Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-371/2023 05.07.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxxx 1994-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, bir uşağı olan, "xxxx" MMC-də mühasib vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 547G-də qeydiyyatda olan, Sumqayıt şəhəri, 9-cu mikrorayon, “Kristal Abşeron”un binası, mənzil 134-də yaşayan, 11 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 13 fevral 2023-cü il tarixdə tutmadan azad olunaraq barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs Polşa Respublikasından “Toyota Prius” markalı avtomobil gətirəcəyi barədə yalan vəd verib aldadaraq etibardan sui-istifadə edib bu adla Zərərçəkmiş şəxs 10 noyabr 2021-ci il tarixdə axşam saat 20 radələrində ünvan 1 ünvanında yerləşən “Rahat” marketin qarşısında həmin dövrün rəsmi məzənnəsi ilə 7650 manat təşkil edən 4500 ABŞ dolları məbləğində nağd pul vəsaitini ələ keçirməklə Zərərçəkmiş şəxs xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs təxminən 2021-ci ilin may ayından tanıyır. Belə ki, onların tanışlığına səbəb hər ikisinin “Midas” servis şirkətində çalışmaları olmuşdur. İşlədikləri dövrdə aralarında heç bir düşmənçilik və ədavət olmamışdır. Əksinə, Elşənlə yoldaşlıq, dostluq münasibətləri olmuşdur. 2021-ci ilin sentyabr ayında çalışdıqları “Midas” servisdə maaş az olduğundan Elşən həmin işdən ayrılmışdır. Buna baxmayaraq onlar mütəmadi olaraq zəngləşib hal-əhval tutub danışmışlar. Danışıqlarının birində Elşən ona demişdir ki, işdən çıxdıqdan sonra heç bir yerə işə düzələ bilməmişdir. Özünə xarici dövlətlərin birindən ucuz “Toyota Prius” markalı avtomobil gətirib taksi fəaliyyəti ilə məşğul olacaqdır. O, Elşənə bildirmişdir ki, dayısı oğlu Orxan Polşada yaşayır və tezliklə ailə qurmaq üçün Azərbaycan Respublikasına gələcəkdir. Orxan gələndə özü ilə Bakı şəhərində satmaq üçün “Toyota” markalı avtomobil gətirəcəkdir. Əgər o da avtomobil istəyirsə Elşənə bununla bağlı kömək etməsini Orxandan xahiş edə bilər. Elşən onunla razılaşmışdır. Bir gün sonra o, Elşənin istifadəsində olan mobil telefonla əlaqə saxlayaraq ona bildirmişdir ki, Orxan ona köməklik edə bilər. Əgər onlar Bakıdan Orxanın yaşadığı Polşa Respublikasına 4500 ABŞ dolları pul göndərsələr, Orxan 2021-ci ilin noyabr ayının sonlarına qədər Bakı şəhərinə gələn zaman özü ilə Elşənə “Toyota Prius” markalı avtomobil gətirə bilər. Elşən onunla razılaşmış və Elşənlə 10 noyabr 2021-ci il tarixdə axşam saat 20 radələrində Nizami rayonu ərazisində yerləşən metronun “Neftçilər” stansiyasının yaxınlığında olan “Rahat” marketin qarşısında görüşmüşlər. Görüş zamanı o, Elşəni inandırmaq üçün ona bildirmişdir ki, dayısı oğlunun yanına buradan bir nəfər gedir, o, alacağı pulu həmin şəxslə dayısı oğluna göndərəcək və dayısı oğlu avtomobili oradan alaraq 2021-ci ilin noyabr ayının sonuna qədər avtomobili özü ilə gətirəcəkdir. Elşən onunla razılaşaraq üzərində gətirdiyi 4500 ABŞ dollarını sayaraq ona vermişdir. O, Elşəndən pulu alaraq sayıb cibinə qoymuş və Elşənə narahat olmamasını bildirmişdir. Bir qədər də avtomobil barədə danışaraq sağollaşıb ayrılmışlar. İki gün sonra o, Elşənlə mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq bildirmişdir ki, pulu dayısı oğluna göndərmişdir. Lakin həmin vaxt o, dayısı oğluna pul göndərməmiş, Elşəndən aldığı 4500 ABŞ dolları pulu öz tələbatlarına xərcləmişdir. 2021-ci ilin noyabr ayının sonunda Elşən onunla əlaqə saxlayaraq avtomobilin gəlib gəlməməsi barədə maraqlanmışdır. Həmin vaxt o, Elşənə bildirmişdir ki, dayısı oğlu avtomobil tapıb, lakin həmin avtomobil istifadəyə yararsızdır, buna görə dayısı oğlu başqa bir avtomobil axtarışındadır. Elşən onun sözlərinə inanmışdır. Onun pulu olmadığından 2022-ci ilin yanvar ayının sonlarına qədər Elşən hər dəfə avtomobillə maraqlandıqda bir yalan danışaraq vaxtı uzatmışdır. 2022-ci ilin yanvar ayının sonlarında o, işləmək üçün Türkiyə Respublikasına getmişdir. Gürcüstan Respublikasında olan zaman qardaşı onunla əlaqə saxlayaraq bildirmişdir ki, Elşən onu axtarır. O, özünə məxsus mobil nömrə ilə Elşənə zəng vurmuş və ona bildirmişdir ki, ondan almış olduğu 4500 dollar pulu öz tələbatlarına xərcləmişdir, lakin tez bir zamanda ödəyəcəkdir. Elşən onun pulu ödəməsini gözləmədən şikayət vermişdir. Hazırda o, Zərərçəkmiş şəxs vurduğu maddi ziyanı tam ödəmiş, ondan üzrxahlıq edib səmimi peşmançılığını bildirmişdir. Zərərçəkmiş şəxs onunla barışmışdır, ona qarşı heç bir tələb, şikayət və iddiası yoxdur. Həmin halı və dövlət büdcəsinə müvafiq pul məbləğini ödədiyi üçün barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclaslarında iştirak etməmiş, ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyanın tam olaraq ona ödənildiyini, təqsirləndirilən şəxslə barışdığını, ondan heç bir şikayəti və tələbi olmadığını göstərmiş və həmin təqsirləndirilən şəxsin barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə həmin ərizəni nəzərə alaraq, Zərərçəkmiş şəxs iştirakı olmadan işə baxılmasını mümkün hesab etmiş, zərərçəkmiş şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmişdir. Zərərçəkmiş şəxs sözügedən ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 2021-ci ilin may ayından tanıyır. Belə ki, onların tanışlığına səbəb hər ikisinin “Midas” servis şirkətində çalışmaları olmuşdur. Onlar işlədikləri dövrdə aralarında heç bir düşmənçilik, ədavət olmamışdır. O, hətta Təqsirləndirilən şəxs toy mərasimində də iştirak etmişdir. 2021-ci ilin sentyabr ayında çalışdığı “Midas” servisdə maaşı az olduğundan həmin işdən ayrılmışdır. Buna baxmayaraq Yəhya ilə mütəmadi olaraq zəngləşib hal-əhval tutub danışmışlar. Danışıqlarının birində o, Yəhyaya demişdir ki, işdən çıxdıqdan sonra heç bir yerə işə düzələ bilməmişdir. Özünə xarici dövlətlərin birindən ucuz “Toyota Prius” markalı avtomobil gətirib takisi fəaliyyəti ilə məşqul olacaqdır. Bu zaman Yəhya ona bildirmişdir ki, dayısı oğlu Orxan Polşada yaşayır və tezliklə ailə qurmaq üçün Azərbaycan Respublikasına gələcəkdir. Orxan gələndə özü ilə Bakı şəhərində satmaq üçün “Toyota” markalı avtomobil gətirəcəkdir. Əgər o, avtomobil istəyirsə Orxana 4500 dollar pul göndərsin, onun üçün avtomobil gətirsin. Bundan sonra o, Yəhyaya bildirmişdir ki, həmin işin nüanslarından danışsınlar. O və Yəhya 10 noyabr 2021-ci il tarixdə axşam saat 20 radələrində Nizami rayonu ərazisində yerləşən metronun “Neftçilər” stansiyasının yaxınlığında olan “Rahat” marketin qarşısında görüşmüşlər. Görüş əsnasında Yəhya ona bildirmişdir ki, dayısı oğlunun yanına buradan bir nəfər gedir, ondan alacağı pulu həmin şəxslə dayısı oğluna göndərəcək və dayısı oğlu avtomobili oradan alaraq 2021-ci ilin noyabr ayının sonuna qədər avtomobili özü ilə gətirəcəkdir. O, Yəhya ilə razılaşmış və üzərində gətirdiyi 4500 ABŞ dollarını sayaraq Yəhyaya vermişdir. Yəhya ondan pulu alaraq sayıb cibinə qoymuş və onun narahat olmamasını bildirmişdir. Bir qədər də avtomobil barədə danışaraq sağollaşıb ayrılmışlar. Bundan iki gün sonra Yəhya onunla mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq bildirmişdir ki, pulu dayısı oğluna göndərib. 2021-ci ilin noyabr ayının sonunda o, Yəhya ilə əlaqə saxlayaraq sonuncudan avtomobilin gəlib-gəlməməsi barədə maraqlanmışdır. Həmin vaxt Yəhya ona bildirmişdir ki, dayısı oğlu avtomobil tapıb, lakin həmin avtomobil istifadəyə yarasızdır, buna görə dayısı oğlu başqa bir avtomobil axtarşındadır. O, Yəhyanın sözlərinə inanmışdır. 2022-ci ilin yanvar ayının sonlarına qədər Yəhya hər dəfə bir yalan danışaraq vaxtı uzatmışdır. 2022-ci ilin yanvar ayının sonlarında Yəhya ona bildirmişdir ki, çalışdığı işdən ayrılacaq və mobil nömrəsini dəyişəcəkdir. Bundan sonra o, Yəhya ilə əlaqə saxlaya bilməmişdir. Bir müddət sonra o, Yəhyanın qardaşı Toğrul ilə əlaqə saxlayaraq sonuncudan Yəhyanın mobil nömrəsini soruşmuşdur. X2 Respublikasına getdiyini demişdir. Bundan təxminən 3 saat sonra Yəhya ona “WhatsApp” sosial şəbəkəsindən +**********93 saylı mobil nömrədən zəng vurmuş və hazırda Gürcüstan Respublikasında olduğunu, ondan almış olduğu 4500 dollar pulu isə bir həftəyə atası vasitəsi ilə göndərəcəyini bildirmişdir. Bundan sonra o, Yəhya ilə sağollaşaraq özünə məxsus mobil nömrə ilə Yəhyanın atası Natiqlə əlaqə saxlamış, sonuncudan bu barədə maraqlanmışdır. Natiq ona bildirmişdir ki, 4500 dollar pulun bir hissəsini 2022-ci ilin fevral ayının sonuna qədər ona verəcəkdir. 2022-ci ilin fevral ayının sonlarında o, Natiqlə əlaqə saxlamış və pul barədə maraqlanmışdır. Həmin vaxt Natiq ona bildirmişdir ki, ona verəcək pulu yoxdur, gedib kimə istəyirsə şikayət etsin. O, Yəhaynın onunla əlaqə saxladığı mobil nömrə ilə əlaqə saxlamağa çalışsa da həmin mobil nömrəyə zəng çatmamışdır. O, aldadıldığını başa düşərək bu barədə polisə şikayət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs o, əvvəllər tanımamış, onunla düşmənçilik və ədavəti olmamışdır. 2022ci ilin fevral ayının əvvəllərində bir nəfər şəxs onun istifadəsində olan mobil telefonla əlaqə saxlayaraq bildirmişdir ki, oğlu Yəhyanın tanışıdır və Yəhyaya 4500 ABŞ dolları pul vermiş, Yəhya dayısı oğlunun vasitəsi ilə həmin şəxsə avtomobil gətirməli olmuşdur. Lakin Yəhya ona nə avtomobil gətirmiş, nə də aldığı pulu qaytarmışdır. O, Yəhya ilə maraqlanıb ona bir məlumat verəcəyini bildirmişdir. Həmin vaxt Yəhya Gürcüstanda olduğundan əlaqə saxlayaraq ondan bu barədə maraqlanmış, Yəhya bildirmişdir ki, həmin şəxsdən pul almışdır. O, Elşənlə əlaqə saxlayaraq bildirmişdir ki, Yəhyanın aldığı pulu o, özü ödəyəcəkdir, lakin razılıq versin hər ay hissə-hissə ödəsin. Elşən bununla razılaşmamışdır. Onun razılaşmadığını görüb Yəyanın gəlməyini gözləmişdir. Yəhya gəldikdən sonra bir daha Elşənlə əlaqə saxlayarq ona yenə təklif etmişdir ki, pulu hissə-hissə ödəsin. Elşən isə şikayət edəcəyini bildirmişdir. Bir müddət sonra ona məlum olmuşdur ki, Elşən Yəhyadan polisə şikayət etmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 11 fevral 2023-cü il tarixli qərardan görünür ki, material üzrə fakta görə Azərbaycan Rspublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) - 12 fevral 2023-cü il tarixli protokoldan görünür ki, müstəntiq tərəfindən “WhatsApp” ani mesajlaşma proqramı vasitəsilə aparılmış yazışmalara dair çıxarışlara və telefon danışıqlarını özündə əks etdirən CD diskə şübhəli şəxs Təqsirləndirilən şəxs və müdafiəçisinin iştirakları ilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs qeyd olunan yazışmaların onunla Zərərçəkmiş şəxs arasında, sonuncuya avtomobil alması üçün dayısı oğluna pul göndərilməsi bəhanəsi ilə bağlı aparılmış yazışma olduğunu bildirmişdir. Daha sonra CD diskdə olan səs yazılarına qulaq asılarkən o, həqiqətən də həmin səs yazlarının onunla Zərərçəkmiş şəxs arasında aparılmış danışıqlarla bağlı olduğunu bildirmişdir. (i.v. 84) - 13 fevral 2023-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs ifadəsi yerində yoxlanılmışdır. (i.v. 85, 87-88) - 15 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmış, onun və Orxan adlı şəxsin barələrində Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, “WhatsApp” ani mesajlaşma proqramı vasitəsilə aparılmış yazışmalara dair 10 vərəqədən ibarət çıxarışlar və telefon danışıqlarını özündə əks etdirən 01 ədəd CD disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. (i.v. 127-131) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 22 fevral 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat yoxdur. (i.v. 51) - 11 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində həmin tarixdə tutulmuşdur. (i.v. 69) - 13 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair məhkəməyə təqdimat verilməsi barədə müstəntiqin vəsatətinin müdafiə olunmasından ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən imtina edilmiş, onun saxlanıldığı Nizami RPİ-nin MSY-dən azad olunması qərara alınmışdır. (i.v. 109-111) -Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqinin 13 fevral 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 113-114) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək, hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir, onun əməli düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs dəymiş maddi ziyanı tam ödəyərək onunla barışdığını, cinayət nəticəsində vurulmuş maddi ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini göstərmiş, bu əsasla cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində Təqsirləndirilən şəxs ona vurduğu ziyanı tam ödədiyini və onunla barışdığını göstərmişdir. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi mədaxil qəbzindən görünür ki, o, "xxxx" ASC-nin “Q.Qarayev” filialında 05 iyul 2023-cü il tarixdə “X1”nin hesabı vasitəsi ilə cinayət nəticəsində vurulmuş ümumilikdə 7650 manat məbləğində maddi ziyanın iyirmi beş faizi miqdarında - 1920 manat məbləğində dövlət büdcəsinə ödəniş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi ilə bağlı məsələni müzakirə edərək, hesab edir ki, aşağıdakılara əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət işinin icraatına xitam verilməlidir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad olunan 11 iyun 2015-ci il tarixli Qərarının 40-cı bəndində göstərilmişdir ki, nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 73- 1.1-ci maddəsinə əsasən CM-in 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə, cinayət məsuliyyətindən azad edilir. Cinayət Məcəlləsinin 73-1.2 və 73-1.3-cü maddələrində göstərilən hallarda isə, yəni Cinayət Məcəlləsinin 178.2 və 178.3-cü maddələri ilə nəzərdə tutulmuş şəxslərə münasibətdə zərərçəkmiş şəxslə barışığın əldə olunması və ona vurulmuş ziyanın ödənilməsi ilə yanaşı, dövlət büdcəsinə müvafiq olaraq ziyanın 25%-i və 50%-i miqdarında ödənişlərin edilməsi tələb olunur. Bu maddələrdə vurulmuş ziyan dedikdə, şəxsə qarşı irəli sürülmüş ittihamda göstərilən dələduzluq cinayəti nəticəsində ələ keçirilmiş pulun miqdarı və yaxud ələ keçirilmiş əmlakın dəyəri və müvafiq olaraq onların 25 və yaxud 50 faizləri başa düşülür. Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Həmin Məcəllənin 39.1 və 39.1.11-ci maddələrinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışaraq ona vurduğu maddi ziyanı ödədiyini, o cümlədən cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət qanununun tələbləri baxımından cinayət məsuliyyətindən azad edilməli və cinayət işi üzrə icraata xitam verilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 72-ci maddəsinin “Qeyd”inin 1-ci hissəsinə əsasən şəxs bu Məcəllənin 72 - 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Nəzərə alınmalıdır ki, Təqsirləndirilən şəxs əvvəllər göstərilən qaydada cinayət məsuliyyətindən azad edilməmişdir, ona görə onun hazırda həmin əsasla cinayət məsuliyyətindən azad olunmasına mane olacaq hal yoxdur. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulmuş məsələləri həll edərək, qeyd edir ki, cinayət işi üzrə icraata xitam verilməli olduğundan təqsirləndirilən şəxsin barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir; zərərçəkmiş şəxs məhkəməyədək icraat və məhkəmə icraatı zamanı mülki iddia verməmiş, ona vurduğu ziyanı ödədiyinə görə təqsirləndirilən şəxslə barışmışdır; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış “WhatsApp” ani mesajlaşma proqramı vasitəsilə aparılmış yazışmalara dair 10 vərəqədən ibarət çıxarışlar və telefon danışıqlarını özündə əks etdirən 01 ədəd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza iş üzrə keçirilməmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddətlərə görə Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına uyğun olaraq hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 39.1.11, 43.1.2, 344-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurduğu maddi ziyanı tam olaraq ödədiyi, zərərçəkmiş şəxslə barışdığı və cinayət nəticəsində vurulmuş maddi ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyi üçün, Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən həmin Məcəllənin 178.2.4-cü maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Maddi sübut qismində tanınan “WhatsApp” ani mesajlaşma proqramı vasitəsilə aparılmış yazışmalara dair 10 vərəqədən ibarət çıxarışlar və telefon danışıqlarını özündə əks etdirən 01 ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı 15 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən 90 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə, qərar müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-371/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-371/2023
05.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver