Məhkəmə qərarları › İş №1(007)-357/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-357/2025

25.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-357/2025 25.07.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və Atakişiyev Süleyman Atif oğlunun, müdafiəçi – Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs – xx.xx.1987-ci ildə Naxçıvan MR-nın Şahbuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Naxçıvan MR, Naxçıvan şəhəri, Əliabad qəsəbəsi, döngə 16, ev 9-da qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, həmin Məcəllənin 68.1.1-1 və 67.1-ci maddələrinə əsasən 1 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3cü maddəsinə əsasən üzərində 1 il 2 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə ünvan 1 ünvanında X3 pulunu sonradan ödəməsi şərti ilə satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxladığı psixotrop maddə metamfetaminin bir hissəsini istehlak etdikdən sonra Nizami Rayon Məhkəməsinin 08 yanvar 2025-ci il tarixli qərarına əsasən Nizami rayon Polis İdarəsinin X1 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin tarixdə saat 13 radələrində qeyd edilən ünvan 1 ünvanında saxlanılaraq üzərində yoxlama aparılarkən əynində olan tünd yaşıl rəngli gödəkcənin sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,219 qram, xeyli miqdarda ağ rəngli kristal şəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə baxışında özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş ittihamla təqsirli bilərək istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, əməlindən peşman olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs istintaqda verdiyi ifadəsində göstərmişdir ki, o, narkotik vasitə istifadəçisidir. Narkotik vasitəni təsadüfi tanış olduğu adamlardan alır, narkotiki iyləmək və damara vurmaq yolu ilə qəbul edir. Onun sol gözü çox zəif görür, demək olar ki, heç görmür. O, gözünün müalicəsi üçün 2 ay əvvəl Naxçıvandan Bakı şəhərinə gəlmişdir. Gəldiyi vaxtdan bəri təsadüfən tanış olduğu Etibar adlı şəxsin kirayə qaldığı ünvan 3 ünvanında aylıq 100 manat verib qalır. Belə ki, həmin evi Etibar ondan əvvəl kirayə tutmuş, o da gəlib ondan xahiş etmişdir ki, onunla birlikdə həmin evdə qalsın və kirayə pulunun yarısını o versin. Etibar da razı olmuş və o aylıq Etibara 100 manat verir. 08 yanvar 2025-ci il tarixdə, saat 12 radələrində kirayə yaşadığı ünvana gəlmiş və görmüşdür ki, Etibar, tanımadığı 2 nəfər kişi və 1 nəfər xanım evdədirlər. Onları xarici görünüşlərindən narkotik aludəçilərinə oxşatmış və ehtimal etmişdir ki, onlar evdə narkotik qəbul etmişlər. O, Etibardan başqa heç kimi tanımamışdır. Etibara narazılığını bildirmişdir ki, narkomanları evə gətirib narkotik vasitə qəbul etməsinlər. Sonradan ona aydın olmuşdur ki, evdə olan 2 nəfər kişi Zaur və Samirdir, qadın isə İlhamədir. Zaur, Samir və İlhamə onların kirayə qaldıqları evə gəlmiş, Zaur onlara pulunu sonradan vermək şərti ilə “patı” vermiş və onlar da “patı”nı evdə Etibarın razılığı ilə qəbul etmişlər. O, Zaurdan üstündə “patı” olubolmamasını soruşduqda Zaur demişdir ki, üstündə “patı” var. Bundan sonra o, Zaurdan pulunu sonradan vermək şərti ilə “patı” istəmiş, Zaur da razı olmuş və ondan pulunu sonradan vermək şərti ilə 1 büküm “patı” almışdır. O, aldığı “patı”ya görə Zaura 15 manat verəcəkmiş. O, Zaurdan aldığı “patı”nın bir hissəsini qəbul etmiş, bir hissəsini də saxlamışdır ki, daha sonra istifadə edər. 08 yanvar 2025-ci il tarixdə, saat 13:00-də ünvan 1 ünvanında olan zaman sayını xatırlamadığı mülki geyimli şəxslər evə daxil olaraq özlərini onlara polis əməkdaşı kimi təqdim edərək onların qanunsuz olaraq narkotik vasitələrin saxlanılmasında şübhəli olduqlarını bildirmiş, xidməti vəsiqələrini göstərərək özlərini təqdim etmiş, daha sonra üzərilərinə baxış keçirilmiş, üzərindən 01 ədəd bükümdə “patı” aşkar olunmuş və qablaşdırılmışdır. Ondan başqa həmin anda həmin evdə olan digər 4 nəfərin də üzərinə videoçəkilişlə baxış keçirilmişdir. Baxış zaman ondan başqa Etibar, Zaur və İlhamənin də üstündən patı aşkar olunmuş, Samirdən isə heç nə aşkar olunmamışdır. Həmçinin evdən narkotik qəbulundə istifadə olunan şprislər və borucuqlar aşkar edilmişdir. Üzərilərindən aşkar olunmuş bükümlər qablaşdırılmışdır. Daha sonra onlar Nizamı RPİ-yə dəvət olunmuşlar, bu barədə protokol tərtib edilmiş və onlar da protokolu imzalamışlar. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri öz ifadəsi ilə yanaşı aşağıdakılarla da təsdiq olunur. Məhkəmə baxışında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami rayon Polis İdarəsinin X1 baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 ifadəsində göstərmişdir ki, 08 yanvar 2025-ci il tarixdə Etibar adlı şəxsin kirayə yaşadığı ünvan 3 ünvanında yerləşən evdə tiryəkxana təşkil etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Aparılmış araşdırmalarla həmin şəxsin ünvan 4 ünvanında qeydiyyatda olan X6 olması müəyyən edilmişdir. Həmin əməliyyat məlumatı raportla idarə rəhbərliyinə məruzə edildikdən sonra əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə razılıq verilmişdir. Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə razılıq verildikdən sonra da tədbirin həyata keçirilməsi üçün ondan, X1 digər əməliyyat müvəkilləri Şahid2, Şahid3, Şahid4 və PPXB-nin polis nəfəri Aygün Səmədovadan ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Keçirdikləri tədbirlər nəticəsində 08 yanvar 2025-ci il tarixdə, saat 13:00 radələrində ünvan 3 ünvanında yerləşən evdə tiryəkxana təşkil etməkdə şübhəli bilinən X6 və həmin mənzildə onunla birlikdə olan X7, Təqsirləndirilən şəxs, X8 və X10 tərəflərindən saxlanılmışdır. Onlara özlərini təqdim edib polis əməkdaşları olduqlarını, tiryəkxana təşkil etməkdə və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmalarını bildirərək mənzili və üstlərini yoxlayacaqlarını demişlər. Yuxarıda adları qeyd olunan şəxslərin hər biri ayrı-ayrılıqda etiraz etməmişlər. Təqsirləndirilən şəxs əynində olan tünd yaşıl rəngli gödəkcənin sağ yan cibində olan bir ədəd siqaretin qızılı rəngli kağız bükümünü, bir ədəd “Samsung” və bir ədəd də “İphone" markalı mobil telefonları çıxarıb təqdim etmişdir. Həmin bükümü açdıqda onun içərisində ağ rəngli kristal şəkilli maddə olduğu görünmüşdür. Təqsirləndirilən şəxs həmin bükümdəki maddənin nə olduğunu soruşduqda o, bükümdə psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstü yoxlanılsa da, başqa hər hansı əşya müəyyən edilməmişdir. Bundan sonra evə baxış keçirilmişdir ki, otaqdakı masanın üzərində 5 ədəd narkotik vasitə qəbul etmək üçün şpris, 4 ədəd narkotik vasitə istifadə etmək üçün metal borucuq, 2 ədəd içərisində narkotik vasitə qalığına bənzər maddə olan ampula sübut əhəmiyyəti kəsb etdiyindən zərfə qoyulub qablaşdırılmışdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami rayon Polis İdarəsinin X1 əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 şahid polis mayoru Şahid1 ilə oxşar məzmunda ifadə vermişlər. Məhkəmə baxışında ifadəsi elan edilmiş iş üzrə şahidlər Bakı şəhəri Nizami rayon Polis İdarəsinin X1 əməliyyat müvəkkilləri Şahid3 və Şahid4 istintaqda Şahid1 ilə oxşar məzmunda ifadə vermişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - şübhəli şəxsin tutulması barədə xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli olduğuna görə tutulmuşdur. - əməliyyat-axtarış tədbirinin keçirilməsinə, mənzilə baxış və şübhəli şəxsin yoxlanılmasına dair xx.xx.2025-ci il tarixli protokoldan və baxış keçirilməsi barədə xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, yoxlama aparılmamışdan əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki tünd yaşıl rəngli gödəkcənin sag yan cibindən bir ədəd siqaretin qızılı kağızına bükülmüş narkotik vasitə olan metamfetaminə bənzər kristal şəkilli maddə və 1 ədəd “Samsung”, 1 ədəd “İphone” markalı mobil telefonu təqdim etmişdir. Mənzilə baxış keçirilən zaman 1 otaqlı evdə olan masanın üzərində olan 5 ədəd narkotik vasitə qəbul etmək üçün şpris, 4 ədəd narkotik vasitə istifadə etmək üçün metal borucuq, iki ədəd içərisində narkotik vasitə qalığına bənzər maddə olan ampula iş üşün sübut əhəmiyyəti kəsb etdiyindən qablaşdırılaraq götürülmüşdür. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş materialların məhkəmə ekspertizasının xx.xx.2025-ci il tarixli, 6/72 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 162” dairəvi möhür əksi olan 5 ədəd paketdəki: -üzərində “X2 üzərindən aşkar edilmiş maddə (imza) E.Babayev” yazısı və imzalar olan paketdə 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,267 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə (imza) Təqsirləndirilən şəxs" yazısı və imzalar olan paketdə 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,219 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; üzərində “X4 üzərindən aşkar edilmiş maddə (imza) İ.Qurbanova” yazısı və imzalar olan paketdə 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,309 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; üzərində "X5 üzərindən aşkar edilmiş maddə (imza) Z.Fətiyev” yazısı və imzalar olan paketdə 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,226 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; üzərində "ünvan 5 ünvanında aşkarlanmış maddi sübut..” yazısı və imzalar olan paketdə bir ədəd 2,5 ml-lik şprisin və iki ədəd şüşə ampulanın içərisində narkotik vasitə olan heroinin və 4 ədəd metal borucuqların içərisində psixotrop maddə olan metamfetaminin izləri vardır. İz şəklində olduğu üçün heroinin və metamfetaminin təmiz çəkisini və təqdim olunmuş 4 ədəd paketdə olan metamfetaminlərlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyidir. Həmin paketdə olan 4 ədəd 1 ml-lik şprisin içərisində narkotik vasitələrin və psixotrop maddələrin izləri aşkar edilmədi. Tədqiqata təqdim edilmiş X6, X8, Təqsirləndirilən şəxs və X5 üzərilərindən aşkar edilərək götürülmüş metamfetaminlər öz aralarında xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edirlər. - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. - vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə Nizami RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X9 vəsatətinin müdafiə edilməsindən imtina edilmiş və Təqsirləndirilən şəxs həbsdən azad edilmişdir. - qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11-Narkoloji tibbi yoxlamanın xx.xx.2025-ci il tarixli, 1584 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən Respublika NM-də (F19x2) diaqnozu ilə dispanser qeydiyyatındadır. - sübutların qiymətləndirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ümumi çəkisi 0,219 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış, aparılmış tədqiqatdan sonra qalıq qalmış 0,169 qram psixotrop maddə metamfetamin saxlanması üçün Nizami RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. Əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxslərin üstünün yoxlanılması və ünvan 6 ünvanına baxış keçirilən zamanı aparılmış videoçəkilişin olduğu 1 ədəd “DVD” disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarında saxlanılması nəzərə alınmışdır. - elektron məhkəmə informasiya sistemindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2010-cu il təvəllüdlü bir övladı vardır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına görə siyahıların təsdiq edilməsi haqqında “Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən dərman preparatı kimi beynəlxalq adı “Metamfetamin” olan maddə psixotrop maddədir, onun 0,15 qramdan artıq hissəsi xeyli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarının 4-cü və 5-ci bəndlərinə əsasən məhkəmələrə izah edilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə müəyyən olunmuşdur. Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığı üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 68.1.1- 1-ci və CM-nin 67.1-ci maddələrinə əsasən qəti olaraq 1 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində 1 il 2 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasının əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınmışdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməsini, əməlindən peşman olmasını, himayəsində bir yetkinlik yaşına çatmayan övladının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, qəsdin əsas obyektini əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər, əlavə obyektini isə ictimai təhlükəsizlik, dövlət idarə və müəssisələrin normal fəaliyyətini təmin edən ictimai münasibətlər, konkret insanın-fərdin sağlamlığı təşkil etməsini nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmaqla barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilindiyi əməli Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-163/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmü ilə məhkum olunana qədər törətdiyi üçün, ona Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsində göstərilən qaydalar üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin maddədə qeyd olunan “eyni qaydalar” ifadəsi Azərbaycan Respublikası CM-nin 66.1-66.4cü maddələrində əks olunan cəzanın təyin edilməsi qaydalarını göstərir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair 22 fevral 2012ci il tarixli qərarında Plenum qərara almışdır ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-163/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmü ilə təyin edilmiş 1 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzasını hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplayaraq Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən az ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilir. Ona görə də, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1.19-346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində hazırkı iş üzrə seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-163/2025 saylı, xx.xx.2025-ci tarixli hökmünə əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılması nəzərə alınmalı; onun həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanaraq cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı əvvəlki hökm üzrə tutulduğu vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən hesablanmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən iş üzrə maddi sübut olan və Bakı şəhəri Nizami RPİ-də saxlanılan 0,169 qram psixotrop maddə-metamfetamin məhv olunmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən iş üzrə maddi sübut olan 1 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmalı; Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan 114 (bir yüz on dörd) manat ekspertiza xərcinin 4 nəfər təqsirləndirilən şəxslərdən tutulacağı nəzərə alınaraq, 28,50 (iyirmi səkkiz manat əlli qəpik) manat Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı və xx.xx.2024-cü il tarixdən Respublika NM-də (F19x2) diaqnozu ilə dispanser qeydiyyatında olması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iştirak etdiyi müddət 23 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 saylı qərarına əsasən hüquqi yardım haqqı 11 (on bir) manat miqdarında nəzərə alınmaqla 253 (iki yüz əlli üç) manat (23x11) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 7 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(007)-163/2025 saylı hökmü ilə təyin edilmiş 1 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzasını hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplayaraq Təqsirləndirilən şəxs 1 (bir) il 5 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək 4 gün həbsdə saxlanılması nəzərə alınmaqla həbsdə saxlamanın bir gününü azadlıqdan məhrum etmənin bir gününə hesablayaraq üzərində 1 (bir) il 4 (dörd) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 25 fevral 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və xx.xx.2024-cü il tarixdən Respublika NM-də (F19x2) diaqnozu ilə dispanser qeydiyyatında olması nəzərə alınsın. Cinayət işi üzrə maddi sübut olan və Bakı şəhəri Nizami RPİ-də saxlanılan 0,169 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə maddi sübut olan 1 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 28,50 (iyirmi səkkiz manat əlli qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, hesab AZ34CTRE******************** hesabına keçirilsin. Təqsirləndirilən şəxs 23 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi 253 (iki yüz əlli üç) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar