Məhkəmə qərarları › İş №1(007)-358/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-358/2023

07.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-358/2023 07.06.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Səfərov Rəşad Ramazan oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs xx.xx.1987-ci ildə Siyəzən şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 18 fevral 2023-cü il tarixdə saat 22 radələrində texniki cəhətdən saz vəziyyətdə olan “BC” kateqoriyalı sürücülük vəsiqəsi əsasında etibarnamə ilə idarə etdiyi “Mitsubishi Pikap” minik markalı, **-VU-*** dövlət nömrə nişanlı avtomaşınla Bakı şəhəri Nizami rayonu, M.Əliyev küçəsi ilə R.Rüstəmov küçəsi istiqamətində 20-30 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni nizamlanmayan piyada keçidinə yaxınlaşarkən avtomobilin sürətini hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi həddə qədər azaltmalı, piyada keçidinə daxil olmuş piyadaya yol verməli və bundan sonra hərəkətin təhlükəsizliyinin təmin olunacağına əmin olaraq hərəkətini davam etdirməli olması barədə tələblərə əməl etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bu tələbləri pozub ünvan 2 ünvanında yerləşən “Neolit” şadlıq sarayının qarşısında olan nizamlanmayan piyada keçidi ilə yolu soldan sağa keçən piyada Zərərçəkmiş şəxs avtomaşının qabaq sol tərəfi ilə ehtiyatsızlıqdan vuraraq sonuncunun sağ baldır sümüklərinin diafizinin yuxarı 1/3-nin yerdəyişmiş qəlpəli açıq sınığı, baldırın ön-lateral, medial və arxa qrup əzələlərin hissəvi cırılması, yumşaq toxumaların deffekti, sağ qasıq sümüyünün hər iki şaxəsinin yerdəyişmiş qapalı sınığı, alın nahiyəsinin sol yarısının geniş həcmli dərialtı hematoması, hər iki yuxarı və aşağı ətrafın çoxsaylı sıyrılmış yaraları ilə müşayiət edilən, dərəcəsinə görə sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər almasına səbəb olmuşdur. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş, zərərçəkmiş şəxslə barışdığını, dəymiş ziyanı tamamilə ödədiyini nəzərə alaraq barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs istintaqda verdiyi ifadəsində göstərmişdir ki, “Mitsubishi Pikap” minik markalı, **-VU-*** dövlət nömrə nişanlı avtomaşın dayısı arvadı X1 məxsusdur. Bibisi həmin avtomaşını etibarnamə ilə idarə etmək üçün ona vermişdir. O, həmin avtomaşınla Siyəzən və Bakı şəhərlərinə meyvə-tərəvəz daşıyır. Beləliklə o, 18 fevral 2023-cü il tarixdə saat 22 radələrində etibarnamə ilə idarə etdiyi “Mitsubishi Pikap” minik markalı, **-VU-*** dövlət nömrə nişanlı avtomaşınla Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsi ilə R.Rüstəmov küçəsi istiqamətində 20-30 km/saat sürətlə hərəkətdə olarkən Nizami rayonu, M.Əliyev küçəsi 9 A ünvanında yerləşən “Neolit” şadlıq sarayının qarşısında olan piyada zolağında yolu soldan sağa keçən piyada Zərərçəkmiş şəxs avtomaşının qabaq sol tərəfi ilə vuraraq ona müxtəlif dərəcəli bədən xəsarəti yetirmişdir. Zərbənin təsirindən piyada Mehman yolun sol zolağına yıxılmışdır. O, dərhal avtomobili saxlayıb Mehmana yaxınlaşaraq onu avtomobilinə mindirib şəhər klinik tibbi mərkəzə aparmışdır. Xəstəxanada həkimlər Mehmana ilkin tibbi yardım göstərmişlər. Həmin günü Mehmanı Nizami rayonu ərazisində yerləşən “Modern Hospital” xəstəxanasına gətirərək cərrahi əməliyyat etmişlər. O, Mehmanın sağalması üçün “Modern Hospital”a təqribən 1047 manat pul köçürtmüşdür. Baş vermiş yol nəqliyyat hadisəsi zamanı idarə etdiyi “Mitsubishi Pikap” minik markalı, **-VU-*** dövlət nömrə nişanlı avtomaşına heç bir maddi ziyan dəyməmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri öz ifadəsi ilə yanaşı aşağıdakılarla da təsdiq olunur. Məhkəmə baxışında Zərərçəkmiş şəxs istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş, təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş ziyanın tamamilə ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını və gələcəkdə də olmayacağını nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs istintaqda verdiyi ifadəsində göstərmişdir ki, 18 fevral 2023-cü il tarixdə saat 22 radələrində ünvan 2 ünvanında yerləşən “Neolit” şadlıq sarayında yaxın tanışının toy məclisində olmuşdur. Təqribən saat 22 radələrində evə getmək üçün toydan çıxmışdır.O, şadlıq sarayının qarşısına gələrək taksi sifariş vermişdir. Lakin taksi gec gəldiyi üçün Nizami rayon, M.Əliyev küçəsi ilə R.Rüstəmov küçəsi istiqamətində piyada zolağı ilə yolu əks istiqamətə keçərək yolun ortasına qədər hərəkət etmişdir. Bu zaman ondan sağ tərəfdə Təqsirləndirilən şəxs idarə etdiyi “Mitsubishi Pikap” minik markalı, 10- VU- 869 dövlət nömrə nişanlı avtomaşın onu sağ tərəfdən vuraraq müxtəlif dərəcəli bədən xəsarəti yetirmişdir. Zərbənin təsirindən yerə yıxılmışdır. Hadisədən sonra sürücü Orxan dərhal maşından düşərək onu yaxınlaşaraq köməklik edib xəstəxanaya aparmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. - “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”na əlavə Sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair 2/4195 saylı, xx.xx.2023cü il tarixli aktdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 01:00 radələrində müayinə olunan Təqsirləndirilən şəxs ayıq olduğu müəyyən olunmuşdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2- Təcrübi və Tədris Birliyinin canlı şəxsin ekspertizasına dair xx.xx.2023-cü il tarixli, 168 saylı rəyin nəticə hissəsindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs aşkar olunmuş xəsarətlər-sağ baldır sümüklərinin diafizinin yuxarı 1/3-nin yerdəyişmiş qəlpəli açıq sınığı, baldırın ön-lateral, medial və arxa qrup əzələlərinin hissəvi cırılması, yumşaq toxumaların deffekti, sağ qasıq sümüyünün hər iki şaxəsinin yerdəyişmiş qapalı sınığı, alın nahiyəsinin sol yarısının geniş həcmli dərialtı hematoması, hər iki yuxarı və aşağı ətrafın çoxsaylı sıyrılmış yaraları- bərk küt əşyanın (əşyaların) təsirindən törənə bilərdilər, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2023-cü il tarixdə piyada qismində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı hərəkətdə olan avtomobilin qabarıq hissələrinin təsiri nəticəsində alınmaları istisna olunmur, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddirlər. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2023-cü il tarixli, 8/594 saylı rəyinin nəticə hissəsindən görünür ki, təhqiqat tərəfindən təqdim edilmiş məlumatlara əsasən “Mitsubishi” markalı, **-VU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. - qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikası DİN-nin BDYPİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-13-16/2-25994/2023 nömrəli məktubdan görünür ki, DİN-nin BDYPİ-nin Qeydiyyat- İmtahan İdarəsinin kompüter uçot bazasına əsasən xx.xx.1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə AE 045575 nömrəli, “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. - sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, iş üzrə “Mitsubishi Pikap” minik markalı, **-VU-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibinə qaytarılması nəzərə alınmalıdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Məhkəmə cinayət işinin materiallarını tədqiq edərək, proses iştirakçılarını dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və cinayət işi üzrə icraata aşağıdakı əsaslara görə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmış, ona vurulmuş zərəri tamamilə ödəmişdir və bu barədə Zərərçəkmiş şəxs ərizə vermişdir. Azərbaycan Respublikası CPM-nin 43.1 və 43.1.2-ci maddələrinə görə bu Məcəllənin 39.1.4, 39.1.6—39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Həmin Məcəllənin 39.1 və 39.1.11-ci maddələrinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətmiş şəxsin zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilməsi ilə yanaşı, onun əməlinin inzibati məsuliyyətə səbəb olub-olmaması məsələsi araşdırılmalıdır. İşə baxılan zaman Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hər hansı bir inzibati xəta tərkibinin əlaməti müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Azərbaycan Respublikası CPM-nin 346.1.19-346.1.21-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri xitam olunmalı; iş üzrə maddi sübut kimi tanınmış “Mitsubishi Pikap” minik markalı, **-VU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınmalı; Azərbaycan Respublikası CPMnin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan 128 (bir yüz iyirmi səkkiz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2,193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iştirak etdiyi müddət 20 iş saatı müddətinə bərabər olduğundan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 120 (bir yüz iyirmi ) manat (20x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 43.3, 321, 344-347, 356, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri xitam olunsun. İş üzrə məhkəmə məsrəfi olan 128 (bir yüz iyirmi səkkiz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına keçirilsin. Cinayət işi üzrə maddi sübut olan “Mitsubishi Pikap” minik markalı, **-VU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 20 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 120 (bir yüz iyirmi) manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddətdə qərardan apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar