Məhkəmə qərarları › İş №1(007)-368/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-368/2022

15.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-368/2022 15.11.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızı, Məhkəmə iclasının katibi: X11, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi: Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxsin hüquqi varisi: X5, Tərcüməçi: X3 iştirakları ilə, Təqsirləndirilən şəxs: xx xxxxxx 1982-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, “barəsində başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 04 may 2022-ci il tarixdə saat 11:10-da "B" kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə etdiyi, özünə məxsus ’’Saıpa" markalı “**-KV-***” dövlət qeydiyyat nişanlı avtomobillə saatda 70-80 km/sürətlə Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 183B nömrəli ünvanın qarşısı ilə metronun "Koroğlu" stansiyasından üzü "Şəfa" stadionu istiqamətində sağdan sola üçüncü hərəkət zolağı ilə hərəkətdə olarkən, Azərbaycan Respublikası "Yol hərəkəti haqqında" Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən, hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməsi barədə tələblərə əməl etməməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bu tələbləri pozub həmin yolu sağdan sola keçən piyada X6 idarə etdiyi avtomobilin sol qabaq hissəsi ilə ehtiyatsızlıqdan vuraraq sonuncuya ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid baş beynin travmalik ödemi, baş beyinin silkələnməsi ilə müşayiət olunan alnın sağ yarısının ön səthi və burun belinin sıyrığı, sol bazu oynağı proyeksiyasının şişkinlik halında əzilməsi və qançırı ilə müşayiət olunan sol bazu sümüyünün yerdəyişmiş qapalı sınığı, sol İİİ qabırğanın qapalı sınığı, hər iki ağciyərin ocaqlı qansızmaları, sol dirsək nahiyəsinin arxa səthi, sağ diz ön səthi, sol baldırın orta l/3-nin ön səthinin sıyrıqları, sol dirsək nahiyəsinin arxa səthi, sol saidin orta l/3-nin arxa səthi, hər iki budun orta-aşağı 1/3- nin bayır-arxa-iç səthi, sol baldırın bayırarxa-iç səthi, sağ baldırın ön-iç səthinin qançılarından ibarət xəsarətlər yetirmiş, həmin xəsarətlərdən baş beynin kəskin travmatik ödemi nəticəsində baş beynin həyati vacib mərkəzlərinin sıxılması nəticəsində 04 may 2022-ci ildə saat 15:15-də X14 Reanimasiya şöbəsində X2 ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, 2019-cu ildən özünə məxsus SAİPA markalı 132 modelli **-KV-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olan Uber şirkətinə və 2021-ci ildən *2111şirkətinə qoşulmuşdur. 04 may 2022-ci ildə saat 10:50-də “Uber” şirkətindən sifariş gəlmiş və o, həmin sifarişi qəbul etmişdir. Daha sonra idarə etdiyi avtomobillə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yaşayış sahəsinə gəlmiş və iki nəfər müştəri olan qadını götürüb, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsindən üzü Bakı şəhəri, Nizami rayonu, metronun ‘’Koroğlu” stansiyası istiqamətində 90 km/saat surətlə hərəkət etmişdir. Həmin vaxtı hava açıq və asfalt isə quru imiş. O, idarə eldiyi avtomobillə Bakı şəhəri, Nizami rayonu, metronun “Koroğlu” stasiyasından üzü “Şəfa" stadionu istiqamətində Heydər Əliyev prospekti ilə saat 70-80 surətlə sağdan sola üçüncü hərəkət zolağı ilə hərəkət edərkən, sağdan sola ikinci hərəkət zolağında hərəkətdə olan qara rəngli avtomobilin qabağından bir yaşlı qadın çıxmış və yolu sağdan sola keçmək üçün sakit qaçışla hərəkətini davam etdirmişdir. O, idarə etdiyi avtomobilin əyləcini sıxmış, lakin qadını, üçüncü hərəkət zolağının soldan sağa bir metr qalmış idarə eldiyi avtomobilin sol qabaq hissəsi ilə vurmuşdur. İdarə etdiyi avtomobillə vurduğu qadın avtomobilin sol qabaq və sol tərəfdən ön alın şüşəsinə dəyib, zərbədən asfalt üzərinə düşmüşdür. O, idarə eldiyi avtomobili saxlamış və yerdə uzanmış qadını qucağına alıb avtomobilin arxa oturacağına uzandırmış, özü isə sükanın arxasına keçmişdir. Bu zaman maşında olan 2 nəfər müştəri maşından düşüb hadisə yerindən uzaqlaşmışlar. Daha sonra isə yaralını, Bakı şəhəri X14 Qəbul şöbəsinə təhvil vermiş, baş vermiş hadiə ilə bağlı şəxsi istifadəsində olan nömrədən polisə məlumat vermişdir. Təqsirləndirilən şəxs ailəli olmasını, himayəsində iki azyaşlı uşağının olmasını, ailədə ondan başqa heç kimin işləmədiyini, zərərçəkənin hüquqi varisi ilə barışıq əldə etməsi üçün cəhdlər etdiyini, hadisədən dərhal sonra zərərçəkmiş şəxsə tibbi yardımın təşkil edilməsini təmin etdiyini, onu xəstəxanaya apardığını, əməlini səmimi etiraf etməsini və əməlindən peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən zərərçəkmiş şəxsin hüquqi varisi X9 öz ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Qədir Məmmədov küçəsi, ev 7, mənzil 76-da ailəsilə birlikdə yaşayır. xx.xx.1940-cı il təvəllüdlü X1 anasıdır. X15 Bakı şəhəri, ünvan 3 ünvanda tək yaşayırmış. O, X16nın yaşadığı evə gedib-gəlirmiş, axırıncı dəfə 14-15 aprel 2022-ci ildə o, qızı Lolita Abramova ilə birlikdə X16nın yaşadığı evə getmişdir. X16 ilə danışmış və ona maddi köməklik etmişdir. X10 nəsə lazım olanda özünün mobil və ev telefonu olmadığından, qonşusunun telefonu vasitəsilə əlaqə saxlayırmış. 05 may 2022-ci ildə ona məlum olmuşdur ki, X16 04 may 2022- ci ildə saat 11:10-da Bakı şəhəri. Nizami rayonu. Heydər Əliyev prospektində yerləşən 3 saylı ASAN xidmətin yaxınlığında baş vermiş yol-nəqliyyat hadisəsi zamanı ölmüşdür. Baş vermiş cinayət hadisəsi ilə bağlı bildirdi ki, təqsirləndirilən şəxs tərəf barışmağa cəhd etsə də, o, bunu qəbul etmir, təqsirləndirilən şəxslə barışmır, şikayətçidir və məhkəmədən təqsirləndirilən şəxsə qanunla hansı cəza nəzərdə tutulursa, həmin cəzanın da təyin edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs və zərər çəkmiş şəxsin hüquqi varisi X9 ərizə ilə müraciət edərək işə şahidlər Şahid1, Şahid2 iştirakı olmadan baxılmasını, istintaq dövründə verdikləri ifadənin elan olunmasını xahiş etdilər. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunmuş Şahid2 ifadəsində göstərmişdir ki, o, Naxçıvan Muxtar Respublikası Şərur rayonu, Vlahınudkənd kəndində qeydiyyatda olsa da, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yaşayış sahəsində nömrəsiz evdə ailəsilə birlikdə yaşayır. 04 may 2022-ci ildə saat 10:40-da anası Şahid1 ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yaşayış sahəsindən, metronun “28 May" stansiyasının yaxınlığına getmək istəyirmişlər və bu məqsədlə istifadəsində olan ***-***-**- ** mobil telefon nömrəsindən "Uber" taksi şirkətinə zəng vurub taksi şifariş vermişdir. Atçılıq yaşayış sahəsində dəqiqi ünvan bilmədiyi üçün 2-3 dəfə sifarişlə gələn sürücüyə zəng vurub istiqamət vermişdir. Həmin taksi sürücüsü yaşadığı evin qarşısına idarə etdiyi qara rəngli markasını bilmədiyi avtomobillə gəlmişdir. Bundan sonra anası Şahid1 avtomobilin sol arxa oturacağında, o isə sağ arxa oturacağında əyləşmişlər. Taksi sürücüsü idarə etdiyi avtomobillə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsindən üzü Bakı şəhəri, Nizami rayonu, metronun “Koroğlu" stansiyası istiqamətində hərəkət edirmişlər. Həmin vaxtı hava açıq, yağmursuz, asfalt isə quru imiş. Taksi sürücüsü idarə eldiyi avtomobillə Bakı şəhəri, Nizami rayonu, metronun “Koroğlu" stansiyasından üzü “Şəfa" stadionu istiqamətində Heydər Əliyev prospekti ilə sağdan sola üçüncü hərəkət zolağı ilə hərəkətdə edirmiş. Hərəkət hissəsinin hər üç hərəkət zolağında avtomobillər hərəkət edirmiş. Avtomobildə olan zaman o mobil telefonuna, anası isə yolun sol tərəfinə baxırmış. Avtomobil hərəkətdə olan zaman avtomobilin sürücüsü birdən əyləci sıxıb avtomobili dayandırmağa çalışmış və avtomobilin qabaq hissəsinə nəsə dəydiyini eşitmiş, ancaq nəyə dəydiyini görməmişdir. Bundan sonra avtomobil dayanmış və o, sağ və sol tərəfə baxanda görmüşdür ki, Bakı şəhəri, Nizami rayonu. Heydər Əliyev prospektində yerləşən “DOST” mərkəzinin qarşısında əsas yolun sağdan sola üçüncü hərəkət zolağında dayanmışlar. Bundan sonra avtomobilin sürücüsü avtomobilin sol qabaq qapısını açıb yerə düşmüş və qaçaraq qabaq tərəfə getmiş, yerdən bir qadını qucağına görüb avtomobilin sol tərəfdən arxa qapısına yaxınlaşmışdır. Həmin vaxtı o və anası Şahid1 görmüşlər ki, sürücünün qucağında yaşlı qadın huşsuz vəziyyətdədir. Bundan sonra o və anası Şahid1 avtomobildən yerə düşmüşlər, sürücü qucağında olan yaşlı qadını idarə etdiyi avtomobilin arxa oturacağına uzatmışdır. O və anası Şahid1 yolu keçib “DOST” mərkəzinin qarşısınında olan yerüstü piyada keçidi ilə əks tərəfə keçib evə qayıtmışlar. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunmuş Şahid1 Şahid2 verdiyi ifadə ilə eyni məzmunlu ifadə vermişdir. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 79 saylı rəyindən görünür ki, X2 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı aşağıdakı xəsarətlər aşkar edildi: Baş beynin travmatik ödemi, baş beynin silkələnməsi ilə müşayiət olunan alnın sağ yarısının ön səthi ilə və burun belinin sıyrığı, sol bazu oynağı proyeksiyasının şişkinlik halında əzilməsi və qançırı ilə müşayiət olunan sol bazu sümüyünün yerdəyişmiş qapalı sınığı, sol İİİ qabırğanın qapalı sınığı, hər iki ağciyərin ocaqlı qansızmaları, sol dirsək nahiyəsinin arxa səthi, sağ dizin ön səthi, sol baldırın orta 3/1-nin ön səthinin sıyrıqları, sol dirsəh nayihəsinin arxa səthi, hər iki budun orta aşağı 1/3 bayır-arxa iç səthi, sol baldırın arxa iç səthi, sağ baldırın ön iç səthinin qançırları. Bu xəsarətlər həyatı olub, ölümün baş verdiyi vaxtdan az əvvəl bərk küt əşyanın təsirindən törənmişlər, qərarın təsviri hissəsində qeyd olunduğu kimi yol nəqliyyat qəzası nəticəsində törənə bilərdi, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə, canlı şəxslərdə həyat üçün təhlükəli olan ağır zərərvurmanın əlamətlərinə malikdirlər, ölümün baş vermə səbəbi ilə birbaşa əlaqəlidir. Vət. X2 ölümünə səbəb-almış olduğu baş beynin travmatik ödəmi nəticəsində baş beynin həyati vacib mərkəzlərinin sıxılması olmuşdur. Vət. X2 meyitindən götürülmüş qanda məhkəmə kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin məhkəmə ekspertizası mərkəzi tərəfində verilmiş xx.xx.2022-ci il tarixli, 8/1755 nömrəli rəyə əsasən “Saipa” markalı, **-KV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa hexniki imkanı olmuşdur. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə, təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin saksiyasında nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğundan, məhkəmə təqsirləndirilən şəxsə əlavə cəza ilə yanaşı azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsini ədalətli hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. Həmçinin Cinayət Məcəlləsinin 59.1.11-ci maddəsinə əsasən cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması cəzanı yüngülləşdirən hallar kimi müəyyən edilmişdir. CM-nin 59.1.14-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi də cəzanı yüngülləşdirən hallar kimi müəyyən edilmişdir. İş üzrə müəyyən edilir ki, cinayətin törədilməsindən bilavasitə sonra təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə tibbi yardım göstərilməsi, onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması üçün onu tibb müəssisəsinə aparmışdır. İş üzrə müəyyən edilir ki, Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağıxx.xx.2012-ci il təvəllüdlü X12 və xx.xx.2014-cü il təvəllüdlü X8 vardır. İş materiallarına əlavə edilmiş DİN-nin BƏSİİ-nin xx.xx.2022-ci il tarixli tələbnaməsinə əsasən X4 məhkumluğu yoxdur. Məhkəmə təqsirləndirilən şəxsin cinayəti etiraf edib, əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət törətməsini, himayəsində 2 azyaşlı uşağının olmasını, gənc və aztəminatlı ailə olmasını, hadisədən bilavasitə sonra zərərçəkmiş şəxsə köməklik göstərməsini, tibb müəssisəsinə aparmasını, zərərçəkmişin xəstəxana xərclərini qarşılamasını, hüquqi varisinə vurulmuş ziyanla bağlı ödəniş etmək istəməsini, barışıq üçün cəhd etməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, barəsində eyni tarixdə «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut kimi tanınmış “Saipa” markalı, **-KV-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalıdır. DİN-nin “Təhlükəsiz Şəhər Xidmətinin” TŞ 4-183 nömrəli videomüşahidə qurğusunun 3-cü kamerasının qeydə aldığı, içərisində baş vermiş yol nəqliyyat hadisəsinin görüntüləri olan 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc 85 (səksən beş) manat təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il 06 ay (iki il altı ay) müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 04 il 06 ay (dörd il altı ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut olan “Saipa” markalı, **-KV-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. DİN-nin “Təhlükəsiz Şəhər Xidmətinin” TŞ 4-183 nömrəli videomüşahidə qurğusunun 3-cü kamerasının qeydə aldığı, içərisində baş vermiş yol nəqliyyat hadisəsinin görüntüləri olan 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 15 (on beş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 294 (iki yüz doxsan dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar