Məhkəmə qərarları › İş №1(007)-366/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-366/2022

04.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-366/2022 04.10.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi X2, Məhkəmə iclasının katibi: X1 Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: xx.xx.1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2021-ci ilin noyabr ayının 19-dan 20-nə keçən gecə saat 12 radələrində Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində tanışı Şahid3 xahişi əsasında sonuncunun tanışı Şahid1 idarə etdiyi Şahid4 məxsus «Kia Optima» markalı RA-008-SM dövlət qeydiyyat nişanlı avtomobillə Şahid3 sonuncunun tanışı Şahid2 ilə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 105 ünvanın qarşısında yerləşən parkda görüşə apardıqdan sonra 20 noyabr 2021-ci il tarixdə saat 00:20 radələrində həmin parkda Şahid3 ilə Şahid2 arasında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Şahid3 üzərində gəzdirdiyi cib bıçağı ilə qəsdən Şahid2 döş qəfəsinin sol yarısından bir dəfə vurmaqla sonuncuya döş qəfəsinin sol yarısının ön səthinin kəsilmiş-deşilmiş qarın boşluğuna nüfuz edən yarası, kiçik piyliyin, böyük piyliyin, mədə serrozasının yaralanması ilə nəticələnən ümumilikdə dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya xarakterik xəsarətlər yetirməklə qəsdən Şahid2 sağlamlığına ağır zərər vurma cinayətinin Şahid3 tərəfindən törədilməsini görüb bilərək həmin ağır cinayət barəsində müvafiq dövlət orqanlarına məlumat verməmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs, ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, hadisə baş verən gün Şahid3 Sahib ilə görüşəcəyini bilmiş, lakin hadisələrin belə cərəyan edəcəyini düşünməmişdir. Vadim və Sahib söhbət etmək üçün onlardan ayrılmış, mübahisə yaranan zaman onları ayırmağa çalışmış və hadisə baş verən zaman Vadimin Sahibi bıçaqladığını bilməmişdir. Vadimin, atası tərəfindən polis bölməsinə təhvil verilməsindən sonra baş vermiş hadisədən xəbər tutumuşdur. Polisə zəng vurub hadisə barədə məlumat verməyi lazım bilməmişdir. Törətdiyi əməlini etiraf etməsini, səmimi peşmançılıq çəkdiyini, bir daha belə əməllərə yol verməyəcəyini bildirdi və barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, əmisi oğlu Ruslan Allazov vasitəsilə Şahid2 ilə 08 noyabr 2021-ci il tarixdə tanış olmuş və sonuncu ilə heç bir ədavət və düşmənçiliyi olmamışdır. O, maşın almaq istədiyini əmisi oğlu Ruslana bildirdikdə, Sahibin maşın alveri ilə məşğul olduğunu öyrənmişdir. Sahiblə Bakı şəhəri, Nizami rayonu, Babək prospektində yerləşən “Nəqşi- Cahan” restoranının qarşısında görüşmüşlər. Sahib “BMW” markalı **-NJ-*** dövlət qeydiyyat nişanlı avtomaşını gətirmiş və avtomaşının 2000-ci il tarixli buraxılış olduğunu və yaxşı vəziyyətdə olduğunu bildirmişdir. Sahib maşının özünə məxsus olduğunu və həmin maşın üçün ilkin ödəniş 7000 manat olmaqla 1 il müddətinə hər ay 520 manat ödəniş olunacağını bildirmişdir. Vadim qiymətin baha olduğunu bildirdikdən sonra, tərəflər 6500 manat ilkin ödəniş və əlavə olaraq 500 manat növbəti ayın ödənişi olmaqla, cəmi 7000 manat pulun indi və 5000 manatın isə aylara bölünməklə ödəniş olunacağı barədə razılığa gəlmişlər. 09 noyabr 2021-ci il tarixdə Şahid3 Sahiblə yenidən Bakı şəhəri, Nizami rayonu, Babək prospektində yerləşən ’‘Nəqşi-Cahan" restoranının qarşısında görüşmüşlər, daha sonra yaşadığı mənzilin qarşısında Vadimin atası 7.000 manat pulu Sahibə vermişdir. Vadim öz növbəsində Sahibdən maşının sənədlərini və ona etibarnamə verilməsi barədə soruşduqda sonuncu ona ən qısa müddətdə sənədləri təhvil verəcəyini bildirmişdir. 10 noyabr 2021-ci il tarixdə Şahid3 maşının yerini dəyişmək istədikdə maşının hərəkət etmədiyini aşkar etmiş və bu barədə Sahibə məlumat vermişdir. Sahib maşın üçün evakuator göndərmiş, maşına usta tərəfindən baxış keçirildikdə maşının 2000-ci il deyil, 1998-ci il tarixli buraxılış olduğu bəlli olmuşdur. Daha sonra isə avtomobilin surət qutusunda problem olduğu və 1200 manat məbləğində xərci olduğunu bildikdən sonra, Sahibə maşını qaytarmaq itədiyini bildirmişdir. Lakin Sahib ona avtomobili qaytarmayacağını demişdir. O, Sahibdən pulunu tələb etsə də, Sahib nalayiq ifadələrlə onu təhqir etmişdir. 19 noyabr 2021-ci il tarixdə Sahiblə görüşmək qərarına gəlmiş və Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsində yerləşən parkda görüşmüşlər. 20 noyabr 2021-ci il tarixdə saat 00:10 radələrində görüş zamanı pulunu tələb etsə də, Sahib onu nalayiq ifadələrlə təhqir edərək pulu və maşınını qaytarmayacağını söyləmişdir. Sahibin ona nalayiq ifadələr işlətməsinə cavab olaraq, o da Sahibə sillə ilə vurmuşdur. Bundan sonra, Sahibin onu döyə biləcəyi, eləcə də Sahibin ona qarşı nalayiq ifadələr işlətməsindən əsəbləşdiyi üçün cibində olan cib bıçaqı ilə Sahibin qarın nahiyyəsindən bir dəfə vurmuşdur. Hadisə zamanı xəsarət almadığı üçün heç bir tibb müəssisəsinə müraciət etməmişdir. Bıçağı hadisədən sonra tullamışdır və bıçağın sonrakı aqibəti barədə məlumatı yoxdur. Hadisə 1-2 dəqiqə davam etmiş və hadisə zamanı Sahib qışqıraraq ona qarşı nalayiq ifadələr işlətdiyi üçün kənarda olan onun dostları İlqar, İlqarın tanışı Rəşad və daha tanımadığı 1 nəfər, Rəşadın dostu gəlmiş və onları ayırmışdır. Hadisə gecə vaxtı olduğu üçün və tez başa çatdığı üçün ətrafdan heç kim müdaxilə etməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 19 noyabr 2021-ci il tarixdə axşam radələrində tanışı İlqar ilə Xəzər rayonunda kafedə oturmuşlar. İlqar çay içir, o, isə spirtli içki içirdi. Daha sonra onlar Vadimlə kafedə təsadüfən rastlaşmışlar və Vadim onu yolüstu “Xalqlar Dostluğu” metrosu yaxınlığına aparmağı xahiş etmiş, bu zaman Rəşad da onlarla gəlmişdir. Özü içkili olduğundan İlqardan maşını idarə etməsini xahiş etmişdir. X4 adına parkın qarşısında maşından enmişdir. Daha sonra səs-küy qalxmış, hərə bir tərəfə qaçmışdır. Hadisə baş verdikdən sonra o, sinif yoldaşı ilə əlaqə saxlamış, sinif yoldaşı onu hadisə yerindən maşını ilə aparmışdır. İçkili olduğu və maşında yuxuladığı üçün hadisənin neca baş verdiyindən məlumatı olmamışdır. Yalniz hadisədən bir gün sonra Vadimin Sahibi bıçaqladığını eşitmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Vadimlə onun arasında, Vadimə satdığı avtomobil ilə bağlı söz-söhbət olmuşdur. Belə ki, Vadim avtomobili aldıqdan 3-4 gün sonra maşının sürət qutusunda problem olduğunu və maşını qaytarmaq istədiyini bildirmişdir. Hadisə baş verən gün Vadim ona zəng vurmuş və onu parka görüşə dəvət etmişdir. Görüş zamanı Vadim ona qarşı nalayiq ifadələr işlətmiş, bunun qarşılığında onu yumruqla vurduqdan sonra Vadim yerə yixilmiş, bu zaman Vadim cibindən bıçaq çıxararaq onun qarın nahiyyəsindən vurmuşdur. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid1 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, Şahid3 5-6 il tanımış və yaxın münasibətləri olmasa da, müxtəlif ortaq dostları olduğundan ara-sıra görüşmüşdür. 19 noyabr 2021-ci il tarixdə tanışı İsmayıl ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən "Oba'' marketin üstündə olan adını xatırlamadığı kafedə oturduqları zaman tanışı İsmayıl spirtli içki qəbul etmiş, o isə çay içmişdir. Kafedə təxminən 1 saat oturduqdan sonra Şahid3 kafeyə gələrək onu görüb yaxınlaşaraq salamlaşmış və daha sonra o, sonuncuya bir yerdə oturmaq təklif etmişdir. Vadim əyləşdikdən sonra bir qədər problemi olmasını, belə ki, bir nəfər şəxsin avtomobil satmasını, həmin avtomobilin pulunu ödəməsinə baxmayaraq avtomobilin sonradan nasaz vaziyyətdə Vadimə satılmasını başa düşməsini, buna görə də avtomobili satan şəxsə dəfələrlə avtomobilin nasaz olması barədə iradını bildirməsini, lakin, həmin şəxsin həm avtomobili təmir etdirməkdən, həm də avtomobili geri alıb pulunu qaytarmaqdan imtina etməsini bildirmişdir. Aralarında bu məzmunda söhbət olduqdan sonra Şahid3 avtomobili kimdən almasını soruşduqda sonuncu konkret olaraq ad çəkməmiş, həmin şəxsi tanımadığını ona bildirmişdir. Bir qədər sonra Şahid3 zəng gəlmiş və Vadim telefona cavab verərək onun yanında mobil telefonla danışmışdır. Vadimin telefon danışığından sonra Vadim avtomobili ona satan şəxslə danışdığını başa düşmüşdür. Belə ki, Vadim həmin telefonda danışdığı şəxslə bir qədər mübahisə edərək uca səslə danışmışdır. Lakin o, konkret nə danışdığına qulaq asmamışdır. Vadim telefon danışığını bitirdikdən sonra təxminən 1 saat onunla kafedə oturmuş, saat 00 radələrində kafe bağlandığından, həmçinin kafenin bağlanmasına az qaldığına görə o, İsmayıl ilə birlikdə qalxmaq qərarına gəlmiş və həmin zaman Vadim ondan və İsmayıldan hansı istiqamətə getdiklərini soruşduqda Vadimə istədiyi yerə aparacağını bildirmiş və tanışı İsmayıla məxsus “Kia Optima" markalı, nömrəsini dəqiq xatırlamadığı avtomobilə yaxınlaşmış və İsmayıl bir qədər spirtli içki qəbul eldiyinə görə ondan avtomobili idarə etməyini xahiş etmiş, o da sükanın arxasına əyləşmişdir. Həmin vaxt Şahid3 tanışı olan, əvvəllər tanımadığı, lakin ara-sıra ortaq tanışları vasitəsilə gördüyü Rəşad adlı şəxs də oraya gəlib onlardan hansı istiqamətə getdiklərini soruşmuşdur. Şahid3la bir qədər söhbət edib. Vadimlə birlikdə getmək istədiyini onlara bildirmişdir. Onlar da heç bir problem olmamasını bildirdikdə həmin Rəşad adlı şəxs də avtomobilə əyləşmişdir. O, avtomobili işə salıb Vadim və Rəşadı Bakı şəhəri, Nizami rayonu, Laçın ticarət mərkəzi ilə üzbəüz yerləşən Heydər Əliyev adına olan parkın qarşısında düşürtmüşdür. Təxminən 20 noyabr gecə saat 00:15 radələri olmuşdur. Həmin vaxt ona tanışı Anar tərəfindən zəng gəldiyinə görə Vadim və Rəşad avtomobili tərk etdikdən sonra avtomobili hərəkət etdirməyib Anarla telefonla danışmışdır. Həmin vaxt İsmayıl da avtomobildən düşüb siqaret çəkib yenidən avtomobilə minmişdir. Bir qədər sonra ətrafdan səs-küy gəlmiş, o, parkın içərisinə tərəf baxdıqda orada dava olduğunu görmüş və səs-küy olan istiqamətə tərəf qaçdıqda dava edən şəxslərin birinin Vadim olduğunu görmüşdür. Belə ki, onların yanına çatdıqda Şahid3 sonradan adını bildiyi Sahib adlı şəxsi bıçaqla vurmuşdur. O, bunun qarşısını alıb onları ayıra bilməmişdir. Həmin vaxt o və Rəşad onları bir-birindən aralamaq istəmişlər. Vadim və həmin şəxs bir-birindən ayrıldıqda o, Sahib adlı şəxsin qarın nahiyyəsini tutduğunu görmüşdür. Başa düşmüşdür ki, bıçaq zərbəsi Sahibin qarın nahiyəsindən dəyib. Bıçaq Vadimin əlində qalmışdır. Daha sonra onlar oradan hərəsi bir tərəfə qaçıb getmişdir. O, oradan həmin gün gecə saatlarında evə gəlmişdir. Səhərisi gün o, Vadimə zəng edib məsələnin nə yerdə qaldığını, nə üçün belə bir hərəkət etdiyini soruşmuşdur. Vadim isə bildirmişdir ki, həmin vaxt Sahib adlı şəxslə oraya mübahisə edib Sahibi vurmaq məqsədi ilə getməmişdir. Sahiblə avtomobil barədə danışıb razılığa gəlmək üçün görüşmüş, lakin görüşən kimi Sahib sonuncuya nalayiq ifadələr işlətdiyindən o, Sahibi bıçaqla vurmuşdur. Bundan sonra o, Vadimlə telefon danışığını bitirmişdir. Həmin gün də baş vermiş hadisə ilə əlaqədar heç kəsə məlumat verməmişdir. Hadisə zamanı, yəni Şahid3 Şahid2 bıçaqla xəsarət yetirdiyi zaman orada yalnız o, Vadim, Sahib və Rəşad olmuşdur, sadəcə o, hadisəni görüb qorxduğundan və dərhal oradan qaçdığından İsmayılın da orada olduğunu düşünmüş, lakin əsl həqiqətdə hadisə baş verən zaman İsmayıl spirtli içki təsiri altında olduğundan avtomobildə qalmışdır. Vadim onlara 19 noyabr 2022-ci il tarixdə axşam saatlarında İsmayıl adlı tanışı ilə kafedə oturarkən Şahid3 oraya gəlmiş və bir nəfər şəxsin nasaz vəziyyətdə avtomobil satması barədə bildirmiş, lakin heç bir məlumat vermədən sadəcə olaraq başına gəlmiş hadisəni danışmışdır. Kafedən çıxıb getdikdə ona “Laçın” ticarət mərkəzinin qarşısında işi olmasını, oraya düşürməli olduğunu bildirmişdir. Lakin onlar kafedən çıxdıqda Vadimin mobil telefonla digər şəxslə danışmasından başa düşmüşdür ki, yəqin ki, həmin şəxslə görüşməyə gedir. Amma onların dava edəcəyi və ya Vadimin Sahibi bıçaqlayacağı barədə heç bir məlumatı olmamışdır. 20 noyabr 2022-ci il tarixdə gecə saatlarında baş vermiş hadisədən sonra hüquq mühafizə orqanlarına və heç kəsə məlumat verməmişdir, o, baş vermiş hadisənin təsiri altında olmuş, qorxmuşdur ki. birdən o da tutular. Həmçinin, onun baş vermiş hadisə barədə hüquq mühafizə orqanlarına məlumat vermədiyinə görə məsuliyyət daşımağı barədə heç bir məlumatı olmamışdır. Baş vermiş hadisədən sonra Rəşad və İsmayıl adlı şəxslər hüquq mühafizə orqanlarına hər hansı məlumat verməkləri barədə heç bir məlumatı olmamışdır. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 may 2022-ci il tarixli hökmünün surətindən görünür ki, Şahid3 Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinib, 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahidlərin ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 307.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə, təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 307.1-ci maddəsinin sanksiyasında 03 növ cəza, yəni cərimə, islah işləri cəzası və azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğundan, məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan cərimə cəzası növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Çünki cəza təyin edilərkən ədalət və humanizm prinsiplərinə əməl edilməli olduğundan, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamı və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyyələr nəzərə alınmalıdır. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmçinin məhkəmə qeyd edir ki, daha ciddi cəzanın təyin edilməsinin müzakirə olunması üçün əsaslar da yoxdur. Çünki “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, ilk növbədə daha ciddi cəzanın təyin edilməsi məsələsinin müzakirəsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Plenum Qərarının 3-cü bəndində də müəyyən edildiyi kimi böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət üzrə əgər ağırlaşqdırıcı hallar yoxdursa, onda məhkəmə yalnız cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq ilk növbədə təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməsi də CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına uyğun olmaz. Çünki həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarına, CMnin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına əsasən təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma da aparıla bilmir. Çünki azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Beləliklə hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CMnin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə cərimə cəzası növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. Məhkəmə təqsirləndirilən şəxsin əməlini etiraf etməsini, əməlindən peşman olmasını, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2022-ci il tarixdə saat 18:00-da tutulmuş, xx.xx.2022-ci il tarixdə barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. Bununla da 01 gün həbsdə olmuşdur. İş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2500 (iki min beş yüz) manat cərimə cəzasına məhkum edilsin. Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən həbsdə olduğu 01 gün müddət nəzərə alınmaqla təyin edilmiş cərimə cəzası yüngülləşdirilərək, üzərində qəti olaraq 2400 (iki min dörd yüz) manat cərimə cəzası saxlanılsın. Barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 252 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar