Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-362/2021 24.12.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs Heybət oğlunun, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxx 1981-ci il tarixdə Naxçıvan MR, Şərur rayonu, Xanlıqlar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, iki azyaşlı uşağı olan, işləməyən, məhkumluğu olmayan, Naxçıvan MR, Şərur rayonu, Xanlıqlar kəndində qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, sahə 2, ev 11-də yaşamış, 16 avqust 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 18 avqust 2021-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs zərərçəkmış şəxsin əmlakını açıq talayaraq soyğunçuluq etmişdir. Belə ki, o, 08 avqust 2021-ci il tarixdə saat 12 radələrində ünvan 1 ünvanında yerləşən “İnterturan” adlı mebel salonunun qarşısında sərnişin qismində əyləşdiyi Zərərçəkmiş şəxs Heybət oğlunun taksi kimi fəaliyyət göstərdiyi “Az Samand” markalı **- ZE-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön oturacağında oturarkən avtomobilin kondisioner yerinə maqnitlə taxılmış Zərərçəkmiş şəxs məxsus, üzərində 20 manat qiymətində ***-***-**-** mobil nömrə olan, 529 manat qiymətində “Xiaomi” markalı “M21001K7AG” (Redmi Not 10) modelli, **********35087 və **********35095 İMEİ kodlu mobil telefonu görüb özgə əmlakını açıq yolla talamaq qərarına gəlmiş, bu məqsədlə ünvan 2 ünvanında avtomobildən düşərkən avtomobilin qabaq sağ qapısının açıq pəncərəsindən şəkil çəkmək bəhanəsi ilə həmin telefonu götürüb, hadisə yerindən qaçaraq zərərçəkmiş şəxsə ümumilikdə 549 manat maddi zərər vurmaqla soyğunçuluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, bir neçə ay əvvəl “Neftçilər” metrosunun yaxınlığında “Az Samand” markalı **-ZE-*** dövlət qeydiyyat nişanlı taksi görmüş və əl işarəsi ilə saxladıb onu yaşadığı Şuşa şəhərciyinə aparmasını demişdir. Yolda söhbət zamanı sözləri tutduğu üçün bir-birilərinın mobil telefon nömrələrini götürmüşlər ki, sonradan ona və başqa tanışlarına taksi lazım olarsa həmin avtomobilin sürücüsü Zərərçəkmiş şəxs Heybət oğlunu çağırsınlar. Həmin gün Etibar onu evinə düşürüb getmişdir. 3-4 gün sonra Etibar onun mobil nömrəsinə zəng edib, Şuşa şəhərciyində olduğunu və müştəri gətirdiyini bildirmişdir. O da evdə olduğunu deyib Etibarı evinə qonaq çağırmışdır. Etibar evinə gəlmiş və bağda çay içdikdən sonra çıxıb getmişdir. Bundan sonra 08 avqust 2021-ci il tarixədək Etibarı görməmişdir. 08 avqust 2021-ci il tarixdə saat 12 radələrində Nizami rayonu, “Praqa” restoranının arxasında dayanarkən Etibarın avtomobili ilə keçməsini görüb əl işarəsi ilə onu saxlatmışdır. Etibar saxladıqdan sonra onun “Az Samand” markalı **-ZE-*** dövlət qeydiyyat nişanlı avtomobilinə əyləşmiş və kef-əhval tutduqdan sonra onu “Neftçilər” metrosuna aparmasını demişdir. “Neftçilər” metrosunun aşağı hissəsində, R.Rüstəmov küçəsində Etibar avtomobili saxlamış, yaxınlıqdakı mağazadan su alıb geri qayıtmışdır. Onlar Etibarın avtomobilinin yanında su içdikdən sonra o, qardaşına zəng etmək uçün Etibarın mobil telefonunu istəmişdir. Etibar telefonunu ona vermiş və o, zəng etsə də, qardaşı telefonu açmamışdır. O, qardaşından azyaşlı övladını həkimə aparmağa pul almaq uçün “Neftçilər” metrosunun yanına gəlmiş və orada da zəng etsə də qardaşı mobil telefonu açmamışdır. Ona isə həkimə getmək üçün 100 manat pul lazım olmuşdur. Qardaşı telefonu açmadıqdan sonra o, Etibarın “Xiaomi” markalı mobil telefonunu əlində saxlayıb, yaşayış binalarının arası tərəfə getməyə başlamışdır. Etibar isə ona bir söz deməmiş və arxasınca gəlmədiyi üçün o, telefonu “Neftçilər” metrosunun yanındakı adını bilmədiyi lombarda girov qoyub 100 manat pul götürmüşdür. Lombard işçisinə telefonun özünə məxsus olmasını deyib, şəxsiyyət vəsiqəsini ona vermiş, o, şəxsiyyət vəsiqəsinin surətini çıxarıb vəsiqəni özünə qaytarmışdır. Daha sonra yoldan ötən taksi ilə evinə gedib, 3 yaşlı oğlu Öməri həkimə aparmışdır. Təqsirləndirilən şəxs daha sonra ifadəsində göstərmişdir ki, övladını təcili olaraq həkimə aparmaq üçün pul lazım olduğundan bu əməli törətmişdir, belə ki, oğlu Ömərdə ağır epilepsiya xəstəliyi vardır, həmin xəstəlikdən Naxçıvan MR-da poliklinika qeydiyyatındadır, lakin Bakı şəhərində yaşadıqları üçün ailə üzvləri uşağı təkrar müayinəyə təqdim edib xəstəlik sənədini ala bilmirlər. Himayəsində iki azyaşlı uşağı vardır, həyat yoldaşı işləmir, anasının başında isə şiş vardır, ailə və maddi vəziyyətləri ağırdır, maddi imkanları olmadığı üçün məcburi köçkünlərin yaşadığı şəhərciyə yerləşərək orada yaşayırlar. Törətdiyi əməldən səmimi peşmandır, zərərçəkmiş şəxsin mobil telefonu özünə qaytarılmasından başqa ailə üzvləri qohumlarının və həmyerlilərinin köməyi ilə pul vəsaiti düzəldərək ondan əlavə pul tələb edən zərərçəkmiş şəxsə ödəmişlər, hazırda zərərçəkmiş şəxs onunla barışmışdır, ona qarşı şikayəti və tələbi yoxdur. Qeyd etdiklərini nəzərə alaraq, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Heybət oğlu ifadəsində göstərmişdir ki, özünə məxsus “Az Samand” markalı **-ZE-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur, *2111, *8555 və *9933 nömrəli taksi şirkətləri ilə işləyir. 08 avqust 2021-ci il tarixdə saat təxminən 12 radələrində Nizami rayonu ərazisində yerləşən “İnterturan” mebel salonunun qarşısından (həm də “Praqa” restoranının arxası sayılacaq yerdən) keçərkən bir nəfər şəxsin əl etdiyini görərək avtomobilini saxlamışdır. Həmin vaxt avtomobildə müştəri olmamışdır. Həmin şəxs avtomobilə əyləşərkən çox ünvana gedəcəyini bildirmiş, bu səbəbdən də hər bir kilometr üçün ona 0,40 qəpik pul verəcəyini demişdir. Həmin şəxs ona üzdən tanış gəldiyi üçün onu əvvəllər görüb-görmədiyini soruşduqda o, onu tanımadığını bildirmişdir. O, sonradan həmin şəxsi bir dəfə onun yaşadığı ünvana apardığını xatırlamış, lakin bu barədə ona heç bir söz deməmiş, həmin şəxsin adını xatırlaya bilməmişdir. Həmin şəxs, yəni sonradan adını xatırladığı Təqsirləndirilən şəxs ona Nizami rayonu, R.Rüstəmov küçəsi, 34 ünvanına getməli olduğunu bildirmiş, o da avtomobili ilə onu həmin ünvana aparmışdır. Ünvana çatdıqda Qeysər yaxınlıqda olan çay evinə bir nəfər şəxsin gələcəyini, onunla görüşdükdən sonra yollarına davam edəcəklərini bildirmiş, təxminən 2 dəqiqə avtomobildə oturduqdan sonra Qeysər anidən avtomobilin qapısını açaraq aşağı düşüb, çay evinə gedib qayıdacağını demişdir. Həmin vaxt avtomobilin müştəri əyləşən tərəfdən ön pəncərəsi tam şəkildə açıq vəziyyətdə olmuşdur. O, özünə məxsus “Xiaomi” markalı mobil telefonu kondisonerin hava yerinə maqnit şpilka (bərkidici) ilə taxmışdır. Qeysər anidən əlini pəncərədən içəri salaraq mobil telefonu oradan qopardaraq götürmüşdür. O, Qeysərdən nə etdiyini soruşduqda, o, burada şəkil çəkəcəyini və geri qayıdacağını demişdir. Qeysərə şəkil çəkmək üçün onunla birlikdə getmələrini bildirdikdə, Qeysər oradan qaçaraq uzaqlaşmışdır. O, avtomobildən düşərək Qeysərin arxasınca qaçmağa başladıqda Qeysər avtomobil yolunu keçərək uzaqlaşmışdır. Bir qədər Qeysərin arxası ilə getmiş, lakin onu tapa bilməmişdir. Özünə məxsus “Xiaomi” markalı mobil telefonu təxminən 6-7 ay əvvəl “Q.Qarayev” metrostansiyasının yaxınlığında yerləşən “İrşad Telekom”dan kredit yolu ilə almışdır. Həmin vaxt telefonun nağd satış qiyməti 529 manat olmuş, lakin o, telefonu kredit yolu ilə aldığı üçün mağazaya 642 manat pul ödəməli olmuşdur. Telefon üçün ilkin ödəniş olaraq 120 manat, keçən müddət ərzində hər ay 40 manat pul ödəmişdir. Ona məxsus “Xiaomi” markalı mobil telefonun imei kodu **********35087 və **********35095, üzərindəki nömrə isə ***-***-**-** olmaqla dəyəri 20 manat olmuşdur. Ümumilikdə ona 549 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs Heybət oğlu məhkəməyə təqdim etdiyi ərizəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan ödənilmişdir, Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid məhkəmə iclasında iştirakının təmin edilməsi mümkün olmadığından onun istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. Şahid sözügedən ifadəsində göstərmişdir ki, İş üzrə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 74 ünvanında ofis icarəyə götürmüşdür, “Baku lombard” adlı lombard ofisi işlədir. 08 avqust 2021-ci il tarixdə saat təxminən 12 radələrində Təqsirləndirilən şəxs lombardına müraicət edib, “Xiaomi” Redmi Not 10” markalı mobil telefonu ona təqdim edib, həmin telefonu girov qoymaqla 100 manat pul istəmişdir. O da həmin şəxsin şəxsiyyət vəsiqəsinn sürətini çıxarıb, ona girov bileti təqdim edərək 100 manat pul vermişdir. Onların şərti ilə həmin telefona 260 manat qiymət qoyulmuş, bir ay müddətində müştəri həmin telefonu geri götürmək istəyərsə, 100 manat üçün əlavə 20 manat faiz pulu verməli və öz telefonunu götürməli olmuşdur. Əgər müştəri verdiyi əşyanı bir ay ərzində götürməzsə, növbəti ay üçün 20 manat əlavə faiz verilməli olmuşdur. Müştərinin 1 ay 10 gün sonra gəlmədiyi halda isə girov qoyduğu əmlakı satışa çıxıb satılır və pulu onun ofisinə qalır. O, bu şərtləri Təqsirləndirilən şəxs bildirmiş və o da razı olduğu üçün 100 manat pulu həmin şəxsə vermişdir. Girov qoyulan əşyanı orta bazar qiyməti ilə qiymətləndirirlər. 2 gün sonra Təqsirləndirilən şəxs yenidən ofisə gəlib, əlavə 100 manat pul da istəmiş və o, yenə ona 100 manat pul vermişdir. 3-4 gün sonra Təqsirləndirilən şəxs yenidən ofisə gəlib 20 manat pul istəmiş, onsuz da telefonu çıxarmağa pulu olmadığını, mobil telefonu istəmədiyini və onlarda qalmasını demişdir. O da Təqsirləndirilən şəxs 20 manat pul əlavə verib sağollaşmış, bundan sonra həmin mobil telefonu son alış-verişdən 1-2 gün sonra satışa çıxarmaq istədikdə polis əməkdaşları yaxınlaşıb, telefonun oğurluq mal olmasını və satılmamasını bildirmişlər. Hazırda həmin mobil telefonun faiz borclarını verib girovdan çıxarmışlar. O, Təqsirləndirilən şəxs mobil telefonu qəbul edərkən ondan telefonun kimə məxsus olmasını soruşmuş, o isə telefonun özünə məxsus olmasını, lakin qablaşdırma qutusunun olmamasını bildirmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 16 avqust 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs Heybət oğlunun müraciəti əsasında toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilmişdir. (i.v. 1) - 08 avqust 2021-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs Heybət oğlunun, Bakı şəhəri Nizami RPİ-nin ekspert-kriminalistinin və hal şahidlərinin iştirakları ilə hadisə yerinə baxış keçirilmişdir. (i.v. 13-16) - 16 avqust 2021-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs Asi oğlunin ifadəsinin yerində yoxlanılması zamanı o, hadisə yerini əyani olaraq göstərmiş, hadisənin hansı qaydada baş verdiyini izah etmişdir. (i.v. 23-25) - 17 avqust 2021-ci il tarixli protokoldan və müvafiq sənədlərin surətindən görünür ki, Şahid Təqsirləndirilən şəxs onun işlətdiyi lombarda girov qoyaraq 220 manat pul götürdüyü soyğunçuluq yolu ilə talanmış **********35087 və **********35095 imei kodlu “X8 10” markalı mobil telefonu və telefonu girov qoyarkən yazdığı sənədlərin surətini təqdim etmişdir. Həmin telefon və sənədlərin surəti müstəntiq tərəfindən götürülmüş və baxış keçirilmişdir. Baxış zamanı sənədlərdə həqiqətən də 08 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs qeyd olunan mobil telefonu girov qoyaraq 100 manat, 13 avqust 2021-ci il tarixdə 100 manat pul götürməsi əks edilmişdir. Həmçinin, mobil telefonun imei koduna əsasən zərərçəkmiş Zərərçəkmiş şəxs Heybət oğluna məxsus olması təsdiqini tapmışdır. (i.v. 49-54) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 13 sentyabr 2021-ci il tarixli 9/5926 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd Çində istehsal edilmiş “Xiaomi” markalı “M21001K7AG” (Redmi Not 10) modelli mobil telefon aparatının satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmaması və xüsusiyyətləri nəzərə alınmaqla orta bazar qiyməti təxminən 380,00 manat müəyyən olunur. (i.v. 119-121) - 13 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə yeni məzmunda ittiham elan edilməsi qərara alınmış, “Xiaomi” markalı “M21001K7AG” (Redmi Not 10) modelli mobil telefon maddi sübut kimi tanınmış və zərərçəkmiş şəxsə qaytarılmış, Şahid təqdim etdiyi və cinayət işinə əlavə edilmiş zərərçəkmiş şəxsə məxsus “Xiaomi” markalı “M21001K7AG” (Redmi Not 10) modelli mobil telefon girov qoyularkən aparılmış sənədləşmənin surəti və Zərərçəkmiş şəxs Heybət oğlundan götürülmüş ona məxsus “Xiaomi” markalı “M21001K7AG” (Redmi Not 10) modelli mobil telefon aparatının satış sənədlərinin kserosürətləri maddi sübut qismində tanınmış, Şahid əməlində Azərbaycan Respublikası CM-nin 194-cü maddəsinin tərkibi olmadığından barəsində cinayət təqibi rədd edilmişdir. (i.v. 130-134) Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 saylı, 27 dekabr 1996-cı il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan şəkildə yazılmalı, iş üzrə müəyyən olunmuş hallar, sübutlar və məhkəmənin nəticələri hökmdə ciddi məntiqi ardıcıllıqla şərh edilməlidir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, məhkəmə ekspertizasının rəyi və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 180.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsinə əsasən soyğunçuluq, yəni özgənin əmlakını açıq talama - üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 16 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 40) - 18 avqust 2021-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 03 ay həddində müəyyən edilməklə, həbsetmənin əvvəli 16 avqust 2021-ci il tarixdən hesablanmışdır. (i.v. 84-86) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 24 avqust 2021-ci il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 20 iyul 2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinib, 02 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apelyasiya Məhkəməsinin 26 sentyabr 2007-ci il tarixli qərarı ilə cəzası 05 ilə qədər artırılmış, 28 avqust 2010-cu il tarixdə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qərarı ilə 01 il 10 ay 10 gün vaxtından əvvəl şərti azad olunmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 avqust 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib, 4000 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 69.4-cü maddəsinə əsasən üzərində qəti olaraq 2000 manat məbləğində cərimə cəzası saxlanılmış, 05 iyul 2012-ci il tarixdə cəriməni tam ödəmişdir. (i.v. 89-91, 94-106) Məhkəməyə təqdim edilmiş AZ-İV seriyalı, 593006 nömrəli və AZ-İV seriyalı, 593005 nömrəli doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, X1 17 iyun 2014-cü il tarixdə, X3 13 avqust 2017-ci il tarixdə doğulmuşlar. Məhkəməyə təqdim edilmiş “Stimul Hospital” tərəfindən verilən baş-beyinin KT müayinəsinin cavabından görünür ki, 1955-ci il təvəllüdlü X4 (təqsirləndirilən şəxsin anası) baş beyinin aksial kəsikli kontrastsız kompyuter tomoqrafik müayinəzi zamanı müəyyən edilmişdir ki, hər iki periventrikulyar bölgədə mikroangiopatik dəyişiklik nəzərə çarpır, beyin şırım və qırışların genişliyi alın-təpə payda bir qədər artmışdır (kortikal atrofiya lehinə). Məhkəmə Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinin tələbləri baxımından qeyd edir ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxs hesab edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqların olmasını, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın ödənilərək onunla barışıq əldə edilməsini Azərbaycan Respublikası CM-nin müvafiq olaraq 59.1.4 və 59.1.12-ci maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Bununla yanaşı, məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən səmimi peşmançılıq çəkməsini, bir uşağının epilepsiya xəstəliyindən əziyyət çəkməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinin tələblərinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən 25 iyun 2003-cü il tarixli qərarında həmçinin göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət əməli törətməsini, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halın olmamasını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkün olması qənaətinə gələrək, hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmamaqla barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-3.1 və 51-2.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzasını yaşayış yeri üzrə çəkməli və cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırkı işlə bağlı 16 avqust 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 18 avqust 2021-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmişdir, hal-hazıradək, yəni 24 dekabr 2021-ci il tarixədək həbsdə saxlanılır. Ona görə məhkəmə hesab edir ki, ümumilikdə həmin 04 ay 08 gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin olunacaq cəzanın müddətindən çıxılaraq, təqsirləndirilən şəxsin üzərində qəti müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli olduğundan, onun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilib, hökm qanuni qüvvəyə minənədək, başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz olunmalı və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur, zərərçəkmiş şəxs ona vurulmuş maddi ziyanın ödənilməsi və təqsirləndirilən şəxslə barışması barədə ərizə vermişdir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış mobil telefonun ibtidai istintaq zamanı zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalı, mobil telefonun satış sənədlərinin və onun girov qoyulması zamanı tərtib edilmiş sənədlərin kserosurətləri cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə qeyd edir ki, müstəntiqin qərarı əsasında dövlət hesabına dəvət edilmiş Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi məhkəməyədək icraat zamanı iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsini həyata keçirsə də, müstəntiq müdafiəçinin hüquqi xidmətlərə görə iştirak etdiyi müddətə və bunun məbləğinə dair arayışı ittiham aktına əlavə etməmiş, eləcə də müdafiəçinin özü tərəfindən həmin dövr üçün hesabat arayışı təqdim edilməmişdir, ona görə müdafiəçiyə həmin hissədə əmək haqqının tutulması məsələsi həll edilmir. Həmin vəkil məhkəmənin qərarı əsasında məhkəmə icraatı zamanı iştirak edərək iş materialları ilə tanış olmaqla birlikdə təqsirləndirilən şəxsə hüquqi yardım göstərmişdir, həmin müddət 30 iş saatı müddətinə bərabər tutulduğundan, (Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli 202 saylı qərarına əsasən) hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla müdafiəçiyə əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə 16 avqust 2021-ci il tarixdən 24 dekabr 2021-ci il tarixədək həbsdə saxlanıldığı 04 (dörd) ay 08 (səkkiz) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılıb, üzərində qəti olaraq 01 (bir) il 03 (üç) ay 14 (on dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 22:00dan növbəti gün saat 07:00-dək yaşayış yerini, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilib, hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz olunsun və o, məhkəmə iclas zalında dərhal azad edilsin. Maddi sübut qismində tanınmış “Xiaomi” markalı, “M21001K7AG” (Redmi Not 10) modelli mobil telefonun ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs Heybət oğluna qaytarılması nəzərə alınsın, “Xiaomi” markalı, “M21001K7AG” (Redmi Not 10) modelli mobil telefonun satış sənədlərinin və həmin telefon girov qoyularkən tərtib edilmiş sənədlərin kserosurətləri cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Məhkəmə məsrəfi olan 50 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı, iş materialları ilə tanış olmaqla birlikdə, 30 saat göstərdiyi pulsuz hüquqi yardıma görə dəvət olunmuş Müdafiəçi 180 manat əmək haqqı "xxxx" ASC-nin “Qara Qarayev” filialı, kod 200145, VÖEN **********, m/h- AZ37NABZ013501**********1944, SWİFT BİK AİİBAZ2X, hesab - AZ33AİİB********************, VÖEN - ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı vəkil bürosu vasitəsi ilə Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-362/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-362/2021
24.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver