Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-366/2025 06.11.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 6 saylı vəkil bürosunun Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.1989-cu il tarixdə Yevlax rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanda qeydiyyatda olan barəsində Nizami rayon məhkəməsnin qərarı ilə «həbs» qətimkan tədiri seçilərək Penitensiar Xidmətin 3 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını açıq talamaqla soyğunçuluq etmiş və satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını açıq talama məqsədilə xx.xx.2025-ci il tarixdə saat 03 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 1 ünvanda yerləşən «Fort Beer» adlı restoranda olarkən, həmin restoranda digər müştəri Zərərçəkmiş şəxs hesabı ödəmək ücün əlində olan 154 manat nağd pulunu əli ilə dartıb aldıqdan sonra əyləşdiyi masanın üzərinə qoyularaq elektrik cərəyanına qoşulmuş, sonuncuya məxsus 110 manat dəyərində «Redmi 10C» markalı mobil telefonu da içərisində 10 manat dəyərində 050-495- 97-18 nömrəli danışıq kartı ilə birlikdə götürüb oradan uzaqlaşmaqla açıq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 274 manat məbləğində maddi ziyan vuraraq soyğunçuluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,585 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, xx.xx.2025-ci il tarixdə saat 02 radələrində Nizami RPİ-nin 25-ci PŞ-nin əməkdaşları tərəfindən iki gün əvvəl «Fort Beer» adlı restoranda törətdiyi soyğunçuluq cinayətinə görə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 4 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılaraq, ünvan 5 ünvanda yerləşən Nizami RPİ-nin 25-ci PŞ-yə gətirilib, orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı, əynində olan tünd göy yarı klassik şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş ümumi təmiz çəkisi 0,585 qram, xeyli miqdarda ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Beləliklə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1 və 234.1ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək qeyd etmişdir ki, xx.xx.2025-ci il tarixdə, gecə saatlarında Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 1 ünvanında yerləşən “Fort Beer” restoranına olarkən X5 onun oturduğu masaya yaxınlaşaraq, hansısa nömrəyə konum atmaqda köməklik etməsini xahiş etmişdir. Mehmana köməklik etdikdən sonra sonuncu bir masada əyləşmək üçün icazə istəmiş və o, da tək olduğu üçiin etiraz etməmiş, birlikdə bir qədər pivə içdikdən sonra Mehman içkinin təsiri altında olduğu üçün nalayiq ifadələr işlətməyə başlamış, ona qarşı hörmətsizlik etmişdir. O, Mehmana məxsus masanın üzərində cərəyana qoşulu vəziyyətdə olan bir ədəd «Redmi» markalı mobil telefonunu və ona məxsus pulu götürərək restoranı tərk edib getmişdir. Lakin özü narkotik vasitələrin istifadəçisi olsa da, polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində narkotik vasitə, psixotrop maddə olmamışdır. Əməlindən çox peşmandır. Himayəsində 2 azyazşlı uşağı var və onları təkbaşına böyüdür. Qeyd olunanları nəzərə alaraq, məhkəmədən barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 25ci PŞ-nin CA üzrə əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Nizami RPİ- nin 25-ci PŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Zərərçəkmiş şəxs məxsus 154 manat nağd pulu və 250 manat dəyərində olan «Redmi» markalı mobil telefonu açıq talayaraq soyğunçuluq cinayətinin törədilməsində və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Təqsirləndirilən şəxs həmin tarixdə saat 02:00-da ünvan 7 ünvanının qarşısında saxlanılaraq həmin tarixdə saat 02:10-da Nizami RPİ-nin 25-ci PŞ-nə gətirilmiş, orada paltarında, əşyalarında və ya bədənində narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan Nizami Rayon Polis İdarəsinin 25-ci PŞ-nin inzibati binasında təhqiqatçı Sadiq Həsənov tərəfindən öz xidməti iş otağında video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmış, şəxsi axtarışa başlamazdan əvvəl ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bundan sonra o, əynində olan tünd göy yarı klassik şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellefon bükümdə, ağ kristal şəkilli maddəni çıxararaq təqdim etmiş, bükümə baxış keçirilən zaman içərisində ağ kristal şəkilli maddənin “patı” kimi tanıdığı psixotrop maddə metemfetamin olduğunu bildirmişdir. Saxlanılarkən və polis şöbəsinə aparılarkən ona fiziki və ya psixi zor tətbiq olunmamışdır. Həmçinin suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxs saxlanılan zaman saxlanıldığı yerdə üzərində baxış keçirmək səlahiyyətləri olmadığı üçün polis şöbəsinə aparılaraq orada üzərinə axtarış və baxış keçirilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-in 25ci PŞ-nin əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini bir daha təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edir, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan ödənilmiş, heç bir tələb və şikayəti yoxdur. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə gecə saat 2 radələrində Bakı şəhəri Nizami rayonu Qara Qarayev prospekti 1 ünvanında yerləşən “Fortd Beer” pub restoranında olduğu zaman votsap vasitəsi ilə tanışını konum atmaq istəsə də bunu bacarmadığı üçün yaxınlıqda yerləşən masada əyləşmiş əvvəllər tanımadığı və görmədiyi sonradan Təqsirləndirilən şəxs kimi bildiyi şəxsə yaxınlaşaraq onun mobil telefonundan konum atmağı xahiş etmişdir. Həmin vaxtı Rahib pivə içdiyini və restoranda başqa heç kimin olmadığını görüb sonuncudan masası arxasına əyləşmək üçün icazə istəmişdir. Rahiblə bir masada əyləşib tanışlıq yaradıb və ya onunla birlikdə içki içmək fikrində olmamış, sadəcə Rahibin onun telefonundan konum atmasını gözləmişdir. Həmin ərəfədə aralarında ünsiyyət yaranmış və Rahib ona “onsuz da restoranda heç kim yoxdur, sən də otur tanış olaq” sözlərini dedikdən sonra o, Rahibin normal bir insan olduğunu görüb onunla birlikdə masa arxasına oturmuşdur. Həmin vaxt hər ikisi içkili olmuşdur. Bir saat keçmişdir ki, Rahiblə aralarında yadında qalmayan mövzu əsasında sözlə mübahisə yaranmış, mübahisə zamanı Rahib qəfildən cərəyanda olan ona məxsus bir ədəd «Redmi» markalı mobil telefonunu və əlindəki pulu dartaraq aldıqda o, Rahibin əlindən tutaraq pulunu və telefonunu geri almağa çalışsa da, sonuncu masadan duraraq qaçıb çölə çıxmışdır. Masanın arxasından duraraq Rahibin dalınca gedənə qədər sonuncu artıq çıxıb getmişdir. Heç bir xəsarət almadığı üçün ekspertiza müəyinəsindən keçməkdən də imtina etmiş, hazırda da imtina edir. Hadisədən əvvəl pulu cibində olmuş, pulunu restoranda hasabını vermək üçün çıxartmışdır ki, elə bu zamanı Rahib əlindən qaparaq almış, sonra isə oradan uzaqlaşmışdır. Qeyd etmişdir ki, Təqsirləndirilən şəxs ona məxsus olan qara rəngli 250 manat dəyərində olan «Redmi 10C» markalı mobil telefonunu və 154 manat pulunu ələ keçirmiş, telefonun içərisində istifadə etdiyi 10 manat dəyərində ***-***- **-** saylı nömrəsi olsa da, konturu olmamışdır, yalnız internet vasitəsi ilə votsapdan istifadə edirmiş, ona ümumilikdə 274 manat məbləğində maddi ziyan dəymişdir, hadisəni kənardan restoranda olan tanımadığı şəxslər görmüşlər, eləcə də hadisə anı orada olan kamera görüntüləri zamanı lentə alınmışdır. Hadisə vaxtı sərxoş vəziyyətdə olmuş, içkinin təsiri altında olsa da, naliyiq ifadələr işlətməmişdir. Təqsirləndirilən şəxs ona ağır xəsarət yetirməyə imkanı olmamış, belə ki, sonuncunun əlində hər hansı alət və predmet olmamış, ətrafda isə tanımadığı şəxslər olmuşdur ki, əgər məsələ ciddiləşsəydi onlar da, müdaxilə edə bilərdilər. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid4 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Abşeron rayonu Masazır qəsəbəsində yerləşən «Laza» hosteldə qeydiyyatçı işləyir. xx.xx.2025-ci il tarixdə gecə saatlarında əvvəllər bir neçə dəfə müştəriləri olan Təqsirləndirilən şəxs kimi bildiyi şəxs işlədiyim hostelə müştəri qismində gəlmişdir. Hosteldə olarkən Rahib ona bir ədəd “Redmi 10с" markalı **********03501 və **********03519 imei kodlu mobil telefonun pili bitdiyi üçün cərəyana qoşmağa vermişdir. xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs hostelə geri qayıdıb telefonu götürəcəyini bildirərək çıxıb getmişdir. xx.xx.2025-ci il tarixdə Nizami RPİ-nin 25-ci PŞ-nə dəvət edilmiş, orada Təqsirləndirilən şəxsnin Nizami RPİ- nin 25-ci PŞ-nin inzibati ərazisində cinayət hadisəsi törətdiyi üçün saxlanıldığını bilmişdir. Təqsirləndirilən şəxs oteldə cərəyana qoyduğu mobil telefonu gətirərək polis əməkdaşlarına təhvil vermişdir. Həmin mobil telefonun cinayət yolu ilə əldə edildiyini bilməmiş, Rahib telefonun pili bitdiyi üçün cərəyana pil yığmasından ötrü otelə qoymuş, geri qayıdıb götürəcəyini deyib oteli tərk etsə də geri qayıdıb telefonu götürməmişdir. Təqsirləndirilən şəxs hostelə tək gəlmişdir. Təqsirləndirilən şəxs hostelə gələdikdə onun sifət nahiyyəsində şişkinliyi görmüş, lakin müştəridən şəxsi suallar verməyə icazələri olmadığı üçün ondan bu barədə soruşmamışdır. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 6/182 saylı ekspert rəyinə əsasən təhqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN zərflər üçün №165-di dairəvi möhür əksi və imzalar olan zərfdəki, vət.Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,585 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Amblator X1 xx.xx.2025-ci il tarixli, 219 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan aslılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş üzrə təyin edilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2025-ci il tarixli 02-66/25 saylı rəyindən görünür ki, aparılmış hesablamalar və təhlillərə əsasən «Redmi» 10C markalı, 64GB yaddaşa malik İMEİ 1-**********03501/00, İmei 2-**********03519/00 kodlu, Seriya nömrəsi-38619/62UVV02399 olan istifadə olunmuş mobil telefonun xx.xx.2025-ci il tarixinə olan orta bazar dəyəri 110 (bir yüz on manat) manat təşkil edir. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş qohumluq məlumatları barədə çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X8 adında 2 uşağı var. İş materiallarında olan Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı diskə məhkəmədə baxış keçirilərkən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham aktında göstərilən cinayət əməlinin törədilməsi təsdiq edilir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin və şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 180.1 və 234.1-ci maddələri ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı CM-nin 234.1-ci maddəsi ilə özünü təqsirli bilməməsi barədə verdiyi ifadəyə tənqidi yanaşaraq qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəməyə verdiyi həmin ifadə həqiqətə uyğun deyildir, şahidlərin bir-birinə və işin faktiki hallarına uyğun gələn ifadələri, ekspertiza rəyi və cinayət işinin digər materialları ilə tam təkzib olunur, ona görə də məhkəmə hesab edir ki, onun bu məzmunda ifadə verməsi özünü müdafiə xarakterli olub cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 180.1 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Hazırkı cinayətə görə cəzanın həddini müəyyən edərkən aşağıdakılar nəzərə alınır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Ocayev X6 Federasiyasının Moskva şəhəri Çertamsk Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə CM-nin 30 və 105-ci maddəsinin 1-ci hissəsi ilə 3 il azadlıqdan məhrum edilmiş, Yevlax Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə təqsirli bilinərək CM-nin 66.3-cü maddəsinə əsasən 3 il 6 ay azadlıqdan məhrum edilmiş və cəzasının sonu ilə azad edilmişdir. Yevlax Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 1 il 7 ay 28 gün azadlıqdan məhrum edilmiş, Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2021-ci il tarixli «Amnistiya» qərarının 2.4-cü bəndinə əsasən xx.xx.2021-ci il tarixdə cəzadan azad edilmişdir. Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-niri 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək CM-nin 66.2 və 69.3-cü maddələrinə əsasən 2 il 5 ay 28 gün azadlıqdan məhrum edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə 1 ay 16 gün vaxtandan əvvəl şərti azad edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş hazırkı cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olumuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxsin ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilməsini, törətdiyi əməldən səmimi peşman olmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini, zərərçəkmiş şəxslə barışmasını, himayəsində 2 azyaşlı uşağının olmasını məhkəmə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Yuxarıda qeyd edilən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 4(007)-16/2025 nömrəli qərarı ilə həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, maddi sübut kimi saxlanılan psixotrop maddənin qalığı məhv edilməli, Təqsirləndirilən şəxs üzərində axtarış aparılmasını özündə əks etdirən 1 ədəd, Bakcell MMC-dən daxil olmuş 1 ədəd və hadisə yerinin görüntüsünə dair 2 ədəd “CD” disk, ümumilikdə 4 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılmalı, Zərərçəkmiş şəxs məxsus 1 ədəd “Redmi” markalı mobil telefon sahibinə qaytarılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizaların keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs müdafiəçisinin məhkəmədə iştirak etdiyi müddət cəmi 36 iş saatı müddətinə bərabər olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli, 141 nömrəli qərarına əsasən hüquqi yardım haqqı 11 (on bir) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 396 manat (36x11) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli 01 il 06 ay (bir il altı ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay (bir il altı ay) müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 02 il (iki il) müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasının əvvəli hazırkı iş üzrə tutulduğu vaxtdan, yəni 15 yanvar 2025-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizaların keçirilməsinə çəkilmiş xərc-cəmi 184 (bir yüz səksən dörd) manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Nizami rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,535 qram olan psixotrop maddə - metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Bakı şəhəri Nizami rayon Polis İdarəsində saxlanılan Zərərçəkmiş şəxs məxsus 1 ədəd “Redmi” markalı mobil telefon hökm qanuni qüvvəsini aldıqdan sahibinə qaytarılsın. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd CD disk və baş vermiş soyğunçuluq hadisəsi zamanı qeydə alınmış görüntülərinin yazıldığı 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 36 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi 396 (üç yüz doxsan altı) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Emin Axundov
Məhkəmə qərarları › İş №1(007)-366/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-366/2025
06.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver