Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-364/2022 27.09.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Barəsində ittiham irəli sürülmüş şəxs Təqsirləndirilən şəxs, Müdafiəçi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1981-ci il tarixdə Lənkəran rayonu, Sütəmurdov kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, Təqsirləndirilən şəxs, barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ittiham irəli sürülməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Barəsində ittiham irəli sürülmüş Təqsirləndirilən şəxs 06 avqust 2022-ci il tarixdə saat 11 radələrində birgə yaşadıqları ünvan 2 ünvanında olarkən arvadı Zərərçəkmiş şəxs onun xalasının Fəridə adlı keçmiş gəlini ilə telefon əlaqəsi saxlaması və sonuncunu görmək üçün müalicə olunduğu xəstəxanaya getmək istəməsinə onun etiraz etməsi səbəbindən aralarında ailə-məişət münaqişəsi zəmnində baş vermiş mübahisə zamanı qəsdən əlləri ilə Zərərçəkmiş şəxs bədən səthinin müxtəlif nahiyələrinə vuraraq sonuncuya ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid sağ gicgah nahiyəsinin dərialtı hematoması; sol gözaltı, sağ said və sağ dirsək nahiyəsinin sıyrıqlarından ibarət xəsarətlər yetirərək qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs ilə 2005ci il tarixdə rəsmi ailə həyatı quraraq hal-hazıra kimi də ər-arvad kimi birgə yaşayır. Onların həmin nikahdan bir qız və bir oğul övladları vardır. Nikah dövründə onların münasibətləri normal olmuşdur. Ər-arvad kimi biri-biriləri normal yola getmişlər. 05 avqust 2022-ci il tarixdə saat 22 radələrində yaşadıqları evdə olarkən arvadı Zərərçəkmiş şəxs, xalası oğlunun keçmiş həyat yoldaşı Fəridə ilə telefonla danışmışdır. Telefonla danışdıqdan sonra həyat yoldaşı Alimə ona bildirmişdir ki, Fəridə xəstəxanada yatır, xəstəxanaya onu görməyə gedəcəkdir. O, isə arvadı Aliməyə xəstəxanaya Fəridənin yanına gedəcəyinə razı olmamışdır. Bu səbəbdən onların aralarında söz-söhbət yaranmışdır. Səhəri gun, yəni xx.xx.2022-ci il tarixdə saat 11 radələrində də o, evdə yuxudan durarkən arvadı Alimə yenidən ona xəstəxanada Fəridəyə baş çəkməyə gedəcəyini eşitdirmişdir. O, arvadı Aliməyə demişdir ki, razı deyil. Nəyə görə onu ər kimi eşitmir. Arvadı Alimə ona bildirmişdir ki, yaxşı edir, hara gedib-gəlməsindən ona heç bir aidiyyəti yoxdur. Buna görə də onların aralarında yenidən mübahisə yaranmışdır. O, mübahisədən əsəbləşib, əlləri ilə arvadı Alimənin baş nahiyəsindən bir-iki zərbə vurmuşdur. Bundan sonra o, evi tərk edib işinin dalınca getmişdir. Sonradan polis əməkdaşı onunla telefon əlaqəsi saxlayanda bilmişdir ki, arvadı Alimə onun barəsində Nizami RPİ-nin 23-cü Polis Bölməsinə şikayət etmişdir. Hazırda həyat yoldaşı ilə barışmış və törətdiyi əməldən səmimi peşmandır. Təhqiqat araşdırması müddətində zərərçəkmiş qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə ünvan 3 ünvanında yaşayır. Belə ki, o, Təqsirləndirilən şəxs ilə 2005-ci il tarixdə rəsm ailə həyatı quraraq hal-hazıra kimi də ərarvad kimi birgə yaşayır. Onların həmin nikahdan bir qız və bir oğul övladı vardır. Hər ikisi də yetkinlik yaşına çatmamışdır. Onlar nikahlarının ilk illərində ər-arvad kimi normal yola getmişlər. Sonralar əri Təqsirləndirilən şəxs onunla yola getməyib, evdə səbəbsiz mübahisə yaratdığına görə də onların münasibətləri hal-hazırda yaxşı deyildir. 05 avqust 2022-ci il tarixdə saat 22 radələrində yaşadıqları evdə olarkən o, əri Raminin xalasının keçmiş gəlini Fəridə ilə telefonla danışmışdır. Telefonla danışdıqdan sonra əri Ramin ona iradla bildirmişdir ki, nəyə görə Fəridə ilə danışır. Buna görə onların aralarında söz-söhbət yaranmışdır. Səhəri gün, yəni 06 avqust 2022-ci il tarixdə saat 11 radələrində yaşadıqları evdə olarkən əri Ramin yuxudan durub aralarında yaranmış dünənki söz-söhbəti bəhanə edib, onu ər kimi saymadığını və niyə özbaşına Fəridəyə baş çəkmək məqsədilə xəstəxanaya gedəcəyini bildirərək üzərinə gəlmiş və qəsdən möhkəm əl zərbələri ilə onun baş, sol sifət, sağ qol nahiyələrindən vurmuşdur. Nəticədə o, müxtəlif bədən xəsarətləri almışdır, o, əri Raminin əlindən bir təhər çıxıb 23-cü Polis Bölməsinə yaxınlaşmış və sonuncunun barəsində şikayət ərizəsi ilə müraciət etmişdir. Sorğu-sual edilərkən Zərərçəkmiş şəxs cavabında bildirmişdir ki, aralarında söz- söhbət öz yaşadıqları evin içərisində yaranmış və bu zaman əri Ramin onun üzərinə gəlib onu əlləri ilə döymüşdür. Evdə onlardan başqa kənar şəxslərdən kimsə olmamış və onu əri Raminin əlindən almamışdır. Həmin vaxt övladları onun bacısı Təravətgildə olmuşdur. Raminin onunla mübahisə yaradıb, onu döyməsinə səbəb xalasının keçmiş gəlini Fəridə adlı qadınla telefon əlaqəsi saxlayıb, xəstəxanaya baş çəkməyə gedəcəyini və bununla da güya onun saymamazlıq etməsi olmuşdur. Həmin vaxt onların mübahisəsi hal-hazırda yaşadıqları evin birinci mərtəbəsində qonaq otağında başlamış və elə həmin otaqda da əri Ramin onu əlləri ilə döyərək ona xəsarətlər yetirmişdir. Bir sözlə, həmin hadisə qonaq otağında başlamış, 4-5 dəqiqə davam edib, orada da bitmişdir. Aralarında söz-söhbət və mübahisə yaransa da, o, övladlarının xatirinə bununla bağlı heç bir polis orqanına müraciət etməmişdir. O, əri Təqsirləndirilən şəxs barəsində ərizə və izahat verib, polis bölməsindən ayrıldıqdan sonra əri Ramin onun şikayət ərizəsi yazdığını öyrənib, mobil telefonuna zəng edərək onu sözlə hədələmişdir. Zərərçəkmiş şəxs ərizə təqdim edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, sonuncuya qarşı şikayət və tələbinin olmadığının nəzərə alınaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ərizə təqdim edərək, Zərərçəkmiş şəxs ilə barışıq əldə etdiyinə görə cinayət məsuliyyətindən azad edilərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmədə Müdafiəçi hüquqularını müdafiə etdiyi şəxsin zərərçəkmiş şəxslə barışıq əldə etməsinin nəzərə alınaraq, sonuncunun cinayət məsuliyyətindən azad edilməklə, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında dövlət ittihamçısı tərəflərin barışması ilə əlaqədar Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməklə iş üzrə icraata xitam verilməsini təklif etmişdir. Məhkəmə iş materiallarını əlaqəli araşdırıb, barəsində ittiham irəli sürülmüş şəxsi və zərərçəkmiş şəxsi dinləyib, müdafiəçinin və dövlət ittihamçısının təklifini, habelə tərəflərin barışmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində başlanmış cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 73.1-ci maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmədə Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət törətməsi və qanunvericiliklə müəyyən edilmiş qaydada zərərçəkmiş şəxslə barışıq əldə etməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası CPM-nin 40.2 və 40.2.2-ci maddələrinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmişlə barışdıqda onun cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası CM-nin 72, 73.1, 73-1.3 və 74-cü maddələrində nəzərdə tutulmuş hallar mövcud olduqda işin icraatına xitam verilə bilər. Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə qarşı cinayət təqibinə, həmin Məcəllənin 40.2-ci maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Müdafiə tərəfinin razılığı ilə verilmiş ərizəsində Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməklə, barəsində başlanmış cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 40, 43, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 73.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və barəsində Azərbaycan Respublikası CM-nin 128ci maddəsi ilə başlanmış cinayət təqibinə xitam verilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami rayon məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Rauf Əhmədov
Məhkəmə qərarları › İş №1(007)-364/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-364/2022
27.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver