikdə onun mobil telefonu ilə çəkdikləri (sonra ona da göndərilmiş, yalnlz Elnurun və onun mobil telefonunda olan) fotoşəkilin ona aid hissəsini proqram vasitəsi ilə ayıraraq “Tik-tok” sosial şəbəkəsində paylaşaraq, şəkilin üzərinə yalan olduğunu bil-bilə, şərəf və ləqayətini ləkələyən, onu nüfuzdan salan, ağır cinayətdə ittiham etməklə böhtan xarakterli məlumat və təhqiredici ifadə yazmışdır. Həmçinin də fotoşəkilin altında təhqiredici audio yazı paylaşmışdır. Yaxın qohumları onun fotoşəkilini “Tik-tok” sosial şəbəkəsində görmüş və fotoşəkil ilə audio yazını vatsap proqramı vasitəsi ilə valideyninə göndərmişlər. Elnur valideyni ilə telefonla danışarkən təhqir etmiş və vatsap proqramı vasitəsi ilə təhqir mesajı yazmışdır. Belə ki, o, valideyni ilə telefonla danışarkən ona bu barədə məlumat verilmiş və o, audio yazını dinlədikdə audio yazının (həmin səsin) Elnura məxsus olması ona məlum olmuşdur. Sübutlar: həmin audio yazı (səs) Elnura məxsusdur; həmin fotoşəkil yalnız Elnurun və onun mobil telefonunda olub; fotoşəkilin tam versiyasından da görünür ki, o şəkil Elnurla birlikdə çəkilmiş şəkildən proqram vasitəsi ilə ona aid hissəsi ayrılıb paylaşılıb; fotoşəkilin üzərində yazılmış “mətn”in forması ilə Elnurun vatsap proqramı vasitəsi ilə yazdığı (ümumi) mesajların “mətn” forması eynidir. X6 Azərbaycan Respublikası CM-nin 148-1-ci (internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək böhtan atma və ya təhqir etmə) maddəsində göstərilən cinayət əməlini törətmişdir. Ərizəsi üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmasını, vətəndaş X3 Azərbaycan Respublikası CM-nin 148-1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək cəzalandırılmasını xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında xüsusi ittihamçı X4 ərizəsinin dəlillərini müdafiə etmiş, ərizənin məhkəmənin icraatına qəbul olunaraq mahiyyəti üzrə baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasına şikayət verilmiş X6 ərizədə göstərilənlərlə razılaşmayıb izahatında göstərmişdir ki, o, 7 ildir ki, X2 və onun ailəsini tanıyır, ərizədə qeyd olunan hərəkətlərin həmin şəxsə qarşı onun tərəfindən edilməsi üçün hər hansı əsas olmamışdır. Bundan başqa o, “Tik-tok” səhifəsi işlətmir, həmin sosial şəbəkədən istifadə etmir. Onun özü Nizaməddinə qarşı qanunsuz hərəkətə yol verməmiş, təhqir etməmiş, şəklini sosial şəbəkədə yaymamışdır. Əslində Nizaməddinin özünün ona 20000 manat borcu var, “kupça” çıxartmaq adı ilə ondan həmin pulu almışdır. Şikayətin rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində şikayət verilmiş X3 vəkili Müdafiəçi xüsusi ittiham qaydasında şikayətin icraata götürülməsindən imtina olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, ərizəni öyrənərək, hesab edir ki, xüsusi ittiham qaydasında şikayət kimi verilmiş ərizə üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 293.3-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: 293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5. cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 293.3.7. şikayəti vermiş şəxsin imzası. 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir; 299.3-cü maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında aşağıdakı məsələlərə baxılır: 299.3.1. məhkəməyə daxil olmuş cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması barədə; 299.3.2. aparılmış ibtidai araşdırma zamanı bu Məcəllənin tələblərinin pozulub-pozulmaması barədə; 299.3.3. xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə; 299.3.4. cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların olub-olmaması barədə; 299.3.5. cinayət işi üzrə qətimkan tədbirinin seçilməsi, dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olub-olmaması barədə. 302.1-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: 302.1.1. şikayət həmin məhkəməyə aid olmadıqda; 302.1.2. şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; 302.1.3. şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; 302.1.4. cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; 302.1.5. barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda; 302.1.6. cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; 302.1.7. şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə; 302.1.8. şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə. 302.2-ci maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək aşağıdakılar barədə qərarlar çıxarır: 302.2.1. bu Məcəllənin 302.1.1-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə; 302.2.2. bu Məcəllənin 302.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında verilmiş şikayətin baxılması üçün istintaq aidiyyəti üzrə göndərilməsi barədə; 302.2.3. bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə. Məhkəmə ilk növbədə şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlayaraq, qeyd edir ki, X4 xüsusi ittiham qaydasında şikayət deyil, ərizə vermişdir ki, bu da, baxılan icraatın tələblərinə cavab vermir. Bundan başqa, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin harada, nə vaxt törədilməsini, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləğini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin məhz barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X6 tərəfindən törədildiyini, bunun nə ilə, hansı sübutla təsdiq edildiyini, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (soyadı, adı, atasının adı və yaşayış yeri göstərilməklə), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyini göstərməmişdir. Cinayət-prosessual qanunvericiliyinə görə, xüsusi ittiham qaydasında şikayət o zaman əsaslı hesab edilir ki, şikayətdə istinad olunan əməlin həqiqətdə baş vermiş olduğu, bu əməlin cinayət tərkibinin əlamətlərini özündə əks etdirdiyi, habelə həmin əməlin barəsində şikayət verilən şəxs tərəfindən törədildiyi müvafiq sübutlarla əsaslandırılsın. Məhkəmə qeyd edir ki, ərizədə istinad olunan əməlin həqiqətdə baş verdiyini, bu əməlin cinayət tərkibinin əlamətlərini özündə əks etdirdiyini, ərizədə istinad olunan əməlin məhz X6 tərəfindən törədildiyini təsdiq edəcək sübutlar təqdim edilməmiş və əsaslandırılmamışdır. Bundan başqa, məhkəmə qeyd edir ki, şikayətdə cinayətin harada törədilməsinin göstərilməsi və bu barədə sübutun təqdim edilməsi, xüsusi ittiham qaydasında şikayətin müraciət edilmiş məhkəməyə aidiyyətini və ya işin ərazi aidiyyəti üzrə hansı məhkəməyə aid olmasını müəyyən edən haldır. Bu səbəbdən də, şikayətdə cinayətin harada törədilməsinin göstərilməsi və bu barədə sübutun təqdim olunması mütləq şərtdir. Məhkəmə araşdırmaları zamanı müəyyən olunmuşdur ki, bununla bağlı Azərbaycan Respublikası CPM-nin 293.3.2 və 299.3.1-ci maddələrinin tələbinə də əməl edilməmişdir. Şikayətin məhkəmə icraatının mümkünlüyünün yoxlanılması zamanı nəzərə alınmalıdır ki, qanunvericilik məhz onu təsbit etmişdir ki, böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə digər məlumatlarla yanaşı törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi (CPM-nin 293.3.2-ci maddəsi); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi (CPM-nin 293.3.3-cü maddəsi) göstərilməli, daha sonra isə buna dair sübutlar təqdim olunmalıdır. Hansı ki, X1 ərizəsində belə məlumatlar öz əksini tapmamışdır, onun özünün təqsirləndirilən şəxs qismində cəlb edildiyi cinayət işi üzrə barəsində həbs qətimkan tədbiri seçilməklə Bakı istintaq təcridxanasında saxlanılması, buna görə sübutlarını təqdim etmək üçün imkanlarının məhdud olduğunu nəzərə alaraq, ailə üzvləri tərəfindən belə sübutların təqdim ediləcəyi barədə vəsatətinə əsasən, məhkəmənin hazırlıq iclası təxirə salınmış, lakin belə sübutlar təqdim edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarının 5-ci bəndində qeyd edilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Həmin Qərarın 11-ci bəndinə əsasən məhkəmələrin nəzərinə çatdırılmışdır ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfındən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfındən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfındən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1-293.3.7-ci maddələri). Məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1- 293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Bununla da, X1 xüsusi ittiham qaydasında şikayət qaydasında verdiyi ərizəsinin yoxlanılması zamanı müəyyən edilmişdir ki, ərizənin məzmunu Azərbaycan Respublikası CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun deyil, həmin ərizənin qanunvericiliyin tələblərinə əməl edilməklə verilmiş xüsusi ittiham qaydasında şikayət qismində qəbul olunaraq şikayət üzrə məhkəmə baxışının keçirilməsi və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsi üçün heç bir qanuni əsas yoxdur. Belə olan halda, məhkəmə şikayət üzrə əlavə araşdırma və hüquqi qiymətləndirmə aparılmasına artıq zərurət görməmişdir. Bu zaman xüsusilə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası CPM-nin 37.2-ci maddəsində xüsusi ittiham qaydasında cinayət təqibinin yalnız zərər çəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirildiyi və məhkəmənin müşavirə otağına gedənədək zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda ona xitam verildiyi təsbit olunmasına baxmayaraq, X4 xüsusi ittiham qaydasında məhkəməyə müraciət etməklə X3 Azərbaycan Respublikası CM-nin 148-1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir, hansı ki, həmin maddə ilə cinayət təqibi məhz ictimai-xüsusi ittiham qaydasında həyata keçirilə bilər. Azərbaycan Respublikası CPM-nin 215.3.1-ci maddəsinə əsasən isə Azərbaycan Respublikası CM-nin 148-1-ci maddəsində nəzərdə tutulmuş cinayətlərə dair işlər üzrə ibtidai istintaq prokurorluq tərəfindən aparılır. Beləliklə, məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında verilmiş ərizənin məzmunu Azərbaycan Respublikası CPM-nin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadığından, habelə Azərbaycan Respublikası CM-nin 148-1-ci maddəsi ilə cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirilməli olduğundan, xüsusi ittihamçı X1, X3 Azərbaycan Respublikası CM-nin 148-1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunaraq cəzalandırılmasına dair ərizəsi üzrə məhkəmə baxışının keçirilməsindən və ərizənin icraata qəbul olunmasından imtina edilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə qeyd edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin hüquqlarının təmin edilməsi üçün məhkəmənin qərarı əsasında müdafiəçi dəvət edilmiş, ərazi üzrə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi şikayətlə tanış olmuş, məhkəmənin hazırlıq iclasında iştirak etmişdir. Vəkilin göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 05 iş saatı müddətinə bərabər tutulduğundan, (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla müvafiq hesablaşma hesabı üzərindən dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 293, 299, 302.1.8 və 302.2.3-cü maddələrini maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Xüsusi ittihamçı X1, X3 Azərbaycan Respublikası CM-nin 148-1-ci maddəsi ilə cinayət məsuliyyətə cəlb edilərək cəzalandırılmasına dair ərizəsi üzrə məhkəmə baxışının keçirilməsindən və ərizənin icraata qəbul olunmasından imtina edilsin. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X5 05 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Müdafiəçi 30 manat əmək haqqı müvafiq hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı vəkil bürosu vasitəsi ilə Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərar elan olunduğu gündən hesablanmaqla 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar