Məhkəmə qərarları › İş №1(007)-360/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-360/2024

08.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-360/2024 08.07.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs, müdafiəçi- Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Mürsəl qızının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs - Təqsirləndirilən şəxs Nuşrəvan oğlunun iştirakı ilə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs: xx.xx.1971-ci ildə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair sadələşdirilmiş icraat materialına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 22 radələrində ictimai yer olan ünvan 3 ünvanda tanışı Zərərçəkmiş şəxs onunla aralarında olan münasibətin pozulması ilə əlaqədar sonuncunun barışmaq istəməməsini bəhanə edərək, heç bir əsaslı səbəb olmadan özünün şəxsiyyətini Zərərçəkmiş şəxs şəxsiyyətinin fövqündə üstün qoymaqla, ictimai və şəxsi mənafeyə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərərək ətrafdakıların narahatçılığına səbəb olmaqla Zərərçəkmiş şəxs qarşı zor tətbiq edərək sillə ilə bir neçə dəfə sonuncunun sifət nahiyəsinə qəsdən vuraraq Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa ümumilikdə yüngül zərər vurmaya aid başın sol tərəfinin gicgah nahiyəsinin hematoması (yumşaq toxuma altına qansızma), sol almacıq nahiyəsinin şişkinlik halında əzilməsi xəsarətləri yetirərək qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Məhkəmə baxışında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, yüngül dərəcəli debillik kəskin psixopatabənzər sindromu diaqnozu ilə ikinci dərəcəli əlildir. Zərərçəkmiş şəxs ilə altı il olar ki, tanış olmuşdur. Həmin müddətdə işlətdiyi Suraxanı rayonu ərazisində yerləşən otaq qapılarının satışı mağazasında Aynur satıcı işləmişdir. Onunla dostluq münasibətləri yarandıqdan bir müddət sonra aralarında qeyri-rəsmi münasibət yaranmış və dini kəbinlə ər-arvad münasibətləri olmuşdur. Birinci ailə həyatından olan arvadı Aynurla olan münasibətini bildiyindən son üç ildir ki, münasibətləri korlanaraq ər-arvad münasibətləri sonlanmış və həmin müddətdə Aynurla qeyri-rəsmi yaşamışdır. Son vaxtlarda aralarında baş vermiş mübahisələrə görə Aynur ondan ayrılmaq qərarına gəlmişdir. xx.xx.2024-cü il tarixdə saat 22 radələrində Aynur onun zənglərinə cavab vermədiyindən söhbət etmək üçün dırnaq ustası işlədiyi Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 94 ünvanında yerləşən “Aysun” gözəllik salonunun yaxınlığına getmişdir. Həmin vaxt Aynurun gözəllik salonundan bir neçə iş yoldaşları ilə çıxıb iş yoldaşının avtomobilinə əyləşdiyini gördükdə, dərhal onun yanına yaxınlaşıb avtomobildən enməsini və ona sözlərinin olduğunu bildirib birlikdə getməsini xahiş etmişdir. Bir neçə dəfə xahiş etdikdən sonra Aynur avtomobildən enmiş və birlikdə üzü Nizami rayonu, Q.Qarayev prospekti 74 nömrəli bina tərəfə hərəkət etmişlər. Binanın yanında piyada hərəkət edərək münasibətlərini bərpa etmək məqsədilə söhbət edən zaman Aynur münasibətini davam etdirmək istəmədiyini bildirdikdə, Aynura cavab olaraq bundan sonra hər şeyin yaxşı olacağını demişdir. Lakin, Aynur sözlərinə məhəl qoymayaraq kobud formada münasibətlərini sonlandırmaq istədiyini bir daha onu narahat etməməsini bildirərək ünvanına nalayq ifadələr işlətmişdir. Onun ünvanına nalayiq ifadələr işlətdiyinə görə əsəbiləşib sağ əli ilə Aynurun sifət nahiyəsinə bir neçə dəfə sillə ilə vurmuşdur. Həmin vaxt yaxınlıqdakı məhəllədə olan insanlar Aynurla aralarında olan mübahisəni eşidib yanlarına gəlmişlər və mübahisələri orada başa çatmışdır. Hazırda zərərçəkmiş şəxslə barışmış, ona dəymiş ziyanı tam ödəmişdir. Əməlindən peşmandır. Məhkəmədən barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri öz ifadəsi ilə yanaşı aşağıdakılarla da təsdiq olunur. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs altı ilə yaxındır ki, tanıyır. Azərin işlətdiyi otaq qapılarının satışını həyata keçirən mağazada satıcı işlədiyi üçün onunla tanışlığı yaranmış, onunla uzun müddət dostluq münasibətindən sonra aralarında qeyri rəsmi ərarvad münasibətləri olmuşdur. Azər ailəli və övladları olsa da, onunla 5 ilə yaxındır ki, qeyri rəsmi ər-arvad münasibəti yaşamışdır. Bir neçə ay olar ki, Nizami rayonu, Q.Qarayev prospekti 94 ünvanında yerləşən gözəllik salonunda dırnaq ustası işlədiyi üçün Azər onu yersiz qısqandığından son bir neçə gün müddətində aralarında mübahisələr yaranmış, həmçinin çətin xasiyyətli olduğundan ondan ayrılmaq qərarına gəldiyini demişdir. Lakin, Azər ondan ayrılmaq istəmədiyini bildirib mütəmadi mübahisələr etdiyindən onun telefon zənglərinə cavab verməmişdir. xx.xx.2024-cü il tarixdə təxminən saat 22 radələrində işlədiyi gözəllik salonundan iş yoldaşları ilə birlikdə çıxıb yaşadığı ünvana getmək üçün iş yoldaşına məxsus avtomobilə əyləşmişdir. Avtomobilə əyləşən zaman Azər kənardan yanına yaxınlaşıb avtomobildən enməsini məcbur edib ona sözü olduğunu demişdir. İş yoldaşlarının yanında Azərin onu biabır edəcəyindən ehtiyat edib avtomobildən enib onunla birlikdə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 74 nömrəli binanın qarşısı ilə piyada hərəkət etmişdir. Piyada hərəkət edərək onunla münasibətini davam etdirmək istəmədiyini, rahat buraxmasını xahiş etmişdir. Bu zaman Azər önünə keçib dayanaraq ünvanına nalayiq ifadələr işlədərək ondan ayrılmayacağını bildirib ilk öncə sillə ilə iki dəfə sifət nahiyəsinə vurmuşdur. Azər onu vurduqda ünvanına işlətdiyi nalayiq ifadələrin özünə məxsus olduğunu dedikdə Azər yenidən sifət nahiyəsinə bir neçə dəfə sillə ilə vurmuş, zərbənin təsirindən arxaya gedərək yolun kənarında çəkilmiş məftil setkaya dəymişdir. Bu zaman ətrafdan keçən tanımadığı şəxslər Azərin onu vurduğunu görüb qaçaraq yanlarına gəlib onları ayırmışlar və mübahisə orada başa çatmışdır. Ona dəymiş ziyan tam ödənilmiş, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur . İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 tərəfindən verilmiş canlı şəxsin ekspertizasının xx.xx.2024-cü il tarixli, 335 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs başın sol tərəfinin gicgah nahiyəsinin hematoması (yumşaq toxuma altına qansızması), sol almacıq nahiyəsinin şişkinlik halında əzilməsi olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2024-cü il tarixdə alınması mümkündür, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Xəsarətlərin lokalizasiya və xüsusiyyətlərini nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirilməsi, eləcə də öz boyu hündürlüyündən yıxılması nəticəsində alınmaları inandırıcı deyil. - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X2 tərəfindən Nizami RPİ-nin 24-cü PŞ-nə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 5363 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatlarına görə xx.xx.1986xx.xx.1986; xx.xx.1987-xx.xx.1987; xx.xx.1988-xx.xx.1989-cu il tarixlərə xəstəxanada stasionar müalicədə olmuş, “Olqofreniya debillik dərəcəsində dəqiqləşdirilməmiş psixopatabənzər davranışla kompensasiya halı” diaqnozu qoyulmuşdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X2 tərəfindən verilmiş ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2024cü il tarixli, 1133 №-li rəyinin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs hadisə törətdiyi zaman və ona qədər yüngül dərəcəli əqli gerilik müəyyən edilmişdir. Təqsirləndirilən şəxs hadisəni törətdiyi zaman öz hərəkətlərinə cavab vermək iqtidarında və onlara rəhbərlik etmək qabiliyyətində olmuşdur. Təqsirləndirilən şəxs hazırda öz hərəkətlərinə cavab vermək və onlara rəhbərlik etmək iqtidarındadır. Təqsirləndirilən şəxs öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Fərdi psixi xüsusiyyətlərini müəyyən etmək məhkəməpsixiatrik ekspertizasının səlahiyyətlərinə aid deyil. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tərtib etdiyi xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat yoxdur. - ünvan 3 ünvanda quraşdırılmış videomüşahidə kamerası vasitəsilə qeydə alınmış və diskə köçürülmüş görüntüyə baxış keçirilərkən Təqsirləndirilən şəxs əli ilə Zərərçəkmiş şəxs bir neçə dəfə zərbə vurması və ətrafda olan şəxslərin onları ayırması öz təsdiqini tapır. Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinə görə xuliqanlıq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdir. Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 17 fevral 2006-cı il tarixli qərarında xuliqanlıq cinayət əməlinin məzmunu və tətbiqi məsələləri ilə bağlı aşağıdakı hüquqi mövqelərini ifadə etmişdir: “Xuliqanlıq cinayət əməli məzmunundan və təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. Xuliqanlıq – öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. CM-nin 221-ci maddəsi xuliqanlıq cinayət əməlini – ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli 1 №li qərarında göstərilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin mənasına görə təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir. Onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığı üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs oğuna cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsini, törətdiyi əməli etiraf etməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin şikayətinin olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən ağırlaşdıran hal müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının 2-ci bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, qəsdin bilavasitə obyektini ictimai qayda, əlavə obyektini isə insanların sağlamlığının, şərəf və ləyaqətinin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər təşkil etməsini, cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmamaqla barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Buna görə də, məhkəmə ona əməlinin tövsif olunduğu maddənin sanksiyası hüdudlarında cərimə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. İş üzrə mülki iddia, maddi sübut yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iştirak etdiyi müddət 40 iş müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 240 (iki yüz qırx) manat (40x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, barəsində 1200 (bir min iki yüz) manat miqdarında cərimə cəzası təyin edilsin. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Probasiya İdarəsinə tapşırılsın. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs 40 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 240 (iki yüz qırx) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar