Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-359/2025 05.05.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş X4 və nümayəndəsi – “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi1, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X5 və nümayəndəsi – “Praym Leqal” Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X4 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X9 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılır ki, o, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisidir. Belə ki, X11 xx.xx.2025-ci il tarixindən 13AVH50001900 saylı əmək müqaviləsinə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində logistika üzrə direktor kimi fəaliyyət göstərməyə başlamışdır. X19 iş vaxtı ərzində bilavasitə iş yerində cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verdiyi üçün xx.xx.2025-ci il tarixində onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2025-ci il tarixində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən X8 bildirilmişdir ki, xx.xx.2025-ci il tarixində onunla bağlanmış əmək müqaviləsinin müddəti yekunlaşacaq və müddət "xxxx" MMC tərəfindən uzadılmayacaqdır. Buna səbəb isə Elçin Süleymanovun bu müddət ərzində olan aqressiv davranışları olmuşdur. Elçin Süleymanov 02 aprel 2025-ci il tarixində iş yerinə şirkətin hesabları mövcud olan banka getməsi barədə məlumat vermişdir. Bu məsələ ilə bağlı şirkətin maliyyə direktoru Elçin Süleymanovun vəzifə səlahiyyətlərini aşaraq şirkətin maliyyə işlərini incələmək məqsədilə atdığı addımla bağlı izahat tələb etmişdir. Belə ki, Elçin Süleymanov səlahiyyəti olmadan şirkətin bank hesablarına müdaxilə etmək istəmişdir. Bu tələb maliyyə direktoru tərəfindən ona yazılı formada təqdim edilir. Eyni zamanda e-mail vasitəsilə də ona rəsmi məlumat verilir. Cavab olaraq Elçin Süleymanov səhv etdiyini və şirkətə hər hansı bir zərər vermək məqsədinin olmamasını rəsmi olaraq bildirmişdir. Daha sonra Elçin Süleymanov ona irad olaraq bu məlumatı niyə şirkətin maliyyə direktoruna bildirdiyini və onun üzündən danlanıldığını bildirmişdir. O isə ona cavab olaraq şirkətin maliyyə direktorunun bu mövzuda məlumatlı olmalı olduğunu və Elçin Süleymanovun şirkətin maliyyə bilgilərinə gizli məlumat almaq üçün yiyələnmək cəhdinin pozuntu olduğunu bildirmişdir. Belə ki, sözügedən hadisə xx.xx.2025-ci il tarixində baş vermişdir. Lakin hadisədən bir gün əvvəl o işdə olmamış və Elçin Süleymanov bu fürsətdən istifadə etmiş, iş saatı ərzində işdən kənar mövzulara yönəlmiş, iş yerinə uyğun olmayan davranışlar göstərmiş, digər işçilərə narahatlıq törətmişdir və həm şirkət, həm də onun haqqında həqiqətə uyğun olmayan fikirlər səsləndirmişdir. Daha sonra bununla kifayətlənməyərək o iş yerini icazəsiz tərk edərək polisə ona əmək haqqının verilməməsi ilə bağlı şikayət etmişdir. Halbuki, onun əmək müqaviləsinə 04 aprel 2025-ci il tarixində xitam veriləcəyi ona bildirilmişdir. Əmək haqqını da ona müqavilə xitam olunan gün vermək nəzərdə tutulmuşdur. Onun bu haldan xəbəri olan kimi dərhal Elçin Süleymanova telefon vasitəsilə dəfələrlə xəbərdarlıq etmişdir. Elçin Süleymanov isə bu xəbərdarlıqları nəzərə almamış və yenidən iş yerinə uyğun olmayan şəkildə davranmışdır. Həmin gün saat 10:30-da heç kimə məlumat vermədən ofisi tərk etmiş və təxminən 2 saat sonra geri qayıtmışdır. Növbəti gün, yəni xx.xx.2025-ci il tarixində o işdə olduğu zaman Elçin Süleymanov onu və şirkəti təhqir etmişdir. Ona həyat yoldaşının narkotik vasitələrin satışı səbəbilə həbsdə olması və s. kimi böhtanlar atmışdır. Bu zaman bütün bu hadisələri gizli kamera ilə çəkməyə cəhd etmişdir. Bu hadisə baş verən zaman ofisin həmin hissəsində digər işçilər (Aslan Zeynalov, Zeynəb Pirəliyeva və Nigar Muradəliyeva) olmuşdur və Elçin Süleymanovun bu davranışları işçilər tərəfindən müsbət qarşılanmamış, narazılığa səbəb olmuşdur. İşçilər - Aslan Zeynalov, Zeynəb Pirəliyeva və Nigar Muradəliyeva akt tərtib edərək sözügedən məsələ ilə bağlı şahidlik etmişdirlər, (qoşmada əlavə olunur) Hətta işçilər Elçin Süleymanovun yaratdığı narahatlıq səbəbilə icazə alıb işdən getmişdirlər. Elçin Süleymanov təhqirlərə davam etdiyi üçün 102-yə məlumat verilmiş, iki nəfər polis və iki nəfər mühafizə xidməti əməkdaşı tərəfindən iş yerindən çıxarılmışdır. Elçin Süleymanov işdə olduğu vaxtlarda kütləvi formada çıxış edərək "xxxx" MMC-yə və ona təhqirlər ünvanlamış, həm onun, həm də şirkətin şərəf və ləyaqətini alçaltmış, işgüzar nüfuzuna xələl gətirəcək ifadələr işlədərək müxtəlif hərəkətlər etmişdir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X5 müdafiəçisi “Praym Leqal” Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, xüsusi ittihamçı X4 xüsusi ittiham qaydasında şikayət ərizəsində göstərdikləri həqiqəti əks etdirmir, bu səbəbdən şikayət rədd edilməlidir. Belə ki, müvəkkili Elçin Süleymanov xx.xx.2025-ci il tarixdə saat 9 radələrində işlədiyi "xxxx" MMC-yə gəlmiş, MMC-nin direktoru X9 onu işə buraxmamış, o isə direktorun qanunsuz əməllərini X12 sübut etmək və hüquqlarını ehtimal edilən pozulmasının qarşısını almaq üçün özünə məxsus olan mobil telefon ilə çəkməyə çalışmışdır. X22 isterik hərəkətlərini görəndə mobil telefonun kamerasını söndürmüşdür. X16 işi tərk etməsini tələb etməsinə baxmayaraq Elçin Süleymanov işdən çıxarılmasının səbəbini izah etməyi və bu barədə yazılı əmri tələb etmişdir. Mania mühafizəçiləri çağırmış, mühafizəçilər isə onun tələbinin qanuni olduğunu görüb ona hər hansı bir müdaxilə etməmiş, isterik hərəkətlər edən X23 sakitləşdirməyə çalışmışlar. Onun tərəfindən X25 hər hansı bir təhqirə və böhtana məruz qalmamışdır. Mania ondan mobil telefonunu dəhlizə qoyub birlikdə oturub müzakirəyə başlamağı xahiş etmiş, Elçin Süleymanovun qızının şəxsi həyatı ilə bağlı məlumatları yaymağa başlayaraq müvəkkili Elçin Süleymanovun şəxsiyyətini alçaltmağa davam etmişdir. Hüquqlarını müdafiə etdiyi X20 Najaf Zadehin bu alçaldıcı hərəkətlərinə dözməyib sonuncunun həyat yoldaşının narkotik maddələrə görə həbs olunduğunu eşitdiyini, lakin bu barədə indiyə kimi heç kimə bir söz demədiyini bildirmişdir. Daha sonra X26 DİN-nin 102 xidmətinə zəng etmişdir. X5 hərəkətlərində Azərbaycan Respublikası CM-nin 147 və 148-ci maddələrinin tərkibi olmadığından xüsusi ittiham qaydasında şikayətin rədd edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş X9 şikayəti müdafiə edib, şikayətin məzmununa uyğun izahat verərək, məhkəmədən xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsini və baxışa təyin edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş X4 nümayəndəsi Müdafiəçi1 şikayəti müdafiə edərək şikayətin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, xüsusi ittiham qaydasında şikayət tam qanunvericiliyə uyğun şəkildə tərtib olunmuş, hadisə Nizami rayonu ərazisində baş vermişdir. Hadisənin baş verdiyi ünvan hüquqlarını müdafiə etdiyi şəxsin təsisçisi olduğu şirkətin yerləşdiyi yerdir. Bütün sübutlar və diski təqdim etmişlər. 3 nəfər şahidin dindirilməsi ilə bağlı ərizə də məhkəməyə təqdim olunmuşdur. Səs yazısında da qeyd olunub ki, barəsində şikayət verilmiş şəxs açıq şəkildə təhqir və böhtanlardan istifadə edir. Hüquqlarını müdafiə etdiyi şəxs subaydır, onun həyat yoldaşı yoxdur. Süleymanov Elçin iş yoldaşlarının yanında hüquqlarını müdafiə etdiyi şəxsin nüfuzunu ləkələyir, onu ərinin narkotik satışı ilə məşğul olduğundan tutulduğunu iddia edir. Bu böhtandır. İşçinin yanında şəxsin işgüzar nüfuzunu ləkələmək üçün deyilən sözlərdir. Əgər Manianın həyat yoldaşı varsa, onun tutulduğunu işçilərin yanında demək onun nüfuzunu alçaltmaq deməkdir. Bu məsələ iş yerində olub. Boşanmaqla bağlı Süleymanov Elçin gəlib icazə alırsa bu artıq gizlin bir şey deyil. Çünki əvvəlcədən özü bunu bildirmişdir. Digər tərəfdən isə heç kimə məlum olmayan, Manianın özünün demədiyi sözün Süleymanov Elçin tərəfindən deyilməsi böhtandır. Məhkəmədən xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsini və baxışa təyin edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X5 müdafiəçisi “Praym Leqal” Vəkil Bürosunun vəkili Müdafiəçi2 izahatında bildirmişdir ki, xüsusi ittihamla bağlı məhkəməyə ərizə təqdim etmişdir. Hüquqlarını müdafiə etdiyi X1 olaraq hansı böhtanı atması şikayətdə öz əksini tapmır. Onun X6 qarşı hansı ağır və ya xüsusilə ağır cinayətdə böhtan atmasına dair heç bir sübut və əsas yoxdur. Hansı təhqirlərdən istifadə etməsi şikayətdə yoxdur. Böhtanla bağlı guya X11 qarşı tərəfin həyat yoldaşının narkotik vasitələrin satışı ilə məşğul olduğuna görə həbs olunmasını bildirmişdir, halbuki, bu barədə şikayətdə heç bir cümlə yoxdur, olsa belə, subyekt düzgün qeyd olunmamışdır. Məsələ belə olub ki, Najaf X2 Elçin Zakir oğluna qızının boşandığını deyib, qarşılığında müvəkkili ona bildirib ki, “mən də onu eşitmişəm ki, sənin yoldaşın narkotikə görə məhkum olunub, bunu eşitmişəm, lakin heç yerdə deməmişəm”. Bu hallara görə hesab edir ki, müvəkkili 148-ci maddənin subyekti ola bilməz. Mania xanımın narkotik vasitələrin satışı ilə məşğul olması barədə heç nə deyilməmiş, yoldaşı barədə belə bir məsələni eşitdiyini demişdir. Mania xanım bu məsələdə subyekt deyil. X3 X15 təhqir etməmişdir. Mümkünlük şübhə altındadır. Şikayətin məhkəmə baxışına təyin edilməsindən imtina edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X11 bildirmişdir ki, şirkətdə işləyən bir nəfər ona Mania xanımın həyat yoldaşının həbsdə olduğunu demişdir. Mania xanım ona qızının boşanması barədə bildirəndə o da demişdir ki, “heç mən deyirəm ki, sənin ərin narkotiklə tutulub?”. O, çıxış edərək deməmişdir ki, “ay camaat bunun əri narkotiklə tutulub”. O, qızının söhbətindən sonra belə bir məsələ eşitdiyini, lakin bu barədə danışmadığını bildirmişdir. Mania xanımı təhqir etməmiş və ona böhtan atmamışdır. Şikayətin məhkəmə baxışına təyin edilməsindən imtina edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayəti araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1-ci maddəsinə əsasən şikayət həmin məhkəməyə aid olmadıqda; şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda; cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə; şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. Həmin Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası. Həmin Məcəllənin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Həmin Məcəllənin 302.1.6 və 302.1.7-ci maddələrinə əsasən cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2 - 302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarmalıdır. Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 nömrəli qərarının 5-ci bəndində qeyd edilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147-ci maddəsinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Həmin Qərarın 12-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti CPM-nin 74.1- 74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1- 293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Cinayət qanunvericiliyinə görə böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsində; ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsində; təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma Azərbaycan Respublikası CM-nin 148-ci maddəsində nəzərdə tutulan cinayət məsuliyyətinə səbəb olur. Cinayət-prosessual qanunvericiliyinə görə, xüsusi ittiham qaydasında şikayət o zaman əsaslı hesab edilir ki, şikayətdə istinad olunan əməlin həqiqətdə baş vermiş olduğu, bu əməlin cinayət tərkibinin əlamətlərini özündə əks etdirdiyi, habelə həmin əməlin barəsində şikayət verilən şəxs tərəfindən törədildiyi müvafiq sübutlarla əsaslandırılsın. Məhkəmə şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlayaraq qeyd edir ki, xüsusi ittiham qaydasında şikayətdə cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi konkret göstərilməmişdir. Belə ki, şikayətdə X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi xahiş edilsə də, CM-nin 147-ci maddəsinin konkret olaraq hansı hissəsi (147.1 və ya 147.2) ilə cinayət məsuliyyətinə cəlb edilməsi göstərilməmişdir. Bundan başqa şikayətdə göstərilən cinayətin törədilmə hallarının şahidlər Aslan Zeynalov, Zeynəb Pirəliyeva və Nigar Muradəliyeva tərəfindən təsdiq edildiyi bildirilsə də həmin şəxslərin atalarının adları, yaşayış yerləri göstərilməmişdir. Şikayətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə konkret hansı əməlin törədilməsi göstərilməmişdir. Məhkəmə, həmçinin qeyd edir ki, böhtan cinayəti subyektiv cəhətdən birbaşa qəsdlə törədilir. Təqsirkar yalan olduğunu bilə-bilə başqa şəxsin şərəf və ləyaqətini ləkələyən və ya nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaydığını dərk edir və bunu arzu edir. Məhkəmə iclasında isə müəyyən edilmişdir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X11 aralarında olan mübahisə zamanı X9 onun qızının boşanması barədə danışdıqdan sonra o da qarşılığında onun həyat yoldaşının narkotikə görə həbs olunduğunu eşitdiyini, lakin bu barədə danışmadığını bildirmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayətin əlamətləri olmadığından, şikayət əsassız olduğundan və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədiyindən X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X4 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.1.3, 302.2.3 və 384.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X4 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbulundan imtina edilsin. Qərardan 20 gün müddətinə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №1(007)-359/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-359/2025
05.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver