Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-363/2024 29.10.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxxx 1996-cı il tarixdə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Ağdaş şəhəri, 20 Yanvar küçəsi ev 35-də qeydiyyatda olan, Bakı şəhəri Nizami rayonu, Q.Qarayev prospekti ev 86, mənzil 6-da yaşamış, 19 fevral 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 21 fevral 2024-cü il tarixdə tutmadan azad olunaraq barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, həmin qətimkan tədbirinin şərtlərini pozaraq məhkəmədən gizləndiyindən 21 avqust 2024-cü il tarixdə haqqında axtarış elan olunmuş, qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmiş, 12 sentyabr 2024-cü il tarixdə həbs edilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə olan heroini əldə edib özündə saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan xeyli miqdarda, təmiz çəkisi 0,849 qram narkotik vasitə olan heroin əldə edib daşıyaraq saxlamış, 19 fevral 2024-cü il tarixdə saat 14:30 radələrində Bakı şəhəri Nizami rayon polis idarəsinin 24-cü polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri Nizami rayonu, Q.Qarayev prospektindəki 86 nömrəli binanın qarşısında şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri Nizami rayonu, Q.Qarayev prospekti, 81A ünvanında yerləşən Nizami RPİ-nin 24cü PŞ-yə gətirilmiş, orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş, təmiz çəkisi 0,849 qram qəhvəyi rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təxminən 3 il əvvəl narkotik vasitə olan heroin istifadə etməyə başlamış, narkotik vasitəni təsadüfi tanış olduğu şəxslərdən almışdır. 19 fevral 2024-cü il tarixdə saat 13 radələrində Nizami rayonunda yerləşən “makler bağı” kimi tanınan parkda olduğu zaman xarici görkəmindən narkotik vasitə istifadəçisinə oxşar şəxsi görüb ona yaxınlaşmış və söhbət əsnasında onun da narkotik vasitə istifadəçisi olduğunu öyrəndikdə üzərində narkotik vasitə olub-olmadığını soruşmuşdur. Həmin şəxs cibindən 01 ədəd selofan bükümdə olan “kakos” kimi tanıdığı narkotik vasitəni çıxarıb vermiş və o, bunun qarşılığında həmin şəxsə 20 manat pul vermişdir. Aldığı bükümdəki maddəni istifadə etməsi məqsədi ilə üzərində saxlamışdır. Həmin gün saat 14:30 radələrində yaşadığı Nizami rayonu, Q.Qarayev prospekti 86 saylı binanın qarşısında olduğu zaman 2 nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşı olduqlarını bildirmişlər. Polis əməkdaşları narkotik vasitələrin istifadəsində şübhəli olduğunu bildirərək onu 24-cü polis şöbəsinə aparmışlar. Polis şöbəsində xidməti otaqlardan birində onu saxlayan polis əməkdaşlarının və vəkilin iştirakları ilə üzərinə baxış və axtarış keçirilmiş, həmin vaxt əynində olan qara rəngli şalvarın sağ yan cibində saxladığı, içərisində “kakos” kimi tanıdığı narkotik vasitə olan 01 ədəd şəffaf selofan büküm polis əməkdaşları tərəfindən götürülmüşdür. Sonra aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və onlar zərfin üzərini imzalamışlar. Polislərin sualına cavab olaraq o, üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, onu tanımadığı şəxdən 19 fevral 2024-cü il tarixdə istifadə etmək məqsədi ilə 20 manata əldə etdiyini, heç kimə narkotik vasitə satmadığını və bağışlamadığını, üzərindən başqa heç yerdə narkotik vasitə saxlamadığını, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs ifadəsinin sonunda əməlindən səmimi peşman olduğunu və ailə vəziyyətini nəzərə alaraq, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Nizami RPİ-nin 24-cü polis şöbəsinin CA üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 19 fevral 2024-cü il tarixdə 24-cü PŞ-nə Bakı şəhəri Nizami rayonu, Q.Qarayev prospekti 86 ünvanının yaxınlığında tez-tez görünən, 25-30 yaşlı, orta boylu, arıq bədən quruluşlu, “Akif” adlı şəxsin narkotik vasitələrin istifadəsi və qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Alınmış məlumat barədə raportla rəhbərliyə məruzə edildikdən sonra “Akif” adlı şəxsin olduğu yerin müəyyən edilib ifşa olunması istiqamətində Bakı şəhəri Nizami rayonu ərazisində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar çıxarılmışdır. Bununla bağlı tərtib edilmiş əməliyyat qrupunun təşkil edilməsi barədə protokola əsasən 24-cü PŞ-nin əməkdaşlarından ibarət qrup yaradılmış və tədbirin keçirilməsinə başlanılmışdır. 24-cü PŞnin əməliyyat müvəkkili Şahid1 ilə birlikdə 19 fevral 2024-cü il tarixdə “Akif” adlı şəxsin olması ehtimal edilən Nizami rayonu, Q.Qarayev prospekti 86 ünvanının yaxınlığına yollanmışlar. Oraya gəldikdə əməliyyat mövqeyi seçilmişdir. Saat 14:30-da qeyd olunan ünvanın yaxınlığında özünü şübhəli aparan, xarici görünüşcə “Akif” adlı şəxsə oxşar bir şəxsin piyada gəldiyi müəyyən edilmişdir. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Həmin şəxs əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarla tanış edilmiş və hava şəraiti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınmaqla 24-cü PŞ-nə aparılmışdır. PŞ-nin inzibati binasının xidməti otaqlarının birində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən şəffaf sellofana bükülmüş 01 ədəd bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Həmin bükümə baxış keçirilən zaman içərisində tünd qəhvəyi rəngli maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq narkotik aludəçisi olduğunu, həmin bükümün içərisində “kakos” kimi tanıdığı narkotik vasitə olduğunu, 19 fevral 2024-ci il tarixdə saat 13 radələrində Bakı şəhəri Nizami rayonunda yerləşən “makler bağı” kimi tanınan parkda tanımadığı şəxsdən 20 manat müqabilində şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Aşkar edilmiş 01 bükümdə narkotik vasitə heroinə bənzər kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Şəxsi axtarış və götürmə zamanı video çəkiliş aparılmışdır. Bu tədbirlər zamanı Təqsirləndirilən şəxs özünü səmimi aparmış, əməlini etiraf etmiş, ona qarşı da tərəflərindən qanunsuz hərəkətə yol verilməmiş, təzyiq göstərilməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü polis şöbəsinin CA üzrə əməliyyat müvəkkili Şahid1 iştirakı mümkün olmadığından həmin dövrdə verdiyi ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş, onun Şahid2la eyni məzmunlu ifadə verdiyi müəyyən olunmuşdur. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 20 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) - 19 fevral 2024-cü il və 21 fevral 2024-cü il tarixli protokollardan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin əməkdaşları tərəfindən qanunsuz olaraq narkotik vasitələri əldə etməkdə və istifadəsində şübhəli olan Təqsirləndirilən şəxs 19 fevral 2024cü il tarixdə saxlanılaraq 24-cü PŞ-nə gətirilmiş, onun hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət olunmuş, bundan sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. 19 fevral 2024-cü il tarixdə saat 16:00-dan etibarən videoçəkiliş aparılmaqla şübhəli şəxs şəxsi axtarış və götürmə haqqında qərarla tanış edilərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları könüllü sürətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülü halda, içərisində qəhvəyi rəngli, spesifik iyə malik olan maddəni təqdim edərək bildirmişdir ki, həmin maddə “kakos” kimi tanıdığı narkotik vasitədir, 19 fevral 2024-cü il tarixdə “makler bağı” kimi tanınan parkda tanımadığı şəxsdən 20 manata almış və şəxsi istifadəsi üçün üzərində gəzdirmişdir. Aşkar olunmuş bir ədəd bükümdə olan narkotik vasitəyə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası DİN-in “Zərflər üçün” 164 saylı möhürü ilə möhürlənərək götürülmüş, protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdır. Şəxsi axtarış zamanı qeydə alınmış videogörüntüyə müstəntiq tərəfindən 21 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs və müdafiəçisinin iştirakları ilə baxış zamanı qeyd olunanların öz təsdiqini tapdığı müəyyən edilmişdir. (i.v. 31-32, 79-80) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə fiziki-kimyəvi ekspertizasının 20 fevral 2024-cü il tarixli 6/998 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №164” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs üzərindən...” sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 0,849 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasınin ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: heroinin təmiz çəkisi 0,849 qram olmuş, tədqiqata 0,05 qram sərf edilmiş, 0,799 qram qalıq qalmışdır. (i.v. 41-44) - 20 fevral 2024-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin CA üzrə əməliyyat müvəkkili Şahid2 rəhbərliyi ilə “Akif” adlı şəxslə bağlı əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsinə dair 19 fevral 2024-cü il tarixli qərar Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qanuni hesab edilmişdir. (i.v. 56) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin Ambulator Məcburi-Narkoloji tibbi yoxlamasına dair 22 fevral 2024-cü il tarixli 1204 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 101-102) - 10 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 21 fevral 2024cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən öz qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs 19 fevral 2024-cü il tarixdə Bakı şəhəri Nizami RPİ-nin 24-cü polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq 24-cü PŞ-nə aparıldıqdan sonra üzərinə şəxsi axtarış və götürmə aparılması zamanı kustar üsulla hazırlanmış, təmiz çəkisi 0,849 qram narkotik vasitə heroini polis əməkdaşlarının təklifindən sonra könüllü olaraq təqdim etməsinə görə ona Azərbaycan Respublikası CM-nin 234-cü maddəsinin qeyd hissəsinin 1-ci bəndi tətbiq edilməmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirən zaman aşkar olunaraq götürülmüş 0,849 qram narkotik vasitə heroin iş üzrə maddi sübut kimi tanınmış və ekspertizadan sonra qalan 0,799 qram narkotik vasitə heroin məhkəmə baxışınadək saxlanılması üçün Bakı şəhər Nizami rayon polis idarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş, 24-cü PŞ tərəfindən təqdim edilmiş bir ədəd Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə videoçəkiliş görüntüləri olan DVD formatlı disk sübut qismində cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə heroini aldığı istintaqa məlum olmayan şəxsin və ya şəxslərin şəxsiyyətini müəyyən etməkdən ötrü cinayət işindən material ayrılmış və araşdırmanın davam etdirilməsi üçün Bakı şəhəri Nizami RPİ-nin 24cü PŞ-nə göndərilmişdir. (i.v. 105-111) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarının 4-cü və 5-ci bəndlərinə əsasən məhkəmələrə izah edilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə müəyyən olunmuşdur. Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək qeyd edir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitənin mənbəyinin müəyyən edilməsi faktının araşdırılması məqsədi ilə material ayrılmışdır və nəticəsindən asılı olaraq hüquqi qiymət veriləcəkdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidi dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, məhkəmə ekspertizalarının rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 19 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 20) - 21 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair məhkəməyə təqdimat verilməsi barədə müstəntiqin vəsatətinin müdafiə olunmasından ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Nizami rayon prokuroru tərəfindən imtina edilmiş, onun saxlanıldığı Nizami RPİ-nin MSY-dən azad olunması qərara alınmışdır. (i.v. 73-75) -Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqinin 21 fevral 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 76-77) -Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 21 avqust 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs, onun barəsində seçilmiş qətimkan tədbirinin şərtlərini pozduğu üçün və üzrlü səbəblər olmadan məhkəmə iclaslarına gəlməyib gizləndiyindən onun haqqında axtarış elan olunmuş, barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. -Bakı şəhəri Nizami RPİ-nin 24-cü polis şöbəsinin 12 sentyabr 2024-cü il tarixli və 3 saylı istintaq təcridxanasının 13 sentyabr 2024-cü il tarixli məktublarından görünür ki, barəsində axtarış elan edilərək həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs 12 sentyabr 2024-cü il tarixdə tutulmuşdur. -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 24 fevral 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat yoxdur. (i.v. 99-100) “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal qismində Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsində, cəzasını ağırlaşdıran hal qismində həmin Məcəllənin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını nəzərə alaraq və onun cəmiyyətdən təcrid edilmədən islah olunmasının qeyri-mümkün olması qənaətinə gələrək, hesab edir ki, təqsirləndirilən şəxsə daha yüngül cəza təyin edilməsi üçün əsaslar müəyyən edilməmişdir, törətdiyi cinayətlərə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir. Məhkəmənin qənaətinə görə, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu, həbsdə saxlanıldığı və ev dustaqlığında saxlanıldığı müddətlər onun həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı işlə bağlı 19 fevral 2024-cü il tarixdən 21 fevral 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmaqla, üzərində qəti müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı isə axtarışda olan şəxs kimi 12 sentyabr 2024-cü il tarixdə tutularaq həbs edildiyi vaxtdan hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı cəza təyin edilməli olduğundan, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınaraq Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalmış narkotik vasitə məhv olunmalı, içərisində şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videogörüntülər olan 01 ədəd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır; CPM-nin 198.1ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə, Ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından qərar əsasında dövlət hesabına dəvət olunmuş vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardımla bağlı iştirak etdiyi müddətə görə Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 19 fevral 2024-cü il tarixdən 21 fevral 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılıb, üzərində qəti olaraq 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 12 sentyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Maddi sübut qismində tanınmış, Təqsirləndirilən şəxs aşkar edilərək götürülməklə Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalan 0,799 qram narkotik vasitə heroin məhv edilsin, içərisində şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videogörüntülər olan 01 ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Məhkəmə məsrəfi olan 65 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub, dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı dövründə 33 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən 198 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-363/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-363/2024
29.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver