Məhkəmə qərarları › İş №1(007)-359/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-359/2021

30.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-359/2021 30.11.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, X6 Bəxtiyar oğlunun katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx xxxx 1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, Bakı şəhəri, Nizami rayonu, M.Ağayev küçəsi ev 28, mənzil 2də qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1 ədəd bükümdə təmiz çəkisi 0,464 qram narkotik vasitə heroin və 1 ədəd bükümdə təmiz çəkisi 0,429 qram psixotrop maddə metamfetamin əldə edib saxlamaqla daşımış və 25 iyul 2021-ci il tarixdə saat 13.35 radələrində Nizami RPİ-nin 23-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 1 ünvanın qarşısında saxlanılaraq Nizami RPİ-nin 23-cü PB-nə gətirilmiş və üzərinə keçirilmiş şəxsi axtarış zamanı mavi rəngli köynəyinin sol cibindən 1 ədəd bükümdə təmiz çəkisi 0,464 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1 ədəd bükümdə təmiz çəkisi 0,429 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitə heroin və psixotrop maddə metamfetamindən istifadə edir. 25 iyul 2021-ci il tarixdə şəxsi istifadəsi üçün internet vasitəsi ilə narkotik vasitə sifariş etmiş və 40 manat pul ödədikdən sonra həmin şəxsin bildirdiyi yerdən, yəni ünvan 3 ünvanın yaxınlığında kanalizasiya qapağının altından götürmüşdür. Həmin gün, yəni 25 iyul 2021-ci il tarixdə saat 13.35 radələrində yaşadığı Nizamı rayonu, M.Ağayev küçəsi 28 saylı ünvanın qarşısında polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş, ondan şəxsiyyətini təsdiq edən sənədi təqdim etməsi bildirilmiş, üzərində şəxsiyyətini təsdiq edən sənədin olmadığını bildirdikdə polis əməkdaşlarının təklifi ilə Nizami RPİ-nin 23-cü PB-nə getmişdir. 23-cü PB-də hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət olunduqdan sonra üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmiş və videoçəkilişlə aparılan şəxsi axtarış zamanı polis əməkdaşları tərəfindən üzərində qanunsuz əşya varsa təqdim etməsi təklif olunmuş və o əynində olan mavi rəngli köynəyin sol döş cibindən bir ədəd ağ rəngli şəffaf sellofanda «patı» kimi tanıdığı metamfetamini və 1 ədəd bükümdə «kakos» kimi tanıdığı heroini təqdim etmiş və şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bu barədə müvafiq protokol tərtib edilmiş və imzalarla təsdiq edilmişdir. Polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı qanuna zidd hərəkətlərə yol verilməmiş və törətdiyi cinayət əməlindən səmimi peşmandır. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, habelə iş materiallarını əlaqəli şəkildə tədqiq edərək qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda qeyd olunan sübutlarla da tam təsdiq edilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, Nizami RPİnin 23-cü PB-də əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 25 iyul 2021-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi M.Ağayev küçəsində yaşayan İlqar” adlı şəxsin mütəmadi olaraq narkotik vasitələri üzərində saxlaması və daşıması barədə daxil olmuş məlumat əsasında yaradılmış əməliyyat qrupunun üzvləri ilə birlikdə ünvan 4 ünvanın yaxınlığında "İlqar" adlı şəxsə özlərini təqdim edib, sonuncuya narkotik vasitələri qanunsuz olaraq üzərində gəzdirməkdə şübhəli olduğu izah olunaraq Nizami RPİ-nın 23cü PB-nə dəvət olunmuşdur. Özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxs PB-nə dəvət olunduqdan sonra xidməti otaqlardan birində videoçəkilişlə üzərinə baxış keçirilərkən, üzərində qeyri qanuni olan əşyaları təqdim etməsi təklif olunmuş və Təqsirləndirilən şəxs əynindəki mavi rəngli köynəyin cibindən 2 ədəd şəffaf sellofan bükülnü təqdim edərək narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu və şəxsi istifadəsi üçün 40 manata aldığını demişdir. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş narkotik vasitələr qablaşdırılaraq bu barədə protokol tərtib edilmişdir. Məhkəmə istintaqı zamanı Şahid3 ifadəsində göstərmişdir ki, 25 iyul 2021-cı il tarixdə saat 13:30 radələrində oğlu Təqsirləndirilən şəxs Nizami RPİ-nin 23-cü PB-nin əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə aparılmış və İlqarın üzərində narkotik vasitə gəzdirdiyi barədə 23-cü PB-dən məlumat almışdır. İlqarın narkotik vasitə qəbul etdiyini və üzərində gəzdirdiyini bilməmiş və İlqar ayağında çürümə getdiyi üçün həkimlərin məsləhəti ilə müalicə almışdır. Məhkəmə istintaqı zamanı Şahid2 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan olunaraq tədqiq edilmişdir. İş materiallarında olan 25 iyul 2021-ci il tarixli «şəxsi axtarış və götürmə keçirilməsi barədə» protokoldan görünür ki, Təqsirləndirilən şəxs 25 iyul 2021-ci il tarixdə saat 13.35 radələrində Nizami RPİ-nin 23-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 5 ünvanın qarşısında saxlanılaraq Nizami RPİ-nin 23-cü PBnə gətirilməsi və üzərinə keçirilmiş şəxsi axtarış və baxış zamanı mavi rəngli köynəyinin sol cibindən 1 ədəd bükümdə təmiz çəkisi 0,464 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1 ədəd bükümdə təmiz çəkisi 0,429 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin aşkar edilərək götürülmüş və Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə və maddəni 25 iyul 2021-ci il tarixdə əvvəlcədən internet vasitəsilə sifariş verib, Nizami rayonu, ünvan 3 ünvanın yaxınlığında kanalizasiya qapağının altından götürdüyünü qeyd etmişdir. İş materiallarında olan 30 iyul 2021-ci il tarixli «Videogörüntüyə baxış keçirilməsi haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki mavi rəngli köynəyinin sol cibindən 1 ədəd bükümdə təmiz çəkisi 0,464 qram qəhvəyi rəngli maddə kustar üsulla hazıranmış narkotik vasitə heroin və 1 ədəd bükümdə təmiz çəkisi 0,429 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 6/3077 nömrəli 26 iyul 2021-cı il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün nömrə 1632 dairəvi möhür əksləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,429 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir, bir ədəd bükümdə təmiz çəkisi 0,464 qram olan qəhvəhi rəngli naddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Rəyin qeyd hissəsindən görünür ki, tədqiqata sərf edildikdən sonra 0,414 qr heroin və tədqiqata sərf edildikdən sonra 0,379 qr metamfetamin qalıq qalmışdır. İş materiallarında olan 08 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 1 ədəd bükümdə təmiz çəkisi 0,464 qram narkotik vasitə heroin və 1 ədəd bükümdə təmiz çəkisi 0,429 qram psıxatrop maddə metamfetamin maddi sübut kimi tanınmış və Nizami RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir. Bir ədəd CD disk iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublikası Narkoloji Mərkəzi Ambulator X1 17 avqust 2021-ci il tarixli 2924 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan ambulator-məhkəmə psixiatrik ekspertizasının 09.10.2021-ci il tarixli 2345 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur, “xasiyyətin psixopatik cizgiləri" müəyyən edilir, tibbi sənədlərə əsasən keçirilmiş "Mülayim dərəcədə ifadə olunmuş nevrasteniya, özünü kəsmələrlə Sol saidın ön səthinin çoxsaylı dəri çapıqları" diaqnozu qeyd edilmişdir. Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik qeyd edilmir, “xasiyyətin psıxıopatık cizgiləri" müəyyən edilir, ictimai təhlükəli əməli törədən zaman öz əməlinin faktiki xarakterim və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuş, Buna görə də törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar edilmir, hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Onda hər hansı psixi xəstəlik əlamətləri aşkarlanmır, “xasiyyətin psixiopatik cizgiləri” müəyyən edilir, hazırda ifadə vermək qabiliyyətinə və baş verənləri düzgün qavrayıb təsvir edə bilmək imkanına malikdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən və məhkəmə sənədlərindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 avqust 2017-ci il tarixli hökmü ilə, Azərbaycan Respublikası CM-nin 126.1 və 69.3-cü maddələri ilə təqsirli bilinərək 3 il 5 ay 13 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək həmin cəza 2 il sınaq müddəti ilə şərti hesab edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 09.10.2017-ci il tarixli qərarı ilə, Təqsirləndirilən şəxs barəsində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 avqust 2017ci il tarixli hökmü dəyişdirilmiş və hökmdən Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqinə dair müddəalar xaric edilmiş və ona təyin edilmiş 4 il müddətinə azadlıqdan məhrumetmə cəzası 3 ilə endirilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 02 il 05 ay 13 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 30.09.2019-cu il tarxili qərarı ilə, Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş 05 ay 22 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. İş materiallarında olan 25.07.2021-ci il tarixli Tutma Protokolundan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Bakı şəhəri Nizami rayon Məhkəməsinin 27 iyul 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs oğlunun barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 25 iyul 2021-ci il tarixdən hesablanmışdır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutların məcmuyuna əsasən qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən etməmiş, Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən əməlində cinayətin residivini cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 83.3, 83.3.4 və 83.4-cü maddələrinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş sayılır. Məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Məhkəmə sənədlərindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini, barəsində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 avqust 2017-ci il tarixli hökmünə və Bakı şəhəri Nizami rayon Məhkəməsinin 30.09.2019-cu il tarxili qərarına münasibətdə 6 il müddət keçməmiş törətmişdir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Həmin Məcəllənin 18.5-ci maddəsinə görə, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. «Аzərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 6 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq hüquqi təbiətinə görə cinayət törətməklə özünün ictimai təhlükəliliyini biruzə vermiş şəxsin hərəkətləri üzərində sosial-hüquqi nəzarətin müəyyənləşdirilməsindən və həyata keçirilməsindən ibarət olan cinayət-hüquqi institutdur. Bu cür nəzarət yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə həyata keçirilməklə məhkumun hüquq və azadlıqlarının müəyyən dərəcədə məhdudlaşdırılmasında ifadə olunur. Məhkumluq, həmçinin yenidən cinayət törətməməsi üçün ədalət mühakiməsi tərəfindən məhkuma edilən özünəməxsus xəbərdarlıq növüdür. Məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxsə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur. Göründüyü kimi həm qanunvericilik, həm də Аzərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyi bir mənalı оlараг məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsinin bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına, bunun isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə etdiyini və yeni cinayət törətdiyinə görə qanunun belə şəxslərə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirinin tətbiq edilməsini nəzərdə tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə yuxarıda qeyd olunan xüsusatları və qanunvericiliyin tələblərini nəzərə alaraq, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilməklə cəza çəkmədən islah olunmasını mümkün saymır və hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar nəzərə alınmaqla təyin edilməli və Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını çəkməsi üçün ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 52-1.3.3-cü maddəsinə əsasən, məhkəmə məhkum üçün alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək əlavə vəzifəsini müəyyən edə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93 və 93-1-ci maddələrinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və bununla yanaşı, ona təyin edilmiş narkomaniyadan məcburi müalicə kursunu keçmək həmin Məcəllənin 52-1.3.3-cü maddəsinə əsasən əlavə vəzifə kimi də onun üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut - Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və tədqiqata sərf edildikdən sonra qalıq qalan 0,414 qr heroin və tədqiqata sərf edildikdən sonra qalıq qalan 0,379 qr metamfetamin məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsinə dair 1 ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri 81,82 (səksən bir manat səksən iki qəpik) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə qeyd edir ki, vəkilin ibtidai istintaqda iştirak etdiyi müddət 28 iş saatı və məhkəmədə iştirak etdiyi müddət 28 iş saatı, cəmi 56 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.05.2018ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 336 (üç yüz otuz altı) manat (36x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə müdafiəçi X3 dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351- 353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli şübhəli şəxs qismində tutulduğu 25 iyul 2021-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri qüvvəsində saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri 81,82 (səksən bir manat səksən iki qəpik) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut - Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanması kamerasında saxlanılan 0,414 qr heroin və 0,379 qr metamfetamin məhv edilsin. İş üzrə maddi sübut - 1 ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs 56 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X3 VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 336 (üç yüz otuz altı) manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surəti ona verildiyi andan 20 gün müddətində verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar